16 Yanvar 2026 08:00
207
SİYASƏT
A- A+
İLHAM ƏLİYEVİN YARATDIĞI YENİ REALLIQLAR

İLHAM ƏLİYEVİN YARATDIĞI YENİ REALLIQLAR


BU REALLIQLARI BÜTÜN DÜNYA, ELƏCƏ DƏ ERMƏNİSTAN QƏBUL EDİR


Reallıq hamının gördüyü, bildiyi, yaşadığı gerçəkliyə deyilir.

Reallığı qəbul etməmək də mümkündür!

Amma bununla vəziyyət dəyişmir!

Reallığın özünü dəyişmək isə müşkül məsələdir və hamıya nəsib olmur!

Reallığı yalnız qeyri-adi şəxsiyyətlər, qeyri-adi güclər dəyişə bilirlər!

Bunu, əslində, "inqilabi dəyişiklik" kimi də qiymətləndirmək olar!

Yeni reallığı, başqa sözlə, "dəyişdirilmiş reallığ"ı da hamı qəbul etməyə bilər!

Yeni, mövcud reallığı hər kəsə, üstəlik, "ziyan çəkən tərəf"ə qəbul etdirmək isə bir özgə bacarıq, bir özgə hünərdir!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda yaratdığı yeni reallıqlar məhz bu qəbildən olan, dəyişdirilən və hamının qəbul etdiyi reallıqlardır!

***

"İkinci Qarabağ müharibəsindən beş il keçdiyini nəzərə alsaq, aydın şəkildə görürük ki, bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edib. Beləliklə, biz yerindəcə reallıq yaratdıq".

Bu iqtibas Azərbaycan Prezidenti cənab İlham Əliyevin yaxınlarda yerli televiziya kanallarına verdiyi müsahibədəndir.

Çox geniş spektivləri olan bu müsahibədə ölkəmizin dünəni, bu günü və sabahı ilə bağlı çoxsaylı məsələlərə toxunulmuş, ötən dövrdə görülən işlər, habelə qarşıda duran vəzifələr barədə geniş və maraqlı açıqlamalar verilmişdir.

Biz yalnız onların az bir qisminə toxunacağıq.

***

Azərbaycan qədim tarixə malik olsa da, müstəqil dövlət kimi hələ gəncdir.

Tale bizə əsrlər boyu müstəmləkəçilik şəraitində yaşamağı qismət etmişdir.

Gözəl təbiətimiz, zəngin yeraltı və yerüstü sərvətlərimiz, geosiyasi mövqeyimiz daim çoxlarının ağzını sulandırmışdır.

İstər qədim dövrlərdə, istər Rusiya imperiyası və fars imperiyası dövründə, istərsə də Sovetlər İttifaqı dövründə mahiyyətcə müstəmləkə şəraitində olmuşuq.

Doğrudur, müstəqil olmaq, müstəqil fəaliyyət göstərmək istəyi heç zaman bizi tərk etməyib və imkan düşən kimi bu istiqamətdə addımlar atmışıq...

28 may 1918-ci ildə bu istəyimizi ilk dəfə gerçəkləşdirə bildik.

LAKİN...

Cəmi 23 ay azad dövlət kimi yaşadıq!

Şimaldan əsən qırmızı taun müstəqilliyimizə son qoydu, bundan sonra yetmiş il ərzində kommunizm xülyası altında, qırmızı imperiyanın tərkibində yaşamalı olduq.

Yeni bir imkan yaranan kimi, SSRİ-nin süqutundan istifadə edərək yenidən müstəqillik arzumuzu gerçəkləşdirməyə can atdıq.

1991-ci ildə Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktını qəbul etdik!

HEYHAT!

Tarix burada da bizə ciddi sınaqlar hazırlamışdı.

Ulu Öndər Heydər Əliyev böyük siyasətdən müvəqqəti uzaqlaşdığından xalqımız əsl rəhbərsiz qalmışdı...

Azərbaycana maymaqlar, qorxaqlar başçılıq etdiklərindən vaxtında gərəkli və qətiyyətli addımlar atılmırdı...

Özlərini "demokrat", "azadlıq aşiqləri" adlandıran AXC-Müsavat cütlüyü isə naşılığı, səriştəsizliyi, bacarıqsızlığı, şəxsi mənafelərini xalqın maraqlarından üstün tutmalarına görə vəziyyəti daha da qəlizləşdirdilər, ölkəni xaos, anarxiya, qanunsuzluq və özbaşınalıq bataqlıqlarına sürüyərək məhvolma həddinə çatdırdılar.

