26 Dekabr 2024 08:00
246
SİYASƏT
A- A+
Düşünülmüş siyasət, əzm və qətiyyət

Düşünülmüş siyasət, əzm və qətiyyət


Prezident İlham Əliyevin liderliyi ilə keçirilən qlobal tədbirlər sülhə və inkişafa xidmət edir


Müasir qloballaşma dövründə insanlar vədlərdən çox real işlərə inanırlar. Ona görə də əsl liderlərin hər zaman güclü strateji hədəfləri olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli dövlətçilik tariximizdə yeni bir strateji mərhələnin yaradıcısıdır. Görkəmli fikir adamlarımızın xalqımızın gələcəyi ilə bağlı amalları, yüz illər ərzində müəyyənləşən məqsədlərimiz məhz dövlətimizin başçısının ölkəmizə rəhbərliyi zamanında reallaşdı. 

Qarşıya qoyduğu aydın inkişaf istiqamətləri ilə müstəqil respublikamızı tarixinin ən qüdrətli intibah dövrünə yetirdi. Ordumuzun gücü ilə torpaqlarımızı düşmən tapdağından azad etdi. İnsanların dövlətçilik arzularını milli amala çevirdi. Xalqı bu amal, ümumi ideya ətrafında birləşdirdi və düzgün hədəflərə çatdırdı. Azərbaycan Prezidenti xalqımızı ən böyük qələbəyə yetirən qüdrətli şəxsiyyət və güclü Liderdir.


Əməli addımlar və reallıqlar


Prezident İlham Əliyev tərəfindən son 21 ildə görülən işlərin, əməli addımların müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın əsaslarını təşkil edir. Öncə xüsusi olaraq vurğulanmalıdır ki, dövlətimizin başçısı dünyamızdakı qloballaşmadan, yeni geosiyasi reallıqlardan irəli gələn tələblərə cavab verən siyasi xəttin daşıyıcısıdır. Milli maraqları və mənəvi dəyərləri ümumbəşəri ideallarla ahəngdar şəkildə uzlaşdırmaq bacarığı, intellektual səviyyə, universal bilik və akademik təhsil, "dəmir məntiq" və möhkəm iradə - bütün bunlar Prezident İlham Əliyevin siyasi obrazını tamamlayan mühüm keyfiyyətlərdir.

Dövlətimizin başçısı müasir baxışları, yanaşmaları, yüksək siyasi məharəti və intellektual davranışları ilə ölkəmizin siyasi mühitinə yeni bir mədəniyyət gətirir. Bu mühitdə yeni standartlar müəyyənləşdirir. Həyata keçirdiyi həm daxili, həm də xarici siyasət regionda gedən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb, ölkəni öndə gedən dövlətlər sırasına yüksəldib.

Milli dövlətçilik təfəkkürünə bağlı olan ölkə rəhbəri əsrlərin süzgəcindən keçərək günümüzə gəlib çatmış mənəvi-əxlaqi sərvətlərimizə müsbət anlamda mühafizəkarlıq prizmasından yanaşır. Bu mənada millilik ölkə Prezidentinin siyasi düşüncəsinin əsas mənbəyidir. Dövlətimizin başçısının öz xalqının ruhuna uyğun olan balanslaşdırılmış siyasəti Azərbaycanın əbədi və əzəli milli maraqlarına istinad edir. Ölkə rəhbərinin müasir azərbaycanlı təfəkküründə Vətən və xalq təəssübkeşliyi, Şərqin pozitiv ənənəçilik meyilləri, türk mədəni-əxlaqi dəyərləri, habelə Qərb və Avropa təmayülləri sintez təşkil edir.

