Ursula fon der Lyayenin qərarı göstərdi ki, bu təşkilatı da iqlim dəyişiklikləri, qlobal təhlükəsizlik və insan amili maraqlandırmır
"Avropa Komissiyasının keçid dövründə olması və buna görə də komissiyanın sədrinin öz institusional öhdəliklərinə daha çox diqqət yetirəcəyi ilə bağlı pərdələnərək BMT-nin İqlim Dəyişmələri üzrə COP29 Sammitində iştirak etməmək barədə qərarı təəssüf doğurur və Avropa İttifaqı və strukturlarının əsl mahiyyətini bir daha ifşa edir. Aydındır ki, qlobal iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində Çərçivə Konvensiyasının iştirakçılarının əsas məqsədi iqlim dəyişiklikləri ilə mübarizə qismində bəşəri niyyətlər naminə səyləri birləşdirmək, bu sahədə mümkün töhfələrin verilməsi üçün bərabərsizliklər, qarşılıqlı anlaşılmazlıqlar başda olmaqla, çoxsaylı maneələri aradan qaldırmaqdır".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Brüsseldə baş verən siyasi hadisələr səbəbilə pərdələnərək Bakıda keçiriləcək COP29 sammitinə qatılmayacağı barədə qərar verməsi və gətirdiyi bəhanələrin ümumbəşəri niyyətlər qarşısında cılızlığı onu deməyə əsas verir ki, əslində, Avropa Komissiyasını iqlim dəyişiklikləri də daxil olmaqla, qlobal təhlükəsizlik və insan amili maraqlandırmır. Daha doğrusu, Avropa İttifaqının digər strukturları kimi Avropa Komissiyası da Qərb imperializminin əlində alətə çevrilib. "Azərbaycan hələ bu ilin aprel ayında Ursula fon der Lyayenə COP29-da iştirakla bağlı dəvəti rəsmən təqdim etmiş və qurum tərəfindən də bu dəvət məmnunluqla qarşılanmışdı. Lakin tədbirə sayılı günlər qaldığı bir zamanda Avropa Komissiyanın Mətbuat xidməti məlumat yayaraq Ursula fon der Lyayenin noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT İqlim Sammitinə gəlməyəcəyini bəyan etməsi çoxsaylı qaranlıq məqamlara işıq salır. İlk növbədə görünən odur ki, Avropa Komissiyası Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirləri ilə beynəlxalq hüququn aliliyini təmin edərək özünün suverenliyini və ərazi bütövlüyünü bərqərar etməsini Qərb imperializmin rakursundan qiymətləndirərək heç cür həzm etmək istəmir. Ani şəkildə verilən bu qərar da onu göstərir ki, xanım Ursula fon der Lyayen də ölkəmiz əleyhinə başlanan qarayaxma kampaniyasının dolayısı ilə iştirakçısına çevrilməkdədir. Baxmayaraq ki, iqlim dəyişiklikləri ilə mübarizə ayrıca heç bir dövlətin, xüsusən də Azərbaycanın daxili məsələsi deyil", - deyə o əlavə edib.
Deputat vurğulayıb ki, ümumbəşəri məsələ olan iqlim dəyişiklikləri ilə mübarizədə Avropa İttifaqının bu cür davranışı qurumun əsas orqanlarından biri olan Avropa Komissiyasının rəhbərinin belə bir tədbirdə iştirakdan imtina etməsi Qərb imperializmi üçün ümumbəşəri məsələlərdən daha öndə təcavüzkar niyyətlərin və qeyri-proporsional maraqların dayandığını göstərir. Əslində, bu, Aİ strukturlarının Azərbaycana münasibətdə ilk ikili standartlar və qərəzli yanaşma ehtiva edən mövqeyi deyil. Xanım Ursula fon der Lyayenin hələ 2022-ci ilin iyul ayında Azərbaycana səfəri zamanı ölkəmizi Avropanın təchizat təhlükəsizliyi və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş adlandırması nə ittifaqda, nə də Azərbaycanda unudulub. Lakin üzərindən 2 il keçməmiş, xüsusən Azərbaycanın antiterror tədbirlərində uğurla öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərqərar etməsinin ardınca Avropa İttifaqının rəsmiləri, o cümlədən Avropa Komissiyasının ayrı-ayrı üzvləri tərəfindən Azərbaycana yönəlik əsassız ittihamlar səslənməyə başlamışdır. Avropa Komissiyasının rəhbəri Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycan qazına olan tələbatından danışmış və bildirmişdi ki, Avropa İttifaqının məqsədi yaxın bir neçə il ərzində Azərbaycandan qaz nəqlini ən azı iki dəfə artırmaqdır. Yəni bu mənada hazırda Avropa Komissiyasının rəhbərinin COP29 tədbirində iştirak etməməsi və bunu müxtəlif amillərlə ört-basdır etməyə çalışması, guya qanunvericilərin növbəti 5 il ərzində Avropa İttifaqının siyasətinin rəhbərlik edəcək yeni Avropa Komissiyası üzvlərini yoxlaması ilə əlaqələndirərək tədbirdən yayınması, əslində, bizi təəccübləndirmir. Məsələnin digər, həm də ən vacib aspekti Avropa İttifaqının, Avropa Komissiyasının rəhbərinin qərarının timsalında özünün bəşəri məsuliyyətdən yayınması ilə bağlıdır.
