05 Noyabr 2024 08:10
1028
SİYASƏT
A- A+
Əsrlərə bərabər 44 gündə yazılan möhtəşəm Zəfər

Əsrlərə bərabər 44 gündə yazılan möhtəşəm Zəfər


Artıq dörd ildir ki, Azərbaycan xalqı yeni bir tarixin sevinci və qürurunu yaşayır. Bu tarix ölkəmizdə və yaşadığımız böyük bir coğrafiyada reallıqları dəyişmiş, parlaq gələcəyə doğru yol açmışdır. Bu yol 8 Noyabr 2020-ci ildən - 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimizdən başlayır.

Noyabrın 8-i əsrlərdən bəri Qarabağda, Şərqi Zəngəzurda xalqımıza qarşı həyata keçirilən məkrli oyunların pozulduğu, illərdən bəri qəlbimizdə qövr edən işğal acılarının bitdiyi, milli qürurumuzun bərpa olunduğu, iztirab yükündən əyilmiş qəddimizin dikəldiyi, qisasın qiyamətə qalmadığı tarixdir. Biz bu tarixi birliyimizin gücü, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz qətiyyəti, müzəffər Ordumuzun rəşadəti ilə yazmışıq. Bu qələbə ilə tariximizdə yeni bir səhifə açmışıq. Son əsrlərdə bir-birinin ardınca itirdiyimiz torpaqların mühüm bir qismini ilk dəfə geri almağa nail olmuşuq. Əsrlərin ən böyük nailiyyətini əldə etməyi bacarmışıq. Müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünü, suverenliyini bərpa etmişik. 

Böyük qələbənin təməlində Azərbaycan dövlətinin illər ərzində həyata keçirdiyi güclü siyasət, ordunun təkmilləşdirilməsi, addım-addım həyata keçirilən hazırlıqlar, ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzu, ən mühümü, heç vaxt itirmədiyimiz inamımız durur.


Qələbəyə gətirən yol


Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf siyasətini əzmlə həyata keçirən Prezident İlham Əliyev bu kursun prioritetinə uyğun olaraq Azərbaycan dövlətinin ərazi bütövlüyünün, suverenliyinin bərpasını ən ali məqsəd kimi müəyyənləşdirmişdi. "Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq" - Azərbaycan Prezidenti Böyük Qələbədən sonrakı çıxışlarının birində vurğulamışdı. 

Torpaqlarımızın işğaldan azad ediməsi, ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin bərpası məqsədi həm ardıcıl şəkildə aparılan ordu quruculuğu, həm də siyasi, iqtisadi, sosial-mədəni sahələrdə həyata keçirilən geniş və coxşaxəli tədbirlərlə davamlı şəkildə dəstəklənirdi. Prezident İlham Əliyev xalqımızın doğma yurdlarını heç bir zaman düşmənə güzəştə getməyəcəyini, bu məqsədə çatmaq üçün bütün resurslarını səfərbər edəcəyini çıxışlarında mütəmadi bəyan edirdi.  

Ordumuzun qüdrəti, döyüş ruhu getdikcə artırdı. Azərbaycanın iqtisadi uğurları bu sahənin quruculuğuna ayrılan vəsaitlərin davamlı artırılmasına şərait yaradırdı. Müasir texnologiyalarla təchiz edilən silahlı qüvvələrimiz, həm yerli hərbi sənaye kompleksi, həm də müxtəlif ölkələrlə bağlanmış hərbi əməkdaşlıqlar sayəsində müasir silah-sursat və texnikalarla təmin olunurdu. Getdikcə güclənən ordumuz düşmən üzərindəki gücünü, üstünlüyünü hələ 2016-cı ildə 4 günlük Aprel döyüşlərində və 2018-ci ilin Günnüt əməliyyatında bütün dünyaya nümayiş etdirmişdi. 

