Araşdırmalar göstərir ki, qocalmaya müsbət münasibət insanların özlərini daha gənc hiss etməsinə və daha uzun ömür sürməsinə kömək edə bilər. Mütəxəssislər bildirirlər ki, yaş ayrı-seçkiliyi ilə mübarizə həm fərdi sağlamlıq, həm də cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir.
Ümumdünya Səhiyyə Təşkilatının yaş ayrı-seçkiliyi ilə bağlı qlobal hesabatında qeyd olunur ki, yaş əsasında insanlara və ya özünə qarşı formalaşan mənfi düşüncə, hiss və davranışlar insanların həyat keyfiyyətinə ciddi təsir göstərir. Hesabatda vurğulanır ki, bu cür qərəzlərin aradan qaldırılması daha bərabər və sağlam cəmiyyətin qurulması üçün vacibdir.
Məlumata görə, yaş ayrı-seçkiliyi xüsusilə yaşlı insanlar arasında daha geniş yayılıb. Böyük Britaniyada hər üç nəfərdən biri yaşa görə qərəz və ayrı-seçkiliklə qarşılaşır. ABŞ-də aparılan araşdırmada isə 50-80 yaş arası şəxslərin 93 faizi gündəlik həyatda bu hallarla üzləşdiyini bildirib.
Kanadanın MakMaster Yaşlanma Araşdırmaları İnstitutunun elmi direktoru Parminder Raina bildirib ki, yaşlanma müasir səhiyyə sisteminin ən böyük nailiyyətlərindən biridir. Onun sözlərinə görə, yaşlı insanların hamısının zəif və kövrək olması ilə bağlı stereotiplər həqiqəti əks etdirmir: “Əksər yaşlı insanlar müstəqil yaşayır, aktiv həyat tərzi sürür və cəmiyyətə töhfə verməyə davam edir”.
Tədqiqatlar göstərir ki, yaşlanma ilə bağlı mənfi stereotiplər insanların özünəinamını azaldır, fiziki və zehni sağlamlığa mənfi təsir göstərir. Bu isə depressiya, narahatlıq, sosial təcrid və idrak funksiyalarının zəifləməsi ilə nəticələnə bilər. Yel İctimai Səhiyyə Məktəbinin professoru Bekka Levinin araşdırmasına əsasən, yaşlanmaya müsbət yanaşan insanlar mənfi baxışa malik olanlardan orta hesabla 7,5 il daha çox yaşayır.
Alimlər, həmçinin qeyd edirlər ki, yeni bacarıqlar öyrənmək, fiziki aktivliyi qorumaq və müxtəlif yaş qrupları ilə sosial əlaqələri gücləndirmək uzunömürlülüyə müsbət təsir göstərir. Mütəxəssislər yaş ayrı-seçkiliyinin aradan qaldırılması üçün həm cəmiyyət səviyyəsində stereotiplərin dəyişdirilməsinin, həm də fərdi səviyyədə müsbət yaş inanclarının formalaşdırılmasının vacib olduğunu bildirirlər.
Təhminə VERDİYEVA,
“Azərbaycan”