07 Noyabr 2024 08:05
90
SİYASƏT
A- A+
Əbədi yaşayacaq ZƏFƏR

Əbədi yaşayacaq ZƏFƏR


Şuşa şəhərinin düşmən işğalından azad edildiyi 2020-ci il 8 noyabr tarixindən dörd il keçir. İllər ötsə, nəsillər dəyişsə də, Şuşa zəfəri haqqında daha çox yazılacaq, çünki insanlar şahidi olduqları, gördükləri böyük tarixi əhəmiyyətli hadisə və proseslərin miqyasını və əhəmiyyətini bəzən bütün dərinliyi ilə zamanında dərk edə bilmirlər. Hər il 8 Noyabr qeyd edildikcə onun millətin həyatındakı yeri daha çox qiymətləndiriləcək.


Qətiyyət və nəticəsi


1992-ci ilin mayında təcavüzkar Ermənistan tərəfindən Şuşa şəhəri işğal edildikdən sonra uzun illər Azərbaycan xalqı belə bir həsrət və ümidlə yaşayırdı: Şuşa nə zaman təcavüzkar Ermənistanın işğalı altından azad ediləcək? Bu, mümkün olacaqmı? İllər ötdükcə insanlarda ümidlər azalırdı. 

Nəhayət, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qərar verdi. 2020-ci il sentyabrın 27-dən başlayan və millətin yüksək əhvali-ruhiyyə ilə qoşulduğu Vətən müharibəsinin noyabrın 8-də Zəfərlə tamamlanması bu həsrətə son qoydu. Həmin gün Azərbaycan tarixi və mədəniyyətində özünəməxsus yeri olan Şuşa şəhəri düşmən işğalından xilas edildi.  


Müzəffər Ali Baş Komandanın qələbə xəbəri və millətin sevinc göz yaşları


Vətən müharibəsi günlərində Azərbaycan xalqı hər axşam televiziya ekranları qarşısında oturub Prezident İlham Əliyevin  növbəti qələbə xəbərini eşitmək istəyir, Şuşanın azad edilməsi müjdəsinin verilməsini gözləyirdi. Nəhayət, həmin an gəldi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 8-də Fəxri xiyabanda və Şəhidlər xiyabanında oldular. Əvvəlcə, Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsinə ehtiram bildirdilər, abidənin önünə əklil qoydular. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Dövlət başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üzərinə çiçək dəstələri düzdülər. 

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanına gələrək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, məzarlarına çiçək dəstələri düzdülər. Dövlət başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edərək millətin uzun illər boyu həsrətində olduğu şad xəbəri verdi, Şuşa şəhərinin işğaldan azad edildiyini bəyan etdi: 

"Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox". 

Dövlət başçısı uzun illər boyu davam edən danışıqların heç bir nəticə vermədiyini, əzəli tarixi torpaqlarımızın işğal altında qaldığını, danışıqlar prosesində Ermənistanın vaxt udmaq, status-kvonu möhkəmləndirmək və əbədi etmək istədiyini dedi. Bu illər ərzində dəfələrlə müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar vəziyyətlə barışmağa təhrik etmək istəsə də, Azərbaycan dövləti qətiyyət, cəsarət, siyasi iradə göstərərək milli maraqlara cavab verməyən heç bir razılaşmaya getmədi. Azərbaycanın başlıca məqsədi ərazi bütövlüyünü təmin etmək idi. Qələbənin Azərbaycan hərbçisinin qanı və canı bahasına qazanıldığı barədə Prezident dedi: "Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! ...Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!"

Azərbaycan xalqının tarixində müstəsna yeri olan Şuşa şəhəri 28 ildən çox işğal altında qalmışdı. Azərbaycanlılar əsrlər boyu Şuşada yaşamış, bu şəhəri qurmuş və yaratmışdılar. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisi idi. Ancaq düşmən Şuşanı işğal altında saxlamaqla Azərbaycanın maddi və mənəvi  irsinə böyük zərbə vurmuş, tarixi abidələri, məscidləri dağıtmış və təhqir etmişdi. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev bildirdi: "Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl - 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır".

Dövlət başçısının qələbə xəbəri milləti sevinc göz yaşlarına qərq etdi. İnsanlar əllərində bayraq küçələrə axışdılar, tanıyan da, tanımayan da bir-birini təbrik etdilər. Millət sanki xoşbəxtlik dənizində üzürdü. 


8 Noyabr Zəfərinin başlıca səbəbləri və ya gələcəyimizin düsturu


Prezident İlham Əliyev çıxışında qələbəyə gətirən və gənc nəsillərin bilməsi vacib olan başlıca amillərin üzərində dayandı. Birincisi, qələbədə iqtisadi güc müstəsna rol oynamışdı: "Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqillik və bu, bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda ordumuzu gücləndirək. Biz ordumuz üçün lazım olan bütün hərbi texnikanı, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik?"

