07 Noyabr 2024 09:35
96
CƏMİYYƏT
A- A+
"Bu gün elə döyüşək ki, sabah peşman olmayaq"

"Bu gün elə döyüşək ki, sabah peşman olmayaq"


"Yəqin qismətimiz beləymiş. Ata gedən yoldan oğul da keçməliymiş. Şəhriyarla həyatımızda oxşarlıqlar olsa da, fərqliliklər də çoxdur. Hər ikimiz kəşfiyyatçı olmuşuq. Fərq ondadır ki, biz döyüşsək də, problemi həll edə bilmədik. Oğlum isə "gəlin, bu gün elə döyüşək ki, sabah yaxşı döyüşmədiyimiz üçün peşman olmayaq", - deyərək qorxmadan ölümün üstünə yeridi və şəhid oldu. Oğlumla qürur duyuram", - deyir şəhid atası.

Şəhid Şəhriyar Şahlar oğlu Hacıyev 1999-cu il avqustun 2-də Gədəbəy rayonu, Novoivanovka kəndində anadan olub. Atası Birinci Qarabağ savaşı qazisi Şahlar Hacıyev deyir ki, Şəhriyar gözünü açandan evdə Qarabağ mövzusunda gedən söhbətləri eşidib: "Həmişə bizim dağları göstərib soruşardı ki, ata, əsirlikdə olan dağlar da bizim dağlara oxşayır? Hə cavabını alanda şəstlə, qoy bir böyüyüm, o torpaqları işğaldan azad edəcəyəm, deyirdi. Balaca bir uşağın içində nə boyda vətən sevgisi var imiş?! Bunu düşünəndə mənə təsəlli olur ki, oğlum sevgisi yolunda şəhid oldu".

Atası hərbçi olduğu üçün Şəhriyar uşaqlıq illərini kənddə babasının yanında keçirirdi. O, altıncı sinifdə oxuyanda atası iş yerini dəyişir. Şəhriyar da Bakıya köçüb valideynləri ilə birgə yaşayır və təhsilini Xırdalandakı 6 nömrəli məktəbdə davam etdirir. Dərslərini əla oxyan Şəhriyar həm də idmana böyük maraq göstərir. Kikboksinq və karate üzrə respublika birincisi olur. Orta məktəbi bitirdikdən sonra Kazan Texnologiya Universitetinin Avtomatika fakültəsinə qəbul olunsa da, maddi problemlər üzündən təhsilini yarımçıq saxlayır. 2017-2019-cu illərdə Şəhriyar Tərtər rayonunun ərazisində XTQ tərkibində həqiqi hərbi xidmət keçir. Vətən müharibəsi başlayanda isə Məmmədoğulları mebel fabrikində işləyirdi.

Keçmiş kəşfiyyatçı Şahlar Hacıyev o günləri xatırlayaraq deyir:

- Sentyabrın 27-si Şəhriyar Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətini eşidib tələsik evdən çıxdı. Qapıdan çıxanda bircə onu dedi ki, indi qeyrət zamanıdır. Sən demə, oğlum müharibəyə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə tələsirmiş...

Sentyabrın 28-də Vətənin çağırışına hay verən igid oğulların sırasında Şəhriyar Hacıyev də var idi. Kəşfiyyat bölüyündə xidmət edən Şəhriyar Suqovuşanın azadlığı uğrunda gedən qanlı döyüşlərdə iştirak edir. Oktyabrın 9-da evə zəng edib atasına şad xəbər verir: "Ata, uğrunda qanını axıdıb qazi olduğun Suqovuşanı azad edib, dağlarla irəliyə doğru hərəkət edirik".

