07 Noyabr 2024 08:45
119
SİYASƏT
A- A+
Xilaskar Komandan

Xilaskar Komandan


"Tarixin hansı qatlarına ensək, hansı qaynaqları araşdırsaq, orada yalnız Azərbaycan xalqının yaratdığı mədəniyyətdən, ədəbiyyatdan, qurduğu dövlətlərin qüdrətindən, həmin dövlətlərin ədalətli mövqeyindən, sülhsevər siyasətindən bəhs olunur. Bu gün hər birimiz qədim dünyaya qədər gedib çıxan şanlı tariximizlə həm də ona görə öyünürük ki, keçmişimiz aydın və təmizdir, xalqımızın təbiətindən işğal, təcavüzkarlıq kimi anlayışlar tamamilə uzaqdır. Xalqımızın taleyində keşməkeşli yollar da olub, yadellilərin hücumlarına da məruz qalmışıq, xain işğalla da üzləşmişik. Lakin düşmənlə rəşadətlə döyüşərək azadlıq və torpaq yolunda yorulmadan mübarizə aparmışıq". 

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov mətbuata açıqlamasında deyib.

S.Məmmədov qeyd edib ki, milli kimliyimizi əlimizdən almaq, torpaqlarımızı mənimsəmək, hətta tariximizi unutdurmaq istəyənlərin planları, sözsüz ki, axırda iflasa uğrayıb. Əhəmiyyətinə görə tariximizin ən şanlı səhifəsi olan Şərqi Zəngəzurun və Qarabağın Ermənistan işğalından azad edilməsi bunun əyani sübutudur. Cəmi 44 gün davam etməsinə baxmayaraq, özündə ikiəsrlik münaqişəni, 30 illik müharibəni birləşdirir. Müharibənin sonralar özünü göstərən yeni nəticələri də haqq savaşımızın mahiyyətini, fəlsəfəsini bir daha dərindən dərk etməyə imkan verir. Ermənistan və havadarları hesab edirdilər ki, Azərbaycan hayların müxtəlif vaxtlarda apardıqları etnik təmizləməni, törətdikləri soyqırımları unudacaq, torpaqlarının işğalı ilə barışacaq. Amma, görünür, onlar xalqımızın xarakterinə və keçmişinə dərindən bələd deyilmişlər.

Onun sözlərinə görə, Azərbaycan yetkin və məsuliyyətli dövlət olaraq hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb, fəaliyyətində bu prinsipləri əsas götürüb: "Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin sülh yolu ilə həllində də Azərbaycan beynəlxalq hüquqa əsaslanırdı. Lakin uzun illər aparılmış danışıqlar heç bir nəticə vermədi. Münaqişənin nizamlanması məqsədilə yaradılan ATƏT-in Minsk qrupu isə, ümumiyyətlə, üzərinə düşən məsuliyyəti dərk etmir və qərəzli mövqe sərgiləyirdi. Aydın görünürdü ki, burada məqsəd faktları görməzdən gəlmək və mövcud vəziyyəti olduğu kimi saxlamaq idi. Hətta diqqəti münaqişənin ədalətli həllindən yayındırmaq üçün başqa mənasız problemlər də qabardılırdı, nəzərlər digər istiqamətlərə yönəldilirdi, ikili standartlar da öz yerində idi. Bir az da uzağa gedərək utanmadan Azərbaycandan güzəşt istəyir, münaqişənin həllində hərb variantını istisna edirdilər. Cənab Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ana xəttini, mütləq prioritetini Azərbaycanın ərazi bütövlüyünün təmin olunması təşkil etməsi şübhəsiz idi. Görülən bütün işlərin, atılan addımların mərkəzində də bu ali missiya dayanırdı. Cənab İlham Əliyev qarşı tərəfin bütün çirkin planlarının, işğal mahiyyətli siyasətinin qarşısında möhkəm dayandı, diplomatik bacarığı, düşünülmüş addımları və tutarlı arqumentləri ilə təcavüzkar siyasəti ifşa etdi, danışıqlar masasında dövlətimizin maraqlarını, xalqımızın mənafeyini ləyaqətlə qorudu".

"Dərin siyasi zəkası ilə prosesləri düzgün qiymətləndirən, hadisələrin hansı məcrada davam edəcəyini öncədən bilən uzaqgörən siyasətçi cənab Prezident İlham Əliyev münaqişənin həllində alternativ variantı da diqqətdən qaçırmırdı. Paralel olaraq ordu quruculuğu işi də davam etdirilir, silahlı qüvvələrimizin döyüş qabiliyyəti durmadan artırılır, müasir silah-sursat, texnika ilə təchiz olunurdu. Eləcə də ölkəmizdə hərbi sənaye kompleksinin yaradılması Azərbaycanın gücünü dəfələrlə yüksəltdi, müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunmağa başlandı. Pis vərdişlərdən və düşüncələrdən uzaq, sağlam ruhda, yalnız Vətənini, dövlətini və xalqını düşünən, torpaqlarını azad etməyi özünün həyat amalına çevirən yeni nəsil gənclər ordusu yetişdi. Azərbaycan gəncləri hərbi xidmətə böyük həvəslə can atır, Ali Baş Komandan cənab İlham Əliyevin "İrəli" əmrini səbirsizliklə gözləyirdilər. Bütün sahələr üzrə dinamik inkişaf edən Azərbaycan, demək olar ki, işğalçı dövlət üzərində tam üstünlüyü təmin etmişdi", - AHİK sədri bildirib.