Azərbaycan Prezidenti son illərdə respublikada milli vəhdəti daha da gücləndirib. Siyasi baxışlar arasındakı ziddiyyətlərin faydalı dialoq, sağlam diskussiya məcrasına yönəldilməsi üçün münbit şərait formalaşdırıb. Ölkə rəhbərinin "Biz birlikdə güclüyük" kəlamı xalqın qalib ruhunun aynasıdır. Məhz bu ruhun verdiyi sarsılmaz qüvvə ilə, gələcəyə əminliklə cənab İlham Əliyev vətənini daha yüksək inkişafa aparır. Dünyamızda tez-tez yaşanan iqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və başqa qlobal çağırışlara rəğmən Prezidentin nümayiş etdirdiyi yüksək qətiyyət, peşəkarlıq və xalqın dəstəyinə arxalanan siyasəti Azərbaycan dövlətinin son onilliklərdəki uğurlarının əsas göstəricisidir.

Ölkəmiz artıq xeyli müddətdir ki, beynəlxalq arenada yalnız iqtisadi və siyasi mövqeyini deyil, qlobal tədbirlərin təşkilatçısı rolunu da getdikcə möhkəmləndirməkdədir. Azərbaycan bir tərəfdən dünya miqyasında mühüm platformalara evsahibliyi edir, digər tərəfdən isə bu tədbirlər dövlətimizin beynəlxalq əlaqələrini və təsir gücünü artırır. Prezident 

İlham Əliyevin strateji baxışına uyğun olaraq ölkəmizin qlobal tədbirlərin təşkilatçısı kimi rolu ən müxtəlif istiqamətləri - siyasi, iqtisadi, sosial, mədəniyyət, ümumən humanitar məsələlər, idman, turizm və digər sahələri əhatə edərək bu istiqamətlərin hər biri üzrə respublikamızın strateji əhəmiyyətini nümayiş etdirir. 

Bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi və bu tədbirin bəşəriyyət üçün əhəmiyyətli nəticələri bunun daha bir təcəssümü oldu.


Strateji üstünlüklər və təsirlər


COP29-un Azərbaycanda keçirilməsi, beynəlxalq ictimaiyyətin bununla bağlı yekdil qərar qəbul etməsi ölkəmizə olan böyük hörmət və etimadın, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində respublikamızın uğurlarına münasibətin, eləcə də milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfələrimizə verilən yüksək qiymətin ifadəsi idi. Dünya bir daha ölkəmizin imkan və bacarıqlarının, vətəndaşlarımızın intellektual səviyyəsinin, ümumilikdə isə insan potensialımızın gücünün və perspektivlərinin şahidi oldu. Mötəbər tədbirin tarixi nəticələri Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna əhəmiyyətli təsir göstərdi. Bu cür qlobal tədbirin təşkilatçısı olaraq Azərbaycan yalnız iqlim dəyişikliyi sahəsindəki öhdəliklərini nümayiş etdirməklə qalmadı, həm də özünün diplomatik, iqtisadi və mədəni sahələrdəki mövqeyini genişləndirərək gücləndirdi.

COP29-un ölkəmizdə keçirilməsi, bir sıra strateji üstünlüklər və təsirlər doğurdu. Bu tədbir Azərbaycanın yalnız regional deyil, həm də beynəlxalq miqyasda mühüm bir diplomatik mərkəz kimi tanınmasını təmin etdi, dünyada iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf sahələrində mütərəqqi yanaşmaları dəstəkləyən ölkə olduğunu göstərdi. Bu, Azərbaycanın siyasi və iqtisadi əlaqələrinin güclənməsinə, eyni zamanda beynəlxalq təşkilatlarda, xüsusən də BMT və digər ekoloji təşkilatlarda daha təsirli rol oynamasına imkan verdi.

Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmağa və ya onları gücləndirməyə, eləcə də həmrəyliyini möhkəmləndirməyə zəmin yaratdı. Dövlətimizin başçısı Liderlər Samitindəki çıxışında bu məsələni önə çəkərək dedi: "Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib". 

