07 Noyabr 2024 08:40
133
SİYASƏT
A- A+
İnsanlığın vəhşilik üzərində qələbə çaldığı gün

İnsanlığın vəhşilik üzərində qələbə çaldığı gün


Azərbaycan torpaqlarının işğalçı Ermənistan tərəfindən 30 il ərzində əsarətdə saxlanılması ərazi bütövlüyümüzün təmin edilməsi və tarixi ədalətin  bərpa olunması üçün hərbi gücdən istifadəni zəruri etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi cəmi 44 günə dağıda bildi. 

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. Otuz il ərzində aparılan danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və "böyük Ermənistan" planı fiaskoya uğradı. Keçmiş "Dağlıq Qarabağ"ın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi. Ermənistanın və havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları darmadağın oldu. Artıq 4 ildir ki, xalqımız 30 ilə yaxın gözlədiyi qələbənin sevincini yaşayır. Milli bayramlarımızın sırasına Zəfər Günümüz də daxil olub.  Bu Zəfər haqqın şər, insanlığın vəhşilik üzərində qələbə çaldığı gündür. Ölkəmizin dostları və müttəfiqləri Zəfər Gününün sevincini Azərbaycanla birgə yaşadı. 

Tarixi qələbəmiz Azərbaycan xalqının milli dəyərlərə söykənən böyük  potensialını üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil iki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni "dəmir yumruğ"un zərbəsi ilə cəmi 44 günün içində həll etdi. Xüsusi vurğulamaq lazımdır ki, BMT tarixində bu, ilk haldır ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf öz gücünə icra etdi.

İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, birliyi daha da gücləndirdi. Düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyinə Azərbaycanın qüdrətini qəbul etdirdilər. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan işğalçı dövləti öz iradəsi qarşısında diz çökdürdü. Məğlub edilən sadəcə Ermənistan ordusu deyil, həm də dünya erməniliyinin mənfur ideologiyası idi. 

Vətən müharibəsindən ötən dövrdə Zəfər yürüşünün gözlənilən davamı gəldi, Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu. Bu baxımdan son dörd il  bir çox tarixi hadisələrlə zəngin dövrdür. Qarabağın bəzi ərazilərində Ermənistan tərəfindən qanunsuz yerləşdirilən silahlı birləşmələr, diversiya qrupları vaxtaşırı olaraq təxribatlar və terror aktları törətməkdə davam edir, təhlükə mənbəyi olaraq qalırdı. 2023-cü il sentyabrın 18-də erməni silahlı birləşmələrinin basdırdığı minanın partlaması nəticəsində 6 nəfər, o cümlədən, polis əməkdaşları şəhid oldu. Buna cavab olaraq Silahlı Qüvvələrimiz tərəfindən antiterror tədbirlərinə başlanıldı. Sentyabrın 19-da başladılan lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi. Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin ön xətdə və dərinlikdə olan mövqeləri, atəş nöqtələri, döyüş vasitələri və bazaları yüksək dəqiqlikli silahlarla vurularaq sıradan çıxarıldı. Cəmi bir sutka davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna son qoyuldu, Qarabağ mövzusu birdəfəlik qapandı.

Ötən il oktyabrın 15-də növbəti tarixi hadisənin şahidi olduq. İlham Əliyev prezident seçilməsinin iyirminci ildönümü günündə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Dövlət bayrağımızı ucaldaraq daha bir şanlı tarix yazdı, xalqımıza böyük sevinc və qürur yaşatdı. "Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt - noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax burada dalğalanan Azərbaycan bayrağıdır... Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" - Müzəffər Ali Baş Komandanın Xankəndidə qürurla dediyi bu sözlər dünyada əks-səda verdi.

Azərbaycan xalqına qarşı müharibə cinayətləri, terror aktları törətmiş şəxslərin, soyqırımı qatillərinin, separatçı rejimin başçılarının yaxalanaraq qandallanması, ədalət məhkəməsi qarşısına çıxarılması hər bir soydaşımızın ürəyindən xəbər verir. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bugünkü Azərbaycan, məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Müharibə başa çatdıqdan sonra qarşıda heç də asan olmayan daha bir hədəf - düşmənin darmadağın etdiyi Qarabağı yenidən qurmaq, keçmiş məcburi köçkünləri doğma yurda mümkün qədər tez qaytarmaq vəzifəsi dayanırdı. Çox keçmədən Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi inkişafın bir çox ölkələr üçün nümunə ola biləcək yeni mərhələsinə - Böyük qayıdış proqramına start verildi. Qarabağın və Şərqi Zəngəzurun yüksək inkişaf etmiş regiona çevrilməsi məqsədilə bənzərsiz layihələrin icrasına başlanıldı. Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Burada xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, bu işi Azərbaycan dövləti öz resursları hesabına həyata keçirir. Dövlət başçısı Qarabağa səfərlər zamanı əsas diqqəti həm də erməni vandalizminə məruz qalmış tarixi mədəniyyət abidələrimizin bərpasına yönəldir. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident 

İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli iş görülür - infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər... 

