Sabah Vətən müharibəsindəki tarixi Zəfərimizin 4-cü ili tamam olur. 2020-ci il sentyabrında başlanan və 44 gün davam edən bu savaşda qazandığımız hərbi qələbə, torpaqlarımızın işğaldan azad edilməsi yalnız çağdaş dövrümüzə deyil, bütövlükdə dövlətçilik tariximizə işıq saldı, xalqımızın öz haqqı uğrunda mübarizəsinin təntənəsi oldu. Hər bir azərbaycanlının qüruru olan bu zəfər göstərdi ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu, Prezident İlham Əliyevin tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəltdiyi Azərbaycan ən ağrılı problemini belə həll etməyə qadirdir.
4 il elə də böyük zaman kəsiyi deyil. Amma Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda elə bu qısa zaman kəsiyində cərəyan edən proseslər 44 günlük Vətən müharibəsindəki zəfərimizin miqyasının nə qədər böyük olduğunu göstərir.
İllər bir-birini əvəz etdikcə Vətən müharibəsindəki zəfərimizin qlobal səviyyədə doğurduğu əks-səda daha dərindən hiss edilir. Çünki biz sadəcə Ermənistana və ya bir ovuc erməniyə qalib gəlməmişik. Biz XIX əsrdən bəri formalaşmağa başlamış, onilliklər boyu yaxşı təşkilatlanmış, ABŞ və Fransa kimi dövlətlərdə dərindən kök salmış dünya erməniliyinə qalib gəlmişik, onların Azərbaycan əraziləri ilə bağlı məkrli planlarını darmadağın etmişik. Biz uzun illər vasitəçi adı altında pərdələnmiş Fransanın əsl simasını ifşa etmişik.
Bu baxımdan Vətən müharibəsinin nəticələrinin ortaya çıxardığı həqiqətlərdən biri də odur ki, 30 ilə yaxın danışıqlar prosesində vasitəçilik edənlər, əslində, öz fəaliyyətləri ilə Ermənistanın işğal siyasətinə havadarlıq ediblər. Belə bir deyim var: qaliblər mühakimə olunmurlar. Bu tezisdən çıxış edən vasitəçilər də düşünüblər ki, illər ötdükcə Azərbaycan xalqı işğal faktı ilə barışacaq və ərazilərində ikinci erməni dövlətinin yaranması ilə razılaşacaq. Amma yanılırdılar və həm də unudurdular ki, hələ indiki qədər güclü olmadığı vaxtlarında, yəni ötən əsrin 90-cı illərində ərazilərində ikinci erməni dövlətinin qurulması ilə bağlı xarici təzyiqlərin qarşısında əyilməyən Azərbaycan zamanı yetişdikdə torpaqlarını mütləq işğaldan azad edəcək. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin ölkə prezidenti kimi fəaliyyətində torpaqlarımızın işğaldan azad edilməsi prioritet istiqamət təşkil etdi. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev hələ 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimində xüsusi vurğulamışdır ki, Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaq və öz doğma ərazilərinin nəyin bahasına olursa-olsun, azad edəcəkdir. Bu siyasi kurs ətrafında səfərbər olan Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad ediləcəyinə olan inamını bir gün belə itirmədi.
Beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, üstəlik, 1991-ci ilin dekabrında qəbul edilmiş Alma-Ata Bəyannaməsində respublikamızın 86,6 min kvadrat kilometrlik ərazisi təsbit edilsə də, yəni ermənilərin iddia etdiyi Qarabağ Azərbaycan torpağı kimi tanınsa da, danışıqlar prosesində vasitəçilər buna məhəl qoymadılar. Üstəlik, bütün görüşlərdə problemin güc yolu ilə həllinin qeyri-mümkünlüyü fikrini irəli sürərək, münaqişənin dondurulmasına və işğalın davam etməsinə çalışdılar.
Prezident İlham Əliyev prezidentlik fəaliyyətinə başladığı ilk gündən torpaqlarımızın işğaldan azad edilməsini prioritet hədəf olaraq müəyyən etdi. Dövlət başçısının həyata keçirdiyi həm xarici, həm daxili siyasətin mərkəzində həm də torpaqlarımızın azadlığı məsələsi dayandı. Eyni zamanda cənab
İlham Əliyev danışıqlar prosesi nəticəsiz qalarsa, Azərbaycanın güc yolu ilə torpaqlarını azad edəcəyini hər zaman açıq şəkildə bəyan edirdi. Təbii ki, münaqişənin dondurulması və unudulmasına çalışan Ermənistanın və bütövlükdə dünya erməniliyinin niyyətini Prezident İlham Əliyev yaxşı başa düşürdü. Bu mənada nəyi nə vaxt və necə etməyi hamıdan yaxşı bilən dövlət başçısı düşmənin hərəkətlərinin fərqində idi. Ona görə də Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin gücləndirilməsi istiqamətində davamlı olaraq sistemli iş aparıldı, ordumuzun arsenalı ən müasir hərbi texnikalarla zənginləşdirildi, hərbçilərimizin peşəkarlıq səviyyəsi artırıldı.
