Azərbaycanda idmanın böyük inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyinin həm birinci dövründə, həm də ölkəmiz müstəqillik qazandıqdan sonra ikinci dəfə hakimiyyətdə olduğu zaman idmana münasibəti kökündən dəyişdi.
Ümummilli Lider idmanın mühüm əhəmiyyətini qeyd edərək deyirdi: "Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən, bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan Himni səslənir, dövlət bayrağı qaldırılır".
Ata vəsiyyətinə layiqincə əməl edən Prezident İlham Əliyev ölkəmizdə digər sahələrlə yanaşı, idmanın inkişafını da daim diqqət mərkəzində saxlayır. Bu gün Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Təqdirəlayiq haldır ki, iri şəhərlərlə yanaşı, bölgələrimizdə də idmanın kütləviliyi artırılır, bu məqsədlə müasir idman infrastrukturu qurulur. 2016-cı ildə Yeni il qabağı Tərtərdə möhtəşəm Uşaq-Gənclər İdman Şahmat Məktəbinin açılışı, açılışda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı tərtərlilərin xatirəsində unudulmaz izlər buraxıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş bu binanın istifadəyə verilməsi nəinki uşaqlar, bütün tərtərlilər üçün möhtəşəm Yeni il hədiyyəsi oldu. Bu qürurverici hadisədən 8 il keçir. Bu illər ərzində Tərtər gəncləri dövlət qayğısından güc alaraq böyük uğurlar qazanıblar.
Bu gün məktəbdə vəziyyət necədir?
Bu barədə məktəbin direktor əvəzi Fərəc Rzayevin fikirlərini öyrəndik. Fərəc müəllim dedi:
- Hazırda məktəbimiz uşaq-gənclər idman məktəbi kimi fəaliyyət göstərir. 4 bölmədə uşaqlar məşğul olurlar. Bunlar şahmat, futbol, voleybol və boks idman növləridir. Təcrübəli müəllimlərimizdən şahmat üzrə Mətləb Qədirovun, Bəhruz Musəvinin, futbol üzrə Azər Musayevin, Elfariz İsayevin, boks üzrə əməkdar məşqçi Faiq Məmmədovun, Rövşən İsmayılovun, voleybol üzrə Güllü Mustafalının adlarını çəkə bilərəm.
Tərtərdə müasir tələblərə cavab verən məktəbin fəaliyyət göstərməsi uşaqdan böyüyə hamıda böyük sevinc, məmnunluq hissi doğurur.
Azərbaycan Texnologiya Universitetinin tələbəsi Yusif Balakişiyev deyir:
- 3 dekabr 2016-cı il tarixini ömrüm boyu unutmayacağam. Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonumuzda şahmat məktəbinin açılışına gəlmişdilər. O zaman 10 yaşım vardı. Həmin görüş orada iştirak edən bütün uşaqların gələcəyi üçün bir stimul oldu. Ali qonaqların doğma münasibəti, qayğı və diqqəti, faydalı tövsiyələri bizdə həm idmana, həm də elmə olan marağı artırdı.
Ötən 8 il ərzində Tərtər Uşaq-Gənclər Şahmat İdman Məktəbinin yetirmələri nəinki rayonda, respublikamızda, eləcə də dünyada böyük şöhrət qazanıblar. Onlardan boks üzrə 6 qat Azərbaycan çempionu, Avropa Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu, 19-23 yaşında gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı, 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının beşincisi Murad Allahverdiyev, respublika çempionu, beynəlxalq turnirin qalib mükafatçısı Məhəmmədəli Məmmədli böyük nüfuz sahibidirlər.
Bölgələrdə belə perspektivli idmançıların yetişməsi Ulu Öndərin arzularının gerçəkləşməsi, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.
Tərtərdə 8 il əvvəl fəaliyyətə başlayan məktəbdə ölkəmizin idman şərəfini qoruyan gənclər yetişir. Məktəbin səmərəli fəaliyyəti nəticəsində uşaqlar və yeniyetmələr pis vərdişlərdən uzaq olur və nəticədə mənəvi və fiziki cəhətdən sağlam nəsil böyüyür. Sağlam nəsil isə cəmiyyətimizin etibarlı gələcəyidir.
Lazım QULİYEV,
"Azərbaycan"