Bu, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir
Qərbi Azərbaycan İcmasının milli və beynəlxalq platformalarda fəallığı, dünya ictimaiyyətinə Azərbaycanın mövqeyini təkzibolunmaz faktlar və arxiv materialları əsasında çatdırmaq səyləri ictimaiyyət tərəfindən məmnunluqla qarşılanır.
Bu gün Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdış həyata keçirilirsə, yaxın gələcəkdə Qərbi Azərbaycana dönüşümüz də real olacaq. İnam və qətiyyətlə hədəflərə, məqsədlərə doğru irəliləyən Azərbaycan hər bir vətəndaşının arzularını reallığa çevirməyi qarşısına məqsəd qoyub. Azərbaycan Prezidentinin tələb və tövsiyələrinə əsasən, Qərbi Azərbaycan İcması öz üzərinə düşən tarixi missiyanı uğurla yerinə yetirir. İcma Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün yorulmadan çalışır. Bu məqsədlə təsdiqlənmiş və icrası uğurla davam etdirilən "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası" da mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, Rusiyanın şimal-şərqində, Orta Asiya ölkələrində, Türkiyədə, İranda, digər xarici ölkələrdə qərbi azərbaycanəsilli yüz minlərlə insan yaşayır. Qərbi Azərbaycan İcmasının artıq Türkiyədə, Qazaxıstanda nümayəndəliyi və müxtəlif şəhərlərdə ofisləri açılıb. Bu prosesdə onların da fəal iştirakı uğurlu nəticəyə böyük töhfələr verir.
Soydaşlarımızın Qərbi Azərbaycandan ilk deportasiya dövrü 1905-1920-ci illəri əhatə edir. O zaman milli zəmində baş verən qanlı hadisələr nəticəsində həmin ərazidə mövcud olmuş 1000-ə yaxın Azərbaycan kəndi xəritədən tamamilə silinmişdir. Daha sonra sovet hökuməti tərəfindən 1948-1953-cü illər ərzində hiyləgər erməni millətçilərinin təhriki nəticəsində 150 mindən artıq azərbaycanlı dədə-baba yurdundan deportasiya olunmuşdur. 1988-ci ildə baş vermiş son deportasiya hadisəsi isə əvvəlkindən fərqli amillərlə səciyyələnir. Bu deportasiya milli zəmində, Qərbi Azərbaycanda yaşayan 300 minədək həmvətənimizin öz doğma yurdlarından zorla qovulması ilə tarixə düşüb.
Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar növbəti hədəflərə çatmaq üçün daha böyük imkanlar açmışdır. Prezident İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilmişdır. Azərbaycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq müstəviyə çıxarılmışdır. Dövlətimizin başçısı Qərbi Azərbaycanın soydaşlarımızın tarixi torpağı olduğunu nüfuzlu beynəlxalq kürsülərdən dəfələrlə qətiyyətlə bəyan etmişdir.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski deyir ki, İrəvan şəhərindəki Göy məscid istisna olmaqla, Qərbi Azərbaycanda mövcud olmuş 300-ə yaxın məscidin hamısı Ermənistan tərəfindən məhv edilib. Eyni zamanda 500-dən artıq qəbiristanlıq dağıdılıb, azərbaycanlıların mədəni və dini irsi sistemli şəkildə yer üzündən silinib. Bu, beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır.
Ötən il Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi, İrəvan Qazılığının Əsasnaməsinin təsdiq edilməsi və İrəvan Qazısının seçilməsi barədə qərarları ictimaiyyətdə məmnunluqla qarşılanıb.
Bu, dini etiqad azadlığının təmin edilməsi, Qərbi Azərbaycanda multikultural mühitin yenidən canlandırılması və tarixi ədalətin bərpası baxımından əhəmiyyətli bir addımdır. Bu qərar eyni zamanda Ermənistandan zorla çıxarılmış azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışına xidmət edən mühüm bir addımdır. 2020-ci ilin 27 sentyabrınadək Qarabağa və Şərqi Zəngəzura dönüş arzumuza nə qədər ümidli idiksə, indi ondan daha artıq əzmkarlıqla və inamla Qərbi Azərbaycana qayıdışa əminik.
Tarixən fəaliyyət göstərən İrəvan Qazılığının həmin dövrlərdə insanların dini-mənəvi dəyərlərinin qorunmasında böyük rolu olub. Torpaqlarımız uzun illər işğal altında olduğundan bu fəaliyyəti bərpa etmək mümkün deyildi. İndi İrəvan Qazılığının da təyinatı olduqca ciddi və önəmli məsələdir. İrəvan Qazılığının fəaliyyətinin bərpası zamanın tələbidir. Qayıdış prosesi başa çatandan sonra İrəvan Qazılığının fəaliyyəti canlanacaq, orada yaşayan insanlarımızın mənəvi, dini tələbatının ödənilməsinə böyük faydası olacaq.