- Suqovuşan uğrunda döyüşlərdə 1993-cü il iyunun 11-də yaralanmışdım. O zaman Suqovuşan işğal olundu. 30 il idi ki, ürəyimdə bir ağrı var idi. Həmişə qazi kimi tədbirlərə dəvət alanda utanırdım. Çıxışlarımda deyirdim ki, biz işimizi görə bilməyib yeni nəslə saxladıq. Oğlum zamanında mənim görə bilmədiyim , yarımçıq qalmış işimi şərəflə başa vurdu. Şəhriyar çox mehriban, ləyaqətli gənc idi. Sən demə, Allah da gözəllik aşiqiymiş. Say-seçmə oğullarımızı öz dərgahına aldı. Oğlum şəhid olduğu an mən bunu hiss etdim. Sanki havam çatışmırdı, boğulurdum. Hərbi qulluqda xidmət edən xeyli hərbçi dost-tanışım var idi. Onlara zəng vurub vəziyyəti öyrənmək istədim. Dedilər ki, axşam ağır döyüşlərimiz olub, itkilərimiz var. Araşdırıb məlumat verəcəyik... Bu qeyri-müəyyənlik 15 gün uzandı. Sonra dedilər ki, oğlum oktyabrın 10-da Drınbon uğrunda gedən döyüşlərdə şəhid olmuş, cəsədi döyüş zonasında qalıbmış. O torpaqlar azad olduqdan sonra oğlumun cəsədi götürüldü. DNK analizi verdik... Oktyabrın 26-da Şəhriyarı doğulduğu Gədəbəy rayonunun Novoivanovka kəndində dəfn etdik.

Dərdli ata göz yaşı içində, amma qürurla, iftixarla oğlundan danışırdı. Gah qara bulud kimi dolur, gah da sanki üzündə günəş parıldayırdı.

"Şəhriyar gedəcəyi yolu özü çəkmişdi. 2020-ci ildə Polad Həşimov şəhid olanda Şəhriyar yerə-göyə sığmırdı. Deyirdi ki, generalımız şəhid olub, biz müharibə etmirik". Şəhid atası deyir ki, atalar əbəs deməyib: "Oğul düşmən çəpəridir. Xalqımız torpaqsevər, mərd xalqdır. Şəhidlərinə də yüksək qiymət verib xatirəsini həmişə əziz tutur. Müqayisə üçün bircə fakt deyəcəyəm. Fəxri xiyabana gedəndə diqqət etsəniz görərsiniz ki, vəzifəsindən asılı olmayaraq dünyasını dəyişənlərin məzarı başında cəmi 10-15 dəqiqəlik toplantı olur. Amma şəhidlərin məzarı həmişə qələbəlik olur. Yoldan keçən az da olsa, ayaq saxlayıb dua verir".

Şahlar Hacıyev deyir ki, insan əbədi deyil: "Şərəfli sonluq hamıya nəsib olmur. Şəhriyarın yas məclisində onun döyüş yoldaşları da iştirak edirdi. Danışırdılar ki, Şəhriyar istəsəydi, şəhid olmazdı. O, geridə qalmağı bacarmırdı. Növbəti döyüş tapşırığı veriləndə komandir kimlərin könüllü getmək istədiyini soruşdu. Şəhriyar önə çıxaraq "mən", - dedi. Sonra üzünü döyüş yoldaşlarına tutaraq "bu gün elə döyüşək ki, sabah peşman olmayaq" söylədi.

Yeganə oğlu şəhid olan ata göz yaşı içində sözünə davam etdi:

- Mənim üçün çox ağırdı. Oğlumu itirmişəm. Təsəllim isə qələbəmizdir. Torpaqlarımızın düşmən işğalından azad olunmasıdır... Bir məsələni tam səmimi qeyd etmək istəyirəm. İnanın, mən toy, şənlik görəndə sevinirəm. Bəzən qohum-qonşu övladına toy etmək istəyəndə gəlib bizdən xeyir-dua alanlar da olur, icazə istəyənlər də. Cavabım belə olur ki, övladlarımız xalqımızın xoşbəxt həyatı, torpaqlarımızın azad edilməsi üçün canlarını fəda ediblər. Biz 30 il məğlub xalq kimi yaşamışıq, çox böyük faciələr görmüşük. Daşaltı, Xocalı, Ağdaban faciələrini yaşamışıq. Əsl matəm onda idi. İndi qalibik! Torpaqlarımız azad olub. Şəhidlərimizin arzusu gerçəkləşib. Dünyanın harasına gediriksə, üzümüz ağdır. Xalqımıza bu, üzüağ həyatı bəxş edən başda Müzəffər Ali Baş Komandan olmaqla canını vətən uğrunda qurban verən şəhidlərimizdir. Sevinmək şanlı zəfər yaşayan bir xalqın haqqıdır. Mən inanclı insanam. İnanıram ki, oğlumun ruhu xalqımızın xoşbəxt günlərini görəndə şad olur. Həsrətin, ayrılığın acısı ağır da olsa dözməliyik.

