07 Noyabr 2024 08:10
87
SİYASƏT
A- A+
Qalibiyyət salnaməsi

Qalibiyyət salnaməsi


Tariximizin ən şanlı səhifəsi olan Böyük Qələbəmizin dördüncü ildönümünün qürurunu, fəxarətini yaşamaqdayıq... 

Bu, elə sevincdir ki, elə iftixardır ki, bəlkə də hər xalqa tarixində bu hissləri yaşamaq nəsib olmur... 

Tarixi qələbədən illər ötdükcə isə onun böyüklüyü, əzəməti daha aydın görünür. 

Hazırda Azərbaycan xalqı məhz bu mərhələnin içərisindədir və geriyə boylanıb 4 il öncə yaşananları nəzərdən keçirəndə heyrətlənməyə bilmirsən... 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı qüdrətli ordu cəmi dörd il əvvəl Zəfər yürüşü ilə 44 günə  200 illik münaqişəyə, 30 illik işğala son qoyub, "böyük Ermənistan" xülyasının üstündən birdəfəlik xətt çəkib. 

Məhz buna görə İkinci Qarabağ müharibəsindəki böyük Qələbə Azərbaycan tarixinin ən şanlı səhifəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şah əsəri kimi qiymətləndirilməlidir.  


17 illik zəhmətin bəhrəsi


Bugünkü tariximizdən dünənimizə boylananda nə qədər böyük və qətiyyətli yol keçdiyimizi indi daha da aydın görürük. 

Deyirlər ki, keçmişini unudan xalqın gələcəyi olmaz və ya keçmişini unudan xalqlar gələcəkdə böyük faciələr yaşayıblar. Azərbaycan xalqı ona görə qələbəyə nail oldu ki, keçmişini heç zaman unutmadı, yaşadığı məşəqqətləri yaddan çıxarmadı. 30 il işğala, təzyiqə, təhdidə məruz qalaraq dözdü, səbir etdi...  

Tarixi Qələbə Azərbaycan xalqının milli dəyərlərə söykənən böyük potensialını üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil iki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni "dəmir yumruğ"un zərbəsi ilə cəmi 44 günün içində həll etdi. BMT tarixində bu, ilk haldır ki, belə mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etdi.

Bunun üçün isə Azərbaycanı Zəfərə aparan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə cəmi 17 il kifayət etdi. 

2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı cənab İlham Əliyevə etimad mandatı verərək onu Azərbaycan Respublikasının Prezidenti seçdi. 

Prezident İlham Əliyev əlini Qurani-Kərimə basaraq and içəndə dedi ki, Azərbaycan torpaqları işğal altından azad ediləcək. Bu xalq işğalla heç vaxt barışmayacaq. 

Fəaliyyətə başladığı andan bu müqəddəs amal uğrunda -  işğal altında qalan torpaqlarımızı azad etmək üçün yorulmadan, usanmadan çalışdı. Dövlət başçısının gərgin əməyinin, güclü və düşünülmüş siyasətinin nəticəsində Azərbaycan ilk növbədə müstəqil siyasət yürütməyə başladı. Sözü imzası qədər keçərli olan cənab İlham Əliyev Azərbaycanı dünyada etibarlı tərəfdaş kimi tanıtdı. Enerji sektorundan gələn gəlirləri insan kapitalına çevirdi. Vaxtilə əhalisinin  tələbatını ödəmək üçün xaricdən enerji idxal edən ölkədən ixracatçısına çevirdi. Bütün bunlarla yanaşı, Azərbaycan həqiqətlərini dünyaya tanıtdı, Ermənistanın işğalçı dövlət olduğunu faktlarla, sübutlarla dünyaya çatdırdı. 

Bütün sahələrdə aparılan islahatlar Silahlı Qüvvələrdə də reallaşdırıldı. Azərbaycan Ordusunun arsenalı get-gedə modernləşdirildi. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən müasir silahları ilə təchiz edildi.

Azərbaycan münaqişə dövründə bütün nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi və münaqişənin həlli üçün hüquqi baza yaratdı. BMT-nin beynəlxalq təşkilatlarla Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra beynəlxalq qurumlarda qətnamələr qəbul edildi. 

Mütləq qələbəyə nail olunması üçün isə cənab İlham Əliyevə cəmi 17 il lazım oldu. 17 il ərzində Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq, özünün hər addımı ilə bizi qalibiyyətə - 8 noyabr Zəfərinə apardı və 2020-ci ildə çoxlarının inanmadığı, xəyalına belə gətirmədiyi tarixi hadisələr yaşandı.  