"İşğal dövründə, danışıqların aparıldığı vaxtlarda təcavüzkar dövlət hərbi təxribatlara tez-tez əl atır, cəbhəboyu kəndləri atəşə tutur, həmişə də layiqli cavabını alırdı. 2020-ci il sentyabrın 27-də baş verən hərbi təxribat isə yenilməz Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə nəticələndi. Proseslər göstərdi ki, cənab Prezident İlham Əliyev Ali Baş Komandan kimi hansı işi nə vaxt və haradan başlamağı, necə idarə etməyi və uğuru necə qazanmağı dərindən bilir. Vətən müharibəsində bütün məqamlar zərgər dəqiqliyi ilə hesablanmışdı. Düşmən və onu müdafiə edən qüvvələr heç gözlərini aça bilmədilər, aciz durumda qaldılar. Xalqımızda Qarabağ eşqi o qədər yüksək idi ki, "İrəli" əmrini alan kimi bir anda səfərbər oldu, hamı müharibəyə kökləndi və ürəklər ordumuzla bir döyündü. Demək olar ki, hər kəs Qələbə əhvali-ruhiyyəsində idi, gənclərimiz isə tam ayaqda. Həmin vaxt xalqımızın nümayiş etdirdiyi həmrəylik, vətənpərvərlik duyğusu bu gün də beynəlxalq ictimaiyyət tərəfindən müzakirə və təqdir olunur. "Dəmir yumruq" əməliyyatının isə dünya tarixində bənzəri yoxdur. Hər bir rayon, qəsəbə, kənd özünəməxsus hərbi taktika ilə azad olunurdu və ordumuz düşmənin gözləmədiyi yerdən irəliləyirdi. Düşmən tərəfinin ilk gündən dəqiq hesabladığı yalnız bir şey var idi: məğlubiyyət qaçılmazdır. Odur ki, nəinki əsgərləri, hətta zabitləri belə döyüşə girməkdən çəkinir, silahı atıb qaçırdılar. Heç də təsadüfi deyil ki, özlərinin də etiraf etdiyi kimi, 10 mindən artıq fərariləri olub. Bax budur, "Dəmir yumruq" əməliyyatının mahiyyəti", - deyə Sahib Məmmədov vurğulayıb. 

Konfederasiya sədri qeyd edib ki, "Dəmir yumruq" əməliyyatı cəmi 44 gün çəkdi və az itki ilə 30 ilə yaxın müddət ərzində işğal altında olan böyük bir ərazi düşməndən təmizləndi: "Amma nəticələr bununla kifayətlənmir. Birincisi, 200 il idi bu münaqişə öz həllini tapmırdı, təcavüzkar ermənilər fürsət düşən kimi ərazilərimizi özününküləşdirməyə çalışır, toponimləri dəyişir, etnik təmizləmə aparır və soyqırımı törədirdilər. Vətən müharibəsində düşmənə elə zərbə vuruldu ki, hətta bir də xain xislətlə Azərbaycanla üz-üzə gəlməyəcək tərzdə. Eyni zamanda döyüş meydanında törədilən soyqırımların qisası misli ilə alındı. İkincisi, Azərbaycan işğalçıların Şərqi Zəngəzurda və Qarabağda törətdiyi vəhşilikləri, barbarlığı dünya ictimaiyyətinə faktlarla təqdim etməklə onların əsl simasını və niyyətini göstərdi. Üçüncüsü, öz evində, sakini olduğu torpaqlarda yaşamaq hüququ əlindən alınmış bir milyondan artıq məcburi köçkünün hüquqları bərpa olundu. Təəssüf ki, insan hüquqlarından ağızdolusu danışan, yalançı və qərəz dolu hesabatlar hazırlayan təşkilatlar, özünü böyük kimi dünyaya sırıyan dövlətlər nədənsə 30 il bu məsələdən yan keçdilər, bu problemi bir dəfə də olsun dillərinə gətirmədilər. Dördüncüsü, bütün dünya ölkəmizin hərbi qüdrətinə, döyüş taktikasına yaxından bələd oldu. Azərbaycan Ermənistandan fərqli olaraq elə müharibə apardı ki, bir nəfər də dinc sakin öldürülmədi, mülki obyektlər zərər görmədi. Eyni zamanda keçirilən hər bir əməliyyat uğurla nəticələndi. Heç də təsadüfi deyil ki, "Dəmir yumruq" əməliyyatı, o cümlədən Azərbaycanın döyüş təcrübəsi və tətbiq etdiyi taktika dünyanın nüfuzlu hərbi məktəblərində bu gün hərtərəfli öyrənilir. Bundan başqa, xalqımızın həmrəyliyi, cəmiyyətimizin yetkinliyi, gənclərimizin Vətənə məhəbbəti, dövlətə sədaqəti dünyaya məlum oldu. Həmçinin 30 il beynəlxalq hüququn pozulmuş müddəalarının Azərbaycan tərəfindən təkbaşına bərpa edilməsi, bununla ikili standartlara, qərəzli yanaşmalara layiqli cavab verilməsi müharibənin nəticələri sırasındadır".

