07 Noyabr 2024 08:55
120
İQTİSADİYYAT
A- A+
"Neft Daşları əsl qəhrəmanlıq məktəbidir"

"Neft Daşları əsl qəhrəmanlıq məktəbidir"


Bunu ömrünün 40 ilini  "möcüzələr adası"nda keçirmiş veteran neftçi deyir


"Neft Daşlarında işləyən hər kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz". Bu sözlər Ulu Öndər Heydər Əliyevə məxsusdur. Bəli, Neft Daşlarını gərək gözlərinlə görəsən. Onu təsəvvürdə canlandırmaq, təxəyyüldə yaratmaq çətindir.

Neft Daşlarının bənzəri, analoqu yoxdur. Dünya dəniz nefti erasının başlandığı bu məkana bir jurnalist kimi çoxsaylı səfərlərimizdən sonra gəldiyimiz başlıca qənaət də budur. Elə həmin səbəbdən də bu gün 75 yaşını qeyd edən Neft Daşlarının inkişaf tarixini onun veteranlarından biri ilə vərəqləmək qərarına gəldik. 

Ömrünün 40 ili Neft Daşlarında keçmiş Zeynal Abdullayev vaxtilə çiyin-çiyinə çalışdığı neçə-neçə fədakar neftçini xatırladı. Müxtəlif illərdə "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinə rəhbərlik etmiş, az qala əfsanəyə dönmüş Bəxtiyar Məmmədovu, Bəhmən Hacıyevi, Neftçi Qurbanı (Qurban Abbasov) yada saldı. Onların Xəzərin qoynunda göstərdikləri hünərlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüklərindən bəhs etdi.

- Neft Daşları dünyada dəniz neftçıxarmasının beşiyidir, - deyir həmsöhbətimiz. - Buradan neft süni ada yaradılmaqla əldə olunub. Belə ki, əraziyə köhnə gəmilər gətirilərək suda batırılıb və bununla da iş üçün meydan təşkil olunub. 1949-cu il noyabrın 7-də əvvəllər "Qara daşlar" adlanan həmin ərazidə 100 ton neft debiti ilə 1 nömrəli quyu fontan vurub. Həmin quyu bugünədək xatirə kimi qorunur. Sonrakı illərdə Neft Daşlarında estakada və meydançalar tikilib, geniş tikinti və qazma işləri aparılıb, nəhəng infrastruktur qurulub. Daha sonra bu işlər əvvəlkindən də böyük vüsət alıb, üstəlik, 5 və 9 mərtəbəli binalardan ibarət yaşayış kompleksi yaradılıb.    

Zeynal Abdullayev 40 il bu işlərin bilavasitə iştirakçısı olduğundan qürur duyur. Öz ömürnaməsini də vərəqləyərək onu Neft Daşlarına gətirən yola yenidən nəzər salır. 

1979-cu ildə İnşaat Mühəndisləri İnstitutunu (indi Memarlıq və İnşaat Universiteti) mühəndis-hidrotexnik ixtisası ilə bitirən gənc mütəxəssis və daha iki tələbə yoldaşı gələcək işləri üçün neft sənayesini seçirlər. Bu seçimə əsasən, onlara "Xəzərdənizneftqaz" İstehsalat Birliyinə təyinat verilir. 

- İstehsalat Birliyində bildirdilər ki, bizi Neft Daşlarına göndərirlər. Çünki Neft Daşları başdan-başa qurğulardan ibarət olduğuna görə orada hidrotexnikə də həmişə ehtiyac var. Demə, həmin vaxt orada rəis olan məşhur Neftçi Qurban dəniz şəhərinə gənc mütəxəssislərin göndərilməsi tələbi ilə çıxış edibmiş. Doğrusu, Neft Daşlarının adını eşidəndə həyəcanlandıq. Belə məsuliyyətli bir sahəyə göndəriləcəyimizi güman etməmişdik. Bununla belə, dəniz vağzalında "Baba Babazadə" gəmisinə minib mənzil başına yollandıq. Məkan bizə çox maraqlı göründü və elə ilk andan da qərara gəldik ki, qalıb burada işləyək.