Deputat qeyd edib ki, Azərbaycanın qlobal statistikada karbon emissiyalarının atmosferə buraxılması istiqamətində rolu çox cüzidir: "Avropa İttifaqı isə sənaye və istehsalat fəaliyyəti, nəqliyyat sahəsində yaranan durum fonunda təbiətə və atmosferə zərərli təsirlər, habelə geniş miqyasda karbon emissiya miqdarının ölçüsünün daha da artması, bütövlükdə planetdə ekoloji problemlərin mövcudluğu və daha da genişlənməsi, həmçinin iqlim dəyişikliyinin mənfi mənada sürətlənməsinə səbəb olan əsas faktor kimi çıxış etməkdədir. Məsələn, Azərbaycanın "yaşıl enerji"yə üz tutduğu və cari ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsinə baxmayaraq, Avropa İttifaqına üzv olan aparıcı subyektlər hələ də faktiki olaraq bütün sənayesini təbii qaz və kömürə əsaslanan enerji mənbələrindən asılı şəkildə davam etdirməkdə və bununla atmosferə karbon emissiyalarının səviyyəsinin daha da çoxalmasına yol açmaqdadır. Bu mənada Avropa Komissiyasının sədrinin COP29-da iştirakından cılız bəhanələrlə imtina etməsi planetin əsas çirkləndirici subyekti rolunda çıxış edən strukturun öz məsuliyyətindən yayınması bəşəri dəyərləri cılız məqsədlərə qurban verməsidir".
B.Məhərrəmov bildirib ki, Avropa Komissiyasının sədrinin COP29-da iştirakdan imtina ilə bağlı qərarının digər diqqətçəkən aspekti iqlim dəyişiklikləri ilə mübarizə çərçivəsində Avropa İttifaqının yeni iqlim maliyyəsi formatından məsuliyyətsizliklə boyun qaçırması ilə bağlıdır. Öz sərhədlərindən min kilometrlərlə kənarda münaqişə ocaqlarının qızışdırılması və ya yeni münaqişələrin formalaşdırılması, bu məqsədlə revanşist kəsimə dəstək verilməsi, separatizmin təşviq olunması üçün milyonlarla vəsait xərcləyən Avropa İttifaqı, o cümlədən Avropa Komissiyası ümumbəşəri təhdid olan qlobal istiləşməyə qarşı maliyyə dəstəyi ayırmaq əvəzinə, yaxud bu istiqamətdə ən azı öz üzvlərinin vurduğu zərərin təsirlərinin azaldılması istiqamətində sosial məsuliyyət nümunəsi ortaya qoymaqdansa, müxtəlif bəhanələrlə qlobal iqlim dəyişiklikləri ilə mübarizə sahəsində əsas olan və dünyanın nəbzinin döyündüyü tədbirdən yayınmaqla həm də Avropa İttifaqı, Avropa Parlamentinin, eləcə də Avropa Komissiyasının kürsülərindən bu istiqamətdə səslənən bəlağətli nitqlərin bir puç olduğunu, bu qurumların iqlim dəyişikliyinə töhfə vermək iradə və niyyətində olmadığını nümayiş etdirir. Təbii ki, Ursula fon der Lyayenin, bütövlükdə Avropa İttifaqının COP29-la bağlı mövqeyi Azərbaycanın liderliyində bu istiqamətdə həyata keçiriləcək tədbirlərin realizəsi qarşısında əngəl deyil, əksinə, siyasi məqsədlərin alətinə, təcavüzkar niyyətlər üçün vasitəyə çevrilən bu təsisat dünyaya ağın qaradan seçilməsi imkanı yaratmış oldu.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"