"Köhnə məsələ"nin qabardılması, Qarabağ münaqişəsinə yenidən rəvac verilməsi nəticəsində vəziyyətdən yararlanan Ermənistan Rusiyaya arxalanaraq torpaqlarımızın işğalına başladı.

Xalqın arzu və tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtmasaydı, Azərbaycan nəinki müstəqil dövlət olacaqdı, əksinə, keçmişdəki kimi xırda xanlıqlara parçalanacaqdı.

Ulu Öndər Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi sayəsində Azərbaycan dövlətini, onun müstəqilliyini də qoruyub saxlaya, yeni inkişaf yoluna çıxara bildi.

Ömür bundan artığına imkan vermədi.

Xilaskarlıq missiyasını isə onun ən layiqli siyasi davamçısı cənab İlham Əliyev yerinə yetirməli oldu.

Azərbaycan tarixinin İlham Əliyev dövrünün də özünəməxsus çətinlik və problemləri vardı.

***

Azərbaycan Prezidenti İlham Əliyevin xarizmasından irəli gələn bir sıra xüsusiyyətlər hadisələrin sonrakı gedişatında Azərbaycanın öz üstünlüyünü qoruyub saxlamasına, daim diktə edən tərəf kimi çıxış etməsinə imkan yaradır.

Ulu Öndər Heydər Əliyev o dövrdə "Əsrin müqaviləsi"nin imzalanmasına nail olsa da, hələ ölkəyə neft gəlirləri daxil olmurdu.

Həllini gözləyən problemlər isə çox idi...

Onların uğurla çözülməsi üçün ardıcıl və məqsədyönlü səylər göstərilməsi tələb edilirdi.

İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı qəbul edilərək icrasına nail olundu:

* Ölkəyə elektrik enerjisi verilməsində yaranan fasilələrə son qoyuldu;

* Regionların təbii qazla təmin olunması qaydaya salındı;

* 48-50 faiz səviyyəsində olan işsizlik və yoxsulluq 5-6 faizə endirildi;

* Məcburi köçkünlər üçün 116 müasir tipli qəsəbə salınaraq onların həyat şəraiti xeyli yaxşılaşdırıldı;

* Sahibkarlığın inkişafına münbit şərait yaradıldı;

* Ölkədə idman sürətlə inkişaf etdirilərək yeni vətənpərvər gənc nəsil tərbiyə edildi və onlardan müasir ordu quruculuğunda geniş istifadə olundu;

* Hücum diplomatiyasına keçirilərək beynəlxalq təşkilatlarda iş gücləndirildi;

* Azərbaycanın balanslı və müstəqil xarici siyasəti sayəsində dostlarının sayı xeyli artdı, beynəlxalq siyasi nüfuzu əhəmiyyətli dərəcədə yüksəldi.

Lakin baş problemimiz - Qarabağ münaqişəsi həll olunmamış qalırdı...

Bunun əsas səbəbkarı isə ATƏT-in Minsk qrupu idi.

***

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu, əslində, boş və mənasız danışıqlarla vaxtı uzatmaqla məşğul olurdu.

Nə BMT, nə Avropa qurumları, nə də həmsədr dövlətlər məsələyə ciddi yanaşmır, əslində, ermənipərəst mövqe sərgiləməklə bizi işğala boyun əyməyə, onların təbirincə desək, "mövcud reallıqla barışmağa" sövq etməyə çalışırdılar.

İlham Əliyevin ən böyük uzaqgörənliyi onda oldu ki, sülh danışıqlarından geri çəkilmədi, ATƏT-in Minsk qrupunun "missiyası"ndan imtina etmədi!

"Opponentlərindən" fərqli olaraq münaqişənin yalnız hərbi vasitələrlə həll olunacağını bilərək buna məxfi və ciddi hazırlıqlar görməyə başladı.

Nəticədə XXI əsrin ən yeni müharibəsini aparacaq, yeni taktika və strategiya tətbiq edəcək, ən müasir silahlardan istifadə edərək ən qısa müddətdə qarşıya qoyulan vəzifəni yerinə yetirə biləcək möhtəşəm ordu yaratdı!

Bu ordu dördgünlük Aprel müharibəsində uğurla sınaqdan çıxdı!