1979-cu il avqustun 19-da olmuşdu bunlar. Zeynal Abdullayevi tikinti-quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı çilingər kimi işə qəbul etmişdilər. Bir il belə keçmədən isə o, əsgəri xidmətə çağırılır. Lakin sonra yenə də düşünmədən Neft Daşlarına qayıdır. 1981-ci ilin noyabrından əvvəlki işində çalışır. Beləcə, iki ilə yaxın çilingər işləyən, necə deyərlər, bərkdən-boşdan çıxan gənc mütəxəssis hidrotexniki qurğular istehsalat şöbəsinə mühəndis-geodezist təyin olunur. 

Həmsöhbətimiz 1983-cü ilin avqustundan 1984-cü ilin sentyabrınadək Mənzil-Kommunal İdarəsinin baş mühəndisi, sonra 1989-cu ilədək Mənzil-Kommunal İdarəsinin rəisi, bundan sonra isə 2006-cı ilədək hidrotexniki qurğular istehsalat şöbəsinin rəisi, həmin ilin mart ayından 2021-ci ilin iyul ayına kimi "Neft Daşları"  Neft və Qazçıxarma İdarəsinin ümumi işlər üzrə rəis müavini vəzifələrində çalışıb. İki il "Abşeronneft"də rəis müavini olub. Hazırda pensiyaçıdır.      

Tutduğu bütün vəzifələrin hər birində fərqlənib. 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunduğu "Tərəqqi" medalı, 2019-cu ildə layiq görüldüyü "Fəxri neftçi" adı, respublikanın "Əmək veteranı" olması, daha neçə-neçə mükafat və fəxri fərman bunun təsdiqidir.  

- Neft Daşları mənə çox şey verib, - deyir Zeynal müəllim. - O vaxt gənc mütəxəssis kimi mənə verilən ikiotaqlı mənzilin sevincini hələ də unutmamışam. Amma söhbət təkcə maddiyyatdan getmir. Bilirsinizmi, Neft Daşlarında qorxmaz insanlar çalışır. Mən orada cəsarətli, odun-alovun içindən çıxmış insanlar gördüm. Bunlar eyni zamanda mehriban, dostluğa sadiq insanlardır. Burada neftçıxaranlar, qazmaçılar, tibb və iaşə sahələrinin işçiləri bir-birilə səmimi, mehriban dolanırdılar. Söz yox ki, yenə də belədir. 

Zeynal Abdullayevin fikrincə, Neft Daşları bir qəhrəmanlıq məktəbi, bu məktəbi keçənlər isə qəhrəmanlardır.     

Elə müsahibimizin özü də burada az sınaqdan keçməyib. İndi arxaya baxıb Şərurun Oğlanqala kəndindən başlayan 68 illik ömür yollarına nəzər salanda Neft Daşlarından keçən "məsafə"də də duyğusuz, həyəcansız qala bilmir. Axı dəli-dolu Xəzərin qoynunda, ekstremal iş şəraitində "sürpriz"lər də az olmayıb. Bir dəfə dəniz narahat olanda mindiyi gəminin sərnişin körpüsü, bir dəfə də fırtına zamanı gözü qarşısında estakada və meydança uçub. Deyir ki, nə yaxşı uşaqlıqda Arpa çayında üzməyi öyrənmişdim... Sualtı borular və kabellər çəkilən vaxtı "Şirvan" və "Şirvan-2" gəmilərində keçirdiyi günləri də həyəcansız xatırlaya bilmir. 

Bu, bir neftçi ömrüdür. Minlərlə fədakar Xəzər neftçisindən birinin ömrü. Bu gün birinin timsalında adlarını sadalaya bilmədiyimiz hamısını yad etdik. O neftçilərin ki, günlərlə evlərindən, ailələrindən uzaqda, üstəlik də, ekstremal şəraitdə yaşayıb işləyirlər. Soyuğa, sazağa, küləyə dözürlər. Təbii ki, bu, səhhətlərinə də təsirsiz ötüşmür. Nə deyəsən? Onlar da əsgərlərdir, neft cəbhəsinin əsgərləri. Vətənə xidmətin bu növünü seçiblər. 

