Bu günlər Dövlət Statistika Komitəsi dəhşətli rəqəmlər açıqladı: cari ilin 9 ayı ərzində qeydə alınan avtoqəzalar nəticəsində 500 nəfər həyatını itirib, 640 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bu, 9 ayın statistikasıdır. Deməli, ilin sonunda həmin rəqəmlərin üstünə daha 3 ayın qara statistikası əlavə olunacaq. Allah bütün sürücüləri və sərnişinləri qorusun.
Bizdə geniş yayılmış bir deyim var: "Qədərdən qaçmaq olmaz". Lakin fikrimizcə, bunun avtoqəzalarla heç bir əlaqəsi yoxdur. Ən azından o səbəbə ki, qəzanın baş verməsində "qədər" yox, əsasən özümüz günahkar oluruq. Axı spirtli içki içərək sükan arxasına oturub qəza törətməyin "qədər"lə nə əlaqəsi var? Yaxud avtomobil idarə edərkən kiminləsə "mesajlaşmağ"ın ağır nəticələrini "qədər"in üzərinə atmaq nə dərəcədə doğrudur? Xüsusən də bu zaman avtomobildə ailə üzvlərin varsa.
Sərxoşluqdan, yaxud diqqətsizlikdən qəza törədib doğmalarının ölümünə səbəb olan şəxslərin sayı nə qədər desən var. Onların ömürlərinin sonuna qədər (təbii ki, sağ qalıblarsa) yaşadıqları peşmançılığın nə faydası?! Ən dəhşətlisi isə bu faciələrdən nəticə çıxarılmamasıdır. Biz gün ərzində avtoqəzalar nəticəsində neçə nəfərin ölməsi və yaralanması barədə məlumatlar oxuyuruq. Hətta o qədər ki, buna öyrəşmişik də. Halbuki bu qara statistikanın arxasında yarımçıq qalmış yüzlərlə insan ömrü var. Buna baxmayaraq, yenə də bizə dərs olmur - içib sükan arxasında otururuq, avtomobil idarə edərkən smartfonu əlimizdən yerə qoymuruq, zamanı qabaqlamaq üçün özümüzün və doğmalarımızın həyatı bahasına sürəti artırırıq, bir sözlə, əzrayılla çilingağac oynayırıq, o vaxtacan ki, bu "oyun"un qurbanına çevrilirik. Onda da gec olur, çünki bu "oyun"dan heç kim qalib çıxmayıb. Çıxsaydı, 9 ayda avtoqəzalarda 500 nəfər həyatını itirməzdi.
Rüstəm KAMAL,
"Azərbaycan"