Ötən il Azərbaycanda neftin və qazın hasilatı ahəngdar, ixracı fasiləsiz davam edib. Bunu Energetika Nazirliyinin operativ məlumatındakı rəqəmlər də təsdiqləyir.
2025-ci ildə ölkədə 27,7 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Hasilatın 16,2 milyon tonu "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun, 3,8 milyon tonu "Şahdəniz"in, 0,6 milyon tonu "Abşeron"un, 7,1 milyon tonu isə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) payına düşüb.
İl ərzində xam neft hasilatı orta hesabla gündəlik 62,4 min ton (460 min barel), kondensat hasilatı 13,5 min ton (111 min barel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,9 min ton (571 min barel) olub.
Xatırladaq ki, sonradan "Əsrin müqaviləsi" adını almış AÇG-nin tammiqyaslı işlənməsi üzrə saziş çərçivəsində ilk neft 1997-ci ilin noyabrında "Çıraq" platformasından əldə olunub. Hazırda AÇG-dən hasilat "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Çünəşli", "Qərbi Çıraq" və "Azəri Mərkəzi Şərqi" (ACE) platformalarından alınır. ACE platforması AÇG sazişinin 2050-ci ilin əvvəlinədək uzadılması üzrə eyni adlı layihə çərçivəsində istismar olunur.
Ölkədə təbii qaz hasilatı isə keçən il 51,5 milyard kubmetr təşkil edib. Hasilatın 14,1 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"nin, 27,9 milyard kubmetri "Şahdəniz"in, 1,6 milyard kubmetri "Abşeron"un, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
AÇG-dən çıxarılan mavi yanacaq səmt qazı adlanır. Bu qazın böyük hissəsi Səngəçal terminalı və Neft Daşlarındakı qurğu vasitəsilə Azərbaycan dövlətinə təhvil verilir. Qalanı isə təzyiqinin saxlanılması üçün yenidən laylara vurulur.
Qazdan söz düşmüşkən, keçən il onun ixracı 25,2 milyard kubmetr təşkil edib. Bu həcmin 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə, 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac olunub. Azərbaycandan qaz idxal edən 14 ölkənin sırasına bu ildən daha ikisi qoşuldu. Beləliklə, indi bizdən 16 ölkə - Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya qaz alır.
Gürcüstana qaz Cənubi Qafqaz Boru Kəməri, Türkiyəyə Bakı-Tbilisi-Ərzurum kəməri və TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) çatdırılır. Keçən il Türkiyənin aldığı qazın 5,6 milyard kubmetrini TANAP nəql edib. Avropaya isə qaz 2020-ci ilin son günündən başlayaraq TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) ixrac olunur.
2025-ci ildə neft ixracını göstərən rəqəmlər də açıqlanıb: 23,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac olunub. İxracın 20 milyon tonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə JOCAP-ın payına düşüb. Ötən il ərzində neftin emalı 6,2 milyon ton təşkil edib.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən bu il yanvarın 1-dək 670,3 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 508,6 milyard kubmetr qaz əldə olunub. "Azəri-Çıraq-Günəşli"dən 617,8 milyon ton neft, 243,9 milyard kubmetr qaz, "Şahdəniz"dən isə 52,5 milyon tona yaxın kondensat, 264,7 milyard kubmetr qaz çıxarılıb. Bu dövrdə 668,3 milyon ton neft, 191,2 milyard kubmetr qaz ixrac edilib.
Onu da xatırladaq ki, Azərbaycan nefti dünya bazarlarına əsasən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri ilə çatdırılır. 2006-cı ilin iyul ayından tam sistem kimi işə salınan bu möhtəşəm kəmər həmin vaxtdan fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir.
Prezident İlham Əliyevin cari il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində karbohidrogenlərin hasilatının sabitləşdirilməsi və artırılması vəzifəsini qarşıya qoyaraq demişdir: "Mən, ümumilikdə, iqtisadi inkişafdan razıyam. Bəli, bizim bir problemimiz var, bu da neft hasilatının təbii azalmasıdır. Bu amil ÜDM göstəricilərinə müəyyən mənfi təsir göstərir. Lakin əgər qeyri-neft və qeyri-qaz sektorunda ÜDM-ə baxsaq görərik ki, 11 ay ərzində 3,2 faiz artım qeydə alınıb, bu da pis göstərici deyil. Bu artım daha yüksək ola bilər və böyük ehtimalla olacaq. Eyni zamanda biz neft hasilatının sabitləşdirilməsi üzərində işləyirik, - bu mümkündür, - və təbii qaz hasilatının artırılması istiqamətində də addımlar atırıq. Bu da iqtisadiyyatımıza əlavə dinamika verəcək və onun böyüməsinə töhfə olacaq. Lakin artım təbii olmalıdır".
Belə bir yanaşma şübhəsiz ki, neftin və qazın hasilatında, eləcə də ixracında bu il keçən ildəkindən yüksək göstəricilər əldə etməyə imkan verəcək.
Flora SADIQLI,
"Azərbaycan"