06 Noyabr 2024 08:05
1269
SİYASƏT
A- A+
Yandırılmış torpaqdan “yaşıl məkan"a 

Yandırılmış torpaqdan “yaşıl məkan"a 


30 il ərzində ekoloji terrora məruz qalan Qarabağ və Şərqi Zəngəzurun təbiəti də bərpa olunur   


İşğal dövrü ərzində erməni vandalları Qarabağ və Şərqi Zəngəzurda ekoloji terrora əl ataraq "yandırılmış torpaq" siyasəti həyata keçiriblər. Bu ərazilərdəki təbiət abidələrinə, qoruqlara, meşələrə, biomüxtəlifliyə ciddi ziyan vurulub, kənd təsərrüfatı torpaqları yararsız hala salınıb. Eyni zamanda yerə basdırılan yüz minlərlə mina həmin ərazilərdə insanlar üçün böyük ekoloji fəlakətə çevrilib. Buna görə  işğaldan azad edilən torpaqların bərpası ölkəmizin qarşısında duran prioritetlərdən biridir. Bəs Qarabağ və Şərqi Zəngəzurda onilliklər ərzində düşmənin məhv etdiyi təbiətimizin bərpası necə həyata keçirilir? 

"Azərbaycan" qəzetinin əməkdaşı Müharibə və hərbi münaqişələr zamanı ətraf mühitin istismarının qarşısını alma günü ərəfəsində Elm və Təhsil Nazirliyinin Akdemik H.Əliyev adına Coğrafiya institutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dossent Mirnuh İsmayılovla bu suala aydınlıq gətirməyə çalışıb. 


Mədən işləri ekoloji fəlakətlərə yol açıb


Qarabağ və Şərqi Zəngəzurda işğal illərində təbii sərvətlərimizin qeyri-qanuni şəkildə talandığını bildirən Mirnuh İsmayılov, mədən işlərinin həm də ekoloji fəlakətlərə yol açdığını vurğuladı: "İşğaldan azad edilmiş rayonlar zəngin və rəngarəng yeraltı sərvətləri ilə Azərbaycanın digər bölgələrindən fərqlənir. Burada kifayət qədər qızıl civə, mis, polimetal, perlit, tikinti materialları və digər faydalı qazıntı ehtiyatları var. Yeraltı sərvətlərin zənginliyi işğal dövründə erməni işbazlarının diqqətini cəlb etmiş, faydalı qazıntıların heç bir ekoloji standart və normalara uyğun olmayan üsullarla istismarı yalnız gəlir əldə etmək məqsədilə həyata keçirilmişdir". 

Alimin sözlərinə görə, işğal dövründə "Söyüdlü" yatağının qeyri-qanuni istismarı nəticəsində subalp çəmənliklərindən ibarət zəngin bioloji müxtəlifliyə malik 800 hektardan çox dağ-çəmən ekosistemləri tamamilə məhv edilib. Buradakı filizin təmizlənməsi zamanı istifadə olunan vəhşi üsullar nəticəsində yaranan süxur tullantıları şirin su ehtiyatlarının, çayların və bulaqların çirklənməsinə, terrikon təpələrinin yandırılmasına səbəb olub. Güclü yağışlar zamanı terrikon təpələrdəki süxur tərkibindəki ağır metallar və zərərli kimyəvi elementlər səth sularının təsiri ilə miqrasiyaya məruz qalır və ətraf ekosistemlərdə bitki örtüyü və torpaq mikroorqanizmlərini məhv edərək səhralaşmaya şərait yaradıb.


Meşələrə qarşı "soyqırımı"


"İşğala qədər Qarabağ və Şərqi Zəngəzurda meşələr 247 min hektar ərazini əhatə edirdi. İşğal zamanı isə ermənilər 40 min hektar meşə sahəsini tamamilə məhv ediblər. Qarabağ və Şərqi Zəngəzurda 460 növ qiymətli ağac və bitki növü vardır ki, bunlardan 70 növü endemikdir. Təəssüf ki, hazırda ərazidə bu bitki növlərinə rast gələ bilmirik. Regionun Şelli, Seyidli, Sarıcallı və Əliağalı kəndlərində yaşı 150-250 il olan 8 şərq çinarının və dövlət qeydiyyatına alınmış yaşı 400 ildən çox olan 71 təbiət abidəsinin məhv edildiyi və ya yandırıldığı müəyyən edilib", - deyə alim məlumat verdi. 