İkincisi, qələbənin qazanılmasında milli birlik və siyasi iradə başlıca rol oynamışdı. Ölkə daxilində uğurlu siyasətin aparılması nəticəsində Azərbaycan dünya üçün nadir inkişaf modelini yaratmışdı. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşmək əlavə güc yaratmış, bəzi mənfur xarici dairələrin çirkin planlarının Azərbaycanda həyata keçirilməsinin qarşısı alınmışdı. Qusardan Astaraya, Naxçıvandan Ağstafaya qədər bütün şəhər, rayon, qəsəbə və kəndlərdən vətəndaşlar tək bayraq altında tək millət kimi birləşərək dövlət, vətən uğrunda azadlıq müharibəsinə çiyin-çiyinə getmişdilər. Dövlət başçısı bu barədə danışaraq bildirdi: "Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi".

Üçüncüsü, qələbənin qazanılmasında səmərəli xarici siyasət xüsusi yer tutmuşdu. Azərbaycan diplomatiyası və digər qurumlar dövlət başçısının müəyyənləşdirdiyi xətti uğurla həyata keçirmişdi. Ermənistanın işğal altında saxladığı ərazilərin Azərbaycanın tarixi torpağı olduğu, ermənilərin bu ərazilərə sonradan gəlmələri rəsmi fakt və sənədlərin əsasında  dünyada sübut edilmiş və beynəlxalq təşkilatlar tərəfindən müvafiq qətnamələr qəbul edilmişdi. Dövlət başçısının ardıcıllıqla həyata keçirilən səmərəli xarici siyasəti milləti qələbəyə çatdırmışdı. Prezident bununla əlaqədar olaraq dedi: "Qələbəmizin üçüncü əsas amili beynəlxalq səviyyədəki uğurlarımızdır. Biz dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Bu, bizə əlavə güc verdi. Əgər biz bunu etməsəydik, bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi. Biz bu illər ərzində bir çox ölkələrlə səmimi, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik, bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir və artıq bu ifadə beynəlxalq sənədlərdə öz əksini tapır". 

Qonşu dövlətlərlə mehriban və səmimi münasibətlərin qurulması qələbənin qazanılmasına müsbət təsir etmişdi. Bunu dövlət başçısı belə bəyan etdi: "Biz bütün qonşu ölkələrlə səmimi dostluq əsasında münasibətlər qura bildik, qarşılıqlı hörmət, qarşılıqlı inam əsasında. Əgər biz bunu etməsəydik, bu gün münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi".

Azərbaycan dövlətinin yürütdüyü uğurlu xarici siyasət fəaliyyəti nəticəsində işğalçı Ermənistan dalana dirənmişdi. Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın rəhbərliyi altında Bakıda keçirilən dinlərarası, sivilizasiyalararası dialoq forumları, İtaliya, Fransa, Vatikan və başqa ölkələrdə kilsələrin təmiri Ermənistanın uydurma təbliğatını puça çıxarmışdı. Həyata keçirilən beynəlxalq layihələr Azərbaycanın mövqelərini möhkəmləndirmiş, Ermənistanı təcrid vəziyyətinə salmışdı. Prezident dedi: "...biz Ermənistanı təcrid edilmiş vəziyyətə saldıq. Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi".

Dördüncüsü, qələbənin qazanılmasının mühüm amillərindən biri güclü ordunun qurulması və müdafiə sənayesinin yaradılması olmuşdu. Azərbaycan dövləti hərbçisinə xüsusi qayğı göstərmişdi.

Tarixə qısa nəzər yetirən Prezident İlham Əliyev 1992-ci ildə Şuşa şəhərinin təcavüzkar Ermənistanın işğalı altına düşməsinin səbəblərini belə izah etdi: "Şuşa işğal altına düşəndə bizim əsas problemlərimiz həm o idi ki, ordumuz yox idi, rəhbərlik öz vəzifə borcunu yerinə yetirə bilmirdi. Beynəlxalq müstəvidə Azərbaycan demək olar ki, bütün ölkələrlə münasibətləri gərginləşdirmişdi. Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik". 

Heç də asan olmayan bu proseslərdən danışan dövlət başçısı vurğuladı: "Nəhayət və ilk növbədə, ordu quruculuğu. Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar... Ordu quruculuğu, hərbçilərin maddi-məişət problemlərinin həlli, təqaüdə çıxmış hərbçilərin məişət problemlərinin dövlət tərəfindən həll olunması, onlara mənzillərin verilməsi, hərbçilərimizin iş şəraitinin yaxşılaşdırılması. Biz demək olar ki, bütün hərbi şəhərciklərimizi, hərbi bazalarımızı yenidən qurduq və onlar ən yüksək standartlara cavab verir. Əlbəttə, ilk növbədə, döyüş qabiliyyəti. Döyüş qabiliyyəti artdı... Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik". 