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu. Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət və qəhrəmanlıq göstərdi, döyüşlər zamanı bir addım belə geri çəkilmədi. Əsgərlərimiz və zabitlərimiz torpaqlarımız və dövlətimiz naminə canlarını, qanlarını əsirgəmədilər. Azərbaycan xalqı həmişə olduğu kimi, müharibə zamanı da öz Prezidentinə inandı. Xalqımız cənab 

İlham Əliyevin ətrafında sıx birləşdi və bu vəhdət "dəmir yumruğ"a çevrildi. Elə bir yumruğa çevrildi ki, onu açmağa kiminsə nə gücü, nə də qüdrəti çatdı... 

Prezident İlham Əliyevin hərb meydanında Müzəffər sərkərdə olması ilə yanaşı, diplomatik cəbhədə də böyük diplomat və güclü siyasətçi olması öz təsdiqini tapdı. Dövlət başçımız 44 gün ərzində informasiya sahəsində Azərbaycan xalqının haqq səsi cəsarətlə, qətiyyətlə bütün xarici təzyiqlərə sinə gərdi və mübarizlik rəmzinə çevrildi. 2020-ci il noyabrın 8-də Şuşada bayrağımızın dalğalanması isə Zəfərimizin nidası oldu. 


Şanlı Zəfər antiterror tədbirləri üçün mayak oldu


Şuşanın azadlığından sonra Ermənistan yalvararaq ağ bayraq qaldırdı. Hansı ki iki ay öncə "Qarabağ Ermənistandır və nöqtə" deyən Nikol Paşinyan cənab İlham Əliyevə etdiyi yalvarışdan sonra savaş dayandı. 

Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli Bəyanat imzalandı. Bu sənədə əsasən, tərəflər üzərilərinə öhdəliklər götürdü. Hər zamankı kimi bəlli idi ki, Ermənistan yenə də heç bir öhdəliyi yerinə yetirməyəcək. Elə bu faktın özü Azərbaycana istədiyini reallaşdırmağa real imkan yaratdı. 

Çünki öhdəliklərin yerinə yetirilməsi tələb idi. Əlbəttə ki, regionda yaranan yeni reallıqlara uyğun siyasət yürüdən Prezident İlham Əliyev Azərbaycanın öz öhdəliklərinə sadiq qaldığını əməlləri ilə bir daha nümayiş etdirdi. Həmçinin savaşda qalib olmasına baxmayaraq, yenə də humanist siyasətini nümayiş etdirməklə məğlub Ermənistana qurtuluş yolu göstərdi. Bu, iki tərəf arasında sülh müqaviləsinin imzalanması idi...

Özünü dünyaya hər zaman məzlum xalq kimi göstərib altdan-altdan əsl erməni xislətini yürüdən məğlub ölkə bu prosesdə də öz xeyrinə işlər çevirməyə cəhd etdi. Belə ki, Hayastan rəhbərliyi öncə sülh müqaviləsini imzalamağa hazır olduğunu, hətta Qarabağı Azərbaycan torpağı kimi tanıdığını etiraf etməklə gözdən pərdə asmağa çalışdı. Bütün bunların da bir səbəbi vardı - vaxt qazanmaq, yenidən toparlanıb Azərbaycanla savaşa başlamaq. 

Amma hər zaman uzaqgörən siyasətçi kimi Prezident İlham Əliyev Ermənistana bu xülyasını da gerçəkləşdirməyə imkan vermədi. Azərbaycan Prezidenti çox yaxşı bilirdi ki, Ermənistan yalnız sözdə sülh müqaviləsini bağlamağa hazır olduğunu deməklə hansı işlər çevirməyi planlaşdırır. Ona görə də savaşdan ötən müddət ərzində cənab İlham Əliyev etdiyi bütün çıxışlarda Ermənistana, Qarabağdakı qondarma separatçılara və bu qüvvələrə dəstək verməyə çalışan havadarlarına xəbərdarlıqlar ünvanlayırdı. Dəfələrlə bu xəbərdarlıqlar edilməsinə baxmayaraq, qondarma rejim müxtəlif yollarla xaricdən pulsuz verilən silah-sursatları Qarabağa daşımaqda davam etdi. Dəfələrlə hərbi təxribatlar törətdi. Amma hər dəfə layiqli cavabını alaraq geri çəkildi. 

