21 Noyabr 2026 09:05
85
Mədəniyyət
A- A+
Bakının daş abidələri

Bakının daş abidələri


Qaya üzərindəki tarix - "Monolit" bina


Memarlıq tarixində elə anlayışlar var ki, onlar təkcə mühəndis həllini deyil, həm də bir şəhərin xarakterini, zamanın sınaqlarına qarşı dayanıqlığını ifadə edir. Yunan dilindən tərcümədə "bütöv daş" mənasını verən "monolit" sözü məhz belə rəmzlərdəndir. 

2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi fonunda bu anlayış bizim üçün ikiqat məna kəsb edir. Bir tərəfdən paytaxtımızın mərkəzində əzəmətlə ucalan, milli mədəniyyətimizin və ziyalı yaddaşımızın canlı şahidi olan tarixi "Monolit" bina, digər tərəfdən isə bu gün göydələnlərimizə sarsılmazlıq və ölməzlik bəxş edən müasir monolit-beton texnologiyası şəhərsalma mədəniyyətimizin dünəni ilə sabahını birləşdirir.

Şəhərlərin simasının yeniləndiyi, Qarabağ və Şərqi Zəngəzurda müasir urbanizasiya nümunələrinin salındığı, Bakının isə dünya şəhərsalma gündəminin mərkəzinə çevrildiyi bu əlamətdar ildə tikintidə bütövlük və keyfiyyət prinsipi əsas meyardır. Çünki istər qədim qaya təməli üzərində yüksələn tarixi abidə olsun, istərsə də müasir qəliblərdə tökülən tikişsiz dəmir-beton konstruksiya - hər ikisinin mahiyyətində insan amili, təhlükəsizlik və əsrlərə meydan oxuyan möhkəmlik dayanır. 

Görkəmli nəzəriyyəçi memarların yazdıqlarına görə, Bakının mərkəzində - İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində yerləşən monumental yaşayış binası təkcə memarlıq nümunəsi deyil, həm də bütöv bir dövrün simvoludur. 1930-cu illərdə tanınmış memar Konstantin Sençixinin layihəsi əsasında tikintisinə başlanılan bu bina adını təsadüfən almayıb. İnşaatdan əvvəl ərazidə aparılan geoloji tədqiqatlar zamanı torpağın altında nəhəng, bütöv bir qaya kütləsi aşkarlanıb və bina məhz bu təbii monolit təməl üzərində ucaldılıb.

Bu gün yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunan "Monolit" bina özünün neoklassik üslubu, əzəmətli tağları və qeyri-adi akustikası ilə seçilir. Binanın arxa hissəsinin ön tərəfinə nisbətən bir qədər kiçik layihələndirilməsi ona uzaqdan baxdıqda daha möhtəşəm və təntənəli görünüş bəxş edir. Vaxtilə Üzeyir bəy Hacıbəyli, Mirvarid Dilbazi, Mərziyyə Davudova və Heydər Hüseynov kimi korifeylərin yaşadığı bu ünvan memarlığın insan taleləri və milli mədəniyyətlə necə vəhdət təşkil etdiyinin sübutudur. 

Mənbələrdə göstərilir ki, inşaata hazırlıq işləri 1931-1932-ci illərdə başlamışdı. Ərazi XIX əsrin sonlarına aid köhnə, artıq qəzalı vəziyyətdə olan evlərlə sıx şəkildə tikilmişdi və onların sökülməsi böyük yenidənqurmanın ilk mərhələsinə çevrilirdi. Eyni vaxtda şair Nizami Gəncəviyə həsr olunacaq abidənin yerləşəcəyi ərazidə də oxşar işlər aparılırdı. Dövr genişlik, hava və monumentallıq tələb edirdi. "Tikinti işləri mərhələlərlə və asta templə irəliləyirdi. Artıq 1940-cı ilin oktyabrına kimi V.Şevtsovun (RosFoto) fotoarxivində təsdiqləndiyi kimi, bina tam hazır vəziyyətdə idi. 1941-ci ilin iyununda çəkilmiş hərbi şəkillərdə də binanın xarici görünüşünün tam formalaşdığı görünür. Buna görə də 1947-ci ildə guya tikintinin başa çatması barədə sonrakı iddialar tənqidə dözmür. "Monolit"in tarixçəsi demək olar ki, on illik mühəndislik, yaradıcılıq və insan əməyinin səliqəli bir nəticəsidir".

