24 Dekabr 2024 10:00
296
SİYASƏT
A- A+
Müəllifi İlham Əliyevdir

Müəllifi İlham Əliyevdir


...Tarixin ən qüdrətli Azərbaycanının, tarixin ən abad Qarabağının 


Azərbaycan tarixinin son 21 illik qısa zaman kəsiyinə nəzər saldıqda ölkəmiz adına qazanılan ən böyük uğurların, qələbələrin, zəfərlərin məhz elə bu dövrdə əldə edildiyini görürük. 2003-cü il oktyabrın 15-də, xalqın yekdil qərarı ilə Prezident seçilən İlham Əliyev ötən müddətdə ədaləti, haqqı, milli maraqlarımızı beynəlxalq hüququn prinsip və normaları çərçivəsində qətiyyətlə təmin etdi. Əldə olunan bütün nailiyyətlərin altında imzası olan və nəyi, necə və nə vaxt etməyi yaxşı bilən Qalib Lider İlham Əliyev sözün əsl mənasında Azərbaycanı başdan yaratdı, onu güvənli, etibarlı, eyni zamanda hesablaşılan güclü dövlətə çevirdi. 

Bu gün dünyanın hər yerindən görünən qüdrətli Azərbaycanın, yenidən dirçəldilən, abadlıq ünvanına çevrilən Qarabağın müəllifi də məhz İlham Əliyevdir. 


Dünyada söz sahibi


Azərbaycan cəmi 21 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Cənubi Qafqazın lider ölkəsi olub, dünyada söz sahibi kimi tanınıb. Ölkəmiz bütün sahələr üzrə böyük inkişaf yolu keçib və dünyanın enerji, nəqliyyat qovşağına çevrilib. O da əbəs yerə deyil ki, bu gün bölgə ilə bağlı reallaşdırılan bütün layihələr, gerçəkləşdiriləcək planlar Azərbaycanla razılaşdırılır. Beynəlxalq miqyaslı məsələlərlə bağlı müzakirələrin, dialoqların aparıldığı unikal platforma olan Azərbaycan qlobal problemlərin həllində fəallıq göstərir, dünyada sülhü təşviq edir. COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi etməsi üçün dünyanın əksər ölkələrinin yekdilliklə Azərbaycan lehinə səs vermələri də təsadüfi xarakter daşımırdı. COP29-da iştirak etmək üçün Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən Azərbaycana 196 ölkədən 70 mindən çox iştirakçı, o cümlədən 80 prezident, vitse-prezident və baş nazir gəldi. Bakıya gələn dövlət başçıları, digər rəsmi nümayəndələr ölkəmizin bu tədbirə hazırlığını yüksək qiymətləndirdilər, Azərbaycanın məharətlə sədrlik etdiyi bu nəhəng tədbirin layiqli səviyyədə təşkilinə görə şəxsən Prezident İlham Əliyevə təşəkkürlərini bildirdilər. Noyabrın 12-də - Liderlər Sammitinin açılış mərasimində Malayziyanın paytaxtı Kuala Lumpurun meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif çıxışında Prezident İlham Əliyevə xitabən söylədi: "Siz həqiqətən də öz rəhbərliyiniz və liderliyinizlə hamını sülhün vacibliyinə inandırdınız". 

Bu mötəbər tədbirdə məhz İlham Əliyevin adının sülhlə qoşa çəkilməsi heç də təsadüfi deyildi... 


Zəfər salnaməsi, sülh nümunəsi


Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfər çalması və ardınca suverenliyini tam bərpa etməsi regionda dayanıqlı sülhə birbaşa rəvac verib. 