2020-ci il sentyabrın 27-də düşmənin növbəti hərbi təxribatlarına qarşı başlanan və tarixə "Dəmir yumruq" əməliyyatı kimi yazılan 44 günlük əməliyyatlar zamanı da ordumuz yalnız irəli gedir, hər gün yeni əraziləri işğaldan azad edir, qəhrəman əsgər və zabitlərimizin mübarizəsi sayəsində Azərbaycan bayrağı azad olunan kənd, qəsəbə və şəhərlərimizdə dalğalanırdı. Ali Baş Komandanın tarixi qələbə müjdələri insanlarımızın coşqusunu, zəfər əzmini daha da artırır, Azərbaycan xalqı yumruq kimi birləşərək illərdən bəri həsrətində olduğumuz böyük qələbənin əldə edilməsinə töhfə verməyə çalışırdı.

Hər zaman Vətən sevgisi ilə yaşayan vətəndaşlarımız bu sevginin işığında birləşmişdi. Milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı bir yumruq kimi idi. Xalq-ordu birliyi Vətən müharibəsində özünü bütün gücü ilə göstərirdi. Müharibə zamanı Azərbaycan xalqının orduya və dövlətinə olan inamı, vətənpərvərliyi özünü yüksək səviyyədə təzahür etdi. Bu birlik, Ermənistanın çirkin kampaniyalarına qarşı fədakarlıq göstərən diaspor nümayəndələrimizin və Azərbaycana dəstək verən qardaş ölkələrin səyləri ilə daha da güclənirdi. 


XXI əsrin hərb dərsi


Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin yetişdirdikləri yeni nəslin təmsilçiləri olan əsgər və zabitlərimiz dövlətimizin suverenliyi, ərazi bütövlüyü uğrunda fədakarlıqla döyüşür, bütün dünyanı heyrətləndirən misilsiz igidliklər göstərirdilər. Onlara bu əzmi bəxş edən güclü bir dövlətə mənsubluq duyğusu, Azərbaycanın apardığı savaşın haqq savaşı olmasına inam, üçrəngli bayrağımız önündə içilmiş əsgər andına sadiqlik hissi idi. Hərbi əməliyyatların ilk günlərindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarının qarşısı insan seli ilə dolub daşırdı. Gənclərimiz bu qurumlara gələrək könüllü olaraq cəbhəyə göndərilmələrini tələb edir, şanlı qələbənin qazanılmasında əldə silah iştirak etməyə can atırdılar. 

Azərbaycan Ordusunun o dövr üçün mövcud gücü, potensialı, düşmən üzərində üstünlüyü elə bir səviyyədə idi ki, heç ölkədə tam səfərbərlik etməyə belə ehtiyac qalmamışdı. Şəxsi heyətlə bağlı bəzi ehtiyaclar üçün yalnız qismən səfərbərlik elan olunmuşdu və Azərbaycan öz ordusu ilə, aparılan ildırımsürətli əməliyyatlarla bütün dünyaya XXI əsrin hərb dərsini nümayiş etdirirdi.   

Azərbaycanı tarixi qələbəyə gətirən yol həm də uğurlu diplomatik addımlardan, məqsədyönlü şəkildə həyata keçirilən xarici siyasət xəttindən, beynəlxalq təşkilatlarla qurulmuş səmərəli əməkdaşlıqdan keçmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində də, Prezident İlham Əliyevin rəhbərliyi dövründə də Azərbaycan hər zaman beynəlxalq hüquqa əsaslanan sülhün tərəfdarı olmuş, sülh danışıqlarına sadiq qalmış, münaqişənin heç bir tərəfdən insan itkilərinə yol vermədən dinc şəkildə başa çatması üçün hər zaman fəal mövqe tutmuş, illərlə böyük səbr və təmkin nümayiş etdirmişdir. Lakin Ermənistanın işğalçı mövqeyi, beynəlxalq sənədlərin icra edilməməsi və danışıqlar prosesinin ədalətli şəkildə aparılmaması müharibəni qaçılmaz etdi.

