Hər dövrün öz səsi, öz nəfəsi olur. Bəzi yazıçılar bu səsi uca tribunaların gurultusunda, böyük tarixi sarsıntıların səs-küyündə axtarır, bəziləri isə əksinə - zamanın axarını adi bir insanın pıçıltısında, bir sevənin yarımçıq qalmış xəyallarında, sakit bir axşamın hüznündə tutur.
Müasir Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Ələviyyə Babayeva məhz ədəbiyyata səssiz, amma dərin və silinməz izlərlə daxil olan qələm sahiblərindən idi. Onun qələmi nə pafoslu şüarlara meyil etdi, nə də süni qəhrəmanlıq dastanları uydurdu, o, sadəcə, həyatın özünü - bütün ziddiyyətləri, kövrəkliyi və sərt həqiqətləri ilə vərəqlərə köçürdü. Ələviyyə xanımın yaratdığı bədii dünyada böyük faciələr belə təmkinlə, əsl ziyalı ədası ilə nəql olunur, oxucunu sarsıtmaqdan daha çox düşündürməyə, insan qəlbinin ən gizli qatlarına boylanmağa məcbur edir. Həm uşaqların saf təxəyyülünə, həm də böyüklərin mürəkkəb həyat fəlsəfəsinə eyni səmimiyyətlə xitab edə bilən bu sənətkar Azərbaycan ədəbiyyatında zərifliklə müdrikliyin qovuşduğu özünəməxsus bir məktəb yaratmışdır.
1921-ci ildə Bakıda anadan olmuşdu və elə bir ailədə böyümüşdü ki, burada sənətə, kitaba və gözəlliyə xüsusi sevgi var idi. Üç yaşında doğma atasını faciəvi şəkildə itirən Ələviyyənin formalaşmasında atalığı Hənifə kişinin müstəsna rolu olmuşdu. Elə buna görə də ədəbiyyat tarixində onun adı Ələviyyə Hənifə qızı Babayeva kimi həkk edilmişdi. Sonralar Azərbaycan təsviri sənətinin zirvələrini fəth edən qardaşı Xalq rəssamı Rasim Babayevlə bir ocaqda pərvazlanması onun estetik zövqünün formalaşmasında mühüm rol oynamışdı. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində aldığı ali təhsil isə Ələviyyənin fitri istedadını elmi-nəzəri biliklərlə zənginləşdirmişdi.
Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlayan Ələviyyə Babayeva hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr etmişdir. A.Qaydarın "Uzaq ölkələr" (1950), V.Biankinin "İz ilə" (1947), "Ayı balası" (1959), "Qırmızı təpə" (1963), K.Paustovskinin "Oğru pişik" (1951), V.Q.Korolenkonun "Satın alnmış uşaqlar" (1962), Y.Sotnikin "Əcaib quş" (1964), V.Astafyevin "Ulduz xəzanı" (1970), Y.Çaruşinin "Nikitanın oyuncaqları" (1984) və s. onun tərcüməsində kütləvi tirajla çap olunmuşdur. "Azərbaycan qadını" jurnalında məsul katib (1951-1973), "Gənclik" nəşriyyatında Müasir ədəbiyyat şöbəsinin müdiri (1973-1976), sonra baş redaktor (1976-1985) olmuş yazıçı Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin Azərbaycanın bir çox yerində ədəbi tədbirlərdə iştirak etmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə bölməsinin rəhbəri olmuşdur.
Səssizliyin içindəki böyük həqiqət
Ələviyyə Babayevanın yaradıcılığı mövzu rəngarəngliyi və psixoloji dərinliyi ilə seçilir. Müəllifin 60-dan çox kitabı və 9 romanı Azərbaycan nəsrinin qızıl fonduna daxil edilmişdir. Onun "Kölgə", "Adamlar və talelər", "Küləyin tərkində", "Səni axtarıram", "Bəlkə sabah olmadı", "Dəli Sona" kimi əsərləri dövrün ictimai-mənəvi mənzərəsini bütün çılpaqlığı ilə göstərir. Yazıçı heç vaxt hadisələrin səthində qalmır, qəhrəmanlarının daxili aləminə enir, onların sevincini, kədərini, tərəddüdlərini oxucuya hiss etdirirdi. Xüsusilə əsərlərindəki qadın obrazları öz iradəsi, fədakarlığı və mənəvi zənginliyi ilə yadda qalır.
