Uzun illər boyu səssizliyə qərq edilmiş, viran qoyulmuş Qarabağ və Şərqi Zəngəzur bu gün yenidən həyata qayıtmaq üçün nəfəs alır. İşğaldan azad edilmiş bu ərazilər təkcə dağılmış binaların və boşalmış küçələrin məkanı deyil, həm də yarımçıq qalmış talelərin, unudulmayan xatirələrin və Böyük Qayıdış ümidinin simvoludur.
Bu torpaqlarda şəhərsalma prosesi ədalət, dirçəliş və gələcəyə inamın binalar, meydanlar və ictimai məkanlar vasitəsilə özünü göstərməsi, daha doğrusu, memarlıqla ifadə olunmasıdır. Yeni salınan şəhər və kəndlər müasirliklə tarixin vəhdətini yaradaraq, doğma yurduna qayıdan hər bir vətəndaş üçün yeni həyatın əsasını qoyur. Azad edilmiş ərazilərdə şəhərsalma və memarlıq milli iradənin, strateji baxışın və bərpaolunan ümidlərin canlı təcəssümüdür. Bu iş, ilk növbədə, dağıntıların miqyasının düzgün qiymətləndirilməsi ilə başlayır. Uzun illər ərzində məqsədli şəkildə viran qoyulmuş şəhər və kəndlərdə yalnız yaşayış binaları deyil, bütöv infrastruktur məhv edilib, həyat dayanıb. Yol şəbəkələri, enerji və su təchizatı, sosial obyektlər, mədəni və dini abidələr demək olar ki, tamamilə sıradan çıxarılıb. Ona görə də bərpa prosesi ənənəvi yenidənqurmadan fərqli olaraq daha dərin və sistemli yanaşma tələb edir.
Yeni şəhərsalmanın mərkəzində təbii ki, insan amili dayanır. Doğma yurduna qayıdan əhali üçün təhlükəsiz, rahat və müasir yaşayış mühitinin yaradılması prioritet məsələdir. Planlaşdırılan yaşayış məntəqələri müasir memarlıq üslubu ilə yanaşı, yerli iqlim şəraitinə, coğrafi xüsusiyyətlərə və ənənəvi yaşayış tərzinə uyğun şəkildə formalaşdırılır. Xüsusilə də məktəblərin, səhiyyə müəssisələrinin, mədəniyyət ocaqlarının və ictimai məkanların sistemli şəkildə qurulması cəmiyyətin sağlam inkişafına zəmin yaradır. Təsadüfi deyil ki, hələ 2021-ci ildə Prezident İlham Əliyev şəhərsalma ilə bağlı bəyan etmişdi: "Biz işğaldan azad edilmiş torpaqlarda yüksəksəviyyəli müasir infrastruktur, "ağıllı şəhər" və "ağıllı kənd" konseptləri əsasında yenidənqurma aparırıq və bu torpaqları təkcə bərpa etmirik, həm də gələcəyə hazırlayırıq".
Azad edilmiş ərazilərdə şəhərsalmanın mühüm istiqamətlərindən biri də dayanıqlı inkişaf və ekoloji tarazlığın qorunmasıdır. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi bu ərazilərin gələcək inkişafına innovativ baxışın göstəricisidir. Bu konsepsiyanın ilk nümunəsi kimi Zəngilan rayonunda inşa edilmiş Ağalı kəndini qeyd etmək olar. Ağalı "ağıllı kənd" layihəsi çərçivəsində yenidən qurularaq alternativ enerji mənbələrindən istifadə, rəqəmsal idarəetmə, müasir sosial infrastruktur və ekoloji təmiz yaşayış mühiti ilə seçilir. Burada günəş enerjisindən istifadə, enerjiyə qənaət edən binalar, "ağıllı işıqlandırma" sistemləri və müasir kənd təsərrüfatı yanaşmaları tətbiq olunub.
Qeyd etməyi unutmayaq ki, "ağıllı kənd" modeli yalnız texnoloji yenilik deyil, həm də sosial rifahın yüksəldilməsinə xidmət edən kompleks yanaşmadır. Bu layihələr əhalinin məşğulluğunun artırılmasına, kənd təsərrüfatında innovativ metodların tətbiqinə və regionların iqtisadi canlanmasına imkan yaradır. Ən əsası isə doğma yurda qayıdan insanlar üçün müasir həyat standartlarına cavab verən və ekoloji baxımdan sağlam bir mühit yaradır. Bütün bunlar o deməkdir ki, Ağalıda tətbiq olunan "ağıllı kənd" layihəsi ölkənin gələcək urbanistik inkişaf modelini formalaşdırmaqla yanaşı, regionu dayanıqlı inkişafın yeni simasına çevirir. Bu torpaqlarda qurulan hər bir ekoloji təmiz yaşayış məntəqəsi təbiətə hörmətin, insana qayğının və gələcəyə yönəlmiş düşüncənin təcəssümüdür.
Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan "ağıllı şəhər" konsepsiyası da müasir şəhərsalmanın ən qabaqcıl yanaşmalarından biridir. Bu model şəhərdə enerji təchizatı, nəqliyyat, təhlükəsizlik, kommunal xidmətlər və sosial infrastrukturun rəqəmsal texnologiyalar vasitəsilə vahid sistemdə idarə olunmasını nəzərdə tutur. Günəş və külək enerjisi kimi bərpaolunan mənbələrdən istifadə, enerjiyə qənaət edən binaların inşası, eləcə də "ağıllı işıqlandırma" sistemləri həm ekoloji tarazlığın qorunmasına, həm də resurslardan qənaətlə istifadəyə imkan yaradır. Üstəlik, su ehtiyatlarının "ağıllı" idarə olunması, tullantıların çeşidlənməsi və təkrar emalı şəhərin ekoloji yükünü minimuma endirir. Nəticə etibarilə regionda yaradılan "ağıllı şəhər"lər Qarabağ və Şərqi Zəngəzurun yeni simasını müəyyənləşdirir.
İşğaldan azad edilmiş ərazilərdə bu konsepsiyanın tətbiqi konkret layihələr üzərində reallaşdırılaraq artıq real nəticələr verməkdədir. Şuşa, Füzuli və Ağdam şəhərləri müsir şəhərsalmanın nümunələridir desək, yanılmarıq. Şuşa şəhəri tarixi-mədəni irsi ilə yanaşı, müasir şəhərsalma prinsiplərinin tətbiq olunduğu xüsusi yaşayış sahəsidir. Onu da qeyd etməliyik ki, bərpa və quruculuq prosesində "ağıllı şəhər" elementləri tarixi mühitə zərər vermədən inteqrasiya edilir. Enerjiyə qənaət, müasir kommunikasiya sistemləri, təhlükəsizlik və rəqəmsal idarəetmə Şuşanın həm mədəni paytaxt statusunu, həm də müasir şəhər funksiyalarını bir araya gətirir. Bu yanaşma Şuşanı keçmişlə gələcəyin vəhdətində inkişaf edən nadir şəhər modelinə çevirir.
Füzuli isə demək olar ki, sıfırdan qurulan "ağıllı şəhər" nümunəsidir. Müasir şəhər planlaşdırılması əsasında inşa edilən Füzulidə geniş yol infrastrukturu, "ağıllı işıqlandırma" sistemləri, ekoloji təmiz nəqliyyat imkanları və rəqəmsal kommunal şəbəkələr nəzərdə tutulub. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin regional logistika və iqtisadi mərkəz kimi inkişafına təkan verir.
Ağdama gəlincə... "Qafqazın Xirosiması" kimi tanınan bu şəhər dağıntıların yerində yeni nəfəs qazanan məkandır. Baş plana uyğun olaraq şəhərin yaşıllıq zonaları, ekoloji tarazlığı qoruyan yaşayış massivləri və "ağıllı infrastruktur" elementləri ilə yenidən qurulması nəzərdə tutulur. Rəqəmsal idarəetmə, enerjiyə qənaət edən binalar və müasir sosial obyektlər Ağdamın gələcəkdə regionun "ağıllı" və dayanıqlı şəhərlərindən birinə çevriləcəyinə əminlik yaradır.
Beləliklə, Zəngilanın Ağalı kəndi, Şuşa, Füzuli və Ağdam nümunələri göstərir ki, azad edilmiş ərazilərdə "ağıllı kənd", "ağıllı şəhər" anlayışı abstrakt ideya deyil, konkret layihələr və real həyat modeli kimi gerçəkləşir. Bu şəhərlər Azərbaycanın gələcəyə yönəlmiş şəhərsalma baxışının canlı təcəssümüdür. Bu torpaqlarda salınan hər yeni bina, çəkilən hər yol və yaradılan hər ictimai məkan Böyük qayıdışın və davamlı sülhün simvoluna çevrilir ki, bu da müasir şəhərsalmanın xalqın yaddaşını, iradəsini və gələcək arzularını memarlıq dili ilə yaşatdığını nümayiş etdirir.
İşğaldan azad olunmuş ərazilərdə şəhərsalmaya sadəcə ev tikmək kimi yanaşmaq doğru olmaz. Məqsəd müasir, təhlükəsiz, "yaşıl" və "ağıllı həyat" modeli qurmaqdır. Burada insanların rahat yaşayışı üçün bütün sosial və infrastruktur xidmətləri əvvəlcədən planlaşdırılır. "Ağıllı texnologiya"lar, ekoloji yanaşmalar və davamlı enerji sistemləri sayəsində həm həyat keyfiyyəti yüksəlir, həm də region dayanıqlı inkişaf modeli kimi diqqət çəkir. Nəqliyyat, iqtisadi fəaliyyət və təhlükəsizlik bir-biri ilə uzlaşdırılır. Beləliklə, Qarabağ və Şərqi Zəngəzur gündən-günə irəliləyərək Azərbaycanın gələcək şəhərsalma standartlarını müəyyən edən nümunəvi regiona çevrilir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"