Yaşadığımız həyatda yaddaqalan, əlamətdar günlər çox olub. Onları tez-tez xatırlayır, bir daha həmin günlərə qayıdırıq. Elə böyük əhəmiyyət daşıyan günlər də var ki, onları heç vaxt unutmaq olmur. Unutmadığımız günlərdən, hadisələrdən biri də 30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər və sonda qazanılan zəfərdir.
2020-ci ilin 27 sentyabrında erməni təxribatı nəticəsində başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi şanlı Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə başa çatdı. Uğurlu döyüşlərdən sonra uzun illər düşmən tapdağında qalmış torpaqlarımız işğaldan azad olundu. Ermənistan silahlı qüvvələri darmadağın edildi, diz çökdürüldü. 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan Zəfər Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə dünyaya gücünü, qüdrətini, mübarizliyini açıq şəkildə göstərdi. İşğalçılar üzərində qazanılan qələbədən dostlarımız sevindi, düşmənlərimiz yasa batdı.
Xalqımıza Zəfər sevinci yaşadan cəsur oğullar
Müharibələrdə qan tökülür, döyüşlər itkisiz olmur. Düşmən tərəfindən işğal olunmuş torpaqların azadlığı qurbanlar tələb edir. 44 günlük Vətən müharibəsində də xalqımızın mərd, vətənpərvər oğulları Qarabağ uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərərək uzun illər düşmən əsarətində qalmış torpaqlarımızın azadlığı uğrunda canlarından keçdilər. Cəsarətləri, igidlikləri ilə Azərbaycan xalqına Zəfər sevinci yaşatdılar.
Şəhidlik Vətən və xalq yolunda canını qurban verənlərin fəth etdiyi ən şərəfli, ən ali zirvədir. Bu ali zirvəyə çatmaq heç də hamıya nəsib olmur. İkinci Qarabağ müharibəsində şəhidlərimiz qəhrəmanlıq salnaməsi yaza-yaza sərhədlərimizi bütövləşdirdilər, xalqımızı qələbələri ilə sevindirdilər.
Vətənin azadlığı uğrunda gedən döyüşlərdə canını fəda edərək şəhidlik zirvəsinə ucalanların adları tarixin yaddaşına əbədi olaraq həkk olunur. Çünki onlar döyüşlərdə Vətən, dövlət və xalq qarşısındakı müqəddəs borclarını şərəflə, ləyaqətlə yerinə yetirirlər. Göstərdikləri qəhrəmanlıqları, cəsarətləri ilə xalqın böyük sevgi və rəğbətini qazanırlar.
44 günlük Vətən müharibəsində xalqımıza Zəfər sevinci yaşadan və şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də Xəyal Nuri Şakir oğludur. O, 12 fevral 1997-ci ildə Biləsuvar rayonunun Ağayrı kəndində dünyaya göz açmışdı. Bu kənddə Vüqar Rüstəmov adına tam orta məktəbində təhsil almışdı. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdı. Cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmət etmişdi. Erməni işğalçıları 2016-cı il aprel ayının ilk günlərində Xəyal Nurinin xidmət etdiyi hərbi hissənin mövqelərinə hücum etmişdilər. Başqa hərbçilərimiz kimi bu cəsur əsgər də silaha sarılaraq döyüşlərdə iştirak etmiş, torpaqlarımızı erməni işğalçılarından qorumuşdur.
Əyninə forma geyinərək Vətənə əsgər oldu
Kiçik yaşlarından hərbi sahəyə böyük maraq göstərən Xəyal ordu sıralarından tərxis olunduqdan sonra yenə də əyninə forma geyinərək Vətənə əsgər oldu. O, 2017-ci ildən Müdafiə Nazirliyinin "N" hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə başladı. Yenə də əldə silah yurdumuzun müdafiəsində dayandı.