Ələviyyə Babayevanın bədii yaradıcılığı xarici hadisələrin gurultusundan uzaq, insanın daxili dünyasına, mənəvi təzadlarına və psixoloji yaşantılarına yönəlmiş incə nəsri ilə fərqlənir. O, ədəbiyyata 1960-cı illər nəsrinin psixoloji dərinlik gətirən müəlliflərindən biri kimi daxil olub və müstəqillik dövründə də bu üsluba sadiq qalıb.
Müəllifin əsərlərində psixologizm və daxili monoloq üstünlük təşkil edir. Yazıçı qəhrəmanlarını zahiri hərəkətlərindən çox tərəddüdləri, peşmanlıqları və daxili düşüncələri vasitəsilə tanıdır. Hadisələrin gedişatından daha çox hadisələrin insan ruhunda buraxdığı izlər təsvir olunur. Ədəbiyyatşünaslar Ələviyyə xanımın ağır və təmkinli nəsr üslubunu xüsusi qeyd edirlər. Onun dilində süni pafos və bəlağət yoxdur, cümlələr sadə, axıcı, lakin alt qatında dərin milli-mənəvi və əxlaqi məna üstünlük təşkil edir. Sənətkar və zaman probleminə gəldikdə, xüsusilə müstəqillik dövrü əsərlərində yaradıcı insanın cəmiyyətdəki yeri, vicdan məsələləri ön plana çıxır.
Yazıçının 1964-cü ildə qələmə aldığı "Kölgə" povesti insanın öz keçmişi, gizli qorxuları və vicdanı ilə üzləşməsindən bəhs edir. "Kölgə" burada həm insanı izləyən xatirələrin, həm də mənəvi tərəddüdlərin bədii simvoludur. "Səni axtarıram" romanı (1985) insanın ömrü boyu özünü, mənəvi dayaqlarını və həqiqi sevgini axtarması ideyası üzərində qurulub. Əsər zamanın dəyişən dəyərləri fonunda saf duyğuların sınağını əks etdirir. Müstəqillik illərində qələmə alınan "Dəli Sona" romanında (1998) cəmiyyətdəki mənəvi sarsıntılar, stereotiplər və fərqli düşünən qadının tənhalığı dramatik boyalarla təsvir olunur.
"Adamlar və talelər"- mənəvi seçim və vicdan sınağı
Ələviyyə Babayevanın yaradıcılığında mühüm yer tutan "Adamlar və talelər" (1970) sovet cəmiyyətinin mənəvi-əxlaqi mənzərəsini əks etdirir. Əsərdə vahid bir macəra xəttindən daha çox bir neçə ailənin və fərdin paralel inkişaf edən həyat hekayələri verilir. Müəllif özünün şahidi olduğu real həyat müşahidələrinə əsaslanaraq qəhrəmanlarını gündəlik məişət qayğıları, ailədaxili münaqişələr və peşə etikası qarşısında sınağa çəkir. Əsas konflikt xeyirlə şərin açıq toqquşmasından çox, insanın öz vicdanı ilə kompromisə gedib-getməməsi üzərində qurulur.
