Azərbaycan xalqı və onun rəşadətli ordusu Aprel döyüşlərindəki qələbənin 10-cu ildönümünü qürurla qeyd edir. On il əvvəl, 2016-cı ilin baharında Lələtəpə zirvəsinə sancılan üçrəngli bayrağımız millətimizin onilliklər boyu davam edən haqq mübarizəsindəki qələbə başlanğıcı oldu. Bu, həm də düşməni və ona havadarlıq edən xarici qüvvələri Azərbaycanın gücü ilə hesablaşmağa vadar edən "Zəfər zəngi" idi.
Xalqımızın Aprel döyüşləri ilə başlayan şanlı yolu bizə bütöv Azərbaycan bəxş etdi. Həmin dördgünlük döyüş, həm də xalqımızın sınmaz iradəsinin, düşmənin "məğlub-edilməzlik" mifinin darmadağın edilməsinin və Böyük qayıdışın ilk müjdəsi idi.
2020-ci il dekabrın 10-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəşadətli ordumuzun önündə bəyan etdiyi kimi: "Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik".
Dördgünlük dərs
2016-cı ilin aprelində Azərbaycan əsgəri sübut etdi ki, xalqımız 30 illik işğalla heç vaxt barışmayacaq. 2 aprel tarixində düşmən təxribatına verilən sarsıdıcı cavab, illərdir dondurulmuş hesab edilən Qarabağ münaqişənin taleyini kökündən dəyişdi. Cəbrayıl rayonunun strateji yüksəkliyində - Lələtəpədə dalğalandırılan üçrəngli bayraq, həm də 2020-ci ilin 8 noyabrında Şuşada qaldırılacaq bayrağın mənəvi carçısı oldu.
Ermənistanın 2016-cı ilin yazındakı növbəti təxribatları özünə baha başa gəldi. Həmin il aprelin 2-də düşmən təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Tərtər-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin olundu. Həmçinin minlərlə hektar ərazi ordumuzun tam nəzarətinə keçdi. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Dördgünlük Aprel döyüşləri zamanı düşmən Azərbaycan Ordusunun gücünü döyüş meydanında əyani şəkildə daddı və tezliklə daha böyük zərbə alacağını, külünün göyə sovrulacağını anladı. Hələ Aprel döyüşləri zamanı Ermənistan ordusu Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcəyinin gerçək qorxusunu yaşadı.
Ermənistan illər boyu öz ordusu ətrafında "keçilməz Ohanyan xətti" və "məğlubedilməz erməni əsgəri" əfsanələri uydurmuşdu. Lakin dördgünlük Aprel döyüşləri bu mifi sabun köpüyü kimi dağıtdı.
Bu əməliyyat Ermənistanın ideoloji sütunlarını sarsıtdı və sübut etdi ki, xarici havadarların köməyi ilə qurulan xülyalar Azərbaycanın milli iradəsi qarşısında acizdir.
31 mart 2017-ci ildə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bir qrup hərbçi ilə görüşü zamanı bildirdi ki, Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir: "Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir".
Qələbə silsiləsi
2016-cı ildə cəmi 4 günə əldə edilən Aprel zəfəri təsadüfi deyildi. Bu qələbə Ulu Öndər Heydər Əliyevin 1994-cü ildəki uğurlu Horadiz əməliyyatı ilə başlatdığı ordu quruculuğu strategiyasının məntiqi davamı oldu.
Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən və ölkəmizi hərtərəfli inkişaf mərhələsinə yüksəldən Prezident İlham Əliyevin gündəliyində duran birnömrəli məsələ ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası idi. Buna görə də Silahlı Qüvvələrin Ali Baş Komandanı müasir ordu quruculuğu işinə xüsusi diqqət yetirərək ölkənin hərbi gücünü artırırdı. Münaqişə ilə bağlı danışıqların heç bir nəticə verməməsi isə yürüdülən bu siyasətin düzgün olduğunu bir daha təsdiqləyirdi.
Digər tərəfdən də Ermənistan xarici havadarlarına güvənərək ölkəmizə qarşı davamlı hərbi təxribatlar törədirdi.
2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribata əl ataraq, mövqelərimizi, o cümlədən yaşayış məntəqələrimizi atəşə tutdu, Azərbaycana qarşı hücuma keçdi. Ermənilərin bu təxribatı nəticəsində hərbçilərimizlə yanaşı, içərisində azyaşlının da olduğu mülki şəxslərimiz həlak oldular.
Ermənistanın bu təxribatlarına cavab olaraq həyata keçirilən ildırım sürətli əks-hücum əməliyyatı nəticəsində düşmənin qüvvələri darmadağın edildi.
Bu qələbə xalqımıza onilliklər sonra ilk dəfə öz torpağına qədəm basmaq və üçrəngli bayrağımızı uca zirvələrdə görmək xoşbəxtliyini yaşatdı.
Ümumiyyətlə, 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri bir-birini tamamlayan vahid qələbə zənciri kimi salnamələrimizə həkk olundu.
2018-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılan uğurlu əməliyyat nəticəsində bu bölgəmizin 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt olunmuş 11 min hektar torpağı azad edildi. Bu, Böyük Zəfərin yaxınlaşdığının göstəricisi idi.
2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan Şuşada qazandığı Zəfərlə ərazilərinin işğalına son qoydu. Həmin 44 günün hər birində qəhrəman döyüşçülərimiz şanlı tarix yazdılar.
2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu cəmi 23 saata ərazilərimizdə separatizmə son qoydu. Dövlət suverenliyimiz tam təmin olundu, Azərbaycan Konstitusiyası bütün ərazilərimizdə hüquqi qüvvəyə mindi.
İlk qayıdış
Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin olunması və orada Şuşa məscidinin bənzərinin ucaldılması düşmənə verilən ən böyük rəmzi mesaj idi ki, biz mütləq Qarabağa qayıdacağıq!
Aprel zəfərindən bir il sonra 2017-ci il iyulun 14-də Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinə səfər edərək öz yurd-yuvalarına qayıdan xoşbəxt sakinlərlə görüşən Prezident İlham Əliyevin də xalqımıza rəmzi mesajı elə bu idi.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyat qaynayır, on minlərlə sakin doğma ocağına qovuşub. Hər ötən gün bu yurdlara qələbə əhvallı köç karvanları yola salınır.
Aprel döyüşlərində qəhrəman Azərbaycan oğullarının Lələtəpədə ucaltdığı bayraq, indi artıq Xankəndinin, Şuşanın, Xocalının, Laçının... səmasında əzəmətlə dalğalanır.
Bəli, 2016-cı ildə Lələtəpədə yandırılan qələbə məşəli bu gün bütöv Azərbaycanın hər qarışına işıq saçır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"