08 May 2026 09:35
88
CƏMİYYƏT
A- A+
İgidliyi ilə nümunə oldu

İgidliyi ilə nümunə oldu


1994-cü il yanvar ayının son günləri idi. Qarabağın erməni işğalçılarından  müdafiəsi uğrunda gərgin döyüşlər gedirdi. Ermənilər bütün istiqamətlərdən hücum edirdilər. Ordumuzun vətənpərvər zabit və əsgərləri isə düşmən hücumlarının qarşısını almaq, Qarabağı qorumaq üçün cəsarətlə döyüşürdülər. 

Həmin günlər Ağdərə rayonu istiqamətində də qızğın döyüşlər səngimək bilmirdi. Rayonun Şəhriyar qəsəbəsinin yaxınlığındakı böyük strateji əhəmiyyətə malik olan Gödəkburun yüksəkliyi uğrunda qanlı döyüşlər gedirdi. Döyüşçülərimizin arasında "Qartal" ləqəbli gənc zabit Aydın Manerov da  var idi.

Nəyin bahasına olursa-olsun, bu əlverişli yüksəkliyi ələ keçirməyə can atan azğınlaşmış quldurlar döyüşə yeni qüvvələr cəlb edərək hücumlarını həm genişləndirir, həm də gücləndirirdilər. Döyüşçülərimiz isə bir addım belə geri çəkilmədən qəsbkarlara qarşı ciddi müqavimət göstərirdilər. Təəssüflər olsun ki, kiçik leytenant A.Manerov 29 yanvar 1994-cü ildə səngimək bilməyən bu gərgin döyüşdə şəhid oldu. Onun ölümü döyüşçü yoldaşlarını daha da hiddətləndirdi, qisas hissini daha da artırdı. Həmin gün erməni işğalçılarının hücumlarının qarşısı qətiyyətlə alındı, yüksəkliyin işğal olunması təhlükəsi sovuşdu. 

Böyük kədər hissi ilə 31 yaşında Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş Aydın Manerovun ömür və döyüş yolunu vərəqlədik. Öyrəndik ki, o, 1965-ci ildə Bakıda dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra bir müddət Neft Daşlarında çalışıb. 

Əgər erməni separatçıları 1980-ci illərin sonlarında əsrlərdən bəri Qarabağda, doğma ocaqlarında yaşayan azərbaycanlıların evlərinə, kəndlərinə hücum etməsəydilər, ölüm və qan qoxulu müharibəni alovlandırmasaydılar, Aydın da qismətinə düşən ömrü yaşayacaqdı. Amma təəssüflər olsun ki, erməni işğalçıları silaha əl ataraq qədim Azərbaycan torpaqlarında qan tökdülər. Vətənin belə dar günündə Aydın hərbçi olmaq qərarına gəldi. Ailəsindən xəbərsiz könüllü olaraq yenicə yaradılan özünümüdafiə  taborlarından birinə yazıldı. Əyninə hərbi forma geyinərək silaha sarıldı, qısa çəkən təlim-məşqlərdən sonra Vətənin müdafiəsinə atıldı. Xidmətə başladığı ilk günlərdən cəsarəti və hünəri ilə seçildi. Torpaqlarımız uğrunda vuruşaraq qəhrəmanlıqlar göstərdi, igidliyi ilə əsgərlərinə nümunə oldu. 

Ürəyi vətən eşqi ilə döyünən gənc zabit şərəfli döyüş yolu keçdi. Düşmən üzərinə qorxu bilmədən qələbə əzmi ilə atıldı. Döyüş yolu Ağdərə, Laçın, Füzuli, Ağdam, Tərtərdən keçdi. İştirak etdiyi bütün əməliyyatlarda zabit kimi üzərinə düşən bütün tapşırıqları layiqincə yerinə yetirdi. Qəhrəmanlığı və igidliyi ilə şəxsi heyətin hörmət və rəğbətini qazandı. Laçın rayonu uğrunda gedən döyüş zamanı yaralandı. Yaraları tam sağalmamış yenidən cəbhəyə qayıtdı. Artıq o əsgər deyildi, zabit - taqım komandiri idi.

Bir vaxtlar oxuduğu Nizami rayonundakı 229 nömrəli orta məktəbdə hər il yanvar ayının 30-da şəhidin xatirəsini yad etmək üçün anım mərasimi keçirilir. Tədbirdə müəllim və şagirdlər, döyüşçü yoldaşları, doğmaları Aydın Manerovun xatirə gecəsinə yığışırlar. Onlar cəsur zabitin şərəf dolu ömür və döyüş yolundan söz açırlar. Aydını tanıyanlar onunla bağlı acılı-şirinli xatirələrini dilə gətirirlər.  Şagirdlər  şəhidliyi, qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən şeirlər söyləyir, mahnılar oxuyurlar. Belə anım mərasimləri bir daha onu göstərir ki, yurdumuzun azadlığı uğrunda canından keçmiş şəhidlər heç vaxt unudulmur, həmişə hörmətlə xatırlanır. 