Romanın mərkəzində alimlər, həkimlər, müəllimlər və sadə zəhmət adamları dayanır. Müəllif göstərir ki, insanın əsl dəyəri onun vəzifəsi və ya sosial mövqeyi ilə deyil, çətin məqamlarda vicdanını və insanlığını qoruya bilməsi ilə ölçülür. Əsərdəki qadınlar həm ailə ocağının qoruyucusu, həm də cəmiyyətdə öz yerini tapmağa çalışan fərdlər kimi təqdim olunur. Onların fədakarlığı ilə yanaşı, xəyanət və biganəlik qarşısındakı mənəvi sarsıntıları incə psixoloji detallarla açılır. Əsərin əsas leytmotivi mənəvi qütbləşmə üzərində qurulub: "İstər alim, istər sənətkar ol, istər xəstə baxıcısı - əgər insan adına layiq deyilsənsə, heç kimsən". Obrazlar məhz bu meyarla - çətin anda başqasının dərdinə şərik olub-olmamaları ilə dəyərləndirilir.
"Bəlkə sabah olmadı" - sənətkarın "üçüncü gözü" və zamanın burulğanı
Müəllif bu əsərini qardaşı, Xalq rəssamı Rasim Babayevə həsr edib və burada 1990-cı illərin mürəkkəb ictimai-siyasi şəraitində sənətkarın daxili tənhalığı və mənəvi axtarışları əks olunub. Süjet rəssam Bulut İldırımoğlunun həyat yolu, sənət axtarışları və yaşadığı dövrün sərt reallıqları ilə üz-üzə qalması ətrafında cərəyan edir. Romanın adı ("Bəlkə sabah olmadı") həyatın faniliyini, hər anın dəyərini bilmək və gecikmədən həqiqəti söyləmək ehtiyacını simvolizə edir. Əsərdə sənətkarın cəmiyyətdəki mənəvi aşınmaya, riyakarlığa və biganəliyə qarşı daxili müqaviməti ön plandadır.
Baş qəhrəman Bulut İldırımoğlu dərin müşahidə qabiliyyətinə və insanlara isti münasibətə malik rəssam obrazıdır. Onu ətrafdakılardan fərqləndirən ən mühüm xüsusiyyət bu insanın Allah vergisi olan "üçüncü gözü"dür - yəni adi gözlə görünməyən həqiqətləri, insanların gizli niyyətlərini və zamanın ağrılarını duymaq bacarığıdır. Lakin bu "üçüncü göz" həm onun sənətkarlıq zirvəsi, həm də şəxsi xoşbəxtliyinə mane olan ağır bir yükdür. Bulutun həyatındakı qadın obrazları onun daxili dünyasının və taleyinin güzgüsüdür. Məhz həyata fərqli baxışı və "üçüncü gözü"nün yaratdığı mənəvi tələbkarlıq ucbatından Bulut ilk məhəbbəti Fəridəni itirir. Sonrakı dövrdə qarşısına çıxan ikinci Fəridə isə onun yaralı ruhuna mənəvi dayaq axtarışının rəmzidir. Nadir və Rəfi müəllim obrazları isə müəllifin cəmiyyətdə görmək istədiyi nurlu, ziyalı və əxlaqi bütövlüyünü qoruyub saxlayan müsbət qüvvələri təmsil edir. Onlar Bulutun mənəvi tənhalığında ona həmfikir olan insanlardır.
Ələviyyə Babayeva yazıçılıq missiyasını hadisələri sadəcə təsvir etməkdə deyil, həmin hadisələrin insan qəlbində yaratdığı səssiz fırtınaları anlamaqda görürdü. İstər uşaq təxəyyülünə işıq saçan nağıl və ssenarilərində, istər dünya ədəbiyyatından dilimizə qazandırdığı ölməz tərcümələrdə, istərsə də dövrün mənəvi mənzərəsini çəkən irihəcmli romanlarında əsas bir fikir dəyişməz qalırdı: insanı olduğu kimi - bütün zəiflikləri və ucalıqları ilə sevmək.
2014-cü ildə Ələviyyə Babayeva cismən aramızdan ayrılsa da, özündən sonra sönməyən bir söz işığı, zəngin və saf bir ədəbi irs qoymuşdur.
İradə ƏLİYEVA,
"Azərbaycan"