Münaqişənin həlli prosesində BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmışdır. Azərbaycan illər ərzində bu məsələ ilə bağlı BMT və digər beynəlxalq təşkilatlara müraciət etsə də, dünya ictimaiyyətinin sükutu və Ermənistana göstərilən himayə ölkəmiz üçün məsələnin hərbi yolla həllindən başqa yol saxlamadı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini ordumuzun gücü ilə icra etdi. İllərlə torpaqlarımızı işğal altında saxlayan, qurulu yaşayış məskənlərimizi, Azərbaycan vətəndaşlarının illərin zəhməti hesabına ərsəyə gətirdikləri infrastrukturu vandalcasına tar-mar edən düşməni torpaqlarımızdan qovdu. 

Azərbaycan Respublikasının Prezidenti paralel şəkildə diplomatik səngərlərdə davam edən müharibəni də uğurla apardı. Hərbi əməliyyatların gedişində dünyanın müxtəlif qlobal media qurumlarına müsahibələr verərək, onların hətta Ermənistanın  mövqeyinə əsaslanan təxribatçı suallarını belə özünəməxsus diplomatik təmkinlə cavablandırdı. Beynəlxalq ictimaiyyətə əsl həqiqətləri çatdıraraq, informasiya savaşında da Azərbaycana üstünlük qazandırdı. Prezident İlham Əliyevin verdiyi müsahibələr, dünyanın müxtəlif ölkələrində keçirilən görüşlər Azərbaycan həqiqətlərinin dünyaya bəyan edilməsində, xarici aləmin məsələ barədə aydın təsəvvürlərə malik olmasında müstəsna rol oynadı. 

Birinci Qarabağ müharibəsi zamanı xaricdəki havadarlarının dəstəyindən, ölkəmizin ovaxtkı imkansızlıqlarından istifadə edərək Azərbaycan ətrafında informasiya blokadası qurmağa nail olmuş düşmən artıq nə qədər aciz duruma düşdüyünü gördü.  


Şuşa zəfər simvolumuz oldu


Şuşa şəhərinin özünəməxsusluqları ilə tariximizdə xüsusi yeri var. Təxminən 30 illik işğal dövründə Şuşa iztirablarımızın, yurd həsrətimizin rəmzi idi. Hər dəfə bu gözəl məkanın keçmiş günlərində çəkilmiş şəkillərinə baxanda, hərdən işğal dövründəki görüntüləri rastımıza çıxanda qəlbimiz parçalanırdı. Nə vaxtsa özümüzün də olmasa, gələcək nəsillərin bu ruh şəhərimizə bir gün qayıtması arzusu ilə yaşayırdıq. Vətən müharibəsi röyalarımızı gerçəyə, Şuşanı şanlı qələbəmizin simvoluna çevirdi. 

44 günlük Vətən müharibəsi zamanı verdiyi müsahibələrin birində Ali Baş Komandan  İlham Əliyev "Şuşasız bizim işimiz yarımçıq qalar" demişdi. 2020-ci ilin 8 noyabr günü cənab İlham Əliyevin hərbi geyimdə, milli mənəviyyatımızın ən uca məqamı olan Şəhidlər xiyabanından xalqımıza da, Şuşaya da yetirdiyi "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" müjdəsi bundan sonra da əsrlər boyu Azərbaycan insanlarının yaddaşında səslənəcək, bütün dünya azərbaycanlılarının qəlbi qürur hissi ilə döyünəcək.  Şuşanın işğaldan azad olunması həm də milli iradənin və əzmin qələbəsi oldu.

Əsgər və zabitlərimizin bütün dünyanı heyrətləndirən misilsiz şücaəti sayəsində Şuşanın azad edilməsi müharibənin gedişində həlledici rol oynadı. Bu qələbədən sonra düşmən faktiki kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Şuşanın işğaldan azad edilməsi ilə xalqımızın 30 illik həsrəti sona çatdı və bu böyük qələbə Azərbaycan Ordusunun peşəkarlığının və döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında həyata keçirilən 23 saatlıq antiterror əməliyyatında da böyük şücaət göstərərək bayrağımızı Xankəndidə ucaltdı. Azərbaycanın dövlət suverenliyini təmin etdi.


