22 Yanvar 2026 08:05
204
SİYASƏT
A- A+
Müharibədə qalib gəlmək tarix yazmaq, sülhdə qalib gəlmək tarixdə qalmaqdır

Müharibədə qalib gəlmək tarix yazmaq, sülhdə qalib gəlmək tarixdə qalmaqdır


Beynəlxalq "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülən Prezident İlham Əliyev hər iki tarixin müəllifidir


Böyük güclərin toqquşan maraqları səbəbindən bu gün bir çox ölkənin mürəkkəb çağırışlarla üz-üzə qaldıqları müasir dünyamızda Azərbaycan bütün çətinliklərə baxmayaraq, strateji inkişaf yoluna davam edir, qazandığı nailiyyətləri möhkəmləndirərək onların sırasını daha da genişləndirir. Hazırda ən mühüm çağırışlarından biri də hərbi-siyasi münaqişələrlə yanaşı, eyni zamanda xalqlar, mədəniyyətlər, dinlər arasında dərinləşən fərqli baxışlar mühitidir. Qloballaşma sürətlənərək genişləndikcə insanlıq üçün əsas sualın aktuallığı da artır: fərqliliklər yeni qarşıdurmaların mənbəyidir, yoxsa onlar dialoq və əməkdaşlıq üçün zəmin yaradacaq mühüm amildir? 

Bu kontekstdə Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etdiyi "Zayed İnsan Qardaşlığı Mükafatı" tarixi əhəmiyyət daşıyır. Sözügedən mükafat təkcə Azərbaycan Prezidentinin fəaliyyətinə verilən ali qiymət deyil, eyni zamanda ölkəmizin son illər yürütdüyü sülh, dialoq və humanizm siyasətinə beynəlxalq səviyyədə dəstəyin təzahürüdür. 

Şeyx Zayed Fondunun mükafatı Prezident İlham Əliyevin ardıcıl şəkildə formalaşdıraraq həyata keçirdiyi sülh gündəliyinin artıq regional çərçivələri aşaraq qlobal mənəvi platformaya çevrildiyini nümayiş etdirir.


Humanizm fəlsəfəsindən qaynaqlanan qlobal missiya


Əvvəlcə Şeyx Zayed Fondu və bu fondun təsis etdiyi "Zayed İnsan Qardaşlığı Mükafatı" haqqında qısaca məlumat verək. Fond Birləşmiş Ərəb Əmirliklərinin banisi və ilk prezidenti, ərəb dünyasının böyük dövlət xadimi Şeyx Zayed bin Sultan Əl Nəhyanın ideyaları əsasında yaradılıb. Fondun fəlsəfəsinin mərkəzində insana xidmət, mərhəmət, tolerantlıq, mədəniyyətlərarası harmoniya dayanır. 

Bu da Şeyx Zayedin siyasi irsindən irəli gəlir. Onun irsi təkcə dövlət quruculuğu ilə məhdudlaşmır, BƏƏ lideri millətindən, dinindən, irqindən asılı olmayaraq, insanı ali dəyər hesab edir. Məhz bu yanaşma sonradan fondun fəaliyyət konsepsiyasına çevrildi. Hazırda Şeyx Zayed Fondu dünyanın onlarca ölkəsində humanitar yardım proqramları, təhsil və səhiyyə layihələri həyata keçirir, dinlərarası dialoq təşəbbüslərini reallaşdırır, münaqişədən zərər çəkmiş icmalara dəstək verir, sülh və birgəyaşayış mədəniyyətini təşviq edir. 

Fondun ən ali təşəbbüslərindən biri də "Zayed İnsan Qardaşlığı Mükafatı"dır. Bu  mükafat ilk növbədə liderliyə verilən ən yüksək qiymətdir. "Zayed İnsan Qardaşlığı Mükafatı" siyasi vəzifədən daha çox humanist mövqe və qlobal sülhə real töhfələrə görə təqdim olunur. Çünki mükafatın əsas qayəsi bütün dünyada qarşıdurma yox, dialoqu, nifrət yox, anlayışı, müharibə yox, sülhü təşviq edən liderləri, təşəbbüsləri ön plana çıxarmaqdır. 

Azərbaycan Prezidentinin bu ali mükafata layiq görülməsi də əsla təsadüfi deyil. Bu, konkret siyasi kursun - Azərbaycanın sülhə əsaslanan yeni xarici siyasət fəlsəfəsinin tanınmasıdır.


