03 Aprel 2026 08:50
124
CƏMİYYƏT
A- A+
Zəfərə cığır açanlardan oldu

Zəfərə cığır açanlardan oldu


Şəhid Orxan Həmidov baharda doğuldu, baharda da əbədiyyətə qovuşdu 


Deyirlər, torpağın üzü soyuq olur. Yəni zaman keçdikcə torpağa tapşırdığın əziz, doğma insanın itkisinin ağrıları azalır, onu... Yox, yox, unutmursan, sadəcə artıq sənin ətrafında olmadığı ilə barışıb onu öz qəlbinə köçürərək orada yaşadırsan. 

Şəhid Orxan Həmidov təkcə anası, ömür-gün yoldaşı, bir cüt qardaşı və bir cüt oğul balasının deyil, kənd sakinlərinin hamısının xatirələrində yaşayır. Orxan kimi igidlər bütün xalqımız üçün daim əziz və unudulmazdır. 

Qardaşı oğlu Həsən deyir ki, əmim barədə keçmiş zamanda danışa bilmirik: "Belə bir igidin ölümünə kim inanardı? Adını xatırlaya bilmədiyim hansısa dahi çox düzgün söyləyib ki, bütün insanların iki tarixi var - doğulduqları və öldükləri gün. Əsl qəhrəmanların isə yalnız bir tarixi olur - onlar doğulur və heç zaman ölmürlər". 

Füzuli rayonu Əhmədalılar kəndinin sakini Orxan Həmidov 1980-ci il martın 29-da dünyaya göz açmışdı. Ölüm isə onu ömrünün 36-cı baharında haqladı. Bu ölüm deyil, bir şəhadət və şərafət idi.  

Orxan Həmidov şanlı keçmişimizin çox yaxın tarixinin qəhrəmanıdır. 2016-cı ilin zəfərli Aprel döyüşlərində qəhrəmanlığın ən yüksək zirvəsi olan şəhidlik məqamına yetişib. Az sonra, aprelin 19-da Prezident İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.

Orxan çox yaraşıqlı, həm də ədəb-ərkanlı bir cavan olub. Sürücü peşəsinə yiyələnibmiş. Sonra yeddi il ANAMA-da minaaxtaran kimi çalışıb. Anası Tamilla xanım qürur qarışıq göz yaşları ilə söyləyir ki, Orxan üç oğlunun ən kiçiyi idi:

- Faiq Bakıda yaşayırdı. Azər üçün isə qonşuluqda ev-eşik düzəltmişdik. Orxanı min arzu-kamla evləndirib yanımda saxlamışdım. Gənc olsa da, bir ağsaqqal sanbalı ilə ata evinə yurdçuluq edirdi. Mərifət, qanacaq sarıdan gəlinim Esmira ilə elə bil bir almanın iki üzü idilər. On ildir ailə qurmuşdular. Bu illər ərzində heç biri nəinki mənim sözümün üstündən söz deməmişdi, özümə qarşı soyuq baxışlarını belə görməmişdim...

Bir gün isə... Axşam hamı evə yığışan zaman Orxan üzünü anasına tutub deyir ki, hərbiyə getməyi qərara alıb.

Anası cavab verir ki, ay oğul, çətin yol tutmaq istəyirsən. Hər an düşmənlə üz-üzə, göz-gözə dayanmaq sənə asan gəlməsin.

Orxan deyir: "Torpağa basqın edən düşmənin üstünə sənin oğlun getməsin, mənimki də, bir başqasınınkı da getməsin, bəs kim getsin?"

Ana oğluna xeyir-dua verir.

- 2014-cü ildən hərbidə idi, - deyə Tamilla xanım sevimli oğlu haqqında söhbəti davam etdirir. - Ara-sıra evə gəlirdi. Bir dəfə gələndə mənə qovluq verdi, açanda gördüm ki, arasında fəxri fərman var. Nümunəvi xidmətə görə almışdı. Növbəti dəfə gələndə mənə balaca bir qutu uzatdı. Açanda gördüm ki, qol saatıdır. Yenə də nümunəvi xidmətə görə... Sonuncu dəfə gələndə dedi ki, bir müddət Şükürbəylidə korpusda olacağam. Səbəbini açıqlamadı. "Xidmət belə tələb edir" - dedi. Onda evə tez-tez gəlirdi. Kresloya söykənib xeyli dincəlir, sonra bir-iki saat yatıb qayıdırdı. Çox vaxt heç yemək də istəmirdi. Sonradan bildim ki, Şükürbəylidə təlim keçirlərmiş...

2016-cı il aprelin 1-də axşamüstü Orxan qonşuluqda yaşayan qardaşına mobil telefonla zəng vurur. Deyir ki, heç nədən qorxmayın və məndən də nigaran qalmayın. Hamınızın bizim evə yığışmağınız yaxşı olar. 

