27 Yanvar 2026 09:20
2049
Səhiyyə
A- A+
Nipah virusu pandemiyaya çevrilə bilər

Nipah virusu pandemiyaya çevrilə bilər


Hindistanda ölümcül Nipah virusunun yayılması ilə bağlı qeydə alınan yeni hallar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun yüksək ölüm nisbətinə və insandan insana ötürülmə imkanına malik olması səbəbindən onun gələcəkdə yeni pandemiya potensialı daşıdığını bildirib.

Son yoluxma halları Hindistanın üçüncü ən böyük şəhəri olan Kalkuttanın yaxınlığında yerləşən Qərbi Benqal ştatında aşkarlanıb və artıq yerli hakimiyyət orqanları fövqəladə tədbirlər görməyə başlayıb. Məlumata görə, hazırda Qərbi Benqalda Nipah virusuna yoluxmanın beş təsdiqlənmiş halı var və onların hamısı səhiyyə işçiləri arasındadır. Yoluxmuş şəxslərlə təmasda olan 100-dən çox insan karantinə alınıb. Xəstələrdən ikisi tibb bacısıdır və onların vəziyyəti ağır qiymətləndirilir. Həmin tibb bacılarından birinin komada olduğu bildirilir. "The Economic Times" nəşrinin yazdığına görə, o, analizlər götürülməmişdən əvvəl vəfat edən bir xəstəyə qulluq edərkən virusa yoluxmuş ola bilər. Bu fakt Nipah virusunun səhiyyə müəssisələrində yayılma riskinin nə qədər yüksək olduğunu bir daha göstərir.

Hindistan hakimiyyəti Qərbi Benqal ştatında vəziyyəti nəzarət altında saxlamaq və mümkün xəstəlik ocağının genişlənməsinin qarşısını almaq üçün xüsusi operativ qrup yaradıb. Tibbi müşahidə gücləndirilib, xəstəxanalarda infeksiyaya nəzarət tədbirləri sərtləşdirilib, risk zonalarında əhali arasında maarifləndirmə işlərinə başlanılıb. Səhiyyə qurumları virusun yayılma zəncirinin qırılması üçün vaxtında təcrid və izləmə tədbirlərinin həlledici rol oynadığını bildirirlər.

Nipah virusu ilk dəfə 1999-cu ildə Malayziyada, Nipah çayı yaxınlığında yerləşən donuz fermalarında yayılan naməlum xəstəliyin araşdırılması zamanı aşkar edilib. O vaxtdan bəri virus əsasən Cənubi və Cənub-Şərqi Asiya ölkələrində - Hindistan, Banqladeş, Malayziya və Sinqapurda vaxtaşırı qeydə alınır. Xüsusilə Hindistanın Kerala və Qərbi Benqal ştatları risk zonaları hesab olunur. Son ölüm faktının da məhz Qərbi Benqal ərazisində baş verməsi regionun epidemioloji baxımdan həssaslığını bir daha gündəmə gətirib.

ÜST-nin məlumatına görə, Nipah virusu zoonotik patogendir, yəni heyvanlardan insanlara və insandan insana ötürülə bilir. Virusun əsas təbii daşıyıcıları meyvə yarasalarıdır (Pteropus növü). İnsanlar yoluxmuş yarasalarla və ya onların tüpürcəyi, sidiyi və nəcisi ilə çirklənmiş qidalar vasitəsilə virusa yoluxa bilərlər. Xüsusilə yarasalar tərəfindən dişlənmiş və ya çirklənmiş meyvələrin, eləcə də xurma şirəsi kimi təzə meyvə ekstraktlarının qaynadılmadan istehlakı yoluxma riskini artırır. Bundan əlavə, yoluxmuş donuzlarla birbaşa təmas da virusun ötürülməsində mühüm rol oynayır.

Virusun yayılmasının ən təhlükəli xüsusiyyətlərindən biri də insandan insana ötürülmə hallarının mövcud olmasıdır. Yoluxmuş şəxsin bədən mayeləri - qan, sidik, tüpürcək və digər ifrazatlar ilə sıx təmas virusun ötürülməsinə səbəb ola bilər. Bu cür hallar adətən ailə üzvləri və səhiyyə işçiləri arasında müşahidə olunur.