Prezident İlham Əliyevin sülh gündəliyi


Vətən müharibəsindəki tarixi qələbəmizdən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra regionumuzda dayanıqlı sülhün əldə olunması, qarşılıqlı əməkdaşlıq və inkişaf mühitinin təmin edilməsi Prezident İlham Əliyevin siyasi fəaliyyətində əsas istiqamətlərdən biri kimi nəzərə çarpır. Azərbaycan 30 ilə yaxın davam edən işğal dövrünə ordumuzun gücü ilə son qoyaraq münaqişə tərəfi Ermənistanın kapitulyasiyasına, torpaqlarımızın azadlığına nail olduqdan sonra cənab İlham Əliyevin  praktiki addımlarında intiqam hissi, ağrı-acılı keçmişimiz yox, məhz aydın gələcək, sabitlik, regionumuzun təhlükəsizliyi əsas yer tutmağa başladı. Çünki tarixi Zəfərimiz Azərbaycanın üzərinə həm də tarixi bir missiya qoymuşdu: bu qələbənin yaratdığı reallıqlara daha ali hisslərlə, daha strateji baxışla nəzər salmaq, onu revanş vasitəsi kimi yox, regionun xoşbəxt gələcəyi üçün mühüm bir fürsət kimi dəyərləndirmək. Prezident İlham Əliyev tarixi Zəfərimizlə yaratdığımız reallıqlara məhz belə yanaşdı, ilk gündən bəyan etdi ki, Azərbaycanın məqsədi regionda dayanıqlı sülhün təmin olunmasıdır. 

Bu yanaşma ilk baxışdan sadə görünsə də, əslində, olduqca mürəkkəb idi. Nəzərə alınmalıdır ki, sülh prosesi yalnız bir tərəfin niyyətindən asılı olmur, qarşı tərəfin də siyasi yetkinliyi və mövqeyi ilə ölçülür. Azərbaycanın timsalında dünyada çox nadir və təqdir edilməli nümunələrdən biri baş verdi. Qalib tərəf olmasına rəğmən sülh təşəbbüsü də məhz Azərbaycandan gəldi. Ölkəmiz dayanıqlı, hər iki tərəfi tam qane edən sülh şəraitinin əldə olunması üçün qarşı tərəfin də rəyinə, mövqeyinə təmkin göstərdi, qarşılıqlı şərtlərin birgə müzakirəsinə, detalların dəqiqləşdirilməsinə şərait yaratdı. Bu, qalib tərəfin diktəsi deyil, qalibin məsuliyyətli davranış modeli idi. Azərbaycan sülh müqaviləsinin təşəbbüskarı kimi beş baza prinsipini irəli sürdü, regionda yeni siyasi reallıqların hüquqi müstəvidə təsbit olunmasını təklif etdi. 

Sülh yolunda ən böyük maneə isə Ermənistanın daxilindəki revanşist qüvvələr oldu. Bəzi siyasi dairələr müharibədən dərs çıxarmaq əvəzinə yenidən hakimiyyəti ələ keçirib, Ermənistanı istədikləri kimi çapıb-talamaqdan ötrü cəmiyyəti saxta miflərlə, xəstə xülyalarla, əsassız iddialarla, düşmənçilik ritorikası ilə zəhərləməyə çalışdılar. Bu revanşizm meyilləri təkcə Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün təhlükə doğururdu, hər bir revanşist çağırış regionu yenidən qarşıdurma riskinə sürükləyirdi. 

Eyni zamanda bəzi xarici mərkəzlərin də bu meyilləri dolayısı ilə dəstəkləməsi, prosesləri uzatmaq cəhdləri müşahidə olunurdu. Məqsəd aydın idi - sülhü ləngitmək, qeyri-müəyyənliyi qorumaq və regionu daimi gərginlik zonasında saxlayaraq həmin ərazilərin xalqları üçün öz təhlükəli oyunlarını davam etdirmək.


Qətiyyətli siyasət, sülhün alternativsizliyi


Belə bir şəraitdə Prezident İlham Əliyevin strateji siyasi xətti mövcud vəziyyəti müsbətə doğru dəyişərək bütün məkrli niyyətlərin qarşısını aldı. Dövlətimizin başçısı dəfələrlə bəyan etdi ki, sülhün alternativi yoxdur və Azərbaycan bu prosesi sonsuz gözləmə predmetinə çevirməyəcək. Ölkəmiz öz mövqeyini təkcə diplomatik masada deyil, real gücə və beynəlxalq hüquqa əsaslanaraq ortaya qoydu. Hər bir təxribatın qarşısı vaxtında alındı, hər bir təzyiq cəhdi siyasi iradə ilə neytrallaşdırıldı.

