Azərbaycan Texnologiya Universitetində keçirilən konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Turxan Süleyman, "AzerGold" QSC-nin İdarə Heyəti sədrinin müavini Anar Abdullayev və universitetin müəllim-tələbə heyəti iştirak etmişlər.
Konfrans universitetin ərazisində yerləşən Şəhidlər abidəsinin və universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin büstünün ziyarəti ilə başlamışdır. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Ulu Öndər Heydər Əliyevin, o cümlədən şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Konfransda ŞİH-in başçısı Niyazi Bayramov çıxış edərək 30 ildən çox işğal altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun gücü ilə cəmi 44 gün ərzində azad edildiyini diqqətə çatdırmış və bildirmişdir ki, 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatında suverenliyimiz tamamilə bərpa olunmuşdur. Azərbaycan Texnologiya Universitetində təşkil olunmuş tədbirin Zəfər tariximizə həsr edildiyini vurğulayan ŞİH-in başçısı konfransın işinə uğurlar arzulamışdır.
Sonra universitetin rektoru Yaşar Ömərov çıxış edərək zəfərin qazanılmasında xalq-dövlət-ordu birliyi ilə bərabər, yüksək texnologiyaların rolundan danışmış, işğaldan azad olunmuş ərazilərdə "ağıllı kənd" və şəhər konsepsiyası əsasında aparılan quruculuq işlərində əks olunan müasir texnoloji trendləri vurğulayaraq konfransın mövzusunun aktuallığına diqqət çəkmişdir.
İki gün davam edən elmi-praktik konfransda qida mühəndisliyi və texnologiyaları, süni intellekt, elektronika və informasiya texnologiyaları, tekstil və yüngül sənaye, dizaynda innovativ texnologiyalar, maşınqayırma, nəqliyyat və logistika, metallurgiya mühəndisliyi, rəqəmsal iqtisadiyyat və idarəetmə, turizm sənayesinin təşkili, ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf, fundamental elmlər və innovativ texnologiyalar, mültikultural təhsildə innovativ texnologiyalar mövzularında məruzələr dinlənilmişdir.
Sabir ƏLİYEV,
"Azərbaycan"