Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra taleyinə gün doğmuş tarixi binalardan biri də Qazax Müəllimlər Seminariyasıdır. Xatırladaq ki, Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır.
1879-cu ildə seminariyanın nəzdində Azərbaycan şöbəsi və onun yanında ibtidai məktəb fəaliyyətə başlayıb. Bu şöbənin yaradılmasında həmin dövrdə Azərbaycan ziyalıları arasında böyük nüfuz sahibi olan, çar Rusiyasının Tiflisdəki Canişininin dəftərxanasında tərcüməçi işləyən Mirzə Fətəli Axundzadənin, 1881-ci ildən ömrünün sonunadək Zaqafqaziya müftisi olmuş Mirzə Hüseyn Əfəndi Qayıbzadənin və onun yaxın dostu, məsləkdaşı Şeyxülislam Əbdüssəlam Axundzadənin böyük rolu olmuşdur.
Seminariyanın Azərbaycan şöbəsinə ilk dəfə 32 nəfər qəbul edilmişdi. Bunlardan 24 nəfəri A.O.Çernyayevski tərəfindən yerlərdən seçilərək seminariyaya gətirilmiş, qalanları isə öz arzuları ilə gəlmişlər. 32 nəfərdən 19-u şöbənin əsas sinfinə, 13 nəfəri isə hazırlıq sinfinə qəbul olunmuşdu. İlk qəbul olunanlardan 3 nəfəri rus dilini yaxşı bildiklərinə görə birbaşa ikinci sinfə keçirilmişdir. Onlar seminariyanın 1881-ci il ilk məzunları olmuş Səfərəli Vəlibəyov, Teymur Bayraməlibəyov və Mirzə Xəlilov idi.
Nə qədər qəribə olsa da, seminariyanın əsasnaməsində göstərilirdi ki, Azərbaycan şöbəsini idarə edən şəxs-inspektor mütləq xristian olmalıdır. Elə bu səbəbdən şöbənin ilk inspektoru Aleksey Osipoviç Çernyayevski olmuşdu.
İnspektor A.O.Çernyayevski kimdir?
A.O.Çernyayevski Şamaxıda anadan olmuşdu. Azərbaycan dilini mükəmməl bilir, müsəlmanların həyat tərzinə, adət və ənənələrinə, dini görüş və ayinlərinə yaxından bələd idi. İlk təhsilini Şamaxı qəza məktəbində almış, 1866-cı ildə Mərəzə kəndində ilk xalq məktəbi təşkil etmişdir. O, Azərbaycan xalqına, onun böyüyən nəslinin təlim-tərbiyəsinə, müəllim kadrları hazırlığına, sözün həqiqi mənasında, fədakarlıqla xidmət etmişdir. 14 ildən artıq Qori Seminariyasının Azərbaycan şöbəsinin inspektoru vəzifəsində səmərəli elmi-metodik fəaliyyət göstərmiş, təlim-tərbiyənin bu və ya digər problemləri ilə bağlı məqalələr yazmış, azərbaycanlı balaları üçün "Vətən dili", "Rus dili" adlı dərsliklər hazırlamışdır. Qədirbilən xalqımız həmişə Çernyayevskinin xatirəsini əziz tutur. Hazırda Qobustan rayonunun Mərəzə qəsəbəsindəki tam orta məktəb onun adını daşıyır.
Çernyayevskinin rəhbərlik etdiyi şöbədə Azərbaycan dili və şəriət müəllimliyinə böyük ziyalı ruhanilər - sonralar Zaqafqaziya Müftisi olmuş, əslən qazaxlı Mirzə Hüseyn Əfəndi Qayıbzadə və salyanlı Şeyxülislam Əbdüssəlam Axundzadə qəbul edilmişdilər. Hər iki din xadimi seminariyanın Azərbaycan şöbəsində işlədiyi illərdə ilk seminaristlərdən olan Səfərəli bəy Vəlibəyov, Rəşid bəy Əfəndiyev, Firudin bəy Köçərli, Teymur bəy Bayraməlibəyov və başqalarının mənəvi ataları olmuş, onlara əsl himayədarlıq etmişlər. Hətta sonralar Mirzə Hüseyn Əfəndi Qayıbzadə maddi köməyə ehtiyacı olan bəzi seminaristi öz xərci ilə oxutmuş, kasıb azərbaycanlılar üçün "Müfti məktəbi" adı ilə tarixə daxil olmuş bir məktəb də açmışdı...