Prezident İlham Əliyev Liderlər Sammitindəki çıxışında malik olduğumuz "yaşıl enerji" ehtiyatlarını dünyaya bir daha elan etdi, onun istehsalı ilə bağlı Azərbaycanın ciddi təşəbbüslərinin olduğunu vurğuladı, "Yaşıl dünya naminə həmrəylik" şüarını dünya miqyasında səsləndirərək birləşdiricilik və qlobal liderlik qabiliyyətini bir daha yüksək səviyyədə nümayiş etdirdi. COP29 sədrliyinin fəaliyyət gündəliyində irəli sürülən və addım-addım reallaşdırılan qlobal təşəbbüslərin məqsədi sinerjini, əlaqəliliyi və yüksək təsiri təmin etməklə iqlim fəaliyyətlərini sürətləndirməkdən, bütün maraqlı tərəfləri ortaq məxrəcə gətirərək iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaqdan ibarət olmuşdur. Xüsusilə iqlimlə əlaqədar maliyyə resurslarının formalaşdırılması və paylanması, "yaşıl enerji" üzrə zona və dəhlizlərin yaradılması, hidrogenlə, rəqəmsallaşdırılmaqla, su və torpaqlarla bağlı məsələlər, davamlı və sağlam şəhərlər, turizm üçün iqlim fəaliyyətləri, biomüxtəliflik və yaşıl örtük problemləri bütün dünyada olduğu kimi, Azərbaycan və onun yerləşdiyi region üçün də aktuallığı ilə seçilmişdir.

Ölkəmizdə COP29 kimi mötəbər tədbir öz işini yüksək səviyyədə başa vurdu. Tədbirin yekununda bəşəriyyətin gələcəyi naminə verilmiş tarixi qərarlar dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu bir daha nümayiş etdirdi. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Azərbaycan dünya tarixinin ən möhtəşəm tədbirlərindən birinin sədri kimi üzərinə götürdüyü mühüm vəzifələrin öhdəsindən gəldi, Qlobal Şimalla Qlobal Cənub arasında ortaq nöqtələrin bir araya gətirilməsi, əvvəllər mümkün olmayan qərarların razılaşdırılması sahəsində nailiyyətlər əldə etdi. 2035-ci ilə qədər iqlim dəyişikliyindən ziyan çəkən inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqqında yekun qərarın qəbul olunmasında ölkəmizin və onun qüdrətli liderinin qətiyyətli mövqeyi xüsusi qeyd edilməlidir. 

COP29-da Bakı Maliyyə Məqsədi (BMG) barədə razılıq əldə olundu, Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi, İtki və Zərər Fondu institutlaşdırıldı, Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı, 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Bununla da Azərbaycan bir daha sübut etdi ki, ölkəmiz  yaşadığımız dünyada həyatın xilası naminə atdığı addımlarla qlobal problemlərin həllinə öz töhfəsini verə biləcək böyük potensiala, gücə və iradəyə malikdir.


Bakıdan dünyaya çağırışlar


Azərbaycan dünya üçün həm də mədəniyyətlərarası dialoqun uğurlu bir modelidir. Bu model qədim ənənələrə söykənir. Planetimizin bir çox məkanında hər kəsi təhdid edən qlobal problemlərin xalqların birgə səyləri ilə aradan qaldırılmasının, dünyada sülh və əmin-amanlığın təmin olunmasının əsas yolunun mədəniyyətlər arasında qarşılıqlı dialoqdan keçdiyi dünyamızın gələcəyini düşünən hər bir kəsin  inandığı həqiqətdir. Bu baxımdan dövlətimiz çox böyük bir tarixi missiyanı yerinə yetirir. Ölkəmiz 2008-ci ildə  Prezident İlham Əliyevin irəli sürdüyü və birinci dəfə Bakı Beynəlxalq Humanitar Forumunun təşkil olunması ilə başlanmış "Bakı Prosesi" ilə  bəşəriyyətin bu gününə və gələcəyinə tarixi töhfələr verir. BMT-nin ali rəhbərliyi səviyyəsində təqdir olunan "Bakı Prosesi"nin məqsədi dünyadakı müxtəlif mədəniyyətlər, dillər, dinlər, sivilizasiyalar arasında qarşılıqlı anlaşma və əməkdaşlıq mühitinin yaradılmasıdır. Bu təşəbbüs həm də Azərbaycanın multikulturalizminin və mədəniyyətlərarası dialoqun dəstəklənməsi məqsədini güdür.

