"Zayed İnsan Qardaşlığı Mükafatı" Azərbaycan Prezidentinin sülhü bərqərar edən siyasətinə verilən yüksək dəyərdir
Baş verən müharibələrin, dərinləşən münaqişələrin, beynəlxalq münasibətlər sistemində etimad böhranının yaşanmasının fonunda da aydın görünür ki, bu gün dünyanın qarşısında duran ən vacib çağırışlardan biri davamlı sülhün təmin olunmasıdır. Bəzi siyasi analitiklərin proqnozlarına görə hətta bəşəriyyətin Üçüncü Dünya müharibəsinin astanasında olduğu bu qarmaqarışıq dövrdə sülhə xidmət edən liderlərin fəaliyyəti xüsusilə ön plana çıxır. Bu mənada Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi də təsadüfi olmadı.
Bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilib.
Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizin sülh gündəliyinin dünya ictimaiyyəti tərəfindən dəstəklənməsinin bariz nümunəsi olan bu mükafat Azərbaycan Prezidentinin qlobal sülh səylərinə, şəxsi əzmi, qətiyyəti və prinsipiallığı ilə Cənubi Qafqazda de-fakto sülhü təmin etməsinə verilən yüksək qiymət, dövlətimizin rəhbərinə göstərilən beynəlxalq ehtiramın təzahürü kimi dəyərləndirilməlidir.
Yanvarın 20-də Davosda "Euronews" televiziyasına müsahibəsi zamanı Prezident İlham Əliyev söylədi ki, belə nüfuzlu mükafatı almaq onun üçün böyük şərəfdir: "Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm".
Yalnız regional deyil, beynəlxalq miqyasda da daim sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən Azərbaycanın sülh modeli bu gün dünyada təqdirlə qarşılanır, nümunə götürülür. Ümumiyyətlə, ərazilərinin 20 faizi işğal altında olduğu üç onilliyə yaxın müddətdə də Azərbaycan münaqişənin dialoq və sülh yolu ilə həllinin tərəfdarı oldu. Ancaq Ermənistan və ona himayədarlıq edən bəzi beynəlxalq təşkilat və ölkələr bu münaqişənin həll olunmasında maraqlı deyildilər və sülhə gedən yola daim maneələr qoymaqla məşğul olurdular. İşğal faktını heç zaman qəbul etməyən Azərbaycan isə süni şəkildə dondurulmuş bu vəziyyəti güc yolu ilə dəyişdi. İkinci Qarabağ müharibəsində BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsini özü icra edərək ərazilərinin işğalına son qoyan ölkəmiz bununla həm beynəlxalq hüququ, həm də ədaləti bərpa etdi.
2025-ci ilin 25 sentyabr tarixində Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasına Prezident İlham Əliyevin Qarabağ məsələsini məhz öz qətiyyəti və uzaqgörən siyasəti sayəsində nizama salan və elə BMT TŞ-nin onilliklərdir kağız üzərində qalan qətnamələrini yerinə yetirən və sülh yaradan lider kimi yollanması da dünya tarixində rastlanmamış hal idi.
Otuz ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllindən sonra rəsmi Bakının seçdiyi siyasi xətt də elə barış və qarşılıqlı anlaşma oldu.
Bu isə bir daha göstərdi ki, Azərbaycan üçün müharibə heç vaxt məqsəd olmayıb, əsas hədəf dayanıqlı sülhün bərqərar olması idi ki, bu gün praktik müstəvidə də bunun həllini tapdığını görürük.
"Biz dayandıq. Otuz il əziyyət çəkmiş ölkənin lideri olaraq lazımi vaxtda dayanmaq olduqca məsuliyyətli və vacib qərar idi. Biz davam edə bilərdik. Mən sizinlə və burada əyləşənlərlə çox açıq danışmaq istəyirəm. Ancaq belə olduğu halda, bu sonsuz müharibələr daha çox əziyyət və qurbanlar ilə nəticələnəcəkdi. Beləliklə, müharibə heç vaxt bitməyəcəkdi. Kimsə bunu dayandırmalı idi və biz buna son qoymaq qərarına gəldik", - deyə yanvarın 20-də Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclası zamanı bu məqamla bağlı Prezident İlham Əliyev fikirlərini bildirdi.
Bölgədə formalaşdırılmış sülh mühiti, regional kommunikasiyaların açılması, qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində mühüm addımların atılması Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi sülh gündəliyi sayəsində mümkün olub. Prezident İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də Cənubi Qafqaz regionunun inkişaf, tərəqqi və əməkdaşlıq məkanına çevrilməsinə xidmət edir.
Ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən Azərbaycanın qətiyyətli siyasəti nəticəsində münaqişə edən tərəflər bu gün bütün problemlərini masa arxasında həll etmək yolunu seçiblər.
Qlobal arenada siyasi müstəvidə də qələbəsini qəbul etdirən Azərbaycanın səyləri ötən il 8 avqust tarixində Vaşinqton Sammitində sülh sazişinin mətninin paraflanmasına gətirib çıxardı. Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanması bölgədə münaqişə səhifəsini bağladı, tərəqqi və inkişaf vəd edən geniş qapılar açdı.
Azərbaycan sülh prosesi çərçivəsində atdığı konstruktiv addımlarla həm də kommunikasiya əlaqələrinə əlavə töhfələr verir. Ötən il Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması, eyni zamanda ölkəmizdən neft məhsullarının tədarükünə başlanılması, həmçinin iki ölkənin vətəndaş cəmiyyətlərinin İrəvan və Bakıya qarşılıqlı səfərləri, bu günlərdə təqsirləndirilən 4 erməniəsilli şəxsin İrəvana təhvil verilməsi kimi çoxsaylı nümunələr də sülhə xidmət edən əməllərdir.
Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasda Prezident İlham Əliyev vurğuladı ki, paraflanmış sənəd bu gün praktiki nəticələrə çevrilir: "Biz sülh şəraitində nəinki cəmi 5-6 aydır yaşayırıq və bu vəziyyətdən yararlanırıq, o cümlədən nə Ermənistan, nə Azərbaycan müstəqil ölkələr kimi heç zaman sülhdə yaşamayıblar. 1991-ci ildə müstəqil ölkəyə çevrildiyimiz zaman biz artıq hərbi toqquşmada idik. Lakin bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur".
Bu kontekstdə Azərbaycan liderinin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi həm də Bakının liderliyi ilə irəlilədilən sülh gündəliyinin beynəlxalq səviyyədə də diqqətlə izlənildiyini və təqdir edildiyini göstərir. Bu ali mükafat, eyni zamanda Azərbaycanın haqq və ədalətə əsaslanan mövqeyinin beynəlxalq aləmdə qəbul edildiyini ortaya qoyur.
Prezident İlham Əliyev sülhə aparan yolun ən çətin mərhələlərində belə prinsipial mövqedən geri çəkilməyərək onu təmin etmək üçün böyük səy nümayiş etdirdi. Elə bu sayədə əldə olunan nəticələr də bir daha göstərdi ki, Azərbaycan sülhpərvər siyasət yürüdən ölkədir.
O da reallıqdır ki, ölkəmiz təkcə bölgədə deyil, dünyada barışın əldə olunması üçün hər zaman mühüm təşəbbüslərlə çıxış edir, qlobal çağırışlara yüksək töhfələr verir, münaqişələrin, qarşıdurmaların aradan qaldırılması üçün çalışır. Dövlətimizin başçısı İlham Əliyevin dünyada sülh yaradan lider kimi tanınması dəfələrlə müharibənin kənarına gələn ölkələr arasında vasitəçilik etməklə tarixi barışdırıcılıq missiyası həyata keçirməsi, bir sözlə, bütün fəaliyyəti ilə dünyada sülhə xidmət etməsi ilə də birbaşa əlaqədardır.
Bu il yanvarın 9-da Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib.
Görüş zamanı Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamın "Münsiflər heyətinin adından demək istərdim ki, sülh sazişi üzrə uğurun əldə olunması üçün zati-alinizin gördüyü işlər bizim hamımızı ruhlandırır və dünyanın müxtəlif yerlərində mövcud münaqişə bölgələri üçün sülhün möhtəşəm bir nümunəsidir.
Biz və bütün dünya bunu dəyərlər baxımından yüksək qiymətləndiririk, çünki dünyanın həqiqətən buna ehtiyacı var. Həmin mükafatın Sizə təqdim edilməsi sazişin sülh, barışıq və regional sabitliyin bərqərar edilməsi baxımından əhəmiyyətini göstərir. Cənab Prezident, Sizə həqiqətən təşəkkürümüzü bildiririk", - deməsi də Prezident İlham Əliyevin sülh missiyasına verilən böyük dəyəri özündə ehtiva edir.
Bir sözlə, "Zayed İnsan Qardaşlığı Mükafatı" Prezident İlham Əliyevin qlobal miqyasda sülhə töhfə verən siyasi xadim kimi qəbul olunduğunu, nümunə yaratdığını bir daha təsdiqləyir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"