03 Aprel 2026 08:55
133
CƏMİYYƏT
A- A+
Samidin qəhrəmanlıq dastanı

Samidin qəhrəmanlıq dastanı


Qəhrəmanlıq tarixi bəzən  bir günə, bir gecəyə də sığır. Bəzən elə hadisələr də baş verir ki, bir insanın taleyi bütöv bir xalqın yaddaşına çevrilir. 2016-cı ilin aprelində baş verən döyüşlər xalqın yaddaşına qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir. 

İllərlə səngərdə gözünü qırpmadan dayanan, Vətənin hər qarış torpağını ruhunda, canında yaşadan, ürəyində daşıyan Azərbaycan əsgəri hər an döyüş əmrini gözləyirdi. Nəhayət, o an 2016-cı ilin aprelində  yetişdi. Düşmənin təxribatına cavab olaraq əks-hücum əmri verildi. Bu, təkcə bir hərbi əməliyyat deyildi, illərlə davam edən həsrətin, qürurun, haqq savaşının başlanğıcı idi.

Həmin gün ön sırada olanlardan biri də mayor Samid Gülağa oğlu İmanov idi.  Uşaqlıqdan arzusu zabit olmaq, işğal olunmuş torpaqları azad etmək idi. Bu arzu onu Neftçalanın Həsənabad qəsəbəsindən ən çətin hərbi təlimlərə, beynəlxalq kurslara, döyüş meydanlarının ön xəttinə qədər gətirib çıxarmışdı.

Zabit Samid İmanov əsgərlərinə yalnız tabeliyində olan döyüşçü kimi baxmırdı. Onlar onun üçün silahdaşdan da artıq yaxın dost, sirdaş, Vətənin canlı parçası idilər. Bu səbəbdən də döyüş meydanında verdiyi hər qərar yalnız taktiki yox, həm də vicdanın, insanlığın səsi idi. Aprel döyüşləri onun qəhrəmanlıq səhifəsinin zirvəsi oldu. Tərtərin Talış kəndi istiqamətində gedən döyüşlərdə Samid ön xətdə idi. O, düşmənlə üz-üzə, mərmi yağışı altında geri çəkilməyi yox, irəli getməyi seçmişdi. Çünki onun üçün geri çəkilmək yalnız mövqe dəyişikliyi demək deyildi, həm də bir zabit şərəfinin, döyüşçü ləyaqətinin sınağı demək idi. Bir də Samid geri çəkilməyi sevmirdi.

Samid  kimi zabitlər məhz belə məqamlarda tarix yazırlar. Onun həyatı  iradənin, peşəkarlığın və vətən sevgisinin canlı nümunəsidir. 1981-ci ilin payızında Neftçalanın Həsənabad qəsəbəsində dünyaya göz açan gənc hələ məktəb illərindən Vətənə xidmət etməyi özünə məqsəd seçmişdi. 1998-ci ildə daxil olduğu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində qazandığı biliklər və aldığı tərbiyə onu gələcəyin peşəkar zabitinə çevirdi. Həmin məktəbi fərqlənmə ilə bitirməsi və Ulu Öndər tərəfindən mükafatlandırılması onun nə qədər seçilən bir hərbçi olduğunun ilk göstəricilərindən idi.

O, sadəcə nəzəri biliklərlə kifayətlənmədi. Türkiyədə, Pakistanda, İsveçrədə, Rumıniyada keçdiyi təlimlər, qatıldığı beynəlxalq kurslar onun hərbi təcrübəsini  daha da genişləndirdi. "Komando təlimi", "Paraşütdən sərbəst atlama", "Antiterror əməliyyatları", "Dağ təlimləri" - bütün bunlar Samidin simasında müasir, çevik və yüksək hazırlıqlı xüsusi təyinatlı zabit formalaşdırdı.

2014-cü ildə təmas xəttində baş verən gərginlik zamanı onun rəhbərlik etdiyi dəstənin düşmən arxasına keçərək uğurlu əməliyyat həyata keçirməsi, qarşı tərəfin xeyli canlı qüvvəsini məhv etməsi onun döyüş təcrübəsinin və liderlik keyfiyyətlərinin bariz nümunəsi idi. Bu, artıq təkcə bir zabitin uğuru yox, Azərbaycan Ordusunun gücünün, iradəsinin göstəricisi idi.