Ümumilikdə regiona barış əhvalı gətirən Qarabağ Zəfəri ölkəmizin taleyinə də dönüş nöqtəsi kimi yazıldı. Azərbaycan torpaqları işğal altında olan ölkədən Zəfər ölkəsinə, Azərbaycan xalqı məğlub xalqdan qalib xalq zirvəsinə ucaldı. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə yetişən vətənpərvər gənclik milli mənafelərimiz, torpaqlarımızın azadlığı, şəhidlərimizin qisası uğrunda düşmənlə haqq savaşına atıldılar. Qəhrəman oğullarımız Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarını layiqincə yerinə yetirərək hələ müharibənin ortalarında Onun bir növ parol xarakteri daşıyan "Şuşasız bizim işimiz yarımçıq qalar", - deyə, verdiyi mesajı ildırım sürəti ilə yerinə yetirərək Qarabağın ürəyi Şuşanı bir həmlədə azad etdilər. Vətən savaşının  44 günündə həm də informasiya cəbhəsində savaşan, ölkəmizin düşmənlərini təkbaşına susduran Müzəffər Lider İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Ağdam, Kəlbəcər, Laçın bir güllə atılmadan, bir itki verilmədən azad edildi. 

Azərbaycan tarixinin Zəfər salnaməsini qızıl hərflərlə yazan Müzəffər Lider İlham Əliyev suverenliyimizi təmin etdi, bayrağımızı Xankəndidə dalğalandırdı. 2023-cü ilin sentyabrında "dəmir yumruq" heç bir gün də çəkməyən antiterror tədbirləri ilə Qarabağda kök salmış erməni separatçılarının yuvasını birdəfəlik dağıtdı. Status cəhənnəmə getdi, sərsəm "böyük Ermənistan" planları məhv edildi.

Son dörd ildə Prezident İlham Əliyev ölkəmizə qələbə ardınca qələbə bəxş etdi. Azərbaycan xalqı olaraq biz heç Şuşa Zəfərinə doymamış, Xankəndi qələbəsini yaşadıq, ərazi bütövlüyümüz, suverenliyimiz təmin edildi. Təqvimimizə neçə-neçə yeni bayram günləri yazıldı. Şuşa, Ağdam, Laçın, Kəlbəcər, Cəbrayıl, Xocalı... şəhərlərinin azadlıq günləri oldu. Ən şirin bayramımız təsis olundu - 20 Sentyabr Dövlət Suverenlik Günü. 

Qalib Lider İlham Əliyevin yürütdüyü məharətli diplomatik siyasətin növbəti qələbəsi isə bu ilin mayında Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması oldu. 4 qeyri-anklav kənd Qalib Lider İlham Əliyevin tələbi ilə bir güllə atılmadan, qan tökülmədən azad edildi.

Biz Xocalı qatillərinin bir-bir həbs edilərək layiqli cəzalarını almaları üçün əliqandallı, başıaşağı şəkildə Bakıya gətirilmələrini gördük. Vaxtilə insanlarımızın cəlladına çevrilən murdar erməni qaniçənlərinin qarşımızda tir-tir əsmələrinə, yalvarmalarına, ağlamalarına şahidlik etdik...

Bütün bunlar İlham Əliyevin ədaləti idi... 


Əyilməz ruh, Vətən sevgisi


Bu il mayın 28-də xocalılı körpələr, uşaqlar, yeniyetmələr, gənclər, ahıllar doğma torpaqlarına qayıtdılar. Bu dəfə sevinc gözyaşları içərisində. O insanların üzlərindəki gülümsəmə illərdir ürəyimizdə dağa çevrilən Xocalı yarasına sanki məlhəm çəkdi. 

28 May Müstəqillik Gününü həm də xocalılıların yurdlarına qayıdış günü kimi tariximizə həkk edən Müzəffər Lider İlham Əliyevin o gün xocalılılarla birgə Xocalı şəhərini gəzməsi, evlərinin ilk əziz qonağı olması, onlara gözaydınlığı verərək sevinclərini bölüşməsi düşmənlərimizə göz dağı oldu. Xocalıya qayıdış Azərbaycan xalqının əyilməz ruhunu, Vətən sevgisini təcəssüm etdirdi. Bu şəhərə yenidən həyatın qaytarılması Böyük qayıdışın Azərbaycan xalqının milli çağırışı olduğunu bir daha parlaqlığı ilə gözlər önünə sərdi.