Mirnuh İsmayılov qeyd etdi ki, Zəngilan rayonunun Bəsitçay vadisində təbii çinar meşəsi yayılıb. Ərazinin ölçüsü 170 hektardır. Bunun 107 hektarı 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunda mühafizə olunur. Ermənilər Zəngilanın Razdərə kəndində, çinar meşələrinin yaxınlığında ağac emalı zavodu açmışdılar: "Bank-İnformasiya" Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi də məlumat verib ki, Zəngilan rayonunun qiymətli təbii çinar meşələri tamamilə qırılaraq dağıdılıb, ağacların köklərini məhv etmək üçün partlayışlar törədilib".

Mütəxəssis söylədi ki, Kəlbəcər rayonunda 986 hektar ərazidə "Qırmızı kitab"a daxil edilmiş Azərbaycanın çox qiymətli və endemik bitkisindən ibarət unikal meşə ayıfındığı ekosistemi də işğal dövründə ekoloji terrora məruz qalıb: "Vaxtilə erməni əsir və girovluğunda olan azərbaycanlıların dediklərindən aydın olur ki, Kəlbəcərin "Çiçəkli" adlanan ərazisindəki ayıfindığı qırılaraq xarici ölkələrin və Ermənistanın mebel fabriklərinə daşınıb". 

Şuşa şəhərinin yaxınlığında çox qiymətli və ətraf mühiti mühafizə edən meşə ekosistemlərini də ermənilərin məhv etdiklərini bildirən dosent bildirdi ki, Şuşa yaxınlığındakı Topxana meşəsindəki ağaclar ya qırılıb, ya da ciddi şəkildə zədələnib: "Bundan başqa, "Haça yal" adlanan ərazidəki meşədə 2000-dən çox sağlam palıd  ağacı qırılaraq məhv edilib. "Cıdır düzü"ndəki və ətraf ərazidəki meşə ekosistemləri eyni aqibəti yaşayıb, 18 hektar unikal əhəmiyyətli yaşıllıqlar məhv edilib. Şuşa şəhərindəki yaşıllıqlar da ekoloji fəlakətə məruz qalıb. Ərazidə hazırda meşə kimi görünən yaşıllığa yaxınlaşdıqda məlum olur ki, meşə işğal zamanı kütləvi şəkildə qırılıb və sonradan ağac kökündən çıxan pöhrəliklərdən ibarətdir".  

Coğrafiya üzrə fəlsəfə doktoru onu da söylədi ki, regionda işğala qədər 63 növ məməli məskunlaşmışdı. Bunlardan səfsər, çay su samuru, qonur ayı, zolaqlı kaftar, qamış pişiyi, səhra pişiyi, vaşaq, Qafqaz bəbiri, bezoar keçisi, nəcib maral və sair "Qırmızı kitab"a da düşüb. Bu heyvanların bəzi növləri isə "Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısı"na (IUSN) daxil edilib: "Ermənilərin Azıx mağarasında apardıqları qeyri-qanuni arxeoloji qazıntılar nəticəsində buranı yaşayış yeri seçmiş nadir yarasa növlərinə də ciddi ziyan dəyib. İşğal zamanı həyata keçirilən yanğınlar müxtəlif fauna növlərinin kütləvi şəkildə məhvinə yol açıb. Laçın meşələrində qırmızı palıdın, tozağacı və fındığın qırılması bir sıra quş və heyvan növlərinin ekosisteminin dağılmasına və onların sayının azalmasına səbəb olub".


Şirin su ehtiyatları çirkləndirilib 


"Qarabağın və Şərqi Zəngəzurun şirin su ehtiyatlarının Ermənistanın çirkli sənaye və kənd təsərrüfatı suları ilə mütəmadi olaraq çirkləndirilməsi buradakı canlı ekosistemlərə ciddi ziyan vurur. Araz çayı və onun sol qolları Ermənistanın 16-dan çox  yaşayış yerinin çirkab suları ilə mütəmadi olaraq çirkləndirilir", - söyləyən Mirnuh İsmayılov bildirdi ki, aparılmış araşdırmalarla məlum olub ki, Araz çayının Ermənistandan Naxçıvana daxil olduğu hissədə suyun tərkibində fenolların miqdarı 220-1160, ağır metalların miqdarı 36-44, azot-fosfor duzları 26-34, xloridlərin miqdarı 28, neft əsaslı çirkləndiricilər isə ekoloji normadan 73-112 dəfə çoxdur. Ermənistan ərazisindən Araz çayına tökülən Zəngi çayı çirklənmə səviyyəsinə görə həmin ölkədə ən yüksək səviyyədədir. Nəticədə Azərbaycan ərazilərindən keçən Arazın şirin su ekosistemində balıq növləri azalır və balıqlarda müxtəlif xəstəliklər yaranır.  Oxçuçay Ermənistanın Mehri, Qacaran, Qafan və digər dağ-mədən sənayesinin turş suları, ağır metalları və sair ilə çirkləndirilib. Mədənlərin tam gücü ilə işlədiyi dövrdə çayda misin miqdarı ekoloji normadan 20-45, fenolların miqdarı isə 5-10 dəfə çox olur. Bu çaylarda ekoloji vəziyyətin pisləşməsi şirin su orqanizmlərinin müəyyən dərəcədə məhvinə səbəb olur. 

