24 Yanvar 2026 08:30
355
SİYASƏT
A- A+
İlham Əliyevin Davos diplomatiyası

İlham Əliyevin Davos diplomatiyası


Azərbaycan siyasi-iqtisadi və strateji tərəfdaşlarının sayını artırır


Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda (WEF) iştirakı Azərbaycanın xarici siyasətinə həm iqtisadi, həm də siyasi dividendlər gətirən strateji bir addım oldu. Davos forumu, sadəcə, iqtisadi konfrans deyil, dünya elitasının, dövlət başçılarının, nəhəng şirkətlərin və beyin mərkəzlərinin toplandığı nüfuzlu qlobal platformadır. Azərbaycan bu platformadan istifadə edərək özünün iqtisadi modelini, enerji təhlükəsizliyindəki rolunu və nəqliyyat-logistika potensialını dünyaya nümayiş etdirir. 

Prezident İlham Əliyevin forum çərçivəsindəki iş qrafiki olduqca zəngin və məhsuldar olub. Dövlət başçısı qısa müddətdə 5-dən çox dövlət və hökumət başçısı, 3 beynəlxalq təşkilat rəhbəri ilə mühüm siyasi görüşlər keçirib. Prezident dünyanın ən böyük 10 şirkət və maliyyə institutunun rəhbərləri ilə görüşüb, həmçinin panel müzakirələrində, təqdimat tədbirlərində iştirak edib. Bu qədər çoxsaylı və yüksəksəviyyəli görüşlərin qısa müddətə sığdırılması Azərbaycan Prezidentinin fəaliyyətində yüksək dinamizmini və ölkənin milli maraqlarını bütün platformalarda qətiyyətlə qorumasını nümayiş etdirir.

Xüsusilə vurğulamaq lazımdır ki, görüşlərin əksəriyyəti qarşı tərəfin müraciəti əsasında baş tutub. Bu, Prezident İlham Əliyevin şəxsi nüfuzunun və beynəlxalq aləmdə "sözü imzası qədər keçərli olan lider" kimi tanınmasının nəticəsidir. Eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, Orta dəhliz layihəsindəki mərkəzi mövqeyi ilə bağlıdır. Prezidentin Davosda iş qrafikinin sıx olması dövlət maraqlarının maksimum səviyyədə müdafiəsindən xəbər verir. Qərb və Şərq arasında körpü rolu oynayan, Avropanın enerji təhlükəsizliyində həlledici tərəfdaş olan Azərbaycana marağın böyük olması təbiidir və bu, diplomatik müstəvidə Bakının mövqeyini gücləndirir. Prezident İlham Əliyevin Davosdakı fəaliyyəti iqtisadi diplomatiyanın ən uğurlu nümunələrindən biridir. Forum çərçivəsində aparılan müzakirələr Azərbaycanın sabit, etibarlı və gələcəyə hədəflənmiş tərəfdaş imicini möhkəmləndirir. 

Transmilli şirkətlərin rəhbərləri ilə Davosda keçirilən görüşlər, sadəcə, protokol xarakteri daşımır, bunlar birbaşa xarici investisiyaların real layihələrə çevrilməsi üçün təməl rolunu oynayır. Xüsusilə "BlackRock" və Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) arasında imzalanan niyyət protokolu ölkəyə milyardlarla dollar investisiya potensialı vədləri ilə diqqət çəkir. "BlackRock" şirkətinin rəhbəri Larri Fink ilə görüş və ARDNF ilə imzalanan niyyət protokolu, Azərbaycanın qlobal maliyyə elitasındakı yerini tamamilə yeni bir pilləyə daşıyır. "BlackRock", sadəcə, bir şirkət deyil, idarə etdiyi 10 trilyon dollardan çox aktivlə dünyanın ən böyük investisiya meneceridir. Belə bir nəhəngin Azərbaycanla rəsmi protokol imzalaması ölkəmizin investisiya mühitinin beynəlxalq standartlara cavab verdiyinin ən yüksək təsdiqidir. Bu əməkdaşlıq digər transmilli korporasiyalar və fondlar üçün "Azərbaycana gəlin" çağırışı edən yaşıl işıq rolunu oynayır. 

