Davos Dünya İqtisadi Forumunun son illərdəki tədbirlərinin hamısında Azərbaycana maraq böyük olub. Bu baxımdan forumun 56-cı tədbiri də istisna təşkil etmədi. Forum bu dəfə də ölkəmizin iqtisadiyyatının qlobal səviyyədə təqdim edildiyi və dünyanın diqqət mərkəzində olduğunu göstərən bir məkana, platformaya çevrildi.
Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində aparıcı maliyyə institutları və sənaye şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərə Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi də demək olar. Çünki bu görüşlərdə ölkəmizdə mədənçilik, bərpaolunan enerji, süni intellekt və məlumat mərkəzləri xarici sərmayələrin cəlb olunması baxımından strateji investisiya prioritetləri kimi müəyyən edilib. Forum çərçivəsində aparılan müzakirələr Azərbaycanın institusional investorlar üçün strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdiyini təsdiqləyir.
Götürək elə dövlətimizin başçısının Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə görüşünü. Görüşdə enerji, regional nəqliyyat bağlantıları, humanitar minatəmizləmə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunulub. Marta Kos Avropa İttifaqının Azərbaycanın humanitar minatəmizləmə sahəsində fəaliyyətinə, həmçinin Naxçıvanın dəmir yolu xəttinin bərpası layihələrinə dəstək göstərməyə hazır olduğunu qeyd edib.Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bir çox sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu vurğulanıb və bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşündə ölkəmizlə bu qurum arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bankın Azərbaycanda bir sıra uğurlu layihələr icra etdiyi bildirilib. Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı çərçivəsində qəbul olunmuş layihələrin maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin bərpaolunan enerji sektorunda fəaliyyətin, Naxçıvanın nəqliyyat sisteminin yenilənməsinin, ölkəmizin ayrı-ayrı bölgələrində məişət tullantılarının zərərsizləşdirilməsi layihələrinin maliyyələşdirilməsi ilə bağlı fikir mübadiləsi olub.
Vurğulayaq ki, Azərbaycan nail olduğu yüksək göstəricilər, həyata keçirdiyi qlobal layihələr, qazandığı etibarlı tərəfdaş imici sayəsində hər il Davos forumunun diqqət mərkəzində olur. Tədbirdə iştirak edən dünyaşöhrətli şirkətlərin bir çoxunun rəhbəri Azərbaycan Prezidenti ilə görüşmək, ölkəmizlə əməkdaşlığı davam etdirmək, yaxud yeni əlaqələr qurmaq barədə müzakirələr aparmaq istəyirlər. Bu dəfə də belə oldu.
Davosdakı bir sıra görüşlərdə dünyanın tanınmış şirkətləri Prezidentimizə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə əlaqələrini genişləndirmək məqsədlərini bəyan ediblər. Belə ki, dövlətimizin başçısının Davosda "J.P.Morgan", "Global Infrastructure Partners" (GIP), "Brookfield Asset Management" və digər şirkətlərin rəhbərləri ilə görüşləri olub. Bunlar indiyədək ARDNF ilə uğurlu əməkdaşlıq edən və bundan məmnun qalan şirkətlərdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət proqramları şöbəsinin müdiri Lətif Zeynallı qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə "BlackRock" və "Global Infrastructure Partners" arasında imzalanan niyyət protokolu ölkənin suveren sərvətlərinin qlobal dəyər zəncirinə daha dərin inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır. Məlumat mərkəzləri, süni intellekt infrastrukturu və hava limanı infrastrukturu kimi sahələrin prioritetləşdirilməsi ARDNF-nin investisiya portfelində ənənəvi aktivlərdən yüksək texnoloji və real sektor yönümlü aktivlərə mərhələli keçidi əks etdirir. Bu yanaşma həm gəlirliliyin diversifikasiyası, həm də uzunmüddətli dayanıqlılığın təmin olunması baxımından müasir suveren fond idarəetmə prinsiplərinə tam uyğun hesab olunur.
"J.P. Morgan", "DP World", "Vestas Wind Systems" və "BTG Pactual" kimi aparıcı şirkətlərlə aparılan müzakirələr Azərbaycanın makroiqtisadi sabitliyinin və fiskal intizamının beynəlxalq maliyyə bazarlarında yüksək etimad qazandığını təsdiqləyir. Təsadüfi deyil ki, Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirən, idarə etdiyi aktivlərin həcmi 4 trilyon dollardan artıq olan "J.P. Morgan" şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ölkəmizdə sabit və etibarlı investisiya mühitinin mövcudluğunu vurğulayıb.
Görüşlər zamanı təxminən yarım trilyon dollardan çox aktivləri idarə edən "BTG Pactual" şirkətinin sədri Andre Esteves ARDNF ilə mümkün əməkdaşlıq istiqamətləri və strateji prioritetlər ətrafında ilkin müzakirələrin aparıldığını, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqların davam etdirildiyini bildirib. Bundan başqa, SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) fəaliyyətinin maliyyələşdirilməsi, bərpaolunan enerji və nəqliyyat-logistika layihələri üzrə əməkdaşlıq imkanları ölkəmizin qeyri-neft sektorunun dərinləşdirilməsi və "yaşıl transformasiya" gündəliyinin praktik investisiya alətlərinə çevrildiyini göstərir.
Baş ofisi Rotterdam şəhərində yerləşən, dünyanın aparıcı neft ticarəti şirkətlərindən biri olan "Vitol"un da ölkəmizə marağı böyükdür. Bunu şirkətin baş icraçı direktoru Rassel Hardi Prezidentimzlə görüşdə bildirib. Söhbət zamanı Azərbaycanda həyata keçirilən neft strategiyası barədə məlumat verilib, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində roluna toxunulub. Bu xüsusda bir sıra Avropa ölkələrinin Azərbaycan qazı ilə təchiz edilməsi vurğulanıb. Ölkəmizlə bu şirkət arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Davosda çəkilən yeni əməkdaşlıq konturları iqtisadiyyatın ayrı-ayrı sahələrini əhatə edir. Prezident İlham Əliyevin dünyanın İT üzrə nüfuzlu şirkətlərindən biri olan Amerika Birləşmiş Ştatlarının "Dell Technologies"in Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Adrian Makdonald ilə görüşünü xatırlatmaq yerinə düşər. Təsadüfi deyil ki, görüş zamanı Azərbaycanda mövcud əlverişli investisiya mühitinin xarici sərmayədarlar üçün də cəlbedici olduğu vurğulanıb. "Dell Technologies"in Azərbaycanda fəaliyyəti və bu şirkətin iştirakı ilə ölkəmizdə superkompüter mərkəzinin yaradılması qeyd edilib, onun resurslarının süni intellekt və qərar qəbuletmə sahələrində tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin İT infrastrukturunun qurulması və modernləşdirilməsi, şəbəkə avadanlıqları, məlumat mərkəzləri və bulud infrastrukturu layihələri, o cümlədən qabaqcıl məlumat mərkəzlərinin layihələndirilməsi və tətbiqi ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Bir sözlə, Davos Dünya İqtisadi Forumunda fəal iştirakı Azərbaycanın sabit, islahatlara açıq və proqnozlaşdırılan iqtisadi siyasət yürüdən ölkə imicini daha da gücləndirdi. Azərbaycan bu platformada regional iqtisadi mərkəz kimi mövqeyini daha da möhkəmləndirdi. Etibarlı enerji təchizatçısı statusunu bir daha nümayiş etdirdi. Ölkəmizə həm siyasi, həm də iqtisadi etimad daha da artdı.
Flora SADIQLI,
"Azərbaycan"