Qazax rayonunda fəaliyyət göstərən "Arkoz Qazax Sement Zavodu" MMC xeyirxah əməlləri ilə həmişə fərqlənir. Bu işdə öz ənənəsinə sadiq qalan zavodun kollektivi şəhid ailələrinə, qazilərə daim qayğı göstərir, onların sosial problemlərinin həllində yaxından iştirak edir.
Zavod kollektivi Zəfər Günü ərəfəsində daha bir xeyirxah işə imza atmışdır. MMC bu dəfə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan, ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilən Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin giziri Abdullayev Sərxan Elxan oğlunun ailəsinə ev tikib vermişdir. Evin bütün otaqları mebellə təmin olunmuşdur.
Bununla bağlı keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Səməd Seyidov və Ülviyyə Ağayeva, "Arkoz Qazax Sement Zavodu" MMC-nin rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak etmişlər.
Əvvəlcə yeni inşa edilmiş evin açılışını bildirən qırmızı lent kəsilmişdir. Sonra qonaqlar igid Vətən oğlunun ailəsi üçün yaradılan şəraitlə tanış olmuşlar.
Qeyd edək ki, gizir Abdullayev Sərxan Elxan oğlu 2 noyabr 1988-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2006-cı ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyi bitirən Sərxan elə həmin il həqiqi hərbi xidmətə çağırılmışdır. O, 2008-ci ildə hərbi xidməti başa vurduqdan sonra Daxili Qoşunlarda gizir rütbəsində xidmətə başlamışdır. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri, xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunda 2-ci yarımqrup komandiri kimi xidmət edən S.Abdullayev 2020-ci il sentyabrın 28-də Göygöl rayonunun Toğanalı kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı şəhid olmuşdur. Onun Orxan və Turan adlı iki övladı yadigar qalmışdır.
Sabir ƏLİYEV,
"Azərbaycan"