Zəfərdən quruculuğa


Torpaqlarımızın azad edilməsindən dərhal sonra bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq tədbirləri başlandı. Erməni vandallarının illər ərzində dağıdıb tar-mar etdikləri yurdlarımızı bu gün Azərbaycan dövləti heç kimin yardımı olmadan öz gücü hesabına yenidən qurur. Torpaqlarımız yenidən inkişaf axarına qovuşur. Artıq Qarabağa, Şərqi Zəngəzura Böyük qayıdış başlanıb. Keçmiş məcburi köçkünlərimizin bir qismi dogma yurdlarda onlar üçün tikilmiş mənzillərdə, evlərdə yeni həyatına başlayıb. İşğaldan azad olunmuş ərazilərimizin tez bir zamanda bərpası və həmin ərazilərə keçmiş köçkünlərin geri qaytarılması əsas prioritetlərdən biridir. Bu məqsədlə tədbirlər davam edir, müasir infrastruktur qurulur. 

Yeni yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanın inkişafı yolunda yeni səhifə açır. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri bu bölgələrin iqtisadi potensialını artıraraq ölkənin ümumi iqtisadi gücünə güc qatır. Böyük qayıdış Azərbaycanın iqtisadi və sosial inkişafında yeni bir mərhələnin başlanğıcıdır.

İşğaldan azad olunmuş şəhərlərdə Zəfər muzeylərinin inşa olunması, tarixi və mədəni irsin bərpası istiqamətində həyata keçirilən tədbirlər də quruculuq və inkişaf proseslərində xüsusi istiqamət kimi nəzərə çarpır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun icra etdiyi layihələr  bu prosesə mühüm töhfələr verir. Mehriban xanımın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr sayəsində Qarabağdakı və Şərqi Zəngəzurdakı tarixi abidələrimiz, müqəddəs məkanlarımız bərpa edilərək yenidən qapılarını ziyarətçilərə açır. 

Azərbaycan xalqı və dövləti Vətən müharibəsində canlarını fəda edən qəhrəmanlarını daim yad edir. Şəhid ailələrinə, qazilərə geniş sosial dəstək tədbirləri həyata keçirilir. Şəhid ailələri və qazilər üçün reabilitasiya mərkəzləri açılır, onların məişət problemləri həll olunur. 

Böyük qələbənin işığında Şuşada, Xankəndidə dalğalanan Zəfər bayrağımızın kölgəsində xalqımızın yeni nəsilləri böyüyüb boy atacaq və onun verdiyi milli qüruru, ruhu, inkişaf əzmini gələcəyə daşıyacaq. 

  

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pedaqoji Universitetdə Bəkir Çobanzadənin 130 illiyi qeyd edilib  

22:25
10 Dekabr

Londondakı Azərbaycan məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib  

22:23
10 Dekabr

Rəis müavini: Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır  

22:22
10 Dekabr

Azərbaycan Serbiya ilə energetika sektorunda birgə layihələrin həyata keçirilməsini müzakirə edib  

22:21
10 Dekabr

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub YENİLƏNİB  

22:20
10 Dekabr

“Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib  

22:18
10 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB 

21:51
10 Dekabr

Salonikidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:47
10 Dekabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib  

20:54
10 Dekabr

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada son vəziyyət barədə bəyanat yayıb  

19:33
10 Dekabr

Müdafiə Nazirliyi: Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır 

19:32
10 Dekabr

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

19:32
10 Dekabr

“Qarabağ” Avropa Liqasının oyunu üçün İsveçə yollanıb

19:31
10 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:17
10 Dekabr

İƏT Komissiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub

18:15
10 Dekabr

AMADA dəyirmi masa keçirib

18:06
10 Dekabr

Salah noyabrın ən yaxşı futbolçusu seçilib

18:04
10 Dekabr

Həbsxana arxivləri Əsəd rejiminin cinayətlərinin açılması üçün çox vacibdir  

18:02
10 Dekabr

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti müxalifətin planlarını açıqlayıb

18:01
10 Dekabr

Cənubi Koreya parlamenti prezidentinin həbsilə bağlı qətnaməni təsdiqləyib

17:58
10 Dekabr

Sürücüsüz yük avtomobili təqdim edilib

17:50
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!