Qarabağ və Şərqi Zəngəzurun bərpasını, quruculuğunu və keçmiş məcburi köçkünlərin məskunlaşdırılmasını strateji hədəflərin ilkin mərhələsi hesab edən cənab İlham Əliyev növbəti mərhələni belə xarakterizə edir: "Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik".
Cənab İlham Əliyev Qərbi Azərbaycana qayıdışı milli ideyanın tərkib hissəsi elan etməklə, yalnız bu bölgənin insanlarını deyil, bütün xalqı bu mövzu ətrafında səfərbər edib. Bu mühüm məsələdə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, nümayəndəlikləri, diaspor təşkilatları da xüsusi fəallıq göstərirlər. Bundan səksəkəyə düşən ermənilərin bəziləri bu faktı əldə rəhbər tutaraq əhali arasında xaos yaratmaqla məşğuldurlar. Onların hədəfi nə xalqın rifahı, nə də dövlətin güclənməsidir. Hədəf hakimiyyət uğrunda mübarizəni uzatmaq və köhnə təsir imkanlarını qorumaqdır. Onlar anlamalıdırlar ki, Ermənistanda sülhə qarşı çıxan hər kəs, əslində, ölkənin gələcəyinə qarşı çıxır. Sülh sazişi nə qədər tez imzalansa, qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı nə zaman ləyaqətli şəkildə həyata keçirilsə, ölkədə həmrəylik, firavanlıq və iqtisadi inkişaf da tezliklə öz həllini tapar.
Arxiv sənədlərindən, real həyat həqiqətlərindən, zaman-zaman ərazi iddiası məqsədilə xalqımızın məruz qaldığı erməni qırğınlarından, məcburi köçürülmələr, sürgünlər, habelə dövlət səviyyəsində həyata keçirilən 1948 və 1953-cü il deportasiyalardan məlum olur ki, azərbaycanlılara qarşı etnik və mədəni təmizləmə kampaniyası ermənilər tərəfindən sistemli və planlı şəkildə həyata keçirilib. Qərbi Azərbaycanın mədəni kimliyi ötəri siyasi məsələ deyil. Mədəni irs beynəlxalq qanunlar və konvensiyalarla qorunur. Bu səbəbdən Qərbi Azərbaycandan didərgin salınmış insanların qayıdış hüququ emosional çağırışlar deyil, BMT Nizamnaməsi və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əsaslanan humanitar tələbdir.
Son olaraq xatırladaq ki, 2025-ci il Azərbaycanın ictimai-siyasi salnaməsinə, sadəcə, növbəti bir təqvim ili kimi deyil, Qərbi Azərbaycana Qayıdış ideyasının milli hədəfdən qlobal siyasi gündəmin əsas mövzusuna çevrildiyi dönüş mərhələsi kimi düşüb. Ötən bir il ərzində Prezident
İlham Əliyevin qətiyyətli siyasi iradəsi və Qərbi Azərbaycan İcmasının sistemli fəaliyyəti sayəsində "Qayıdış hüququ" beynəlxalq diplomatiyanın müzakirə masasına daşınıb, tarixi həqiqətlər hüquqi müstəvidə öz təsdiqini tapıb. Statistik göstəricilərimiz olduqca əhəmiyyətlidir. İcmanın rəhbərliyi tərəfindən BMT-nin ən nüfuzlu orqanları - Təhlükəsizlik Şurası, Baş Assambleya və İqtisadi və Sosial Şuranın rəsmi sənədi statusunda yayılan müraciətlərimizin sayı bu gün 11-ə çatıb. Xarici İşlər Nazirliyi ilə sıx koordinasiyada müxtəlif beynəlxalq mərkəzlərə ümumilikdə 119 məktub ünvanlanmışdır. Ermənistanın və bəzi qərəzli dairələrin həqiqətləri təhrif edən cəhdlərinə qarşı bu il 35, icmanın fəaliyyəti dövründə isə 339 bəyanatla çıxış edilərək, informasiya hücumlarının qarşısı vaxtında alınıb.
Qərbi Azərbaycana qayıdış soydaşlarımızın bütün beynəlxalq sənədlərdə təsbit olunan təməl hüququdur. Hər bir qərbi azərbaycanlı tarixi torpaqlarına, öz dədə-baba yurdlarına ləyaqətli, təhlükəsiz şəkildə qayıdışın reallaşacağına tam əmindir.
Rəhman SALMANLI,
"Azərbaycan"