44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Mahsun Zahir oğlu Bağırzadə 1998-ci il mayın 30-da Lənkəranın Xanbulan qəsəbəsində anadan olub. Qəsəbə tam orta məktəbini bitirəndən sonra - 2016-2018-ci illərdə Ağdam bölgəsində həqiqi hərbi xidmətdə olan Mahsun pulemyotçu ixtisasına yiyələnib.
Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzində fəhlə işləyən M.Bağırzadə Vətən müharibəsi başlayanda könüllü olaraq silaha sarılıb, ata-baba torpaqlarımızın işğalçılardan təmizlənməsində fədakarlıq, igidlik nümunəsi göstərib. Heyf ki, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında şərəfli döyüş yolu keçən Mahsuna Zəfər Gününü, rəşadətli Milll Ordumuzun şanlı qələbəsini görmək qismət olmadı. O, oktyabrın 22-də Qubadlı rayonunun Yazı düzü adlanan ərazisində gedən döyüşlərdə əbədiyyətə qovuşdu. Yalnız noyabr ayının 4-də Qubadlı rayonu erməni vandallarından tam təmizləndikdən sonra şəhidlərimizin nəşi götürüldü və Mahsun həmin gün doğulub boya-başa çatdığı Xanbulan qəsəbəsində müharibədən əvvəl özünün də arzuladığı yerdə - Pir Yaqub ziyarətgahında torpağa tapşırıldı.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə şəhid Mahsun Bağırzadə Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Mahsun Bağırzadənin şəhadətə ucalmasının 4-cü ildönümündə AMEA Lənkəran Regional Elmi Mərkəzində şəhidin xatirə guşəsinin önünə təzə-tər qərənfillər düzüldü. Sonra onun Xanbulan qəsəbəsindəki ata ocağında anım tədbiri keçirildi. Elmi mərkəzin kollektivinin, Mahsunun döyüş yoldaşlarının, şəhid ailələri üzvlərinin, Xanbulan qəsəbə ictimaiyyəti nümayəndələrinin, ziyalıların qatıldığı anım tədbirində şəhidin qəsəbə qəbiristanlığındakı məzarı ziyarət edildi, üzərinə gül-çiçək dəstələri qoyuldu, ruhuna dualar oxundu.
Mərasimdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənin say-seçmə oğullarının 44 günlük savaşda göstərdikləri qəhrəmanlıqlardan, qüdrətli Milli Ordumuzun qazandığı tarixi qələbədən söz açıldı, bütün şəhid ailələrinin, o cümlədən Mahsun Bağırzadənin doğmalarının hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə edildiyi vurğulandı, şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa və cansağlığı diləndi.
Ağaddin BABAYEV,
Lənkəran