03 Aprel 2026 08:23
138
İQTİSADİYYAT
A- A+
Fermerlərin işini asanlaşdıran qabaqcıl texnologiyadır

Fermerlərin işini asanlaşdıran qabaqcıl texnologiyadır


Bu gün dünyanın qlobal problemlərindən biri 8,5 milyard nəfəri ərzaqla təmin etməkdir. Bu problem bir çox səbəbdən qaynaqlanır. Əvvəla, son dövrlər əhalinin sayı sürətlə artır. İkinci səbəb insanlar tərəfindən torpağın nizamsız istismarı və nəticədə onun məhsuldarlığının azalmasıdır. Üçüncü amil isə  insanların təbiətə kobud müdaxiləsi üzündən yaranan qlobal iqlim dəyişikliyidir ki, bundan da ən çox ziyan çəkən sahə kənd təsərrüfatıdır.

Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, dünyada 850 milyon adam aclıq həddində yaşayır. Onların 450 milyon nəfəri isə aclıq çəkir. Yəni ən yaxşı halda minimum səviyyədə ərzaqla qidalanmağa məhkumdur. Bunun qarşısını almaq üçün  BMT tərəfindən bir çox proqramlar icra edilir. Həmin proqramların əsas hədəfi isə aqrar sektorda məhsul istehsalını artırmaqla əhalinin yaxşı qidalanmasına nail olmaqdır.

Hazırda dövlətlər üçün öz ərzaq təhlükəsizliyini təmin etmək ümdə məsələyə çevrilib. Son dövrlər baş verən hadisələr bir daha göstərdi ki, hər bir dövlət əhalinin ərzaqla təminatına ciddi yanaşmalıdır. Rusiya-Ukrayna müharibəsinin iki ölkə arasında konfliktdən çıxaraq dünyada ciddi ərzaq böhranı yaratması göstərdi ki, siyasi qarşıdurmalar sonda insanların aclıqla sınağa çəkilməsinə səbəb olur. Bu səbəbdən Prezident İlham Əliyevin həyata keçirdiyi aqrar islahatların əsas hədəfinin ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin edilməsinə yönəlməsi yalnız alqışlanmalıdır.  

Məlumdur ki, aqrar sektorun inkişafında suvarma ən mühüm şərtlərdən biridir. Azərbaycan su qıtlığı yaşayan ölkələr sırasında olduğu üçün ölkəmizdə nəhəng su anbarları yaradılıb. Bunun sayəsində əkin sahələrinin suvarılmasında əvvəlki illərdə olan gərginlik xeyli azalıb, lakin tam həll olunmayıb. Hazırda müxtəlif regionlarda kiçik və orta sututumu olan anbarlar tikilir. Bundan əlavə, suvarmanı yaxşılaşdırmaq məqsədilə yararsız su kollektorları və kanallar bərpa olunur, yeniləri çəkilir.

Suvarmada olan digər problem hələ də bir çox əkin sahələrinin köhnə qayda ilə suvarılmasıdır. Bununla isə yüksək məhsuldarlığa nail olmaq mümkün deyil. Artıq dünyanın inkişaf etmiş ölkələri damcılama üsulundan istifadə edir. Bu, köhnə qaydadan fərqli olaraq, su itkisini aradan qaldırmaqla yüksək məhsuldarlığa nail olmağa imkan verir.

Hazırda ölkəmizdə damcılama üsulundan istifadəyə ciddi fikir verilir. Xüsusən aqroparklar və iri fermer təsərrüfatları həmin üsuldan geniş istifadə edirlər. Bunun səmərəsini sübut edən bir fakta diqqət çəkək. Damcılama üsulundan istifadə etməyən təsərrüfatlarda taxılçılıqda məhsuldarlıq 32 sentner olduğu halda, ondan istifadə edən aqroparklar və iri fermer təsərrüfatlarında həmin rəqəm 60 sentner və daha yüksək olur.

Hazırda dünyada aqrar sektorda az torpaq sahəsindən istifadə etməklə yüksək məhsul almağa çalışırlar və bu məqsədə nail olmaq üçün aqrar elmin son nailiyyətərindən faydalanırlar. Ölkəmizdə də bu istiqamətdə müəyyən işlər görülür. Xüsusən beynəlxalq təcrübədən öyrənməyə xüsusi fikir verilir. Bunun üçün müxtəlif tədbirlər keçirilərək aqrar sektorda çalışanların bilik səviyyələri artırılır, nümunəvi təsərrüfatlarda fermerlər arasında təcrübə mübadiləsi aparılır.

Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi və məhsul bolluğunun yaradılması istiqamətində aparılan islahatlar sayəsində müəyyən uğurlar əldə olunub. Bunu ölkəmizdən qeyri-neft-qaz sektoruna aid məhsulların ixracında açıq görmək mümkündür. Belə ki,  bu sektor üzrə ixracda kənd təsərrüfatı məhsullarının çəkisi kifayət qədər yüksəkdir. 

Lakin ölkədə aqrar sektorda iki sahə üzrə müəyyən problemlər var. Onlardan biri taxılçılıqda istehsalı artırmaq üçün işğaldan azad olunan ərazilərin əkin dövriyyəsinə daxil edilməsidir. Heyvandarlıqda isə məhsul istehsalını artırmaq üçün iri heyvandarlıq komplekslərinin yaradılmasına ehtiyac var. Prezident İlham Əliyevin martın 23-də Şamaxı rayonunda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında iştirak etməsi də dövlətin bu sahəyə göstərdiyi diqqətin nümunəsidir.

Dövlətimizin başçısına məlumat verildi ki, kompleksdə 9000 baş heyvanın - 3200 baş südlük, 3000 baş ətlik mal-qaranın və 2800 baş buzovun saxlanılmasına şərait var. Hazırda burada Holşteyn-Friz, Limuzin, Aberdin-Anqus və digər cinslərdən heyvanlar saxlanılır.

Ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələrilə idarə olunan bu kompleks Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq müəssisələrindən biridir.

Müəssisədə Azərbaycanın və Cənubi Qafqazın ən böyük "Karusel" tipli süd sağımı, həmçinin "Paralel" sağım sistemləri yaradılıb. Hər bir sağım nöqtəsində süd keyfiyyətinin onlayn analizatoru quraşdırılıb. Ölkədə südün 32 dərəcədən 4 dərəcəyədək sürətli soyudulması üçün qabaqcıl sistem, həmçinin dünyadakı ən son genetik materiallar əsasında fəaliyyət göstərən, süd həcminin artırılmasını təmin edən ilk Reproduksiya Mərkəzi yaradılıb. Kompleksdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün dünyanın qabaqcıl texnologiyalarının tətbiqini öyrədəcək Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərəcək.

Göründüyü kimi, ölkəmizdə ərzaq təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür və həmin tədbirlərə ən yüksək səviyyədə olan münasibətə əsasən deyə bilərik ki, onlar indidən sonra da davamlı olacaq. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp administrasiyasından daha çox məmur ayrıla bilər

09:41
03 Aprel

CNN: İran hələ də əhəmiyyətli raket imkanlarına malikdir

09:32
03 Aprel

Hava çirkliliyi qlobal böhrandır

09:10
03 Aprel

"Ən böyük arzumuz doğma yurda qayıtmaqdır"

09:05
03 Aprel

Qərbi Azərbaycanın bərpaolunan enerji mənbələri

09:00
03 Aprel

Samidin qəhrəmanlıq dastanı

08:55
03 Aprel

Zəfərə cığır açanlardan oldu

08:50
03 Aprel

Döyüş bölgəsinə köməyə getdi, şəhid oldu

08:45
03 Aprel

Aprel Zəfərindən Bütöv Azərbaycana

08:40
03 Aprel

Hərb tariximizi şərəfləndirən Aprel döyüşləri

08:35
03 Aprel

Bakının diktəsi, İrəvanın etirafları

08:30
03 Aprel

Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi

08:25
03 Aprel

Fermerlərin işini asanlaşdıran qabaqcıl texnologiyadır

08:23
03 Aprel

Siyasi reallığın rəsmi etirafı

08:20
03 Aprel

TDT qlobal iqtisadi aktora çevrilmək potensialına malikdir

08:15
03 Aprel

Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş "dəyirmi masa" keçirilib

08:10
03 Aprel

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb

08:05
03 Aprel

Bizi birləşdirən təkcə kökümüz deyil

08:00
03 Aprel

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib  

07:07
03 Aprel

Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb  

22:59
02 Aprel

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!