Gənc leytenantla çiyin-çiyinə vuruşmuş zabit E.Ağayev onun son döyüşündən söz açaraq dedi ki, Aydın bu savaşda bir komandir kimi dəqiq və düzgün göstərişləri ilə tabeliyində olan döyüşçülərin həyatını xilas etdi, onların düşmən mühasirəsinə düşməyinin qarşısını aldı. O, bütün döyüşlərdə ön sıralarda vuruşurdu, əsgərlərini qəhrəmanlığa, igidliyə və qələbəyə ruhlandırırdı. Təəssüflər olsun ki, cəsur zabit işğalçıların gülləsinə tuş gəldi. Hospitala çatdırılsa da, həyatını xilas etmək mümkün olmadı. 

Aydın Manerovun həyat yoldaşı Gülarə Kərimova isə arxada qalıb tarixə çevrilmiş ötən illəri belə xatırladı:

- 1990-cı il 20 Yanvar faciəsinin şəhidlərini torpağa tapşıranda Aydınla birlikdə xiyabana getmişdik. Dəfn mərasimindən sonra dəniz kənarına gəldik. O, Xəzərin bir-birini qovan ləpələrinə baxıb dedi ki, dənizin hər günü sakit, dalğasız ötmədiyi kimi, insan ömrü də çovğunsuz, tufansız olmur. Bəzən insan gözləmədiyi elə hadisə ilə qarşılaşır ki, bu hadisə onun həyatının məcrasını tamam başqa bir səmtə dəyişir. İllərdən bəri ağrı-acılarını yaşadığımız 20 Yanvar faciəsi Aydının gələcək ömür yolunu tamamilə dəyişmişdi. Həyat yoldaşım bizi dörd divar arasında tək qoyub könüllülər taborunun tərkibində cəbhə bölgəsinə yola düşdü. Onun döyüş yolu Laçın, Ağdam, Şuşa, Tərtər, Füzuli və Ağdərədən keçdi. Aydın bir dəfə Laçında, bir dəfə isə Ağdərədə yaralanmışdı. Yaralı olsa da, o, yenə cəbhəyə qayıtmışdı. Artıq neçə vaxtdır illəri Aydınsız qarşılayıb yola salırıq. Həyat yoldaşımdan yadigar qalmış uşaqlarla nəfəs alıram, onlarda təskinlik tapıram. 

Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində şəxsi igidlik və şücaət göstərdiyinə görə, kiçik leytenant Manerov Aydın Mahmud oğlu (ölümündən sonra) Azərbaycan Prezidenti Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüşdür. Cəsur zabitin bir vaxtlar yaşadığı Q.Qarayev küçəsindəki 49 nömrəli evin fasadına xatirə lövhəsi vurulmuşdur. 

Aydının igidliyi, qəhrəmanlığı yazıçılarımızın, şairlərimizin, bəstəkarlarımızın da yaradıcılığında öz əksini tapmışdır. Bəstəkar Cavanşir Quliyev şair Əli Vəkilin "Aydınımız" şeirinə mahnı bəstələmişdir. 


V.MƏMMƏDQULUOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Elçinin "Şekspir" pyesi əsasında hazırlanan tamaşa nümayiş olunub

09:55
08 May

Səhnə onun həyatı, obrazlar isə taleyidir

09:50
08 May

Xalı-xalçalı İçərişəhər

09:45
08 May

Həsrət və mübarizlikdən yoğrulmuş şair ömrü

09:40
08 May

İgidliyi ilə nümunə oldu

09:35
08 May

Vətən sevgisi - insan ləyaqətinin göstəricisidir

09:30
08 May

Bakıda aqrar və qida sənayesinin ən böyük sərgiləri yekunlaşır

09:25
08 May

Azərbaycan-İİB: etibarlı və davamlı maliyyə tərəfdaşlığı

09:20
08 May

Xarici ekspertlər Avropanın enerji təchizatında Azərbaycanın artan rolunu etiraf və təqdir edirlər

09:15
08 May

Halal ömür

09:10
08 May

Azərbaycanla əlaqələrin inkişafı Avropa üçün strateji zərurətdir

09:05
08 May

Fransanın "dəstəy"i Ermənistana uğur vəd edə bilməz 

09:00
08 May

Fransa yanlış siyasətindən əl çəkmir 

08:55
08 May

Hayların halına ağlayan gərək

08:50
08 May

Fransanın ermənipərəst ritorikası sülh prosesi ilə ziddiyyət təşkil edir

08:45
08 May

Roberta Metsolanın açıqlaması Avropa Parlamentinin qərəzli simasını nümayiş etdirir

08:40
08 May

Bakıda klassik musiqi konserti keçirilib

08:35
08 May

Ulu Öndər Heydər Əliyevin şəhərsalma strategiyası və Bakının WUF13-ə uzanan inkişaf yolu

08:30
08 May

Müstəqil Azərbaycan böyük Heydər Əliyev ideyalarının təntənəsidir

08:25
08 May

Heydər Əliyevin irsi milli sərvətimizdir

08:20
08 May

Ulu Öndərin ideyaları işığında şəhər ekosistemlərinin dayanıqlı inkişafı və "yaşıl transformasiya" paradiqması

08:15
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!