Azərbaycan Ordusunun həyata keçirdiyi "Qisas", "qətiyyətli cavab əməliyyatı" nəticəsində hər iki tərəf itki versə də ən ağır zərbəni yenə Ermənistan aldı. Bütün bunlar Azərbaycanı öz sərhədlərini daha da möhkəmləndirməyə və ərazi bütövlüyünü təmin etməyə sövq etdi. 

2023-cü il aprelin 23-də daha bir tarixi hadisə yaşandı. Azərbaycan Laçın rayonunda sərhəd-buraxılış məntəqəsi yaratmaqla sərhəd və ərazi bütövlüyünü təmin etdi. 

Əlbəttə ki, bu proses Ermənistanın böyük havadarlarını narahat etməyə bilməzdi. Elə buna görə də ölkəmizə qarşı böyük kampaniyaya start verildi. Azərbaycana qarşı müxtəlif fitnələr ortaya atdılar. Ölkəmizi Qarabağda qalan ermənilər üçün "humanitar fəlakət" yaratmaqda ittiham etməyə çalışdılar. Lakin ortaya tutarlı faktlar qoya bilmədilər və heç bir təzyiq Azərbaycanı yolundan döndərmədi. 

Prezident İlham Əliyev bir daha dünyaya sübut etdi ki, Azərbaycan dövləti yalnız sərhədlərini, ərazi bütövlüyünü təmin edib. Sadə erməni vətəndaşları ölkəmizdə yaşamaq istəyirlərsə, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. 

Amma dəyişməyən erməni xisləti buna da imkan vermədi. Dəfələrlə ordumuza qarşı təxribatların həyata keçirilməsi, ölkəmizin ərazisində terror təhlükəsinin yaranması, əlbəttə ki, Azərbaycanı narahat etməyə bilməzdi. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, proses davam etdi. 

Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdilər. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar ağ bayraq qaldırmalı oldular və bununla da separatizmin kökü kəsildi. Bu müddətdə  Azərbaycan Ordusu antiterror tədbirləri zamanı yüksək peşəkarlıq nümayiş etdirərək yalnız hərbi hədəfləri zərərsizləşdirdi. Heç bir mülki şəxs xəsarət almadı, həmçinin heç bir mülki obyektə ziyan dəymədi.

Separatçı rejimin rəhbəri Samvel Şahramanyan sentyabrın 28-də qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Qarabağdakı xunta rejimi, bu rejimə rəhbərlik edən və imkan düşən kimi xalqımıza qarşı hədə-qorxular səsləndirən, müharibə olacağı təqdirdə Bakıya qədər gələcəklərini deyən sözdə "prezident"lər", "nazir"lər və "general"lar bir-bir həbs edildi. 

Üçrəngli bayrağımız Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda da ucaldıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, qətiyyətli siyasəti nəticəsində ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam təmin edildi. 

Tarixi torpaqlarda bayrağımızın ucaldılması əhəmiyyətinə görə 44 günlük müharibə və 8 Noyabr Zəfər Gününə bərabər növbəti parlaq Qələbə oldu. 2023-cü il sentyabrın 20-də əldə olunan Qələbə siyasi və mənəvi əhəmiyyətinə görə Zəfər Gününə bərabər və onu tamamlayan tarixi hadisə kimi yaddaşlara yazıldı. 

Həm Zəfər yürüşümüzdə, həm antiterror tədbirləri zamanı igid Azərbaycan oğulları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Onlar canları bahasına Azərbaycanın suverenliyini tam təmin edən qəhrəmanlar kimi adlarını tarixə yazdırdılar. 

Sirr deyil ki, Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini hər zaman əziz tutur, onları daim xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur.

Bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr - Vətən müharibəsinin başladığı günün ölkəmizdə Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu, şəhid ruhlarına, onların doğmalarına ən ali ehtiramın əlamətidir. Cəmiyyətimizdə şəhidlərin yeri ən ali məqamdadır. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları qiyməti verir. İstər şəhid ailələri, istərsə də qazilər və veteranlar hərtərəfli dövlət qayğıları ilə əhatə olunublar. 

Hələ müharibənin gedişi zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ata-ana qayğısı ilə hospitala baş çəkərək yaralı əsgərlərimizlə görüşür, onlarla söhbətləşir, müalicə şəraitləri ilə maraqlanırdılar. 

