Dünya iqtisadiyyatının taleyinin müzakirə olunduğu Davos platformasında bu dəfə diqqətlər Avrasiyaya yönəldi. "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda keçirilən panel iclası qlobal güc balansının dəyişdiyi bir dövrdə yeni iqtisadi mərkəzlərin formalaşdığını göstərdi. Uzun illər kənar müşahidəçi kimi qəbul olunan Avrasiya artıq qlobal iqtisadi dialoqun əsas iştirakçılarından biridir.
"İqtisadi özünəməxsusluq" nə deməkdir? Bu mövzu Davosda keçirilən panelin əsas fəlsəfəsini təşkil edirdi və əslində, daha geniş bir sualı gündəmə gətirirdi: Avrasiya qlobal iqtisadi sistemdə hansı rolu oynayır və onu digərlərindən fərqləndirən cəhətlər nələrdir? İqtisadi özünəməxsusluq yalnız ümumi daxili məhsulun (ÜDM) göstəriciləri və ya ticarət dövriyyəsi ilə ölçülmür. Bu anlayış hər şeydən əvvəl coğrafi mövqe, tarixi inkişaf yolu, resurs potensialı və regional əməkdaşlıq modelinin sintezidir. Avrasiya məkanı Şərqin istehsal gücünü, Qərbin texnologiya və bazar təcrübəsini, Cənubun isə resurs imkanlarını özündə birləşdirən iqtisadi zonadır.
Panel müzakirələrində vurğulanan əsas məqamlardan biri Avrasiyanın nəqliyyat və logistika baxımından unikal mövqeyi idi. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas dəhlizlər bu məkandan keçir. Bu da Avrasiyanın sadəcə keçid zonası deyil, həm də dəyər yaradan iqtisadi mərkəz olduğunu ortaya qoyur. Enerji resursları, sənaye potensialı və artan daxili bazar isə bu özünəməxsusluğun iqtisadi əsaslarını daha da gücləndirir. Amma bütün bu potensiala baxmayaraq, qlobal proseslər göstərir ki, mövcud imkanlardan səmərəli istifadə hər zaman düzgün idarəetmə və ortaq yanaşma ilə müşayiət olunmur. Bu da beynəlxalq münasibətlər sistemində etimadın zəifləməsinə və əməkdaşlıq mexanizmlərinin səmərəsinin azalmasına gətirib çıxarır. Bir çox hallarda dar milli maraqlar ümumi faydanı üstələyir və uzunmüddətli sabitliyə xidmət edən qərarların qəbulunu çətinləşdirir.
Panel iclasda müzakirə olunan digər mühüm məqamlardan biri də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin səsləndirdiyi bu fikir idi: "Müasir dünyada müəyyən prinsiplərə riayət edilmir. Heç kəs çoxtərəflilik prinsiplərinə hörmət etmir, bu isə böyük bir xətadır, keçmişdə yol verilən səhvdir". Bu fikirlər fonunda Prezident İlham Əliyevin mövqeyi mövcud beynəlxalq münasibətlərə daha realist və praqmatik yanaşmanı əks etdirdi. Dövlət başçısı vurğuladı ki, qlobal qeyri-müəyyənliklərin artdığı bir şəraitdə ölkələrin uğuru beynəlxalq təsisatlara kor-koranə arxalanmağa deyil, milli maraqlara əsaslanan siyasət, güclü liderlik və cəmiyyətin vahid mövqeyi ilə təmin olunur: "Biz beynəlxalq təsisatlara arxalanmamalıyıq. Mən Aleksandar ilə razılaşıram ki, bu gün vəziyyət heç vaxt olmadığı qədər mürəkkəbdir. Ancaq mən onun bədbinliyini bölüşmürəm, çünki vəziyyət nəzarətə götürülürsə, milli maraqlara və rəhbərlik etdiyin xalqa bağlılıq varsa, o zaman uğura nail olmaq mümkündür. O ki qaldı, çoxtərəflilik, birtərəflilik və proteksionizmə, biz bütün bunların iflasa uğradığını görürük. Ümumdünya Ticarət Təşkilatı iflic olub. Yeri gəlmişkən, 30 il ərzində edilmiş dəvətlərə rəğmən biz Ümumdünya Ticarət Təşkilatına qoşulmadıq, çünki öz iqtisadi suverenliyimizi qorumaq istəyirdik. Biz siyasi suverenliyə malik olmaqla yanaşı, müxtəlif tərəflərlə yaxşı münasibət saxlamaq istəyirik. Biz Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışıq. Eyni zamanda Çin ilə hərtərəfli strateji tərəfdaşlıq sazişinə malikik və ABŞ ilə Strateji tərəfdaşlıq nizamnaməsini müzakirə edirik. Bütün bunlar mümkündür və bir-biri ilə ziddiyyət təşkil etmir. Ölkə və onun gələcəyi ilə bağlı aydın baxışa malik olduqda, gücə sahib olduqda və vahid mövqedən çıxış edən cəmiyyətin olduğu təqdirdə haqqınızda və gördüyünüz işlər barəsində kimin nə dediyinin və nə məqalə dərc etdirməsinin heç bir əhəmiyyəti yoxdur".