Tanınmış maarifçilərimizin çoxu bu seminariyanın məzunu olub
Fəaliyyət göstərdiyi 40 il ərzində 300-ə yaxın xalq müəllimi - elm, maarif, mədəniyyət və incəsənət carçıları hazırlayan bu tədris ocağı şərəfli bir inkişaf yolu keçmişdi. Azərbaycan xalq pedaqogikasının qiymətli incilərindən qidalanan, mütərəqqi rus və dünya pedaqoji fikir klassiklərinin ideyalarından, qabaqcıl məktəb təcrübəsindən faydalanan ilk xalq müəllimləri elm və maarif məşəlini Cənubi Qafqazın uzaq kəndlərinə aparmış, dünyəvi təhsildən kənarda qalmış gənclərin gözünü təhsil nuru ilə işıqlandırmışdır.
Tarixə xalq müəlliminin nümunəsi kimi daxil olan, ömürlərini millətə həsr edən, böyüyən nəslin təhsil-tərbiyəsi yolunda şam kimi əridən Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Səfərəli Vəlibəyov, Əliş bəy Tahirov, Mahmud bəy Mahmudbəyov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Pənah Qasımov, Hənəfi Terequlov, Əli Hüseynov, Fərhad Ağazadə, Səməd bəy Acalov, Teymur bəy Bayraməlibəyov, Süleyman Sani Axundov, Bədəl bəy Bədəlbəyov və onlarca başqaları bu təhsil ocağından pərvazlanmışlar.
Məzunların demək olar ki, hamısı fəaliyyətə müəllim kimi başlayırdılar. Lakin sonralar məzunların bir çoxu nəzəriyyəçi pedaqoq, yazıçı, alim, inqilabçı, dövlət xadimi, musiqişünas oldular.
Tarixə nəzər
Zaman-zaman azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan xalqımız 1918-ci ilin 28 mayında öz arzusuna qovuşdu. Milli dövlətçilik tarixinə öz möhürünü vuran Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Milli hökumətin maarif, təhsil sahəsində ilk tədbirlərindən biri Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının müsəlman şöbəsinin Azərbaycana köçürülməsi haqqında 22 iyun 1918-ci il tarixli qərarı oldu. Bu zaman seminariyanın Azərbaycan bölməsinin Qoridən köçürülməsini böyük maarifpərvər ziyalı Firidun bəy Köçərli həyata keçirdi.
Azərbaycan maarifi, eləcə də milli mədəniyyət və düşüncə tariximizə Qori Seminariyası adı ilə daxil olmuş bu təhsil ocağı öz məzunları tərəfindən "Anamız seminariya" (Ü.Hacıbəyli), həmin seminariyanın sabiq məzunu, sonralar müəllimi, inspektoru, nəhayət, həmin şöbə əsasında formalaşmış Qazax Müəllimlər Seminariyasının yaradıcısı və ilk direktoru Firidun bəy Köçərli tərəfindən isə "Maarif və mədəniyyət çeşməsi" adlandırılmışdır.
Qazax Müəllimlər Seminariyası fəaliyyətə başladığı ilk gündən bütün fənlərin tədrisi ana dilində və mütərəqqi üsullarla aparılmışdır. Qürurverici haldır ki, həm Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi, həm də onun varisi olan Qazax Müəllimlər Seminariyası (sonralar Qazax Pedaqoji Texnikumu adı ilə) cəmi 40 il fəaliyyət göstərsələr də, hər iki təhsil ocağı doğma Azərbaycanımız üçün müəllim kadrları hazırlığında, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrinin inkişafında misilsiz xidmətlər göstərmişdirlər. Birinci seminariyanın Azərbaycan şöbəsi fəaliyyət göstərdiyi dövrdə 250-dən artıq əsl xalq müəllimi yetişdirmişdirsə, ikincisi sələfindən təxminən 10 dəfə çox, daha dəqiq desək, 2862 nəfər pedaqoji mütəxəssis hazırlamışdır.
Qazax Müəllimlər Seminariyasının ilk qayğıkeşi
Ümummilli Lider Heydər Əliyev Qori Müəllimlər Seminariyasının varisi olmuş Qazax Müəllimlər Seminariyasının simvol yadigar binasına həmişə diqqət və qayğı göstərmişdir. Ulu Öndər 1999-cu ildə seminariyanın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən, paytaxt Bakıda elm və təhsil müəssisələrində, habelə bölgələrdə geniş ictimaiyyətin iştirakı ilə təntənəli tədbirlər keçirilmişdir. Ümummilli Lider Heydər Əliyevin Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinə həsr olunmuş tədbir iştirakçılarına göndərdiyi müraciətdə deyilirdi: "Zəngin mədəniyyət və təhsil ənənələrinə malik olan Azərbaycan müsəlman Şərqində dünyəvi təhsilin gerçəkləşdiyi ilk ölkələrdən biri olmuşdur. XIX əsrin ortalarından başlayaraq Azərbaycanda gedən siyasi və sosial-iqtisadi proseslər onun mədəni həyatına da güclü təsir göstərmiş, böyük vüsət alan maarifçilik hərəkatı yeni tipli təhsil ocağının yaranmasına təkan vermişdir".