Neft Daşlarından xeyli vaxtdır ayrılsa da, bu unudulmaz məkan hər gün qəhrəmanımızın qəlbindədir, gözündədir. Neft Daşları elə həmin Neft Daşlarıdır. Bu barədə mətbuatdan, eləcə də indi SOCAR-ın müxtəlif strukturlarında çalışan yetirmələrindən xəbər tutur. Onlar ağsaqqalı yaddan çıxarmırlar, elə bir bayram olmaz ki, zəng vurmasınlar. Yeri gəlmişkən, elə Zeynal müəllimin öz oğlu Samir Abdullayev də yetirmələrindən biridir. Hazırda "Azəriqaz" İstehsalat Birliyində mühəndis işləyir. 

- Deyirlər, Neft Daşları nə vaxtsa muzey olacaq...

Zeynal müəllim bu fikirlə barışmaq istəmir:

- O vaxta hələ çox qalıb. Düşünürəm ki, bəlkə də ən azı 50 il... Doğrudur, indi "yaşıl enerji"yə keçid edirik. Bununla belə, neftə, qaza həmişə ehtiyac var. Möhtərəm Prezidentimiz İlham Əliyev qarşıya ölkədə neft hasilatının sabit olması tələbini qoyub. Yeni yataqlar kəşf etməklə yanaşı, köhnə yataqları da bərpa etməliyik. Bir də ki, Neft Daşları çox zəngin infrastruktura malikdir. Xəzərin Azərbaycan sektorundakı bir sıra digər yataqlardan hasil olunan  karbohidrogenlərin sahilə nəqli üçün bu infrastrukturdan səmərəli şəkildə istifadə edilir.

Bu da bir həqiqətdir ki, vaxtilə Neft Daşları kəşf edilməsə, kim bilir, sonrakı yataqların "tale"yi necə olardı. Ulu Öndər Heydər Əliyevin təbirincə desək, Neft Daşları olmasaydı, nə "Azəri-Çıraq-Günəşli" olardı, nə Bakı-Tbilisi-Ceyhan...

- Odur ki, əgər Neft Daşları nə vaxtsa muzey olarsa, bu, Azərbaycan neftinin, qazının və neftçilərinin keçdiyi şanlı yolu göstərən ən əyani vasitə olar, - bu da Neft Daşlarının timsalında həyatını Azərbaycanın neft sənayesinin inkişafına həsr etmiş Zeynal Abdullayevin fikridir.  


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Daxili Təhlükəsizlik Departamenti immiqrasiya siyasətində dəyişikliklərə hazırlaşır  

12:25
07 Noyabr

İndiyədək Konstitusiya Məhkəməsinin Plenumu 583 qərar və 168 qərardad qəbul edib

12:24
07 Noyabr

Sahibə Qafarova: Sülh gündəliyi Azərbaycanın səyləri ilə addım-addım irəliyə aparılır  

12:18
07 Noyabr

İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb  

12:17
07 Noyabr

Ferstappen Braziliya Qran Prisinin qalibi olub

12:13
07 Noyabr

Demokratlar Harrisin məğlubiyyətində Baydeni günahlandırırlar

12:12
07 Noyabr

MAQATE Trampla səmərəli əməkdaşlığı səbirsizliklə gözləyir  

12:11
07 Noyabr

Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB  

12:04
07 Noyabr

Hamı qorxub susanda, yalnız İlham Əliyev danışırdı

12:00
07 Noyabr

Pakistanda Bakıda keçiriləcək COP29-a hazırlıq iclası olub  

11:49
07 Noyabr

Zəfər Günü Şuşada silsilə tədbirlərlə qeyd ediləcək

11:48
07 Noyabr

Harris məğlubiyyətini etiraf etmək niyyətindədir

11:44
07 Noyabr

Zəfər Günü münasibətilə “Xarıbülbül zirvəsi”nə yürüş edilib  

11:28
07 Noyabr

Qlobal Sammitin iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar  

11:27
07 Noyabr

Bayram günlərində bank və valyuta mübadilə xidmətləri fəaliyyət göstərəcək  

11:26
07 Noyabr

Milli Məclisin plenar iclası keçirilir

11:24
07 Noyabr

DSMF: Sığortaolunanların sayı 3,09 faiz artıb  

11:23
07 Noyabr

Azərbaycan neftinin qiyməti azalıb  

11:21
07 Noyabr

Ankarada Qarabağ müharibələrinin qəhrəmanları haqqında filmin premyerası olub  

11:20
07 Noyabr

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq mükafata layiq görülüb  

11:11
07 Noyabr

DİN: Ötən gün 33 cinayətin üstünün açılması təmin olunub

11:08
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!