Nəyi necə və nə vaxt etməyi yaxşı bilən Azərbaycan Prezidenti nə vaxt harada dayanmağı və hərbdən sülh danışıqlarına nə zaman keçməyi də müəyyənləşdirmək bacarığını nümayiş etdirdi:

"Biz həm 2020-ci ildə, həm 2023-cü ildə, həm də bu illər arasındakı olan hadisələr zamanı güc tətbiq edərək Ermənistana, yəni onlara layiq olan cavabı verə bilərdik. Necə ki bizim xalqımız əzab-əziyyət içində yaşayıb, necə ki bizim ərazilərimiz viran olunub, necə ki bizə qarşı hərbi cinayətlər törədilib, biz də onların şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdik. Tam rahatlıqla və əminliklə deyə bilərəm ki, heç kim bizi dayandıra bilməzdi. Biz bunu etmədik. Çünki birincisi, bu, nahaq iş olardı. İkincisi, mən tam əmin idim və bilirdim ki, gec-tez müharibə, hərbi qarşıdurma dayanmalıdır və bunu biz dayandırmasaq, bu dayanmayacaq. Bunu güclü tərəf dayandırmalıydı".

***

Ölkənin baş probleminin həlli - torpaqların işğaldan azad edilərək ərazi bütövlüyünün bərpası, dövlət suverenliyinin və konstitusiya əsaslarının təmini yeni reallıqların yaranması ilə nəticələndi.

Həm də bu reallığı bütün dünya, eləcə də Ermənistan qəbul etdi!

"Dəmir yumruğ"un, düşünülmüş, müdrik və uzaqgörən siyasətin nəticəsində yaranan yeni reallıqlar hansılardır?

Onların bir qismini birlikdə nəzərdən keçirək.

Bu gün Azərbaycan-ABŞ münasibətləri ən yüksək səviyyəyə çatmışdır.

Ancaq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayarkən bizə qarşı ən böyük ədalətsizliyi və pisliyi də ABŞ etmişdir.

Təcavüzə məruz qalan, torpaqları işğal edilən də Azərbaycan idi, ABŞ tərəfindən 907-ci düzəlişin hədəfinə çevrilən də.

ABŞ-dəki erməni diasporu tərəfindən ələ alınan, onun ianələrinin təsiri altında obyektivliyini və ədalət hissini itirənlər 907-ci düzəlişi təcavüzkara deyil, təcavüzə məruz qalana tətbiq etdilər.

Yerli televiziya kanallarına müsahibəsində İlham Əliyev həmin dövrdə baş verənlərə bir daha aydınlıq gətirdi:

"907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul edildi. O vaxt bizim torpaqlarımız artıq işğal altında idi, Şuşa, Laçın işğal altında idi. Ermənistan dövləti tərəfindən Xocalı soyqırımı törədilmişdi, xalqımıza qarşı hərbi cinayət törədilmişdi və Azərbaycanın torpaqlarının işğal altında olması təbii ki, Ermənistanı blokadaya almaq imkanlarını da sıfra endirirdi. Yəni ki, hansı blokadadan söhbət gedə bilərdi?! Nəzərə alsaq ki, Ermənistanın Gürcüstanla, İranla sərhədləri açıq idi, hətta Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə bağlanmışdır. Ona görə hər hansı bir blokadadan söhbət gedə bilməzdi. Ancaq erməni lobbisi və onun əhatə dairəsində olan senator və konqresmenlər belə bir ədalətsiz düzəlişi qəbul etdilər.

Onu da deməliyəm ki, onların bir çoxu artıq həyatda deyil, amma həyatda olanlar arasında çox maraqlı adlar da var. Onları siz tapa bilərsiniz, amma bir ad çəkməklə kifayətlənəcəyəm, o da ovaxtkı keçmiş senator, ondan sonra vitse-prezident, ondan sonra Prezident Co Bayden. Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərmişdir. Təkcə bu fakt kifayətdir ki, hər kəs anlasın, nə üçün bizim həm Obama-Bayden, həm Bayden-Blinken administrasiyası ilə münasibətlərimiz istənilən səviyyədə deyildi". 

ABŞ 11 sentyabr 2001-ci il hadisələrində çətin duruma düşdüyündən, Əfqanıstanda hərbi əməliyyatlar apardığından və buna görə Azərbaycana möhtac olduğundan Amerika Prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı.

Bayden-Blinken administrasiyası Əfqanıstandan xaotik şəkildə qaçdıqdan sonra Azərbaycanın bu yaxşılıqlarını unutdular, yenidən 907-ci düzəlişi qüvvəyə mindirdilər.