Bina bakılı memar Konstantin Sençixin tərəfindən modernləşdirilmiş neoklassisizm üslubunda layihələndirilmişdir. Tikili planda "U" (və ya çevrilmiş "P") şəklindədir və əsas fasadı Nizami meydanına baxır. Bu həll təkcə şəhər küçələrinin məntiqindən yaranmayıb. O, binaya qüdrət və monumentallıq hissi bəxş edir. Bu monumentallıq hətta o vaxt Moskvanı da təəccübləndirmişdi: "Monolit"in nəhəng fotosu Şusev adına Memarlıq Muzeyində asılmışdı və sovet şəhərsalma sənətinin nümunəvi layihəsi kimi təqdim olunurdu. Binanın quruluşu daxilində heyrətamiz akustika və sərinlik yaratmışdı. Burada həmişə yüngül meh əsər, sakinlər isə tağların kölgəsində çay içər, tamaşalar, xəbərlər və musiqi haqqında söhbətləşərdilər. 

Memarlıq tarixi mənbələrinə görə, "Monolit" qarşısında yerləşən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə birlikdə Nizami meydanının vahid memarlıq ansamblını formalaşdırır. 


Bakı Konqres Mərkəzi: müasir memarlıq incisi 


Tarixi İpək yolu üzərində yerləşən, Əcəmi Naxçıvani məktəbindən Şirvanşahlar sarayına qədər nadir daş yaddaşına malik olan Azərbaycan bu gün həm də dünyanın ən qabaqcıl memarlıq tendensiyalarının tətbiq olunduğu müasir məkana çevrilib. Xüsusilə Bakının son onilliklərdə formalaşan yeni şəhərsalma siması Şərq və Qərb memarlığının harmonik sintezini, funksionallıqla estetik gözəlliyin vəhdətini özündə təcəssüm etdirir. 

2026-cı ildə Bakının XIII Ümumdünya Şəhərsalma Forumuna (WUF13) evsahibliyi etməsi və bütün respublikada aparılan nəhəng bərpa-quruculuq işləri fonunda paytaxtın müasir memarlıq rəmzləri xüsusi diqqət mərkəzindədir. Bu rəmzlər sırasında özünəməxsus üslubu, mühəndislik həlləri və şəhər mühitinə verdiyi töhfə ilə Bakı Konqres Mərkəzi xüsusi yer tutur.

2015-ci ildə istifadəyə verilən və Qafqazın ən böyük konqres mərkəzi hesab olunan bu möhtəşəm kompleksin layihəsi Avstriyanın dünyaca məşhur COOP HIMMELB(L)AU memarlıq bürosu tərəfindən hazırlanıb. Müasir dekonstruktivizm üslubunda inşa edilən bina dinamik formaları, axıcı xətləri və futuristik görünüşü ilə seçilir.

Heydər Əliyev Mərkəzinin yaxınlığında yüksək zövqlə inşa olunan möhtəşəm tikilinin inşasına 2014-cü ilin fevralında başlanmışdı. Mərkəzin ümumi sahəsi 6,2 hektar, tikintialtı sahəsi isə 46,6 min kvadratmetrdir. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Bina bütün zəruri infrastrukturla təmin olunub. Binanın foyesində 405 kvadratmetrlik monitor quraşdırılıb. Bu, dünyada qapalı məkanda quraşdırılan ən böyük və ən çox pikselli monitordur. Ümumilikdə isə binada müxtəlif ölçülü 50-dən artıq monitor quraşdırılıb. Mərkəzdə 17 konfrans zalı yaradılıb. Onların ümumi tutumu 2500 nəfərdən çoxdur. Konfrans zallarında yaradılan şərait onların tutumunu tədbirə qatılan qonaqların sayına uyğun olaraq dəyişdirməyə imkan verir.