Nipah virusunun ölüm nisbəti olduqca yüksəkdir və müxtəlif epidemiyalar zamanı 40 faizdən 75 faizə qədər dəyişir. Rusiya Elmlər Akademiyasının akademiki, Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin elmi rəhbəri Aleksandr Qintsburqun sözlərinə görə, bu virus xüsusilə təhlükəli infeksiyaların törədiciləri sırasına daxildir və ona qarşı təsdiqlənmiş dərman mövcud deyil. Onun fikrincə, yoluxmadan sağ qalma ehtimalı əsasən insanın immun sisteminin gücündən asılıdır. İmmuniteti zəif şəxslərdə virus ağırlaşmalara, sepsisə, ağciyərlərin iltihabına, meningitə səbəb ola və ölümlə nəticələnə bilər.

Xəstəliyin inkubasiya dövrü adətən 5-14 gün təşkil etsə də, bəzi hallarda 45 günə qədər davam edə bilər. Nipah virusu infeksiyası çox vaxt qəfil başlayan qripəbənzər əlamətlərlə özünü göstərir. Əsas simptomlara yüksək hərarət, şiddətli baş və əzələ ağrıları, güclü halsızlıq daxildir. Bəzi hallarda ürəkbulanma, qusma, boğaz ağrısı və quru öskürək müşahidə olunur. Xəstəlik irəlilədikcə isə daha ağır fəsadlar meydana çıxa bilər.

Nipah virusunun ən təhlükəli ağırlaşmalarından biri ensefalit - beynin iltihabıdır. Bu zaman xəstələrdə zehni çaşqınlıq, qıcolmalar, şüur pozuntuları və hətta koma inkişaf edə bilər. Bəzi hallarda xəstəlik 24-48 saat ərzində sürətlə ağırlaşaraq ölümə səbəb olur. Tənəffüs sistemi də zədələnə və kəskin tənəffüs çatışmazlığı yarana bilər. Sağ qalan bəzi xəstələrdə isə uzunmüddətli nevroloji problemlər, o cümlədən qıcolma və şəxsiyyət dəyişiklikləri müşahidə olunur.

Nipah virusunun erkən diaqnozu çətindir, çünki simptomlar malyariya, denqe qızdırması və digər qızdırmalı xəstəliklərlə qarışdırıla bilər. Diaqnoz üçün RT-PCR testləri vasitəsilə virusun RNT-si aşkar edilir, ELISA testləri ilə antikorlar müəyyən olunur, bəzi hallarda isə virusun hüceyrə kulturasında izolyasiyası aparılır. Bu testlər yalnız yüksək biotəhlükəsizlik səviyyəsinə malik laboratoriyalarda həyata keçirilə bilər.

Hazırda Nipah virusuna qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə mövcud deyil. Müalicə əsasən dəstəkləyici xarakter daşıyır və xəstənin həyatını qorumağa yönəlib. Ağır hallarda reanimasiya tədbirləri, mexaniki ventilyasiya və intensiv nəzarət tələb olunur. Bəzi eksperimental antiviral preparatlar və monoklonal antikorlar sınaqdan keçirilsə də, onların effektivliyi hələ tam sübut edilməyib.

Mütəxəssislər profilaktikanın xüsusi əhəmiyyət daşıdığını vurğulayırlar. Meyvə yarasalarının yaşadığı ərazilərdə ağaclardan düşmüş meyvələri yeməmək, meyvələri istehlakdan əvvəl yaxşı yumaq və soymaq, xurma şirəsi kimi təzə meyvə ekstraktlarını qaynatmadan içməmək tövsiyə olunur. Virus yaxşı bişmiş ətdə məhv olsa da, yoluxmuş donuzların kəsimi və emalı zamanı yoluxma riski yüksəkdir və epidemiya bölgələrində heyvan məhsulları ilə təmasdan çəkinmək vacibdir.