Hazırda Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub, Ermənistana Azərbaycan vasitəsilə buğda və yanacaq daşınır, Zəngəzur dəhlizinin (TRIPP) işə salınmasına ciddi hazırlıqlar görülür.

Belə bir vəziyyətdə 907-ci düzəlişin mövcudluğu yalnız gülüş doğurur və yəqin ki, Tramp administrasiyası onun tamamilə ləğv edilməsinə Konqres üzvlərini, xüsusilə Respublikaçılar Partiyasının üzvlərini inandıra biləcək.

***

Hazırda dünyada gedən müharibələr, baş verən hadisə və proseslər göstərir ki, artıq beynəlxalq hüququn yox, yalnız güclülərin sözü keçir!

Cənab İlham Əliyev öz müsahibəsində bu reallığa da məxsusi diqqət yetirdi:

"Öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan".

Belə bir vəziyyətdə nə etmək lazımdır?

İlham Əliyev bu sualın da cavabını verir:

"Bilirəm və görürəm, dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını gücləndirməlidir, təhlükəsizliyini gücləndirməlidir. Hətta Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır".

***

Dünyada gedən mühüm proseslərdən biri də süni zəkanın yaradılması və onun həyatımızın bütün sferalarına daxil olmasıdır.

Azərbaycan bu mühüm məqamı da nəzərə alır.

Dövlət başçısının qeyd etdiyi kimi, bu məsələ ilə bağlı güclü siyasi iradə və potensial mövcuddur.

Azərbaycanı regional süni zəka qovşağına, İT mərkəzinə çevirmək üçün müvafiq addımlar atılmaqdadır.

Maraqlı məqamlardan biri budur ki, məlumat mərkəzinin yaradılması çoxlu elektrik enerjisi tələb edir. Belə enerji ehtiyatına malik olan az qisim ölkələrdən biri də Azərbaycandır.

Cənab İlham Əliyevin açıqlamasına görə, artıq bu istiqamətdə müəyyən işlər də görülmüşdür:

"Kibertəhlükəsizlik mərkəzinin yaradılması, mütəxəssislərimizin təlimi ilə bağlı planlarımız və artıq icra olunmuş layihələrimiz var - biz bir çox mütəxəssislərimizi xaricə təlimlərə göndəririk və eyni zamanda Azərbaycanda təlimlər təşkil edirik - hədəfimiz bağlılıqla yanaşı, süni zəka və İT üçün bir haba çevrilməkdir".

***

Azərbaycan dünyanın bir sıra ölkələrinə neft və təbii qaz ixrac edir. Eyni zamanda neft, neft-kimya məhsulları, təbii qaz gübrələri də bu sıradadır.

Qaz nəqlinin coğrafi əhatə dairəsi 14 ölkədən ibarətdir.

Bu il bu siyahıya daha iki Avropa ölkəsi əlavə olunacaqdır.

Qürurverici haldır ki, dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəmərləri vasitəsilə təbii qazla təchiz etmir!

Ötən il qaz ixracı 25 milyard kubmetr olmuşdur.

Yeni, ən mühüm istiqamətlərdən biri bərpaolunan enerji istehsalı ilə bağlıdır.

Bizim təkcə külək enerji potensialımız 150 giqavatdan çoxdur, xüsusilə Xəzər dənizinin külək enerjisi potensialı kifayət qədər böyükdür.

Xarici dostlarımız bu sahəyə böyük investisiyalar yatırırlar, əsas investorumuz isə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətidir.

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti də sərmayədarlar sırasındadır.

Qısamüddətli planımız 8 giqavat gücündə enerji əldə etməkdir.

Mövcud planlara görə, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat Günəş, külək və su enerjisi sistemə daxil olunacaq.

Bununla paralel olaraq batareya saxlanc sistemləri də qurulmalıdır. 

Hazırda dövlət xətti ilə təxminən 250 meqavat gücündə birinci batareyalar qurulur.

Yaxın gələcəkdə "yaşıl enerji"nin Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə Avropaya ixracı nəzərdə tutulur.

*** 

30 ilədək Azərbaycanda davam edən reallıq 44 gündə darmadağın edildi.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına "dəmir yumruq"la son qoyuldu!

Lakin bu, hələ hamısı deyildi.

2023-cü il aprelin 23-də ölkəmiz üçün şər və xəyanət girişinə çevrilən "Laçın qapısı" bağlanaraq ölkənin ərazi bütövlüyü təmin olundu!