Mirnuh İsmayılov onu da dedi ki, işğal dövründə ermənilər Füzuli rayonunun yaxınlığında gizli bioloji laboratoriyalar təşkil etmişdilər: "Bu laboratoriyada yoluxucu xəstəliklər tədqiq edilərək əsir və girovluqda olan azərbaycanlıların üzərində sınaqdan keçirilir, sonra isə yoluxucu mənşəli qalıqlar rayon ərazisindən keçən Köndələnçay və Quruçay çayları vasitəsilə Azərbaycanın işğal altında olmayan torpaqlarına axıdılırdı. Bu çayların suyundan istifadə edən sakinlərimiz müxtəlif xəstəliklərə məruz qalırdılar". 

Xonaşen, Qarqarçay, Xaçınçay, İncəsuçay, Coğazçay, Oxçuçay, Tərtərçay çayları öz mənbəyini Qarabağ və Şərqi Zəngəzurdan alır. İşğal dövründə ermənilər bu çaylara müxtəlif məişət tullantıları, zavod və mədənlərin çirklənmiş sularını axıdıblar. Bərgüşad və Həkəri çaylarının zəngin və qiymətli balıq sortları erməni qəsbkarları tərəfindən elektrik cərəyanları və partlayıcı maddələrlə birlikdə məhv edilib. 

Dosentin bildirdiyinə görə, işğal dövründə şirin su ekosistemlərində yaranmış ekoloji fəlakətin aradan qaldırılması üçün torpaqlarımızın azadlığa qovuşmasından sonra dövlətimiz tərəfindən burada fövqəladə tədbirlər həyata keçirilməyə başlanıb. Bu məqsədlə Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad edilmiş torpaqlarda 100 min körpə balıq çaylara buraxılıb. Bu təşəbbüslər şirin sulu çaylarda ekosistemlərin bərpasında mühüm rol oynayır.


Ən çox İşıqlı Qaragöl antropogen təsirə məruz qalıb


Mirnuh İsmayılov məlumat verdi ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində təbii ekosistemlərin davamlı inkişafında mühüm ekoloji dəyəri və unikal görünüşü olan çoxlu göllər mövcuddur. Buradakı müxtəlif ölçülü məşhur göllərə, əsasən, Kəlbəcər və Laçın rayonlarının yüksək dağlıq ərazilərindəki Böyük Alagöl, Kiçik Alagöl, Zalhagöl, Yaşamgöl, İşıqlı Qaragöl və digərləri aiddir. Bu göllərin şirin suları işğaldan əvvəl mal-qaranın və əhalinin su təminatında mühüm rol oynayıb. İşğal zamanı həmin göllər ermənilər tərəfindən çirkləndirilib. Onların arasında ən çox antropogen təsirə məruz qalan isə sərhəddə yerləşən İşıqlı Qaragöldür. Göl Ermənistanın və Azərbaycanın təbii mühafizə zonası olub və qeyri-qanuni məskunlaşmaya məruz qalıb. Gölün suyunun Ermənistan tərəfindən suvarma üçün istifadə edilməsi (böyük nasos stansiyaları quraşdırılıb) onun tükənməsinə və biomüxtəlifliyin itirilməsinə səbəb olurdu.

Fəlsəfə doktoru dedi ki, 1976-cı ildə Tərtər çayı üzərində tikilmiş Sərsəng su anbarı Goranboy, Tərtər, Bərdə və digər rayonlarda 79 min hektar əkin sahəsinin suvarılması üçün nəzərdə tutulmuşdu. İşğal zamanı texniki təminat və təmir işlərinin aparılmamasından su anbarı yararsız vəziyyətə düşmüş, dağətəyi və düzənliklərdə 400 min insan təhlükə qarşısında qalmışdı. Üstəlik, yay aylarında suya tələbatın artdığı dövrdə işğalçılar tərəfindən illik su normasının 10-15 faizi boşaldıldığı üçün düzənliklərdə əkin sahələrinin suvarılmasında problemlər yaranmış, quraqlıqdan yaşıllıqlar qurumuşdu ki, bu da ciddi ekoloji fəsadlara səbəb olmuşdu: "Ermənilər işğal zamanı Tərtərçayın suyunu suvarma kanalları əvəzinə Tərtərçay dərəsinə buraxırdılar. Qışda vadi boyu təsərrüfatlar və kəndlər su altında qalırdı. Torpaqlarımızın azadlığından dərhal sonra Azərbaycan dövləti bu çətinlikləri aradan qaldırmağa başladı və kanallara su töküldü".