Amma Samidin həyatında ən böyük imtahan 2016-cı ilin aprelində oldu. Aprelin 3-dən 4-nə keçən gecə… Talış istiqamətində səngərlər od-alov içində idi. Bu gərgin məqamda Samid yenə ön sırada idi. Gecənin səssizliyi gurlayan mərmi səsləri ilə parçalanır, torpaq sanki hər partlayışda titrəyirdi. Qəhrəman zabitin gözləri parıldayır,ürəyi qəzəb, nifrət hayqırırdı. Bu, adi bir döyüş deyildi, illərlə yığılan qəzəbin, ədalət istəyinin savaşı idi. Belə bir məqamda döyüşün ən qızğın anında o, ayağından və çiynindən qəlpə yarası aldı. Buna baxmayaraq, Samid irəliləməkdə davam etdi. Əsgərləri onu döyüş meydanından çıxarmaq istədikdə, qətiyyətlə etirazını bildirdi. Onun üçün özünün yox, əsgərinin həyatı daha önəmli idi. O, yaralı gizirin çıxarılmasını əmr etdi. Bu, sadəcə bir əmr deyildi, bir zabitin öz əsgərinə olan sevgisinin, məsuliyyətinin ifadəsi idi.

Əsgərləri geri qayıdanda isə Samid artıq orada yox idi… O, əsir düşməmək üçün son gücünü toplayaraq mövqeyini dəyişmişdi. Bütün mərmiləri bitmiş, əlində yalnız bir qumbarası qalmışdı. Qəhrəman zabit ya düşmənə əsir düşməli, ya da son nəfəsinə qədər döyüşməli idi. Samid ikinci yolu seçdi. Çünki o, lazım gəldikdə şərəflə ölməyi də bacaranlardan idi. Geri dönən əsgərləri onu nə qədər axtarsalar da, səhərə qədər  tapa bilmədilər. Samid şəhid olmuşdu. Aprelin 8-də nəşi neytral ərazidən götürülərək doğma Neftçalaya gətirildi. Bir ailə övladını itirdi, Vətən bir qəhrəman qazandı.

Samid İmanovun həyatı və döyüş yolu bir daha sübut etdi ki, Vətən sevgisi sözlə deyil, əməllə ölçülür. O, arzuladığı kimi yaşadı - zabit kimi, komandir kimi, Vətənin keşiyində duran bir əsgər kimi.

Aprel döyüşləri Azərbaycan xalqına yalnız qələbə sevinci yox, həm də belə igid oğulların varlığı ilə qürur duymaq haqqı verdi. Bu döyüşlər göstərdi ki, illərlə gözlənilən o əmr veriləndə, Azərbaycan əsgəri tərəddüd etmədən irəli atılır. Çünki həmin əmrin arxasında Vətən, qarşısında haqq dayanır.

Samid kimi oğullar varsa, bu xalqın qəhrəmanlıq salnaməsi heç vaxt yarımçıq qala bilməz. Belə də oldu. Samidin Aprel döyüşlərində yazmağa başladığı qəhrəmanlıq dastanını 44 günlük Vətən müharibəsində  yurdumuzun igid övladları tamamladılar.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada sərnişin qatarı relsdən çıxıb, 7 nəfər xəsarət alıb

10:25
03 Aprel

Nazir Məcnun Məmmədov Naxçıvanda təsərrüfatlara baş çəkib, su obyektlərinin vəziyyəti ilə tanış olub  

10:24
03 Aprel

Azərbaycan nefti 141 dollardan baha satılır

09:57
03 Aprel

Tramp yenidən İranı körpülərə və elektrik stansiyalarına zərbələr endirməklə hədələyib  

09:42
03 Aprel

Tramp administrasiyasından daha çox məmur ayrıla bilər

09:41
03 Aprel

CNN: İran hələ də əhəmiyyətli raket imkanlarına malikdir

09:32
03 Aprel

Hava çirkliliyi qlobal böhrandır

09:10
03 Aprel

"Ən böyük arzumuz doğma yurda qayıtmaqdır"

09:05
03 Aprel

Qərbi Azərbaycanın bərpaolunan enerji mənbələri

09:00
03 Aprel

Samidin qəhrəmanlıq dastanı

08:55
03 Aprel

Zəfərə cığır açanlardan oldu

08:50
03 Aprel

İranda Kərəc körpüsü ikinci dəfə hədəf alınıb, 8 nəfər ölüb

08:45
03 Aprel

Döyüş bölgəsinə köməyə getdi, şəhid oldu

08:45
03 Aprel

Aprel Zəfərindən Bütöv Azərbaycana

08:40
03 Aprel

Hərb tariximizi şərəfləndirən Aprel döyüşləri

08:35
03 Aprel

Bakının diktəsi, İrəvanın etirafları

08:30
03 Aprel

Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi

08:25
03 Aprel

Fermerlərin işini asanlaşdıran qabaqcıl texnologiyadır

08:23
03 Aprel

Siyasi reallığın rəsmi etirafı

08:20
03 Aprel

TDT qlobal iqtisadi aktora çevrilmək potensialına malikdir

08:15
03 Aprel

Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş "dəyirmi masa" keçirilib

08:10
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!