"Altı il öncə Ermənistanın silahlı quldur birləşmələrindən azad edilən Qarabağ bölgəsinə - Xocalıya, Ağdama, Füzuliyə, Cəbrayıla, Ağdərəyə, Şuşaya, Xankəndiyə, Suqovuşana - doğma yurdlarına qayıdanları görəndə ürəyimiz atlanır, istəyirdik ki, Prezidentimiz belə bir qayıdışı bizə də nəsib etsin".
Bu sözləri Zəngəzur mahalının Urud kəndində anadan olan və erməni vəhşilikləri ucbatından 1988-ci ilin qarlı-şaxtalı qış günlərində ailəsi ilə birlikdə doğma yurd-yuvasını məcburi tərk edən Hüsniyyə Əliyeva (Şahverənova) deyib. Həmçinin bildirib ki, doğma yurdlarında normal yaşamaq üçün hər cür şəraitləri var idi: "Atam dağ-mədən tuneli işində çalışırdı, anam isə evdar qadın idi. Ailədə 2 oğlan, 3 qız uşağı idik. Yaxşı mülkümüz, geniş həyətimiz, biçənək yerimiz və bağ-bağatımız, istənilən meyvə ağaclarımız, ayrıca böyük ərik sahəmiz vardı. Kartofçuluqla da məşğul olurduq. Valideynlərim əsasən dədə-babadan qalma arıçılıqla məşğul idilər, 50 arı ailəsi saxlayırdıq. Bir sözlə, əlimizin zəhməti ilə firavan dolanırdıq. Lakin faşist siyasətinin əsiri olan ermənilər biz azərbaycanlıları öz kəndimizdə rahat yaşamağa qoymurdular. İmkan düşən kimi saqqallı ermənilər cinayətkar əməllərindən əl çəkmirdilər, soydaşlarımızı müxtəlif yollarla incidərək kənddən perik salırdılar, ev-eşiklərinə yiyə dururdular. Uşaq vaxtlarımdan yaxşı yadımdadır ki, böyüklərimiz erməni nankorluğu, erməni xəyanəti, çörək qədri bilmədikləri barədə çox danışırdılar. Soydaşlarımızın 1918-ci ildən başlanan deportasiyasının 1948-1953-cü illərdə kütləvi xarakter aldığını və on minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salındıqlarını ürək ağrısı ilə xatırlayırdılar".
Həmsöhbətimin sözlərinə görə, 1980-ci illərdən başlayaraq, erməni vəhşilikləri daha da şiddətləndi. Camaatı dövlət səviyyəsində ən kəskin formada incitməyə başladılar. Azərbaycanlılar məcbur olub uşaqları, qadınları gözdən kənar yerlərdə saxlayırdılar: "Yadımdadır, qoca nənəmlə bibimi atam gecəykən aparıb yaydan-yaya getdiyimiz Əriklikdəki evimizdə gizlətdi. 1988-ci ilin qış fəslinin qarlı-çovğunlu vaxtında bütün azərbaycanlıları kütləvi şəkildə kənddən çıxarırdılar, daha doğrusu, qovurdular. Hamı kimi, bizim ailə də yurdumuzu tərk etməli oldu. Uşaqların kiçik, qocaların xəstə olmasına baxmayaraq, saqqallılar evdən nəisə götürməyə imkan vermədilər. Ailəmiz Uruddan çıxandan sonra qoca Züleyxa nənəmlə Zəhra bibimi götürüb kəndi axırıncı tərk edənlərdən biri Süleyman əmimlə atam oldu".
Müsahibim onu da qeyd etdi ki, mənim və mənim kimi minlərlə qərbi azərbaycanlının başına gələnlərin sübutu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın vaxtilə böyük qürur hissi ilə etdiyi çıxışında da öz əksini tapmışdır. Bu cəllad demişdir: "Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 il həll edə bilmədiyi problemi həll etdi. Ermənistan və Artsax tamamilə əcnəbilərdən təmizləndi. Yenə deyirəm, bu, 600 illik problem idi və onun əhəmiyyətini erməni xalqı hələ 600 il də bundan sonra hiss edəcək. Təsəvvür edin, bu gün Ermənistanda 180 min əcnəbi olsaydı, bizim dövlətimiz olmazdı. Zəngəzuru qoruya, şimal-şərq rayonlarımızı qoruya, Sevan sahilini qoruya bilməzdik, burada bir neçə yeni muxtariyyətimiz olacaqdı. Yada salaq ki, azərbaycanlılar üç bölgədə çoxluq təşkil edirdi: Vardenis, Masis, Amasiya - bütün Zəngəzur zonasında onların sayı çox idi. Bu problem həll olundu". Ter-Petrosyanın bunu etiraf etməsi sözügedən cinayətlərə görə Ermənistanın dövlət kimi məsuliyyətini və bu cinayətlərin sistemli olaraq mütəşəkkil şəkildə törətməsini sübut edir.
Həmsöhbətim onu da bildirdi ki, həmin vaxt qohumlarının çoxu Azərbaycanın müxtəlif rayonlarında məskunlaşdılar: "Biz Sumqayıta gəldik. Sonra Bakıya köçdük. Allah erməninin bəlasını versin. O qədər qohum-əqrəba, dost-tanış hərəsi bir tərəfə üz tutdu. Qardaşım Nəsib indi Xətai rayonunda, digər qardaşım Binəqədidə yaşayır. Aran rayonlarında məskunlaşanların çoxu içi biz qarışıq kəskin iqlim dəyişikliyinə uyğunlaşmaqda çətinlik çəkir, tez-tez xəstələnirdi, yaşlılar heç dözə bilmirdilər... Qoca Züleyxa nənəm, Zəhra və Ziba bibim "Urud! Urud!" deyə dünyalarını dəyişdilər. Həyat yoldaşım da qərbi azərbaycanlıdır, Qarakilsə rayonunun Şəki kəndindəndir. Oğlum, qızım, nəvələrim var. Çox sağ olsun Azərbaycan hökumətini, dolanışıq sarıdan heç bir çətinliyimiz yoxdur. Artıq yaşlanmışam, amma o yerlərdə keçən uşaqlığım, orta məktəb illəri, şagird yoldaşlarım yadıma düşəndə ürəyimin başı göynəyir. Şəraitimizin yaxşı olmasına baxmayaraq, doğma yurdumuz olan Qərbi Azərbaycan üçün çox darıxırıq və qayıdış gününü səbirsizliklə gözləyirik. Səmimi deyirəm, Prezident İlham Əliyevin qarşıya qoyduğu məsələlər biz qərbi azərbaycanlıların doğma torpaqlarımıza qayıtmaq ümidini birəbeş artırıb. Ən böyük istəyimiz əzəli torpaqlarımıza qayıdıb orada rahat yaşamaq, bayram tonqalları yandırmaqdır. Əminik ki, Prezidentimizin qətiyyəti sayəsində uzun illər ürəyimizdə gəzdirdiyimiz bu arzumuz da reallaşacaq".
Rəhman SALMANLI,
"Azərbaycan"