30 illik işğal zamanı hər biri özünəməxsus təbii mühitə, memarlıq görünüşünə malik olan antropogen ekosistemlər (insanların öz həyat fəaliyyətlərini və normal yaşayışlarını  təmin etmək üçün yaratdıqları kəndlər, şəhərlər) ya yer üzündən silinib, ya da yaşayış üçün yararsız hala salınıb. Həmin ərazilərin bəzilərində qeyri-qanuni məskunlaşdırılan ermənilər bu yerlərdə müvəqqəti olduqlarını bildikləri üçün canlı aləmi məhv etməklə məşğul olub, ekoloji tarazlığı tamamilə pozublar. 

"Ermənistan Qarabağ və Şərqi Zəngəzurun strateji əhəmiyyətə malik hər yerində fərqli təsir gücünə malik minalar basdırıb", - deyən alim hələ də onların minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etdiklərini vurğuladı: "Həmin ərazilər minalardan təmizlənmədən antropogen ekosistemləri və insanların normal həyat fəaliyyətini təmin etmək demək olar ki, mümkün deyil. Dövlətimiz bu çətinliyin aradan qaldırılması üçün mühüm işlər görür".


Şərqi Zəngəzurda çöl-tədqiqat işləri həyata keçirilir


Mirnuh İsmayılov məlumat verdi ki, Böyük qayıdış dövlət proqramına uyğun olaraq Coğrafiya İnstitutunun "Landşaftşünaslıq və landşaft planlaşdırılması" şöbəsinin bir qrup əməkdaşı bu ilin iyun ayında Şərqi Zəngəzurda elmi tədqiqatlar aparıblar: "Ərazilərin yenidən mənimsənilməsində elmi və praktiki əhəmiyyəti yüksək olan təbii ekosistemlərin antropogen transformasiyası və landşaft-ekoloji nəticələri, ekoloji riskləri, ekosistemlərin təbii ehtiyat potensialı və sair istiqamətlərdə çöl-tədqiqat işləri həyata keçirilir. Ərazidə həyata keçirilən nəhəng infrastruktur və məskunlaşma layihələri, ağacəkmə tədbirləri, şirin su ehtiyatlarının ekoloji idarə edilməsinin tətbiqi dövlətimizin qürurverici qüdrəti haqqında olduqca aydın təsəvvür yaradır. Xüsusilə bu layihələrin ərazilərin təbii landşaftlar və təbii ehtiyatlarla uyğun şəkildə həyata keçirilməsi tədqiqatçıların diqqət mərkəzindədir". 

Alim bildirdi ki, hazırda çöl tədqiqatları zamanı toplanmış elmi informasiyanın təhlili və ilkin nəticələrin əldə olunması istiqamətində araşdırmalar davam etdirilir: "Tədqiqatlar zamanı ilkin rəqəmsal landşaft-ekoloji xəritələşdirilmə aparmışıq. Bunun üçün sahədə təbii komplekslərin vəziyyətinə aid məlumatlar toplanmış, ərazinin ekogeokimyəvi landşaft fonunun müəyyən edilməsi məqsədilə kameral şəraitdə aparılacaq kimyəvi analizlər üçün, əsasən, Şərqi Zəngəzur ərazisinin müxtəlif ekosistemlərindən 50-yə yaxın torpaq, bitki və süxur nümunələri götürülmüşdür". 

Həmçinin Mirnuh İsmayılov söylədi ki, işğaldan əvvəl tərtib olunmuş irimiqyaslı (1:100000) landşaft və topoqrafik xəritələrin mövcud vəziyyətlə coğrafi müqayisəsi əsasında təbii və antropogen ekosistemlərin struktur-funksional xüsusiyyətlərindəki inkişaf tendensiyaları, dinamikası istiqamətində məlumatlar toplayıblar. 

Göründüyü kimi, ermənilər 30 illik işğal dövründə təbiətimizə də qənim kəsilmişdilər. Vətən müharibəsindən sonra onların Qarabağ və Şərqi Zəngəzurda ekoloji sistemə vurduqları dəhşətli ziyan da gün üzünə çıxıb. Hazırda Azərbaycan dövləti bu ərazilərin təbiətinin dirçəldilməsi üçün əhəmiyyətli işlər həyata keçirir. Qurudulan bulaqlarımız, çaylarımız yenidən axır, qırılan meşələrimiz yenidən pöhrələyir, yurdlarından perik salınan canlılar aləmi tarixi areallarına yenidən qaytarılır. 

Bir sözlə, onilliklər boyu "yandırılmış torpaq" siyasətinə tuş gələn ərazilərimiz, axarlı-baxarlı cənnətməkana çevrilir.   


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvanda anılıb  

12:22
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!