Nipah virusunun insandan insana keçə bilməsi onun pandemiya potensialını artırsa da, mütəxəssislər yoluxma sürətinin COVID-19 qədər yüksək olmadığını bildirirlər. Buna baxmayaraq, qlobal miqrasiya və beynəlxalq hava nəqliyyatının intensivliyi fonunda virusun müxtəlif ölkələrə daşınma riski tam istisna edilmir.

Nipah virusu Azərbaycan üçün endemik hesab edilmir. Azərbaycan üçün riskin aşağı qiymətləndirilməsinin əsas səbəbləri meyvə yarasalarının ölkə ərazisində yayılmaması, coğrafi uzaqlıq və mövcud epidemioloji nəzarət mexanizmləridir. Səhiyyə Naziliyinin məlumatına görə, mövcud epidemioloji vəziyyətə əsasən əhaliyə real təhlükə mövcud deyil. Daxili yayılma riski aşağı qiymətləndirilir və proses Səhiyyə Nazirliyi tərəfindən daim nəzarətdə saxlanılır. Xüsusilə sərhəd-keçid məntəqələrində sanitar-epidemioloji nəzarət gücləndirilib. Şübhəli hallar aşkar olunduğu təqdirdə, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin 2 və 3-cü bioloji təhlükəsizlik səviyyəli laboratoriyalarında müvafiq müayinələrin aparılması mümkündür. Hazırkı mərhələdə əhali üçün əlavə xüsusi məhdudiyyətlərə ehtiyac yoxdur. Ümumi sanitariya-gigiyenik qaydalara riayət edilməsi kifayətdir. Endemik ərazilərdən qayıdan şəxslərin öz sağlamlıqlarını müşahidə etməsi və hər hansı şübhəli simptomlar yaranarsa vaxtında həkimə müraciət etməsi tövsiyə olunur.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda ilk dəfə Avropa Kanoe Assosiasiyasının ofisi açılıb

17:04
13 Mart

Pit Heqset: İranın daxilində 15 mindən çox hədəfə zərbə endirilib

16:57
13 Mart

Bakı Forumu çərçivəsində panel iclas: “Afrika bu gün və sabah” YENİLƏNİB 

16:56
13 Mart

Belçika şirkəti Azərbaycanın külək enerjisi potensialını dəyərləndirir  

16:45
13 Mart

İlk dəfə olaraq kosmosda asteroidin istiqamətini dəyişmək mümkün olub

16:33
13 Mart

Azərbaycan Müdafiə Nazirliyi: Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik  

16:32
13 Mart

Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlıq genişlənir  

16:31
13 Mart

ECOLEAD layihəsi çərçivəsində 200-dən çox ağac əkilib

16:31
13 Mart

Ahmedou Ould-Abdallah: Afrika qlobal iqtisadiyyatda cəmi 2 faiz paya malikdir  

16:28
13 Mart

İqtisadiyyat naziri UNCTAD baş katibi ilə beynəlxalq ticarət əlaqələrinin mövcud vəziyyətini dəyərləndirib  

16:19
13 Mart

Maltanın sabiq Baş naziri: Afrika daxili imkanlar baxımından böyük potensiala malikdir  

16:12
13 Mart

Cenevrədə Hindistanda siqh icmasına və digər etnik qruplara qarşı repressiyalara dair konfrans təşkil olunub  

16:03
13 Mart

Bakı Forumu çərçivəsində Orta Dəhliz və Avrasiya bağlantısı ətrafında müzakirələr aparılıb YENİLƏNİB 

16:01
13 Mart

Süni intellekt proqramlarından istifadə yolu ilə qadınları şantaj edən şəxs saxlanılıb  

15:58
13 Mart

Eka Tkeşelaşvili: Azərbaycan regionun inteqrasiyasında əsas aktor kimi iştirak edir

15:57
13 Mart

Azərbaycanda orta illik inflyasiya açıqlanıb

15:53
13 Mart

İrandan Azərbaycana daha 15 nəfər təxliyə olunub  

15:49
13 Mart

Omana PUA hücumu olub, 2 nəfər ölüb  

15:43
13 Mart

Bakı Forumu çərçivəsində panel iclas: “Afrika bu gün və sabah”  

15:41
13 Mart

Fövqəladə hallar naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib  

15:39
13 Mart

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

15:38
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!