Prezident İlham Əliyevin sərəncamı ilə seminariyanın 100 illik yubileyi keçirildi
Prezident İlham Əliyev 20 ildən sonra, 2018-ci ilin 4 noyabr tarixli sərəncamı ilə müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyan Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunmasını gündəmə gətirmişdir.
Sərəncamda oxuyuruq: "Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, Qazax Müəllimlər Seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindəndir. Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax müəllimlər seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoymuşdur".
Bir faktı da təəssüflə qeyd edək ki, ərazi iddiası ilə Ermənistan silahlı birləşmələrinin Qazaxın həmsərhəd kəndlərində apardıqları işğalçılıq siyasətinin acı nəticələri bu maarif ocağından da yan keçməmişdi. Burada orta məktəb fəaliyyət göstərirdi. Qazaxın 30 ildən artıq erməni işğalı altında olan 7 kəndindən biri olan Aşağı Əskiparanın məcburi köçkün ailələrinin uşaqları burada oxuyurdular. Üzərində "Qazax Seminariyası. 1918-1959-cu illər" yazılı lövhə vurulmuş bina səliqəsiz görkəmi ilə şərəfli-şanlı ziya ocağından çox təmir görməyən köhnə tikilini xatırladırdı...
İrsə sahib çıxmağın ziyalılıq nümunəsi
Amma bu gün Qazaxa yolu düşənlər, bu müqəddəs elm məbədini ziyarət etmək istəyənlər tamam başqa mənzərə ilə rastlaşırlar. ADA Universiteti seminariyanın tarixi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsünü irəli sürdü. 2021-ci ilin oktyabrında başlanan bərpa işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, Amerika Azərbaycan Cəmiyyəti cəlb olundu. Seminariya binasının tarixi əhəmiyyətli obyekt olduğu nəzərə alınaraq, bərpa işləri xüsusi yanaşma ilə aparıldı. Seminariyanın 100 illiyinin qeyd olunması barədə ölkə rəhbəri tərəfindən imzalanmış sərəncama əsasən, ADA Universiteti ana dilimizdə təhsilin ilk sütunu sayılan Qazax Müəllimlər Seminariyasının tarixi binasını əsaslı təmir və bərpa etdirməklə onun yenidən istifadəsini mümkün etdi. Hətta 2023-cü il yanvarın 26-da ADA Universiteti Qazax Mərkəzində Firidun bəy Köçərlinin 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Ötən il avqustun birinci ongünlüyündə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin qərb bölgəsinə səfəri zamanı Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub. Qeyd olunub ki, Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. 2022-2023-cü tədris ilində mərkəzdə təhsillə bağlı iki magistr proqramı həyata keçirilir.
Ötən ildən ADA Universiteti tərəfindən burada müəllimlər üçün "Bir müəllimin manifesti" birillik üçmərhələli ixtisasartırma proqramı reallaşdırılır. Proqram çərçivəsində bölgələrdən müsahibə yolu ilə seçilmiş müəllim və direktorlar birinci mərhələdə Qazax Mərkəzində, ikinci mərhələdə ADA Universitetində, üçüncü mərhələdə isə ADA Vaşinqton Mərkəzində tədrisə cəlb olunurlar. Bu proqram vasitəsilə ötən il 38, bu il isə 20 müəllim və məktəb direktoru ixtisasartırmaya cəlb edilib. Proqramın ilk 38 iştirakçısı arasından 4 nəfər seçilərək ADA Universitetinin Qazax Mərkəzində əməkdaş olaraq fəaliyyətə başlayıb. Bu proqramın əsas məqsədi seçilmiş təhsil işçilərini gücləndirilmiş ingilis dili dərslərinə cəlb etmək, inkişaf etmiş ölkələrin təhsil sistemi ilə yaxından tanış olmaq məqsədilə Amerika məktəbləri ilə əyani təcrübə əlaqəsi yaratmaqdır.
Mərkəzin nəzdində elmi-tədqiqat şöbəsinin fəaliyyəti və müxtəlif tipli təhsil və mədəniyyət yönlü beynəlxalq tədbirlərin təşkili planlaşdırılır. Bu fəaliyyət çərçivəsində 1918-1920-ci illərdə nəşr olunmuş "Azərbaycan" qəzetinin ərəb əlifbasından latın qrafikasına transliterasiyası həyata keçirilir.
Görünən odur ki, Qazax Müəllimlər Seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindən biridir. Bu tarixi abidə yenidənqurma işlərindən sonra təhsil ocağı kimi fəaliyyət göstərməklə yanaşı, vaxtilə Qoridə təhsil almış Üzeyir bəy Hacıbəyli, Firidun bəy Köçərli kimi maarifçilərimizin irsini yaşadır.
Rəhman SALMANLI,
"Azərbaycan"