AHİK sədri əlavə edib ki, Qarabağda hərbi təxribatlara cavab olaraq 2023-cü ildə yüksək peşəkarlıqla hazırlanan və həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ordumuzun artan gücünü göstərməklə yanaşı, bilavasitə Vətən müharibəsində qazanılan uğurların davamı idi: "Azərbaycan Qarabağda kök salmış separatizm yuvasını birdəfəlik məhv etməklə dünyanın müxtəlif ərazilərində daim sülh və təhlükəsizliyi təhdid edən, günahsız insanların ölümünə səbəb olan separatçılara böyük dərs verdi. Məhv edilmiş separatizmin nümayəndələri, vaxtı ilə özünü qondarma dövlətin rəhbərliyi hesab edən, əli günahsız insanların qanına bulaşmış qatillər bu gün Azərbaycan məhkəməsi qarşısında cavab verirlər. Ölkəmiz regiona sülh və təhlükəsizlik, yeni inkişaf reallıqları gətirdi və yerləşdiyi coğrafiyanın lideri olduğunu sübut etdi. Aydın görünür ki, bu, haqqın, ədalətin qələbəsidir və dünyanın tərəqqipərvər qüvvələri tərəfindən təqdir olunur. Lakin, təəssüflər olsun ki, bu gün dünyada Azərbaycanın haqq işinə kölgə salanlar, yalan və qərəzli ittiham səsləndirənlər də var. Amma unutmasınlar, 30 illik çirkin planları kimi, bu niyyətləri də mütləq puç olacaq".

"Azərbaycanın qazandığı uğurların, yaratdığı reallıqların bilavasitə müəllifi tariximizin ən böyük strateqi cənab İlham Əliyevdir. Dövlət başçısı dərin zəkası, siyasi bacarığı, qətiyyətli mövqeyi və yüksək sərkərdəlik məharəti ilə 200 illik münaqişəni xalqımızın qələbəsi ilə həll etməyi bacardı və bizi daha böyük nailiyyətlərə istiqamətləndirdi. Şərqi Zəngəzurun və Qarabağın Baş Memarı həmin ərazilərdə şəhərlər, qəsəbələr, kəndlər inşa edir. Əminik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin və xalqının daha böyük nailiyyətləri hələ qarşıdadır", - deyən Sahib Məmmədov bununla fikrini tamamlayıb.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Daxili Təhlükəsizlik Departamenti immiqrasiya siyasətində dəyişikliklərə hazırlaşır  

12:25
07 Noyabr

İndiyədək Konstitusiya Məhkəməsinin Plenumu 583 qərar və 168 qərardad qəbul edib

12:24
07 Noyabr

Sahibə Qafarova: Sülh gündəliyi Azərbaycanın səyləri ilə addım-addım irəliyə aparılır  

12:18
07 Noyabr

İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb  

12:17
07 Noyabr

Ferstappen Braziliya Qran Prisinin qalibi olub

12:13
07 Noyabr

Demokratlar Harrisin məğlubiyyətində Baydeni günahlandırırlar

12:12
07 Noyabr

MAQATE Trampla səmərəli əməkdaşlığı səbirsizliklə gözləyir  

12:11
07 Noyabr

Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB  

12:04
07 Noyabr

Hamı qorxub susanda, yalnız İlham Əliyev danışırdı

12:00
07 Noyabr

Pakistanda Bakıda keçiriləcək COP29-a hazırlıq iclası olub  

11:49
07 Noyabr

Zəfər Günü Şuşada silsilə tədbirlərlə qeyd ediləcək

11:48
07 Noyabr

Harris məğlubiyyətini etiraf etmək niyyətindədir

11:44
07 Noyabr

Zəfər Günü münasibətilə “Xarıbülbül zirvəsi”nə yürüş edilib  

11:28
07 Noyabr

Qlobal Sammitin iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar  

11:27
07 Noyabr

Bayram günlərində bank və valyuta mübadilə xidmətləri fəaliyyət göstərəcək  

11:26
07 Noyabr

Milli Məclisin plenar iclası keçirilir

11:24
07 Noyabr

DSMF: Sığortaolunanların sayı 3,09 faiz artıb  

11:23
07 Noyabr

Azərbaycan neftinin qiyməti azalıb  

11:21
07 Noyabr

Ankarada Qarabağ müharibələrinin qəhrəmanları haqqında filmin premyerası olub  

11:20
07 Noyabr

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq mükafata layiq görülüb  

11:11
07 Noyabr

DİN: Ötən gün 33 cinayətin üstünün açılması təmin olunub

11:08
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!