Beşincisi, Azərbaycan hərbçisinin qəhrəmanlığı sayəsində Şuşa şəhəri düşmən tapdağından qurtulmuşdu. Dağlardan, sıldırım qayalardan keçən və ağır texnikadan istifadə etməyən Azərbaycan əsgəri əlbəyaxa savaşda Şuşa şəhərini azad etmişdi. Döyüş meydanında Azərbaycan əsgəri qəhrəmanlıq göstərmişdi. Bununla əlaqədar olaraq ölkə rəhbəri bildirdi: "Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir".

Altıncısı, qələbənin qazanılmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsiyyət amili, qəti iradəsi, prinsipial mövqeyi, mahir diplomatiyası, üstün zəkası və  sərkərdəlik məharəti başlıca rol oynamışdı. Şuşa şəhərini işğaldan azad edən əsgər dünyanın ən güclü əsgəri, həmin orduya rəhbərlik edən Ali Baş Komandan isə dünyanın ən qüdrətli sərkərdəsidir. Dövlət başçısı dediyi bütün sözlərinin üstündə dayanmışdı. Qətiyyətlilik zəfərə gətirmişdi. Prezident bildirdi: "...işğalçılara deyirdik, düz yola gəlin, işğala son qoyun, hələ ki gec deyil... Demişik ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni həll edəcəyik. Mən bunu dəfələrlə demişəm. Buna görə də tənqid olunmuşam bəzi ölkələr tərəfindən. Mən demişəm ki, bəs bizim torpaqlarımız məgər hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkənin özünümüdafiə hüququ var. Bu hüququ bizə BMT Nizamnaməsi verir. Mən demişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin - düşmən, onun havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər. Həmişə sözümün üstündə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da etmişəm. Bu məsələdə də sözümün üstündə durdum və artıq biz Qələbəni qeyd edirik".

İşğal illərində düşmən hər yeri dağıtmış və xarabalığa çevirmişdi. Ölkə rəhbəri müharibənin gedişi və işğaldan azad edilmiş ərazilərdəki mövcud vəziyyət barədə dedi: "Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edildi. O cümlədən Füzuli şəhəri tamamilə darmadağın edilmiş, bir dənə də salamat bina qoymayıb mənfur düşmən. Cəbrayıl tamamilə dağıdılmış. Qubadlı, Zəngilan tamamilə dağıdılmış. Kəndlər, şəhərlər. Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün Şuşa şəhəri".

Prezident İlham Əliyev bütün anti-Azərbaycan qüvvələrin fövqündə dayanaraq milləti toparlayaraq, ondan güc alaraq qələbənin memarı oldu. Nəhayət, qələbənin qazanılmasında millətin dövlət rəhbərinə böyük inam və etimadı mühüm rol oynamışdı. Millətin dövlət rəhbərinə inam və etibarı isə öz-özündən deyil, liderinin gördüyü işlərdən, millət sevgisindən yaranır. Dövlət başçısı gücünü millətdən alırdı. Prezident müraciətinin sonunda vurğuladı: "Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim... Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, "dəmir yumruq"dur. Bu "dəmir yumruq"la düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"


Ata vəsiyyətinin yerinə yetirilməsi, şəhidlərin ruhunun şad edilməsi


Şuşa şəhərinin azad edilməsi ilə şəhidlərin ruhu şad oldu. Onları ehtiramla yad edən Prezident İlham Əliyev vurğuladı ki, şəhidlərin, erməni vəhşiliyinin, Xocalı qurbanlarının qanı yerdə qalmadı, intiqam döyüş meydanında alındı.

Dövlət başçısı atası Heydər Əliyevin ona etdiyi vəsiyyəti yerinə yetirdiyini də millətə  çatdırdı: "Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!"


Şuşa şəhərinin qurtuluşunun əhəmiyyəti


Şuşa şəhərinin azad edilməsi böyük tarixi əhəmiyyət daşıyırdı. Şəhər dünya mədəniyyəti yaradan Azərbaycan milləti üçün təkcə ərazi, torpaq məsələsi deyil, xüsusi məna kəsb edirdi. Hər şeydən əvvəl, Azərbaycan mədəniyyətinin beşiklərindən biri, dünyaya görkəmli mədəniyyət xadimləri bəxş etmiş Şuşa şəhərinin azad edilməsinin milli-mənəvi əhəmiyyəti var idi. 9 Noyabr Dövlət Bayrağı Günü ərəfəsində şəhərin azad edilməsi qürurvericiydi. Şuşanın işğaldan qurtarılmasının strateji və siyasi əhəmiyyəti də var idi. Mühüm strateji mövqedə yerləşən Şuşa şəhəri Qarabağın açarı və tacıdır. Şuşanın azad edilməsi işğalçı ölkənin belinin qırılması, Azərbaycan qarşısında diz çökməsi və üçtərəfli Bəyanatı imzalaması oldu. 8 noyabrda millətin  ümidləri, xəyalları gerçəkləşdi, üstündəki ləkə silindi, qaməti düzəldi, digər ərazilərin də azad ediləcəyinə inamı artdı.

Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etdikdən sonra müvəqqəti dayanması gələcək qələbələrə hazırlıq idi. Azərbaycan Ordusunun bundan sonrakı fəaliyyəti barədə danışan Prezident vurğuladı: "Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin. Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib, özünü alçalda-alçalda, xalqını təhqir edə-edə. Ermənistan rəhbərliyi indi dünya ölkələrindən yardım istəyir, hərbi yardım istəyir, silah, texnika istəyir. Bəs hanı sənin yenilməz ordun? Məhv etmişik onu. Onların bütün sözləri, onların bütün bəyanatları mif idi, yalan idi. Yenilməz ordu Azərbaycan Ordusudur! Bunu döyüş meydanında göstərir, düşməni torpaqlardan təkbaşına qovur. Otuz il ərzində milyardlarla dollar xərclənib oraya, istehkamlar qurulub, mühəndislik qurğuları inşa edilib. Amma hamısını vurub dağıtmışıq - mənəvi ruh, güc hesabına, birlik hesabına!

...İşğal edilmiş bütün torpaqlardan düşmən qüvvələri çıxarılmalıdır. Bu, bizim tələbimizdir. Beynəlxalq norma və prinsiplər, beynəlxalq təşkilatların qərar, qətnamələri bunu tələb edir".


İbrət dərsləri

 

1992-ci ildə Şuşanın təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi, 2020-ci ildə isə şanlı Azərbaycan Ordusu tərəfindən azad olunması bir sıra ibrət dərsləri verir. Şuşa şəhəri ölkəmizdə xaos, anarxiya, dövlət hakimiyyətinin qanadları arasında intriqalar, ölkəyə rəhbərlik edənlərin zəif, səriştəsiz olduğu zaman işğal edilmişdi. 

Şuşa şəhəri ölkəmizdə sabitlik, ciddi qayda-qanun, güclü dövlət, qüdrətli dövlət rəhbəri olanda, millət tək bayraq altında birləşəndə işğaldan xilas edildi. Deməli, Azərbaycan millətinin bundan sonrakı bütün inkişafının və qarşıya qoyduğu hədəflərə çatmasının təməlində  məhz bu amillər dayanır.


Musa QASIMLI,

Milli Məclisin Sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətində müvəqqəti dəyişikliklər tətbiq ediləcək  

10:20
07 Noyabr

Prezident İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib YENİLƏNƏCƏK  

10:18
07 Noyabr

Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib YENİLƏNƏCƏK  

10:13
07 Noyabr

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb  

10:12
07 Noyabr

Bilik yarışması Zəfər Gününə həsr olunmuşdur

09:55
07 Noyabr

Misirin Baş müftisi Aİİ-ni ziyarət edib

09:50
07 Noyabr

Şəhidin anım günü ehtiramla qeyd edilib

09:45
07 Noyabr

Zəfər Günü ərəfəsində şəhidin ailəsi evlə təmin olundu

09:40
07 Noyabr

"Bu gün elə döyüşək ki, sabah peşman olmayaq"

09:35
07 Noyabr

Azərbaycanı "yaşıl enerji" sahəsində də etibarlı tərəfdaş adlandıran Ursula fon der Lyayen COP29-a niyə gəlmir 

09:30
07 Noyabr

Avropa Komissiyası Qərb imperializminin əlində alətə çevrilib

09:25
07 Noyabr

Azərbaycan türk dünyasının birləşdirici gücüdür 

09:20
07 Noyabr

"Yaşıl düşüncə"nin təbliğində gənclərin rolu

09:15
07 Noyabr

Qarabağ Universiteti "yaşil inkişaf" çağırışlarına cavab verir

09:10
07 Noyabr

Bakı COP29-a hazırdır

09:05
07 Noyabr

Dövlət-sahibkar tərəfdaşlığı sağlam rəqabətin qarantıdır

09:00
07 Noyabr

"Neft Daşları əsl qəhrəmanlıq məktəbidir"

08:55
07 Noyabr

Erməni əsgəri döyüşməkdən imtina edib

08:50
07 Noyabr

Xilaskar Komandan

08:45
07 Noyabr

İnsanlığın vəhşilik üzərində qələbə çaldığı gün

08:40
07 Noyabr

Qələbəyə gedən yol

08:30
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!