Prezident və Mehriban xanım Əliyevanın çağırışı ilə şəhid ailələri və qazilərimizə layiqli xidmətlərin göstərilməsi prosesi bu gün də davam etdirilir.


Zəfər yürüşündən Dövlət Suverenlik Gününədək...


Prezident İlham Əliyev bu il sentyabrın 19-da sərəncam imzalayaraq 20 sentyabr təqvim gününü Dövlət Suverenliyi Günü kimi təsdiqlədi.  Bu, tariximizin ən möhtəşəm bayram təqviminə çevrildi. 

Bu ilin sentyabrın 20-də  Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edən dövlət başçısı tələbə heyəti ilə görüşdə Şanlı Zəfərimiz və antiterror tədbirlərinin yaratdığı reallığı dəyərləndirərkən qarşıya qoyulan məqsədin nəticəsini belə qiymətləndirdi: "8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr Dövlət Suverenliyi Günü idi". 

Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdı. Ona görə də Azərbaycan dövlətinin və xalqının yalnız öz gücünə qazandığı bu hərbi və siyasi qələbə unikallığı ilə tarixə yazıldı. 

Təbii ki, möhtərəm Prezidentimizin 20 sentyabrın Dövlət Suverenliyi Günü elan olunması ilə bağlı verdiyi qərar da Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü, müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirmiş oldu.

Hazırda 30 il işğal və separatizmin əsarətində qalan torpaqlar cənnətə çevrilməkdə, həmin ərazilərimizin potensialı ölkə iqtisadiyyatına uzun fasilədən sonra reinteqrasiya olunmaqda, təhlükəsiz şəkildə böyük qayıdış baş tutmaqdadır.  


Qarabağ və Şərqi Zəngəzurda yeni həyat qaynayır


Son 4 illik tarixə nəzər yetirsək, görərik ki, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən tikinti-quruculuq işləri həyata keçirir. Özü də yalnız Azərbaycanın öz iqtisadi qüdrəti hesabına. Yəni heç bir beynəlxalq maliyyə qurumu, heç bir dövlətdən yardım almadan işğaldan azad edilmiş torpaqlarımızda möhtəşəm layihələr reallaşdırır. 

Hazırda azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə geniş inşaat işləri gedir. Doğma yurdun hər qarışında tikinti bumu yaşanır. Yeni-yeni infrastrukturlar - xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, avtomobil və dəmir yolları, körpülər, tunellər tikilir. 

Bir sözlə, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası uğurla reallaşmaqdadır. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə, həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

Prezident İlham Əliyev 2021-ci ilin fevral ayında təsdiq etdiyi növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair 5 milli prioritetdən biri işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış proqramının icrası idi. Bu milli prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Böyük qayıdış proqramı yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.   

Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması idi. Bu gün həmin missiya da uğurla reallaşmaqdadır. 

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi ildən-ilə artırılır. 2020-ci ildən başlayaraq, 2024-cü il də daxil olmaqla, dövlət büdcəsindən işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq məqsədləri üçün 17,5 milyard manata yaxın vəsait ayrılıb. 2025-ci ildə 4 milyard manat məbləğində vəsait ayrılması nəzərdə tutulur.

Hər gün demək olar ölkəmizin müxtəlif istiqamətlərindən köç karvanı Qarabağa, Şərqi Zəngəzura yola salınır. Həyata keçirilən böyük layihələrin nəticəsi olaraq Qarabağda və Şərqi Zəngəzurda bərpa edilmiş yaşayış məntəqələrinin və daimi yaşamaq üçün bu yerlərə qayıdanların statistikası gündən-günə artır. Cəmi 4 ilə  Azərbaycan dövləti öz iqtisadi gücü hesabına möhtəşəm qayıdış proqramı icra edir. Böyük qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatdırılacaq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. 


Heydər Əliyev Fondunun böyük töhfəsi

 

Bu gün həm də Qarabağ və Şərqi Zəngəzurda tarixi-dini və mədəni abidələrimizin bərpası prosesləri də davam etdirilir. Bu prosesdə məxsusi olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əvəzedilməz layihələri - mədəni-dini irsimizi xalqa yenidən qaytarmaq missiyasını xüsusi vurğulamaq lazımdır. Mehriban xanım Əliyevanın göstərişi ilə 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılan, məhv edilən, təhqir olunan dini abidələrimiz, məscidlərimiz yenidən həyata qaytarıldı və bu istiqamətdə proseslər indi də davam etdirilir. 