Bu il mayın əvvəllərində keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da eyni missiyanın davamıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizin sivilizasiyalararası dialoqda fəal və hərtərəfli iştirakını  genişləndirir və bu, daha intensiv formalar kəsb edir. 

"Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər Azərbaycanın evsahibliyi ilə təşkil edilən ən mühüm beynəlxalq tədbirlərdən biri kimi yadda qaldı. Mühüm beynəlxalq platforma kimi qlobal çevrədə böyük nüfuz qazanmış bu forumda 110 ölkənin nümayəndəsinin iştirak etməsi tədbirin əhatə dairəsinin, təsir imkanlarının, burada aparılan müzakirələrin əhəmiyyətinin daha bir göstəricisi oldu.

Prezident İlham Əliyevin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları və ümumən dünya ictimaiyyəti ilə bölüşdüyü fikirlər ölkəmizin liderliyi ilə Cənubi Qafqazda yeni bir gələcəyin başlandığını göstərir. Bu gələcəyin mənzərəsi sülh, rifah, dayanıqlı inkişafdır.


XI Qlobal Bakı Forumu


Bu ilin martında açılış mərasimi olan XI Qlobal Bakı Forumu müzakirəyə çıxarılmış mövzuların aktuallığı ilə yanaşı, mövcud problemlərin aradan qaldırılması üçün irəli sürülən həllər və beynəlxalq ictimaiyyətə əhəmiyyətli çağırışlarla, bu gün və gələcək üçün faydalı nəticələri ilə tarixdə qaldı. Foruma olan beynəlxalq maraq, iştirakçı kontingenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçısı olduğu Bakı Qlobal Forumunun da artıq Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq tədbirlərlə bir cərgədə qərarlaşdığını göstərir. Ötən il X Qlobal Bakı Forumunda "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusu müzakirəyə çıxarılmışdı. Həmin tədbirdə mövcud konfliktlərin çəkişməyə deyil, məhz qarşılıqlı müzakirə məcrasına yönəldilməsi, problemlərin üzə çıxarılaraq onlara birgə optimal həllərin tapılması, diqqətin bütün insanlığı narahat edən çağırışlara verilməsi iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. 

Bu cür qlobal platformalar başqa bir cəhəti ilə də əhəmiyyətlidir. Belə tədbirlər Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa, ümumən regionda yaşanan tarixi reallıqlar ətrafında düzgün, məqsədyönlü kommunikasiya qurmağa imkan yaradır.  

Bu il isə foruma rekord sayda iştirakçı qatılmışdı: 68 ölkədən 400-dən çox qonaq iştirak edirdi. Sürətlə dəyişən dünyamızda, qeyri-sabitlik üçün yeni səbəblərin və qarşıdurma ocaqlarının meydana çıxdığı müasir şəraitdə belə müzakirə və əməkdaşlıq platformalarına çox böyük ehtiyac var. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumdakı çıxışı "Parçalanmış dünyanın bərpası" kimi son dərəcə mühüm bir mövzuya həsr olunmuşdu. Dövlətimizin başçısı çıxışında bildirdi ki, bu gün regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər. Əslində isə, onların daha geniş fəsadları var. Prezident İlham Əliyev bir il əvvəlki forumdan bu yana baş verən əsas geosiyasi dəyişikliyin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə əlaqədar olduğunu diqqətə çatdırdı.

XI Qlobal Bakı Forumunda Prezidentin bəyanatında da qeyd edildiyi kimi, Qarabağ məsələsi öz həllini tapdıqdan sonra Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Forumda o da vurğulandı ki, ölkəmizin öz ərazi bütövlüyünü təmin etmək üçün həyata keçirdiyi antiterror əməliyyatı ilə bağlı beynəlxalq reaksiyaların əksəriyyəti də tamamilə adekvat olub. 

Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Vacib məqam odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin.


II Qlobal Media Forumu: "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə"

 

Şuşada keçirilən daha bir beynəlxalq tədbir - II Qlobal Media Forumu xüsusi qeyd olunmalıdır. "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusuna həsr olunan forumda iştirak edən Prezident İlham Əliyev çoxsaylı media nümayəndəsinin suallarını cavablandırdı. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun nümayəndələrinin qatıldığı forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynadı.

Öncə qeyd edək ki, müasir Azərbaycan dövlətçiliyinin müstəqillik illərində üz-üzə qaldığı ciddi çağırışlardan, qərəzli siyasətdən, ədalətsizliklərdən biri də ölkəmizə və xalqımıza qarşı beynəlxalq mediada aparılan qara təbliğat kampaniyasıdır. Ərazilərimizin 20 faizinin işğal edilməsinə, yüz minlərlə insanımızın doğma yurdundan didərgin salınmasına, uzun illər boyu Azərbaycan vətəndaşlarının öz torpağında məcburi köçkün həyatı sürməsinə baxmayaraq, türk və islam düşmənçiliyi mövqeyində duran, azərbaycanofob təbliğatın əsiri olan bəzi dövlətlər və beynəlxalq strukturların əsas hədəfi məhz biz olmuşuq. Xalqımız bu aqressiv münasibəti müstəqilliyimizin ilk anlarından hiss edib. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız Qarabağ zəfəri ordumuzun şücaəti, diplomatiyamızın kəsərliliyi ilə yanaşı, həm də bu antitəbliğat kampaniyasını zərərləşdirə bilməyimiz hesabına başa gəlib. Ölkəmizin və xalqımızın nailiyyətlərini qaralamaq və ləkələmək cəhdlərinin qarşısının necə məharətlə alındığını Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi və sonrakı günlərdə də bütün dünyaya nümayiş etdirib. Dövlət başçısının yalan və iftiranı, böhtanı əllərində silah edib Bakıya gəlmiş tanınmış media strukturlarının əməkdaşlarına verdiyi müsahibələrdə göstərdiyi cəsarət və hünər cəbhədəki əsgər və zabitlərimizə mərdliklə düşmən üzərinə şığımaq üçün cürət mənbəyi olub. 

Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə heç vaxt belə cəhdlərin önündən geri çəkilməyib. Azərbaycanın lideri elə dövlət xadimlərindəndir ki, dezinformasiya mənbəyi olan qərəzli media qurumlarının qüsurlarını birbaşa üzlərinə deyir və müasir informasiya məkanında yalan və böhtanı öz fəaliyyət normasına çevirmiş bu kimi strukturların əməllərini ifşa edir. Bu günlərdə Rusiyanın "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə Prezident İlham Əliyev dünyanın aparıcı media orqanlarından sayılan "Vaşinqton Post", "Nyu York Times", "Fiqaro" və "Le Monde" dərgilərini belə ədalətsiz fəaliyyətlərinə görə sərt tənqid etmişdir. 