27 sentyabr 2020-ci ildə erməni işğalçıları mövqelərimizə hücum edəndə Xəyal Nuri də böyük cəsarətlə döyüşlərə atıldı. Düşmən həmləsini dayandırmaq üçün cəsarətlə vuruşub, qəhrəmanlıq göstərib, qəsbkarların irəliləməsinin qarşısını almağa çalışdı. Xəyal kimi cəsur oğulların qəhrəmanlığı sayəsində işğalçılar geri oturdulub. Bundan sonra ordumuzun əks-hücumları başladı. Ürəyi Vətən eşqi ilə döyünən Nuri də ön sıralarda vuruşaraq dəqiq atəş zərbələri ilə qəsbkarları məhv etdi. İlk döyüşlərdən cəsarəti və hünəri ilə komandirlərinin və əsgər yoldaşlarının rəğbətini qazandı.
Təəssüf ki, cəsur əsgərin ömrü kimi döyüş yolu da qısa olub. Əsgər Xəyal Nuri 2020-ci ilin 29 sentyabrında Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun qəfil ölümü əsgər yoldaşlarını, komandirlərini, doğmalarını sarsıdıb. O, 4 noyabr 2020-ci ildə dünyaya göz açdığı Ağayrı kəndindəki qəbiristanlıqda doğmalarının, hərbçi yoldaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb.
Əsgər Xəyal Nuri Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Kiçik yaşlarından cəsarəti ilə seçilirmiş
Şəhid atası Şakir Nuriyev üçün nə qədər kədərli olsa da, oğlu haqqında danışdı. Dedi ki, xalqımıza qələbə sevincini yaşadan qəhrəman bir şəhidin atası olmaq onun üçün çox qürurludur.
- Xəyal Vətən torpağının hər qarışını canından əziz bilirdi, onun uğrunda ölümün gözünə dik baxa-baxa döyüşürdü. Qəhrəmanlığı ilə bir ailənin övladından, bütün Azərbaycan xalqının övladına çevrildi. Şəhidlər torpağın yox, onları sevən milyonların qəlbinə köçür. Mən 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradını izləyərkən sonsuz qürur hissi keçirdim. Bir daha fəxr etdim ki, böyük Qələbənin qazanılmasında minlərlə Vətən övladı kimi, oğlum Xəyalın da payı var. Torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda mənim də övladım vuruşub, qan töküb.
Sözünə davam edən şəhid atası deyir ki, Xəyal uşaqlıqdan mərdliyi, qorxmazlığı, vətənsevərliyi ilə seçilərdi. Böyüyüb yaşa dolduqca onun ürəyi uzun illər düşmən işğalında qalmış torpaqlarımızın, qəsbkarların ağır işgəncə və zülmlərinə məruz qalmış soydaşlarımızın qisasını almaq hissi ilə döyünürdü. 20 Yanvar, Xocalı faciələrindən ürək ağrısı ilə danışardı. Bu faciələri törədənlərə dərin nifrət bəsləyərdi, qisas hissi ilə yaşayardı. Onu döyüşlərdə düşmən üzərinə aparan da elə ürəyində coşub-daşan bu nifrət və qisas hissi oldu.
Prezident İlham Əliyevin rəhbərliyi altında gündən-günə iqtisadi gücü artan, dünyada böyük nüfuz qazanan dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısından razılıqla söz açan Şakir Nuriyev dedi ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva həmişə şəhidlərin xatirəsini əziz tutur, tez-tez şəhid ailələri ilə görüşür, onların qayğısına qalır. Bütün bunlar biz şəhid ailələrinə böyük təskinlik verir, ağrı-acılarımızı yüngülləşdirir.
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmiş oğlu haqqında danışarkən Lahidə ananın səsində əbədi ayrılığın ifadəsi olan qəhər və kövrəklik aydın hiss olunurdu. Amma bu kövrəklikdə bir qürur və iftixar da duyulurdu. Lahidə ana deyir ki, oğlu ilə fəxr edir. O, vətəninə, xalqına layiqli övlad idi.
- Xəyal xalqımızın həmişə qürur və iftixarla danışdığı Aprel döyüşlərində də iştirak etmişdi. Oğlum həmişə qələbəmizin rəmzi olan Lələtəpədə dalğalanan müqəddəs bayrağımızdan, Cocuq Mərcanlının abadlaşdırılmasından sevinclə, qürurla söz açardı. Əsgərliyini başa vurub evə qayıtdıqdan sonra təsərrüfatla məşğul olsa da, fikri səngərdə, hərbi hissədə qalmışdı. Heç yerdə rahatlıq tapa bilmirdi.