Fondun təşəbbüsü ilə bu torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi və  Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilib. Eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir.

Şuşada fond tərəfindən bəzi obyektlərdə aparılan bərpa işləri cəmi bir neçə aya başa çatdırılıb. 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurma işlərindən sonra açılışı olub. Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşada həyata keçirilən layihələrdən biri də görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışıdır. Üzeyir bəy Hacıbəylinin Şuşadakı heykəli 1985-ci ildə 100 illik yubileyi münasibətilə ucaldılmışdı. Heykəltaraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Fondun dəstəyi ilə Üzeyir bəy Hacıbəylinin bürüncdən hazırlanan heykəli Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb.  Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.

Hazırda tarixinin ən qüdrətli Azərbaycanının ictimai-siyasi həyatında, daxili və xarici siyasətində yeni dövr başlayıb. Ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Azərbaycanın yeni inkişaf konsepsiyası, modern yüksəlişin istiqamətləri və hədəfləri də artıq bəllidir. İndi əsas hədəflər dövlətçiliyimizin, suverenliyimizin, milli təhlükəsizliyimizin, daxili və xarici siyasətimizin, mütərəqqi yüksəlişimizin daha da güclənməsi istiqamətində mühüm addımların atılmasıdır. 

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqi bizlər üçün ilk növbədə yol xəritəsi oldu. Möhtərəm Prezidentimizin də vurğuladığı kimi, artıq Azərbaycan suverenliyini tam təmin edib. Bu səbəbdən də qarşımızda önəmli vəzifələr durur. 

Azərbaycanla hələ də sülh müqaviləsi imzalamaqdan yayınan Ermənistan və onun havadarları yaxşı bilməlidirlər ki, ölkəmizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Prezident İlham Əliyevin sülh gündəliyində göstərdiyi kimi, Ermənistanın konstitusiyasına dəyişiklik edilməli, keçmiş Minsk qrupu rəsmən ləğv olunmalıdır. 

Ermənistanın konstitusiyasında məlum dəyişiklik olmasa, bu ölkə ilə sülh bağlanmayacaq. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin birnömrəli şərtidir. Azərbaycana qarşı həyata keçirilən istənilən təzyiq, böhtan kampaniyası hər zamankı kimi iflasa məhkum olacaq.


Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətində müvəqqəti dəyişikliklər tətbiq ediləcək  

10:20
07 Noyabr

Prezident İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib YENİLƏNƏCƏK  

10:18
07 Noyabr

Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib YENİLƏNƏCƏK  

10:13
07 Noyabr

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb  

10:12
07 Noyabr

Bilik yarışması Zəfər Gününə həsr olunmuşdur

09:55
07 Noyabr

Misirin Baş müftisi Aİİ-ni ziyarət edib

09:50
07 Noyabr

Şəhidin anım günü ehtiramla qeyd edilib

09:45
07 Noyabr

Zəfər Günü ərəfəsində şəhidin ailəsi evlə təmin olundu

09:40
07 Noyabr

"Bu gün elə döyüşək ki, sabah peşman olmayaq"

09:35
07 Noyabr

Azərbaycanı "yaşıl enerji" sahəsində də etibarlı tərəfdaş adlandıran Ursula fon der Lyayen COP29-a niyə gəlmir 

09:30
07 Noyabr

Avropa Komissiyası Qərb imperializminin əlində alətə çevrilib

09:25
07 Noyabr

Azərbaycan türk dünyasının birləşdirici gücüdür 

09:20
07 Noyabr

"Yaşıl düşüncə"nin təbliğində gənclərin rolu

09:15
07 Noyabr

Qarabağ Universiteti "yaşil inkişaf" çağırışlarına cavab verir

09:10
07 Noyabr

Bakı COP29-a hazırdır

09:05
07 Noyabr

Dövlət-sahibkar tərəfdaşlığı sağlam rəqabətin qarantıdır

09:00
07 Noyabr

"Neft Daşları əsl qəhrəmanlıq məktəbidir"

08:55
07 Noyabr

Erməni əsgəri döyüşməkdən imtina edib

08:50
07 Noyabr

Xilaskar Komandan

08:45
07 Noyabr

İnsanlığın vəhşilik üzərində qələbə çaldığı gün

08:40
07 Noyabr

Qələbəyə gedən yol

08:30
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!