Avrasiya çox böyük bir coğrafi məkandır. Müxtəlif güc mərkəzləri ilə paralel ziddiyyətsiz əməkdaşlıq imkanları bu məkanı qapalı bloklardan fərqli olaraq açıq, çoxtərəfli və rəqabətədavamlı iqtisadi platformaya çevirir. Ona görə də Azərbaycan öncə öz regionunu, daha doğrusu, qonşularını düşünməlidir. Ötən 30 ildə ölkəmiz Ermənistan istisna olmaqla, bütün qonşularla münasibət qura bilib. Amma hazırda sülh bərqərar olduğu üçün Ermənistanla da iqtisadi əməkdaşlığa və ixrac əməliyyatlarına başlanılıb. Azərbaycan Qazaxıstan və Rusiya vasitəsilə Ermənistana yük daşımalarındakı bütün məhdudiyyətləri aradan qaldırıb. Həmin addım nəticəsində artıq Ermənistandan Rusiyaya yüklərin daşınması üçün müraciətlər daxil olub. Hazırda bu daşımalar Gürcüstan ərazisindən həyata keçirilir, lakin gələcəkdə Ermənistan ərazisindən birbaşa yük daşımalarının mümkün olacağı gözlənilir.
"Bizim üçün qardaş ölkə olan Türkiyə ilə çox sıx müttəfiqlik münasibətləri qurmuşuq, Türkiyəyə nəhəng sərmayələr yatırmışıq. Bizim Türkiyəyə sərmayələrimizin həcmi 20 milyard dollardan çoxdur. Hazırda biz Gürcüstana ən böyük sərmayə qoymuş ölkələr sırasındayıq. Gürcüstan ərazisindən keçən dəhlizlərlə yanaşı, Amerika Birləşmiş Ştatlarının himayəsi altında həyata keçirilən və TRIPP adlanan bağlantı layihəsi Xəzər dənizindən keçərək Asiyadan Azərbaycana, Ermənistana, Azərbaycanın bir parçası olan Naxçıvandan Türkiyəyə, oradan isə Avropaya qədər uzanan yeni bir nəqliyyat dəhlizi olacaqdır. Marşrutların çoxluğu istehlakçıların, təchizatçıların və tranzit ölkələrin xeyrinədir", - Prezident İlham Əliyevin Davosdakı panel müzakirələrdə ortaya qoyduğu bu mövqe Avrasiyanın iqtisadi özünəməxsusluğunu formalaşdıran əsas amillərdən birini - strateji mövqe və çevik tərəfdaşlıq imkanlarını açıq şəkildə göstərir.
Marşrutların çoxluğu, investisiya həcmləri və beynəlxalq layihələr Avrasiyanın iqtisadi əlaqələr şəbəkəsini genişləndirir, tranzit imkanlarını artırır və regional inteqrasiyanı gücləndirir.
Davosda səsləndirilən fikirlər bir daha təsdiqlədi ki, Avrasiyanın iqtisadi özünəməxsusluğu onun fərqli inkişaf modelində, çoxşaxəli əməkdaşlıq imkanlarında və dəyişən dünya düzənində tutduğu strateji mövqedə öz əksini tapır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"