Bir daha göstərdi ki, əzmi, qətiyyəti, siyasi iradəsi ilə torpaqlarımızı azadlığına qovuşduran qalib sərkərdə İlham Əliyev düşmənin viran qoyduğu, torpağını belə yandırdığı Xocalını, ümumilikdə isə Qarabağ və Şərqi Zəngəzuru abad yurda çevirir və əzəli sahiblərinə qovuşdurur.


Uğurların rəqəmlərdə əksi 


Bu il şuşalılar, cəbrayıllılar, xocalılılar, suslular, ballıcalılar doğma yurda qayıtmağın xoşbəxtliyini yaşadılar. Yanvar ayından etibarən Füzuli, Laçın, Şuşa, Xocalı, Cəbrayıl şəhərlərinə, eləcə də Laçının Sus kəndinə mütəmadi olaraq köç karvanları yola salındı. Dekabrın 12-də isə Xocalı rayonunun Ballıca kəndinə ilk qayıdış oldu. İlk mərhələdə köçürülən 152 nəfərdən ibarət 27 ailəyə mənzillərin açarları təqdim edildi. 

Ümumiyyətlə, Vətən müharibəsindən cəmi ilyarım sonra Zəngilanın Ağalı kəndinin sakinlərinin qayıdışı ilə başlanğıcı qoyulan Böyük qayıdış ötən müddətdə uğurla davam etdirilib. İndiyədək Qarabağ və Şərqi Zəngəzurun 10 yaşayış məntəqəsinə 2544 ailə - 9857 nəfərin qayıdışı həyata keçirilib. 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 369 ailə (1388 nəfər) Şuşa şəhərində, 46 ailə (179 nəfər) Xocalı şəhərində, 237 ailə (912 nəfər) Cəbrayıl şəhərində, 27 ailə (152 nəfər) Xocalı rayonunun Ballıca kəndində məskunlaşıb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.  

Bu ilin ən əlamətdar hadisələrindən biri də Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması, yəni bu bölgəmizə elmin də qayıdışıdır. Ölkəmizin müxtəlif bölgələrindən bu universitetə üz tutan minlərlə gənc Qarabağ Universitetinin ilk fəxrli tələbələri statusunu daşıyırlar. 


Milli missiya


Vətən müharibəsi bitdikdən dərhal sonra işğaldan azad edilən ərazilərimizdə bərpa və quruculuq işlərinə başlanılması qısa zamanda Qarabağ və Şərqi Zəngəzura qayıdışın həyata keçirilməsinə mühüm zəmin yaradıb. Təbii ki, bu vətəndaşlarımızın yurdlarına sürətli qayıdışı onlar üçün yaradılan hərtərəfli və layiqli həyat şəraiti sayəsində mümkün olur. 

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" qəbul edilib. Qarabağ və Şərqi Zəngəzurda quruculuğa start verilməsindən ötən dörd il müddətində dövlət büdcəmizin əsas prioritetlərindən biri də milli hədəf olan Böyük qayıdışın həyata keçirilməsidir. Belə ki, 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə toplam 22 milyard manata yaxın, o cümlədən 2025-ci ildə 4 milyard manat vəsait ayrılıb.

44 günlük müharibə bitdikdən dərhal sonra start verilən və  10 min kvadratkilometr ərazidə aparılan böyük tikinti-quruculuq işləri sayəsində Qarabağ və Şərqi Zəngəzur abad məkana çevrilir. Bu yerlərdə çoxsaylı yaşayış məntəqəsi yenidən qurulur, böyük infrastruktur layihələri həyata keçirilir, avtomobil və dəmir yolları, nəhəng tunellər çəkilir, su anbarları, məktəblər, xəstəxanalar, beynəlxalq hava limanları tikilib istifadəyə verilir. Həmçinin "yaşıl zona" elan edilən Qarabağ və Şərqi Zəngəzurda nəinki ölkəmizdə, Cənubi Qafqazda ilk dəfə olaraq "ağıllı kənd və şəhərlər" salınır. 

Qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda iki beynəlxalq hava limanı - Füzuli və Zəngilan hava limanları tikilərək fəaliyyətə başlayıb. Daha bir beynəlxalq hava limanı isə Laçında tikilir. Bu ərazilərdə erməni vandalizminə  tuş gələn mədəni irsimiz  Heydər Əliyev Fondu tərəfindən müvəffəqiyyətlə bərpa olunur. 

Prezident İlham Əliyevin Mehriban xanım Əliyeva ilə birgə Qarabağ və Şərqi Zəngəzura səfər edərək yeni layihələrin təməllərini qoyması, yeni açılışlar etməsi o torpaqlarda həyata keçirilən quruculuq işlərinin miqyasını bir daha nümayiş etdirir.    


Fəxr mənbəyimiz


İşğaldan azad edilən torpaqlarımızda aparılan böyük quruculuq işləri sayəsində əzəli sakinlərinə qovuşan yurdlarımızın sayı gün keçdikcə artır. Elə təkcə bu il ərzində Şuşa, Xocalı, Cəbrayıl şəhərlərinin, Xocalının Ballıca kəndinin timsalında yenidən qurulan yurd yerlərimizə həyat qayıtdı. 

Dövlətimiz Qarabağ və Şərqi Zəngəzuru başdan-başa cənnətməkana çevirir, ruhunu dirçəldir. 30 il ərzində məcburi köçkünlüyün maddi-mənəvi məhrumiyyətləri ilə yaşamış vətəndaşlarımız indi sevinclə yurdlarına qayıdırlar. Azərbaycan xalqı olaraq bu günlərin həsrətini çox çəkmişdik. Ancaq daha yurd həsrəti də bitib, məcburi köçkün adı da tarixə qovuşub. Artıq Qarabağ və Şərqi Zəngəzur adlı cənnətməkanın yeni növrağı başlayır. 

Bütün bu qələbələrə görə idi ki, bu ilin fevralında keçirilən Zəfər seçkisində xalqımız yekdilliklə Azərbaycanı inkişaf etdirərək dünya səviyyəli ölkəyə çevirən, ərazi bütöblüyünü, suverenliyini təmin edən, yüzminlərlə məcburi köçkünü yurd həsrətindən  qurtaran, Qarabağ və Şərqi Zəngəzuru abadlaşdıran Qalib Liderinə yenidən səs verdi. Tarixin ən qüdrətli Azərbaycanının  müəllifi İlham Əliyevə minnətdarlığını bu cür izhar etdi. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə yekun vurub, ən yaxşılar mükafatlandırılıb

22:22
24 Dekabr

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşovdan

21:58
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

21:51
24 Dekabr

bp şirkəti tarixi Azərbaycan xalçalarının xüsusi sərgi üçün Vətənə qayıdışına dəstək olub  

21:36
24 Dekabr

Azərbaycanın tanınmış güləş hakimi karyerasını başa vurub

21:11
24 Dekabr

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

20:57
24 Dekabr

Rusiyanın Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusardan  

20:51
24 Dekabr

“Texnologiya və innovasiyalar” işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının layihəsi müzakirə olunub  

20:41
24 Dekabr

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən

20:36
24 Dekabr

Britaniyanın Müdafiə Nazirliyi: 10 mindən çox hərbçi döyüşə yararsızdır

20:31
24 Dekabr

Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub  

20:27
24 Dekabr

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoydan

20:17
24 Dekabr

Türkiyənin dövlət rəsmiləri Balıkesirdə meydana gələn partlayışla bağlı açıqlama veriblər  

20:07
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

20:02
24 Dekabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

19:52
24 Dekabr

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelidən

19:51
24 Dekabr

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

19:46
24 Dekabr

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevdən

19:42
24 Dekabr

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

19:41
24 Dekabr

Avropa Parlamentinin üzvü Tierri Marianidən

19:32
24 Dekabr

Niderland Krallığı Senatının sabiq sədri Rene Van der Lindendən

19:12
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!