Şübhəsiz ki, Orxan öz evinin nisbətən atəş tutmayan səmtdə olduğunu nəzərə almışdı. Çünki  bir azdan Lələtəpə tərəfdən dəhşətli atəş səsləri gəlməyə başlayır. Döyüş gedən yerlər xeyli aralıda olsa da, Əhmədalılarda da az qala yer-göy çaxnaşır. Artıq hamı vəziyyətin nə yerdə olduğunu başa düşür.

Aprelin 2-də Tamilla xanım eşidir ki, həmkəndliləri Maarif Quliyev döyüşdə yaralanıb. Onların evinə gedir. Bundan sonra ana qəlbinin narahatlığı bir az da artır. Ürəyinə damır ki, Orxana nə isə olub. Üstəlik, Bakıdakı və Füzulidəki bütün qohumları, dostları Orxanı telefonla arayıb "bu nömrəyə zəng çatmır" sözlərini eşidirlər.

Özünə yer tapa bilməyən, narahatlıqdan çırpınan anaya əsl faciəni tədricən çatdırmağı qərara alırlar. Deyirlər ki, Orxan yaralanıb, onu Beyləqana xəstəxanaya aparıblar (Əslində isə şəhidin cəsədini məscidə yuyub, kəfənə tutmaq üçün aparıbmışlar). Tamilla xanım heç kəsə qulaq asmadan qohumları ilə Beyləqana üz tutur. Yolda təcili yardım maşını ilə rastlaşır. Bu dəfə isə ona bildirirlər ki, oğlunu Bakıya hospitala aparırlar. Lakin dünya görmüş qadın maşının Bakı yoluna deyil, Horadizə tərəf istiqamət aldığını görüb haray qoparır...

Orxan şəhid olanda övladları Vüsal və Fərid kiçik idilər. Ata soraqlayan bu uşaqları ovutmaq üçün Tamilla nənə gündə bir nağıl fikirləşib tapırdı. Gah deyir ki, atanız göylərdədir, sizi görür, gah da özünün aldığı hədiyyələri Orxanın oradan - göylərdən göndərdiyini söyləyirdi. 

İllər keçdikcə uşaqların kövrəklikləri qürur hissi ilə əvəz olundu. Onlar əsl həqiqəti dərk edib başlarını uca tutdular və hərəsi öz qəlbində Orxana layiq oğul olmağa qərar verdi. İndi Vüsal universitet tələbəsidir. Fərid də bu adı qazanmağa çalışır, abituriyentdir. 

Orxanın və onun kimi igidlərin uğrunda can verdiyi torpaqlarda isə bu gün böyük quruculuq işləri gedir. Yeri gəlmişkən, qardaşı oğlu Həsən də bu quruculuqda qol çırmayıb çalışanlardandır. Cəbrayıl rayonunda minatəmizləmə işləri ilə məşğuldur. 

- Qoy düşmən görsün ki, biz torpağı qorumağı, müdafiə etməyi, uğrunda can verməyi də bacarırıq, onu cənnətə çevirməyi də! - deyir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 141 dollardan baha satılır

09:57
03 Aprel

Tramp yenidən İranı körpülərə və elektrik stansiyalarına zərbələr endirməklə hədələyib  

09:42
03 Aprel

Tramp administrasiyasından daha çox məmur ayrıla bilər

09:41
03 Aprel

CNN: İran hələ də əhəmiyyətli raket imkanlarına malikdir

09:32
03 Aprel

Hava çirkliliyi qlobal böhrandır

09:10
03 Aprel

"Ən böyük arzumuz doğma yurda qayıtmaqdır"

09:05
03 Aprel

Qərbi Azərbaycanın bərpaolunan enerji mənbələri

09:00
03 Aprel

Samidin qəhrəmanlıq dastanı

08:55
03 Aprel

Zəfərə cığır açanlardan oldu

08:50
03 Aprel

İranda Kərəc körpüsü ikinci dəfə hədəf alınıb, 8 nəfər ölüb

08:45
03 Aprel

Döyüş bölgəsinə köməyə getdi, şəhid oldu

08:45
03 Aprel

Aprel Zəfərindən Bütöv Azərbaycana

08:40
03 Aprel

Hərb tariximizi şərəfləndirən Aprel döyüşləri

08:35
03 Aprel

Bakının diktəsi, İrəvanın etirafları

08:30
03 Aprel

Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi

08:25
03 Aprel

Fermerlərin işini asanlaşdıran qabaqcıl texnologiyadır

08:23
03 Aprel

Siyasi reallığın rəsmi etirafı

08:20
03 Aprel

TDT qlobal iqtisadi aktora çevrilmək potensialına malikdir

08:15
03 Aprel

Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş "dəyirmi masa" keçirilib

08:10
03 Aprel

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb

08:05
03 Aprel

Bizi birləşdirən təkcə kökümüz deyil

08:00
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!