Madaqaskar hakimiyyəti 13 nəfəri keçid prezidenti Mikael Randrianirinaya qarşı sui-qəsd və dövlət çevrilişi planlaşdırmaqda ittiham edib. Bu barədə prokuror Narindra Rakotoniaina məlumat verib. Onun "L'Express de Madagascar" qəzetinə bildirdiyinə görə, saxlanılanlar prezidentə qarşı sui-qəsd cəhdində və çoxdan planlaşdırılan dövlət çevrilişi cəhdində iştirak ediblər. Bu hərəkətlər prezidentin həyatına qarşı sui-qəsdin bir hissəsidir.
Baş prokuror sui-qəsdin sübutu kimi qrup üzvləri arasında yazışmaları nümayiş etdirib. Təqsirləndirilən şəxslərin hesablarında 20 milyard Madaqaskar ariarisi (təxminən 4,8 milyon dollar) da tapılıb.
Saxlanılanların bəzilərinin etiraf etdiyi kimi, bu pul cinayətkar planın həyata keçirilməsi üçün istifadə edilməli idi.
Qəzet qeyd edir ki, Madaqaskar hakimiyyəti indiyə qədər cinayətkarlardan 11-ni saxlayıb və daha iki nəfər hələ də axtarışdadır. Saxlanılanların evlərində axtarışlar zamanı müstəntiqlər xeyli miqdarda pul, eləcə də çoxsaylı silahlar aşkarlayıb və müsadirə ediblər. Şübhəlilər arasında "artıq dövlət çevrilişində iştirak etmək niyyətini açıq şəkildə bəyan etmiş" general da daxil olmaqla, hərbçilər də var.
Madaqaskar hakimiyyəti polkovnik Patrik Rakotomamondjini "cinayətkar əməliyyat"ın təşkilatçılarından biri adlandırıb. Qəzetin yazdığına görə, o, Madaqaskar prezident administrasiyasında çalışıb, lakin yanvar ayında vəzifəsindən azad edilib.
Rakotomamondji sosial mediada hökuməti tənqid edən, onu sui-istifadədə ittiham edən və silahlı qüvvələri "məsuliyyəti öz üzərinə götürməyə" çağıran yazılar paylaşıb.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Madaqaskarın keçmiş prezidenti Andri Rajoelina ölkə daxilində etirazlar fonunda hökumətin buraxıldığını elan edib. Ada ölkəsində sentyabrın 25-dən bəri elektrik və su kəsintiləri ilə bağlı kütləvi nümayişlər keçirilirib və sonradan iğtişaşlara çevrilib.
Daha sonra, oktyabrın 13-də Rajoelina Fransa hərbi təyyarəsi ilə ölkəni tərk edib. O, helikopterlə İl Sent-Mari adasına yollanıb və oradan guya Dubaya gedən Fransa hərbi təyyarəsinə minib.
Madaqaskar Milli Assambleyası daha sonra prezidentin impiçmentinə səs verdi. İmpiçmentdən sonra hərbçilər hakimiyyəti ələ keçirdiklərini elan ediblər. Polkovnik Mikael Randrianirina yeni dövlət başçısı olub.
2025-ci il oktyabrın 17-də Ali Konstitusiya Məhkəməsi Mikael Randrianirinanın keçid dövrü üçün prezident kimi andını qəbul edib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”