Anası Zəminə Hacıyeva Şəhriyardan bəhs edərək göz yaşını saxlaya bilmir. Dərdli ananın bütün vücudu titrəyir. Özünü toplayıb deyir:

- Şəhriyar dünyaya gəlişi ilə dünyamızı işıqlandırdı. Həyatımız tamam dəyişmişdi. Amma balamı heç doyunca görmədim. Atası hərbçi idi. Uşaqlıq illərini doğulduğu Gədəbəy rayonunda nənə-babasının yanında keçirib. Beşinci sinifi bitirdikdən sonra Bakıya köçdük. İdmana çox böyük həvəsi var idi. O, çox sakit, tərbiyəli, ağıllı övlad idi. Hər zaman hər yerdə həmyaşıdlarından seçilərdi. Dünyaya gəldiyi gündən Şəhriyarla, onun gələcəyi ilə bağlı xəyallar qururdum. Uşaqlıqda yanımızda olmadığı üçün çalışırdım ki, vaxtımı onunla keçirim. Şəhriyar bir iş görməzdən əvvəl mənimlə məsləhətləşirdi. Elə bir sözü yox idi ki, mənə deməsin... Müharibəyə yola düşənda yolunu kəsdim. Mane olmaq istədim. Dedi ki, ana, Tovuz döyüşlərində general Polad Həşimov və neçə gəncimizin həyatı yarıda qaldı, şəhid oldular. Mənim kimi oğullar onların qisasını almalıdır". İnanın ki, onun sözləri məni qürurlandırdı. Dedim ki, oğul belə olar. Amma düzünü deyim, anayam, fikirləşirdim ki, müharibədir, ayrılıq var, ölüm var... Oğul toyu arzu edirdim. Ağlımdan belə keçirə bilməzdim ki, mənə bəy paltarı geyinmiş oğul boynunu qucaqlamaq nəsib olmayacaqmış. Qismətimdə bayrağa bükülmüş tabut qucaqlamaq varmış... Şəhriyar müharibəyə getdiyi vaxtdan hər gün bizimlə əlaqə saxlayırdı. Hər şeyin yaxşı olduğunu deyirdi. Hər dəfə də məni arxayın edirdi ki, sağ-salamat gələcək. Oktyabrın 9-da son dəfə zəng edəndə sanki şəhid olacağını hiss edibmiş. Danışdığı adamlarla vidalaşıb. Bibisinə deyib ki, oktyabrın 10-da zəng eləməsəm, bilin ki, şəhid olmuşam. O gündən sonra heç zəngi gəlmədi... Bir neçə gün sonra evdə oturmuşdum, gözümün önünə üstündə bayraq çəkilmiş tabut şəkli göründü. Həmin gündən bir neçə gün sonra isə Şəhriyarı yuxuda gördüm. Sarı rəngdə palçığın içində yatırdı. Oktyabrın 25-i gözümün önünə xəyalən gələn bayraqlı tabut qapımdan içəri girdi. Anaların yarası sağalmır. O günün acısını hər gün ilk gün kimi yaşayıram... Arzum balamın ayaq basdığı, canını tapşırdığı torpaqlara getməkdir. Bilirəm ki, o torpaqlarımızı indi Prezidentimiz cənnətə döndərir... Düşünəndə təsəlli tapıram, fərəhlənirəm ki, bu torpaqları azad edən oğullardan biri də mənim Şəhriyarımdır. Balamla hər zaman qürur duymuşam. Onunla birgə qurduğum planları həyata keçirə bilmədim. İndi tək arzum cənnətdə balama qovuşmaqdır.