Şəhidliyin yaşı yoxdur
Xəyal Nuri valideynlərinin xeyir-duası ilə yenidən ordu sıralarında xidmətə başlamışdır. Həmin günləri xatırlayan ana danışır ki, Xəyal daim vətənpərvərliyi tərənnüm edən musiqilərə qulaq asar, daha çox bu mövzuda çəkilmiş filmlərə baxar, şəhidlərimizdən, onların döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan bəhs edən kitabları oxuyardı: "Deyərdi ki, Allah mənə də o ali məqama çatmağı qismət eləsin. Bunları ondan eşidəndə soruşardım ki, ay oğul, sən niyə bu yaşında belə danışırsan? Axı sən cavan oğlansan, yaşamalı həyatın hələ qabaqdadır. Bu sözləri məndən eşidəndə deyərdi ki, ana, şəhidliyin yaşı varmı? Mənim nəyim cavan yaşında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş oğullardan artıqdır. Xəyalın bu sualına cavab verməyə özümdə güc tapmadım. Baxdım ki, oğlum düz deyir, nə Vətən uğrunda döyüşməyin, nə də şəhidliyin yaşı yoxdur".
Cəsur əsgər Xəyal arzusuna qovuşdu, şəhidlik zirvəsinə ucaldı. Əsgər Xəyal Nuri 2020-ci il sentyabrin 29-da Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə üzərinə düşən tapşırığı yerinə yetirərkən şəhid oldu. Cəsarəti və hünəri ilə adını qəhrəmanlıq tariximizin səhifələrinə yazdı.
Şəhidin böyük qardaşı Vüqar onu xatırlayaraq dedi ki, Xəyalın üzü nurlu, əli çox bərəkətli idi. Asudə vaxtlarında təsərrüfatla məşğul olmağı xoşlayardı. Nə əkirdisə, nəyi torpağa basdırırdısa, bol məhsul gətirərdi, əli ruzi-bərəkətli idi.
Qardaşının ölümünü böyük kədər hissi ilə qarşılayan İqbal da nəmli gözlərini bir nöqtəyə zilləyərək dedi:
- Şəhidlər seçilmişlərdir. Buna görə də bu ali zirvəyə yüksəlmək heç də hamıya nəsib olmur. Onlar İlahinin əbədi-əzəli nurundan işıq alıblar. Qardaşım Xəyal da seçilmişlərdən biri idi. Biz onunla fəxr edir və qürur duyuruq.
Qardaşı Əlisahib də Vətən qarşısındakı müqəddəs borcunu şərəflə yerinə yetirərkən şəhid olmuş Xəyal haqqında kədərlə danışdı. Ötüb keçənləri xatırlayaraq dedi ki, qardaşını uğrunda şəhid olduğu Füzuli rayonuna ilk dəfə özü aparıb: "Bu gözəl yerlərlə onu mən tanış etmişdim. O vaxtlar heç ağlıma da gəlməzdi ki, qardaşım ilk dəfə ayaq qoyduğu bu yerlərin azadlığı uğrunda şəhid olacaq. Deməli, qismətdən qaçmaq mümkün deyilmiş. Xəyal müdafiəsinə qalxdığı Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gəldi. Vətən uğrunda şirin canından keçərək uca məqama yüksəldi. Qardaşımı həmişə igid bir əsgər kim xatırlayacağıq".
Dörd igid qardaşın yeganə bacısı olan Elmira xanım isə dedi ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Xəyalı hər gün ehtiramla xatırlayır: "Yaxşı deyiblər ki, şəhidlər ölməz - Vətən bölünməz! Qardaşım qorxmaz, cəsur bir oğlan idi. Xəyal qısa, amma şərəfli bir ömür yaşadı. İnanıram ki, onun ömür və döyüş yolu gələcək nəsillər üçün həmişə bənzərsiz bir örnək, əvəzsiz bir nümunə olacaq. Gənclər igidlikdə, qəhrəmanlıqda belə oğullara oxşamağa çalışacaqlar".
Xalqımız Vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş cəsur oğullarını heç vaxt unutmur. Daim onların xatirəsini əziz tutur, hörmətlə anıb yad edir. Xəyalın özü də, qəhrəmanlığı da həmişə ehtiramla xatırlanacaq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"