Nüfuzlu şirkətlərin (bərpaolunan enerji, texnologiya və sənaye nəhəngləri) rəhbərləri ilə birbaşa təmaslar, ölkəyə qeyri-neft sektorunda birbaşa xarici investisiyaların cəlb edilməsinə də xidmət edir. Prezidentin Davosda nümayiş etdirdiyi iqtisadi diplomatiya sayəsində Azərbaycan yüksək texnoloji həllərin tətbiq olunduğu, "yaşıl enerji"yə keçid edən və qlobal təchizat zəncirində mərkəzi yer tutan strateji tərəfdaş kimi tanınır. Ölkəmiz, sadəcə, enerji ixracatçısı kimi deyil, həm də "yaşıl enerji" və rəqəmsal iqtisadiyyat sahəsində regional mərkəz kimi dünyaya təqdim olunur. "Dell", "Microsoft" və ya "Cisco" kimi texnologiya nəhəngləriylə təmaslar ölkədə rəqəmsal ekosistemin qurulmasına və yerli kadrların ən müasir standartlara uyğun yetişməsinə xidmət edir. Qeyri-neft sektoruna yatırılan hər bir dollar Azərbaycanın karbohidrogen resurslarından asılılığını azaldır və iqtisadi dayanıqlılığı artırır. Davos bu investisiyaların "yol xəritəsi"nin cızıldığı əsas platformadır. Azərbaycanın ənənəvi neft-qaz ölkəsindən "yaşıl enerji" ixracatçısına çevrilməsi beynəlxalq müstəvidə ən çox müzakirə edilən mövzulardan biridir. "Masdar", "ACWA Power" və "Fortescue" kimi şirkətlərlə qurulan tərəfdaşlıq Azərbaycanı Xəzər dənizinin külək və günəş enerjisi potensialını Avropaya nəql edəcək əsas oyunçuya çevirir. Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli və "Yaşıl Enerji Dəhlizi" layihəsi Azərbaycanın regiondakı geostrateji əhəmiyyətini yeni müstəviyə qaldırır. 

Davosda keçirilən önəmli siyasi görüşlər Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki çəkisini nümayiş etdirir. Ölkələrin reytinqi məhz bu cür yüksəksəviyyəli dialoqlarda formalaşır. Dünya liderlərinin Azərbaycan Prezidenti ilə aktual regional və qlobal məsələləri müzakirə etməsi rəsmi Bakının beynəlxalq arenada söz sahibi olduğunu təsdiqləyir. Belə platformalar Azərbaycanın post-münaqişə dövründəki bərpa işlərini və sülh gündəliyi haqqında həqiqətləri dünya ictimaiyyətinə birbaşa çatdırması üçün əvəzsizdir. İnvestorlar üçün ən mühüm faktor proqnozlaşdırıla bilən mühitdir. Azərbaycanın daxili siyasi sabitliyi və dövlət institutlarının çevik fəaliyyəti ölkəmizi regionun ən cəlbedici sərmayə mərkəzinə çevirməkdədir. 

Azərbaycan artıq münaqişə tərəfi yox, strateji fürsətlər təqdim edən bir ölkədir. Dövlətimizin siyasi nüfuzu iqtisadi uğurları şərtləndirir, iqtisadi güc isə öz növbəsində siyasi müstəqilliyi möhkəmləndirir. Bu sarsılmaz vəhdət Azərbaycanı müasir dünyada etibarlı tərəfdaş və qüdrətli dövlət kimi tanıdır. Hər bir dövlətin gücü onun səsinin nə qədər uzaqdan eşidilməsi ilə ölçülür. Davosdakı hər bir siyasi görüş Azərbaycanın beynəlxalq təşkilatlarda dəstəklənməsinə, yeni iqtisadi tərəfdaşlıqların yaranmasına və ölkənin milli maraqlarının qlobal səviyyədə qorunmasına xidmət edir. Heç şübhəsiz, bu mühüm görüşlər yaxın gələcəkdə ölkəyə yeni investisiya layihələri, güclü siyasi dəstək və beynəlxalq əməkdaşlıq formatları şəklində qayıdacaq.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq

10:38
24 Yanvar

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölən və xəsarət alanlar var

10:36
24 Yanvar

Tramp: Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik

10:34
24 Yanvar

ABŞ-ın vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

10:33
24 Yanvar

Tramp: Kanada elə ilk ili ərzində onları "yeyəcək" Çinlə əməkdaşlığa səs verdi

10:31
24 Yanvar

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

10:27
24 Yanvar

Sozar Subari: Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi region üçün mühüm hadisədir

09:29
24 Yanvar

Bilmək istəyirəm

09:25
24 Yanvar

Rusiya-Ukrayna: savaş masaya keçir?

09:20
24 Yanvar

İctimai xadim, yazıçı və pedaqoq

09:15
24 Yanvar

Elmdə iz qoyan alim 

09:10
24 Yanvar

Səhnənin sönməz ulduzu

09:05
24 Yanvar

Cəmiyyət öz gücünü birləşdirərsə...

09:00
24 Yanvar

Adını Vətənin azadlıq tarixinə yazdı

08:55
24 Yanvar

Köhnə ilin uğurları, yeni ilin vəzifələri

08:50
24 Yanvar

2025-ci il ağdamlılar üçün doğma yurda qayıdışın başlanğıc tarixidir

08:45
24 Yanvar

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

08:40
24 Yanvar

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

08:35
24 Yanvar

İlham Əliyevin Davos diplomatiyası

08:30
24 Yanvar

Azərbaycan sülhsevər imicini Davos İqtisadi Forumunda bir daha dünyaya nümayiş etdirdi

08:25
24 Yanvar

Bu forumda da Azərbaycanın logistika və enerji imkanları diqqət mərkəzində oldu

08:23
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!