Bacısı Şəlalə də qardaşı barədə qürurla danışır: "Mən qardaşımı göz yaşı içində xatırlamaq istəmirəm. O, özü də bunu heç istəməz. Vətən uğrunda şəhid olan bir igidin bacısına ağlamaq yaraşmaz. Mən qəhrəman bacısıyam. O, qəhrəmanın ki, çörəyini yediyi, suyunu içdiyi, ayaq basıb, sinəsiüstə gəzdiyi vətənini ailəsindən üstün tutdu... Qardaşımla bağlı xatirələrimi danışmağa bir ömür yetməz. Ayrı yaşadığımız üçün uşaqlıqda yay tətillərində, bayramlarda görüşürdük. Mən şəhərdə, o rayonda oxuyurdu. Vaxtımız az olduğu üçün planlarımızdan danışar, xəyallar qurardıq. Mən onun toyunda bir bacı kimi nə edəcəyimi danışırdım. Bizdən ayrılıb kəndə getmək istəmirdi. Böyüdükcə ona daha çox ehtiyacım olduğunu deyirdim. Onsuz hər şey mənə çox çətindir. Qurduğumuz xəyallar puç oldu... Müharibəyə gedəndə küsdüm, danışmadım onunla. Oktyabrın 9-da zəng edib israrla mənimlə danışmaq istədiyini dedi. Özümü birtəhər toplayıb danışdım. Səsi hələ də qulağımdadır... O gündən həsrət qalmışam o səsə. Heç bir şeyə qulaq asa bilmirəm. Elə zənn edirəm ki, bir gözəl musiqi, ya nə isə gözəl bir şey dinləsəm, Şəhriyarın səsi qulağımdan gedəcək. O mənim qəhrəman qardaşımdır! Onunla hər zaman qürur duymuşam. Nə qədər yaşayacağamsa, ömür sürəcəyəmsə, hər zaman qürur duyacağam... Bu il Şuşaya, Laçına ziyarət etdim. O torpaqlara ayaq basdıqca mənə elə gəlirdi ki, həmin əraziləri azad edən igidlərin ayaq izləri ilə gedirəm. Bir yandan qəhər məni boğurdusa, bir yandan da o zirvədə olmaq mənim üçün qürurlu idi... Arzum qardaşımın ayaq basdığı yerlərə getmək, orada onun izlərini axtarmaq, ürəyinin döyüntüsünü hiss etməkdir. Onun ruhu sanki mənim canımdadır. Azad etdiyi torpaqlara qardaşımın ruhu ilə birgə gedəcəyəm. Mən bu Zəfərin baş qəhrəmanı Müzəffər Ali Baş Komandanımıza, Prezidentimiz İlham Əliyevə igidlərimizin qanı ilə alınmış o torpaqları cənnətə çevirdiyi üçün minnətdaram. Bizi yaşadan Prezidentimizin gördüyü işlərdir. 

Şəhid Şəhriyar Hacıyev torpaqlarımızın azad olunmasında göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Daxili Təhlükəsizlik Departamenti immiqrasiya siyasətində dəyişikliklərə hazırlaşır  

12:25
07 Noyabr

İndiyədək Konstitusiya Məhkəməsinin Plenumu 583 qərar və 168 qərardad qəbul edib

12:24
07 Noyabr

Sahibə Qafarova: Sülh gündəliyi Azərbaycanın səyləri ilə addım-addım irəliyə aparılır  

12:18
07 Noyabr

İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb  

12:17
07 Noyabr

Ferstappen Braziliya Qran Prisinin qalibi olub

12:13
07 Noyabr

Demokratlar Harrisin məğlubiyyətində Baydeni günahlandırırlar

12:12
07 Noyabr

MAQATE Trampla səmərəli əməkdaşlığı səbirsizliklə gözləyir  

12:11
07 Noyabr

Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB  

12:04
07 Noyabr

Hamı qorxub susanda, yalnız İlham Əliyev danışırdı

12:00
07 Noyabr

Pakistanda Bakıda keçiriləcək COP29-a hazırlıq iclası olub  

11:49
07 Noyabr

Zəfər Günü Şuşada silsilə tədbirlərlə qeyd ediləcək

11:48
07 Noyabr

Harris məğlubiyyətini etiraf etmək niyyətindədir

11:44
07 Noyabr

Zəfər Günü münasibətilə “Xarıbülbül zirvəsi”nə yürüş edilib  

11:28
07 Noyabr

Qlobal Sammitin iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar  

11:27
07 Noyabr

Bayram günlərində bank və valyuta mübadilə xidmətləri fəaliyyət göstərəcək  

11:26
07 Noyabr

Milli Məclisin plenar iclası keçirilir

11:24
07 Noyabr

DSMF: Sığortaolunanların sayı 3,09 faiz artıb  

11:23
07 Noyabr

Azərbaycan neftinin qiyməti azalıb  

11:21
07 Noyabr

Ankarada Qarabağ müharibələrinin qəhrəmanları haqqında filmin premyerası olub  

11:20
07 Noyabr

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq mükafata layiq görülüb  

11:11
07 Noyabr

DİN: Ötən gün 33 cinayətin üstünün açılması təmin olunub

11:08
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!