Bu mərhələdə Azərbaycanın əsas üstünlüyü addımlarının strateji ardıcıllığı oldu. Prezident İlham Əliyev bir addım belə geri çəkilmədən prinsipial mövqeyini qorudu - ya sülh olacaq, ya da regionda yeni status-kvo yalnız Azərbaycanın iradəsi ilə formalaşacaq.

Əsrlərin təcrübəsi göstərir ki, müharibəni udmaq hələ tam qələbə deyil, əsl qələbə əlverişli şərtlərlə sülhün əldə olunması ilə təsdiqlənir. Çünki müharibədə silahlar danışırsa, sülhdə iradə, siyasi müdriklik və lider məsuliyyəti öz sözünü deyir. Bu mənada müasir Azərbaycan tarixinin əsas həqiqətlərindən biri aydındır: müharibədə qalib gələn tərəf sülhdə də qalibdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə 44 günlük Vətən müharibəsində deyil, müharibədən sonrakı mürəkkəb geosiyasi mərhələdə də öz qələbəsini qorumağı və onu siyasi nəticəyə çevirməyi bacardı. 

Postmünaqişə dövrünün ən mühüm nəticələrindən biri Azərbaycanın proseslərin obyektinə deyil, subyektinə çevrilməsi oldu. Regionda baş verən hadisələrin dəyərləndirilməsi rəsmi Bakının mövqeyi nəzərə alınmadan mümkünsüz hala gəldi. Sülh gündəliyinin məzmununu məhz Azərbaycan müəyyənləşdirdi, əsas şərtləri Azərbaycan irəli sürdü, vaxt çərçivəsini Azərbaycan formalaşdırdı. 

Bu, diplomatik üstünlüyün açıq göstəricisi idi.


Sülh prosesinin Vaşinqton mərhələsi


Ötən il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar uzun və mürəkkəb prosesin məntiqi yekunu kimi tarixə düşdü. Bu mərhələ faktiki olaraq münaqişə səhifəsinin bağlanması, keçmişin deyil, gələcəyin gündəliyinə keçid demək idi. Vaşinqtonda - Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında sülh sazişinin paraflanması, bu görüşdə verilən tarixi qərarlar bir daha göstərdi ki, sülh yalnız kənar vasitəçilərin deyil, güclü siyasi iradəyə malik liderlərin iştirakı ilə mümkün olur. Bu, Prezident İlham Əliyevin sülh strategiyasının beynəlxalq müstəvidə də qəbul edildiyini təsdiqlədi. 

Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən məqamlar  Ermənistanın konstitusiyasından çıxarılan kimi artıq yekun sülh müqaviləsinin imzalanmasına heç bir maneə qalmayacaq. Vaşinqton görüşündən sonra regionda kommunikasiyaların açılması istiqamətində də ardıcıl işlər gedir, regional iqtisadi inteqrasiya çağırışları əməli nəticələrdə özünü göstərir. Artıq Azərbaycan öz ərazisindən Ermənistana taxıl məhsullarının tranzitinə şərait yaradıb. Həmçinin Azərbaycanın neft məhsullarının ilk partiyaları Ermənistana göndərilib. Ən mühümü, təmas xəttində atəş səsləri eşidilmir. Bütün bunlar Prezident İlham Əliyevin sülh gündəliyinin ilkin mühüm nailiyyətləridir. Məhz bu siyasət nəticəsində Azərbaycan təkcə hərbi və siyasi güc deyil, məsuliyyətli qalib dövlət modeli ilə təqdim olunur. Regionun təhlükəsizliyinə, gələcək inkişafına görə böyük bir missiyanı üzərinə götürmüş lider ölkə kimi öz missiyasını şərəflə yerinə yetirir. 

Azərbaycan ilk növbədə multikultural və dini tolerantlıq modelini qoruyur, münaqişədən sonra Qarabağda, Şərqi Zəngəzurda bərpa və reinteqrasiya proseslərini ardıcıl şəkildə davam etdirir. 


Münaqişələrin həllinin Azərbaycan modeli


Bu gün Azərbaycanın sülh modeli artıq təkcə regional hadisə olmayıb, dünyadakı digər münaqişələrin həlli üzrə də nümunəvi təcrübə kimi diqqət çəkir. Azərbaycan modeli beynəlxalq hüquqa əsaslanan ardıcıl, prinsipial mövqeyi, hərbi qələbənin siyasi nəticəyə çevrilməsini, qalib tərəfin sülh təşəbbüskarı olması faktını, revanşizmin vaxtında neytrallaşdırılması əzmini, sabitlik və inkişafın prioritet seçilməsi və s. bu kimi əhəmiyyətli amilləri özündə ehtiva edərək mütləq qələbənin tam formulu kimi görünür. 

Bu model belə bir həqiqəti də sübuta yetirir ki, müharibədə qalib gəlmək tarix yazmaqdır, sülhdə qalib gəlmək isə tarixdə qalmaqdır. Azərbaycan Prezidenti İlham Əliyev hər iki mərhələnin Qalib Lideridir. Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə öz haqqını bərpa etdi, nəinki özünün, ümumən Cənubi Qafqaz regionunun da gələcəyini qurmağa başladı. Bu mənada Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş qələbə təkcə Azərbaycanın deyil, həmin bölgənin sabahı naminə qazanılmış qələbədir, Azərbaycan Prezidentinin sülh gündəliyi regionumuzun xoşbəxtliyi, sabitlik və daim inkişafda olması üçün addım-addım irəli aparılan prosesdir.

Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondunun Azərbaycan Prezidentinə təqdim etdiyi "Zayed İnsan Qardaşlığı Mükafatı" isə ölkəmizin sülh təşəbbüslərinin legitimliyini artırır, cənab İlham Əliyevin regional liderlik statusunu daha da möhkəmləndirir, ölkəmizin beynəlxalq humanitar imicinə yeni məzmun qazandırır, dövlətimizin islam dünyası ilə mənəvi bağlarını gücləndirir.

Bu mükafat gücə yox, məsuliyyətə, emosional qərarlara yox, müdrikliyə, müharibəyə yox, sülhə verilən beynəlxalq qiymətdir. Ona görə də bu mükafat son dərəcə dəyərlidir və mühüm tarixi əhəmiyyət daşıyır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"20 Yanvar gənclərin gözü ilə" adlı tədbir keçirilib

08:55
22 Yanvar

Xankəndiyə ilk qayıdış 

08:50
22 Yanvar

Dezinformasiyanın yerli və qlobal miqyasda təhlükəsinə dair ictimai müzakirə keçirilib

08:45
22 Yanvar

Dünya Prezident İlham Əliyevin güclü lider olduğunu qəbul edir

08:40
22 Yanvar

Barışın memarı: sülh diplomatiyasında İlham Əliyev imzası

08:35
22 Yanvar

Davosdan dünyaya verilən Azərbaycan mesajları

08:33
22 Yanvar

Davos İqtisadi Forumu 55 ildir qlobal əməkdaşlıq üçün ən nüfuzlu beynəlxalq platformadır

08:30
22 Yanvar

Dünyanın tanınmış şirkətləri ARDNF ilə əlaqələri genişləndirmək istəyirlər

08:27
22 Yanvar

Prezident İlham Əliyevin sülh diplomatiyası beynəlxalq səviyyədə mükəmməl nümunədir

08:25
22 Yanvar

Azərbaycan Prezidentinin sülh siyasəti yüksək mükafatlara layiqdir

08:20
22 Yanvar

Azərbaycanın sülh gündəliyi Davosda da təsdiqləndi

08:17
22 Yanvar

Bölgələrdə də hüzn qürura qarışdı

08:15
22 Yanvar

Xalqımız şəhidlərini unutmur

08:10
22 Yanvar

Müharibədə qalib gəlmək tarix yazmaq, sülhdə qalib gəlmək tarixdə qalmaqdır

08:05
22 Yanvar

Beynəlxalq platformalarda ehtiramla qarşılanan lider

08:00
22 Yanvar

Azərbaycan Prezidenti “Qarabağ” futbol klubunu təbrik edib

07:19
22 Yanvar

BİLDİRİŞ

04:47
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşüb  

00:57
22 Yanvar

Tramp Avropa ölkələrinə fevralın 1-də qüvvəyə minməsi planlaşdırılan tarifləri dayandırıb  

00:27
22 Yanvar

“Qarabağ”dan möhtəşəm qələbə

23:45
21 Yanvar

Rusiyanın zərbələri nəticəsində Kiyevin 60 faizi işıqsız qalıb  

22:59
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!