Həmin il sentyabrın 19-20-də isə daha bir qeyri-adi antiterror əməliyyatı keçirilərək konstitusiya əsasları və dövlət suverenliyi bərpa edildi!

Bu da hamısı deyildi.

2024-cü il iyunun 12-də ermənipərəst fəaliyyəti ilə məşhurlaşan Rusiya sülhməramlıları xoşluqla, musiqi sədaları altında Azərbaycan ərazisini tərk etdilər.

Beləliklə, daim Azərbaycana müstəmləkə nəzəri ilə baxan, ərazimizdə sərbəst şəkildə, istədiyi qədər hərbçi saxlayan Rusiyanın Azərbaycanda hərbi mövcudluğuna son qoyuldu.

Daha bir reallıq isə ondan ibarət oldu ki, ərazimizdə bir nəfər də olsun separatçı qalmadı!

Həsrətlə, çoxdan gözlədiyimiz bu reallıqların baş müəllifi və baş icraçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu!

Cənab İlham Əliyev Azərbaycan xalqını, Azərbaycan dövlətini bu xoşbəxtliyə, bu reallıqlara ölkəyə rəhbərliyinin iyirmi ili ərzində addım-addım, cəsarət və qətiyyətlə, siyasət və diplomatiya ilə, özünəməxsus gedişlər və hesablamalarla, ən nəhayət, "dəmir yumruğ"u ilə qovuşdurdu!

Azərbaycan Prezidenti İlham Əliyevin yaratdığı və qəbul etdirdiyi yeni, möhtəşəm reallıqlar 8 avqust 2025-ci ildə ABŞ-də - dünyanın birnömrəli ofisində dünyanın ən güclü Prezidenti D.Trampın iştirakı ilə keçirilən görüşdə möhürlənərək təsdiqini tapdı!

ABŞ Prezidenti D.Tramp Zəngəzur dəhlizinə öz adını verməklə onu da real gerçəkliyə çevirmiş oldu!

* Bəli, kim güclüdürsə, o haqlıdır!

* Kim güclüdürsə, o qalibdir!

* Yalnız güclülər reallıqları dəyişərək ədaləti bərpa edə bilir, yeni reallıqların müəllifinə çevrilərək onları hamıya qəbul etdirə bilirlər!

Azərbaycan Prezidenti cənab İlham Əliyev kimi!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstan 2025-ci ildə BTC boru kəməri ilə 1,3 milyon ton neft nəql edib  

09:49
16 Yanvar

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın ötən ilin yekunlarına dair iclası keçirilib  

09:49
16 Yanvar

Tramp: Maçadonun Nobel Sülh Mükafatını təqdim etməsi hörmət əlamətidir  

09:48
16 Yanvar

Vikipediya tarixin ən populyar sorğularını açıqlayıb  

09:46
16 Yanvar

Aİ İrana qarşı sanksiyaları sərtləşdirə bilər  

09:43
16 Yanvar

Maçado Nobel Sülh Mükafatını Trampa təqdim edib  

09:42
16 Yanvar

BMT TŞ-də İranla bağlı fövqəladə iclas keçirilib  

09:40
16 Yanvar

Nazir: Türkiyə Azərbaycanla birgə Suriyanın bərpasına töhfə verməyə çalışır  

09:39
16 Yanvar

Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı işinə başlayıb  

09:37
16 Yanvar

ABŞ Prezidenti Qəzza sülh planının ikinci mərhələsinə keçidi elan edib  

09:18
16 Yanvar

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümünə hazırlıq işləri aparılır

09:05
16 Yanvar

Oğul belə olar

09:00
16 Yanvar

Qəhrəmanların ömür və döyüş yolu gənc nəsillər üçün örnəkdir

08:55
16 Yanvar

Tolerantlıq və mədəni müxtəlifliyin Azərbaycan modeli

08:50
16 Yanvar

Tarixi zənginlik və strateji perspektivlər

08:45
16 Yanvar

Ermənistanda seçki gərginliyi: sülh və müharibə partiyalarının qarşıdurması güclənir

08:40
16 Yanvar

2026-cı il sülh ili ola bilər

08:35
16 Yanvar

Yeni ildə ilk sifariş Amerikadan gəldi

08:33
16 Yanvar

Qadın sahibkarlara dəstək davam edir

08:30
16 Yanvar

Su təhlükəsizliyinin qarantı

08:25
16 Yanvar

Doğma torpaqlara qayıdış davam edir

08:20
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!