Azərbaycan dövləti hər zaman Prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki qərəzli təbliğatla mübarizə aparır, eyni vaxtda müasir dünya siyasətində yalançı media kimi neqativ ünsürə diqqətin yönəldilməsi yönündə geniş tərkibli müzakirələrin açılması üçün polemika, diskussiya platformalarının fəaliyyətini də stimullaşdırır. İki il davamlı şəkildə mədəniyyət paytaxtımız olan Şuşada bu kimi diskussiya məclislərinin təşkili dövlətimizin sözügedən xoşagəlməz tendensiyaların təsir dairəsinin məhdudlaşdırılmasında maraqlı olduğunu göstərir. Dövlətimizin başçısının bu forumlara qatılması beynəlxalq ictimai rəyin belə tədbirlərə diqqətinin yönəlməsinə xüsusi təsir göstərir. Bu kontekstdə Prezident İlham Əliyevin 2-ci Şuşa Qlobal Media Forumunda söylədiyi fikirlər olduqca ibrətamizdir: "Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir".


Azərbaycanı dünyaya tanıdan tədbirlər


Azərbaycan ötən illər ərzində Türk Dövlətləri Təşkilatının (TDT) bir çox mühüm tədbirlərinə də evsahibliyi edərək qurumun fəaliyyəti çərçivəsində önəmli təşəbbüslər irəli sürmüş və onların yerinə yetirilməsinə uğurla nail olmuşdur. Bu tədbirlər ölkəmizin türk dünyasında siyasi liderliyini gücləndirir, diplomatik nüfuzunu yüksəldir, münasibətləri möhkəmləndirir. Bu isə dövlətimizin beynəlxalq diplomatiyada daha fəal iştirakını təmin edir.

Azərbaycan geniş coğrafiyanın mühüm enerji mərkəzlərindən biri kimi uzun illərdir ki, Bakı Enerji Forumu, Xəzər İqtisadi Forumu və s. bu kimi qlobal tədbirlərə də uğurla evsahibliyi edir. Bütün bunlar regional və beynəlxalq iqtisadi dialoqda ölkəmizin nüfuzunu artırır. 

Bu il Azərbaycanda 130 beynəlxalq tədbir keçirilib: siyasi mövzuda 27, iqtisadiyyata dair 24, elm-təhsil və mədəniyyət sahələri üzrə 41, ekologiya ilə bağlı 19, idman üzrə 12, səhiyyəyə aid 7 beynəlxalq tədbir təşkil olunub. Onların əksəriyyətində Azərbaycan Prezidenti İlham Əliyev bilavasitə iştirak edib. Dövlətimizin başçısı ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda, Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, Şuşanın Cıdır düzündə VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında və "Şuşa - islam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasimində dərinməzmunlu çıxışlarında Azərbaycanın "yaşıl dünya" naminə həmrəyliyə, beynəlxalq aləmdə mövcud çağırışların dialoq yolu ilə həllinə verdiyi töhfələrdən, milli multikulturalizm modelinin dünyaya nümunə olmasından bəhs edib.

Nüfuzu, özünü doğruldan yanaşmaları, uğurlu təşəbbüsləri, ən mühümü isə, başqalarında yaratdığı yüksək inam hissi Prezident İlham Əliyevi müasir dünyamızın ən önəmli siyasi liderlərindən biri mövqeyində qərarlaşdırıb. Beynəlxalq siyasi arenada ona böyük rəğbət var, irəli sürdüyü rəylərlə hesablaşır, təşəbbüslərini dəstəkləyirlər. Dünya liderləri dövlətimizin başçısının baxışlarına böyük önəm verir, onunla ciddi məsələlərdə müzakirələr, məsləhətləşmələr aparırlar.

 "Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub" deyən Azərbaycan Prezidenti buna hər zaman böyük əminliyini ifadə edib. Reallıq isə bundan ibarətdir ki, müstəqil dövlətimiz bu yeni dövrə tarixin ağır mirasından xilas olmuş, bir vaxtlar həlli müşkül görünən problemləri uğurla yoluna qoymuş şəkildə, əvvəlki dövrlərin zəngin təcrübəsi ilə daha da güclənmiş, milli qürurunu, ləyaqətini bərpa etmiş tərzdə daxil olub. Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycan dövlətinə və xalqına qazandırdığı nailiyyətlərdir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!