Xalqımız dörd ildir ki, Azərbaycan Prezidentinin qurub yaratmaq əzminin, müharibədə olduğu kimi, quruculuq işlərində də sonsuz qətiyyət və əzmkarlığının şahididir. Şanlı Zəfərdən Böyük qayıdışa doğru inamlı addımlar atılır, doğma Qarabağımıza yenidən həyat qayıdır. Artıq minlərlə ailənin azad edilmiş şəhər və kəndlərə qayıdışı təmin olunub, onlara yeni evlərin açarları təqdim edilib. 

Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Biz 44 günlük Vətən müharibəsində yalnız torpaqlarımızı işğaldan azad etmədik, eyni zamanda, mədəniyyət beşiyimiz Şuşamıza qayıtdıq, "Xarıbülbül" Musiqi Festivalı, Vaqif Poeziya Günləri kimi ənənələr bərpa edildi. Muğamlarımız yenidən Qarabağın səmalarında qanadlandı. Eyni zamanda Qarabağın tacı Şuşa  Azərbaycan və Türkiyə birliyinin, həmrəyliyinin zirvəsi olan Şuşa Müttəfiqlik Bəyannaməsinin imzalanmasına şahidlik etdi. Şuşa Bəyannaməsi dünyaya bir sıra mesajlarını çatdırdı. 28 il Şuşanı erməniləşdirməyə çalışanlar atılan bu addımların fonunda bir daha bu reallığın şahidi oldular ki, tarixi inkar etmək qeyri-mümkündür.

Bu gün Azərbaycan dövləti işğalçı Ermənistana sülh razılaşmasını imzalamağı təklif etməklə humanizm prinsiplərinə sadiqliyini  nümayiş etdirir. Ancaq Ermənistan yenə də xislətinə uyğun olaraq müxtəlif bəhanələrlə sülh razılaşmasını imzalamaqdan yayınır. Amma Ali Baş Komandanımızın da dediyi kimi, Azərbaycanın tələbi də ortadadır - sülh təklifi masa üzərində daimi saxlanıla bilməz. 

Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki onun illər öncə arzuladığı azad Qarabağ məntiqi sonluğuna çatıb, müharibə şanlı Zəfərlə yekunlaşıb. Azərbaycan xalqı əmindir ki, bu zəfərlərin davamı gələcək, Prezident İlham Əliyevin liderliyi ilə bundan sonra da yeni-yeni qələbələrə imza atılacaq.


Kamran BAYRAMOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Daxili Təhlükəsizlik Departamenti immiqrasiya siyasətində dəyişikliklərə hazırlaşır  

12:25
07 Noyabr

İndiyədək Konstitusiya Məhkəməsinin Plenumu 583 qərar və 168 qərardad qəbul edib

12:24
07 Noyabr

Sahibə Qafarova: Sülh gündəliyi Azərbaycanın səyləri ilə addım-addım irəliyə aparılır  

12:18
07 Noyabr

İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb  

12:17
07 Noyabr

Ferstappen Braziliya Qran Prisinin qalibi olub

12:13
07 Noyabr

Demokratlar Harrisin məğlubiyyətində Baydeni günahlandırırlar

12:12
07 Noyabr

MAQATE Trampla səmərəli əməkdaşlığı səbirsizliklə gözləyir  

12:11
07 Noyabr

Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB  

12:04
07 Noyabr

Hamı qorxub susanda, yalnız İlham Əliyev danışırdı

12:00
07 Noyabr

Pakistanda Bakıda keçiriləcək COP29-a hazırlıq iclası olub  

11:49
07 Noyabr

Zəfər Günü Şuşada silsilə tədbirlərlə qeyd ediləcək

11:48
07 Noyabr

Harris məğlubiyyətini etiraf etmək niyyətindədir

11:44
07 Noyabr

Zəfər Günü münasibətilə “Xarıbülbül zirvəsi”nə yürüş edilib  

11:28
07 Noyabr

Qlobal Sammitin iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar  

11:27
07 Noyabr

Bayram günlərində bank və valyuta mübadilə xidmətləri fəaliyyət göstərəcək  

11:26
07 Noyabr

Milli Məclisin plenar iclası keçirilir

11:24
07 Noyabr

DSMF: Sığortaolunanların sayı 3,09 faiz artıb  

11:23
07 Noyabr

Azərbaycan neftinin qiyməti azalıb  

11:21
07 Noyabr

Ankarada Qarabağ müharibələrinin qəhrəmanları haqqında filmin premyerası olub  

11:20
07 Noyabr

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq mükafata layiq görülüb  

11:11
07 Noyabr

DİN: Ötən gün 33 cinayətin üstünün açılması təmin olunub

11:08
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!