Binanın daxili dizaynında təbii işıqlandırmadan maksimum istifadə olunub. Mərkəzin auditoriya zalı da ən müasir səviyyədə yaradılıb. Zal 3500 yerlikdir. Zalın akustika sistemi dünyanın aparıcı şirkətlərinin məhsuludur. Buranın işıqlandırılmasında müasir texnologiyadan istifadə edilib.

Ölkəmizdə hökm sürən siyasi-iqtisadi sabitlik, bütün sahələrin davamlı inkişafı və yaradılan şərait artıq Azərbaycanı mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirib. Bu gün ölkəmizdə siyasət, iqtisadiyyat, mədəniyyət, idman, ümumilikdə bütün sahələrə aid region, qitə və dünya əhəmiyyətli mötəbər tədbirlər təşkil olunur. Belə bir mərkəzin istifadəyə verilməsi ölkəmizin beynəlxalq tədbirləri daha da yüksək səviyyədə keçirməsi üçün geniş imkanlar yaradır. Mərkəzdə ilk beynəlxalq tədbir 2015-ci ilin mayında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı olmuşdur.

Bu möhtəşəm bina inşa olunduğu əraziyə gözəllik verir, Heydər Əliyev Mərkəzinin yerləşdiyi məkanın füsunkarlığını daha da artırır. Orijinal üslubda tikilən mərkəz ümumilikdə paytaxtda aparılan abadlıq-quruculuq, memarlıq işlərinin davamlı olduğunu bir daha təsdiqləyir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müasir yaşayış binaları rahatlığın memarlıq nümunələridir

09:15
21 Noyabr

Qədim Qəbələnin zəngin şəhər mədəniyyəti 

09:10
21 Noyabr

Bakının daş abidələri

09:05
21 Noyabr

Gəncədə TECHERA şirkəti sərgi təşkil edəcək

09:00
21 Noyabr

Dünyanın ən böyük polimetal yataqlarından biri Balakəndədir

08:55
21 Noyabr

Azərbaycan daha bir beynəlxalq qiymətləndirmədə önə çıxıb

08:50
21 Noyabr

Məşğulluğun sınanmış modeli: dövlət-biznes tərəfdaşlığı

08:45
21 Noyabr

Neftverməni artırmaq üçün innovativ yanaşmalar və yeni texnologiyalardan istifadə olunur

08:40
21 Noyabr

Azərbaycan-Vyetnam münasibətləri yeni iqtisadi məzmun qazanır

08:35
21 Noyabr

Brüsseldə Pan-Avropa Regional Şurasının İcraiyyə Komitəsinin 24-cü iclası keçirilib

08:30
21 Noyabr

Ermənistanın cavab verməli olduğu insan taleləri

08:25
21 Noyabr

"Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib

08:20
21 Noyabr

Şərəfli siyasi yol

08:15
21 Noyabr

Milli iradə və dövlətçilik yolunda

08:10
21 Noyabr

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi

08:05
21 Noyabr

Tarixi dostluqdan strateji tərəfdaşlığa

08:00
21 Noyabr

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

01:52
21 Noyabr

Qazaxda V İdman Festivalının açılış mərasimi olub

22:47
20 Noyabr

Premyer Liqa: "Sabah" səfərdə "Sumqayıt"ı darmadağın edib

21:49
20 Noyabr

Ağdam Şəhəri Günü münasibətilə keçirilən tədbirlər möhtəşəm atəşfəşanlıqla başa çatıb

21:42
20 Noyabr

Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib

21:39
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!