Bütövlükdə, Prezident İlham Əliyev Azərbaycanı inkişaf yoluna çıxarmaqla, dövlətimizin maliyyə imkanlarını yüksəltməklə, hücum diplomatiyası yürüdərək qlobal səviyyədə Ermənistanın təcavüzkar simasının ifşasına nail olmaqla, Silahlı Qüvvələrimizi modern döyüş imkanlarına sahib hərbi gücə çevirməklə, həm də torpaqlarımızın işğaldan azad olunması üçün tarixi şəraitin formalaşmasını təmin etdi. Ermənistanın 2020-ci il sentyabrın 27-də cəbhə xəttində törətdiyi növbəti hərbi təxribatdan sonra əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində 30 illik işğala son qoydu. Sözdən və danışıqlardan anlamayan Ermənistanın güc yolu ilə cəzalandırılması nəticəsində torpaqlarımız işğaldan azad edildi. Bu savaşda qazanılan Zəfər Azərbaycanın müasir tarixində yeni dövrün başlanğıcı oldu, respublikamızın möhtəşəm beynəlxalq təqdimatına çevrildi. Vətən müharibəsindən sonra Azərbaycan dünyada həm də qalib dövlət kimi tanındı.
Biz torpaqlarımızı cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin, ordumuzun gücünün, hərbçilərimizin qəhrəmanlığının, xalqımızın milli həmrəyliyinin sayəsində azad etdik. Bu yolda canından keçən şəhidlərimiz oldu, onların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Zəfər günündə bir daha şəhidlərimizi yad edir, onlara Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayırıq.
Bir məsələni də xüsusi qeyd etməliyik ki, beynəlxalq qanunvericiliklə təsbit olunmuş hüquqların güc yolu ilə təmin edilməsi ziddiyyətlər və ikili standartlarla dolu beynəlxalq münasibətlərdə, ümumiyyətlə, rast gəlinməyən nadir hadisədir. Belə ki, hazırda beynəlxalq hüquqa söykənərək, ərazi bütövlüyünü bərpa edən dövlət göstərmək çətindir, bəlkə də mümkün deyil. Bu baxımdan Azərbaycan istər BMT Nizamnaməsinin 51-ci maddəsini, istər ATƏT-in Helsinki Yekun Aktının güc yolu ilə ərazi əldə edilməsini qadağan edən prinsipini rəhbər tutaraq, ərazilərini güc yolu ilə işğaldan azad etməklə, beynəlxalq miqyasda nadir sayılan bir nümunə yaratdı. Bu kontekstdə belə bir tezis özünün təsdiqini tapdı ki, məhz qətiyyətli və təcrübəli siyasi liderlər öz dövlətlərinin beynəlxalq sənədlərlə təsbit olunmuş hüquqlarını güc yolu ilə həll edə bilərlər.
2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatlarının nəticəsində Qarabağda XIX əsrin 20-ci illərindən kök salmağa başlamış erməni separatizminə də son qoyulması və bütün ərazilərimiz üzərində milli suverenliyimizin tam bərpa edilməsi bir daha Prezident İlham Əliyevin yürütdüyü mükəmməl və qətiyyəti siyasətin təntənəsinə çevrildi. İndi bütün Qarabağ və Şərqi Zəngəzurda üçrəngli bayrağımız vüqarla dalğalanır. Fəxarətlə qeyd etməliyik ki, uzun illər erməni separatizminin yuvası olmuş Xankəndidə sonuncu dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə dalğalanmış üçrəngli bayrağımızı ötən il Müzəffər Ali Baş Komandan İlham Əliyev yenidən ucaltdı. Əlbəttə, bu, Zəfər Günündən cəmi bir gün sonra qeyd etdiyimiz Dövlət Bayrağı Gününü daha əzəmətli, daha qürurlu edir.
8 Noyabr Zəfər Günü tariximizin şərəfli səhifəsidir. Aradan onilliklər, qərinələr, əsrlər ötəcək və bu Zəfər hər zaman tariximizi şərəfləndirəcək. Bu qələbə hər zaman xalqımızın qürur və fəxr mənbəyi olacaq.
Zəfər günümüz mübarək olsun!
Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı