Yer kürəsi rənglərdən ibarətdir. Hər rəngin öz dili, hər çaların öz hekayəsi, hər mənzərənin insan qəlbində oyatdığı bir duyğu var. Bəzən insan ömrünü sözlərlə ifadə etmək mümkün olmur, onun dünyasını anlamaq üçün yaratdığı əsərlərə baxmaq, fırçasının izində gəzdirdiyi düşüncələri duymaq kifayət edir. Çünki sənətkar üçün kətan təkcə təsvir məkanı deyil, yaşadığı zamanın, gördüyü dünyanın, duyduğu hisslərin ifadə vasitəsidir.
Əsl rəssam rənglərlə danışır, obrazlarla düşüncələrini bölüşür, yaratdıqları ilə özündən sonrakı nəsillərə ömürlük yaddaş mirası qoyur. Azərbaycan təsviri sənətində özünəməxsus yaradıcılıq dünyası ilə seçilən Xalq rəssamı Davud Kazımov ömrünü rənglərin dili ilə ölkəmizi anlatmağa həsr edən sənətkarlardandır.
1926-cı il noyabrın 9-da Bakıda dünyaya göz açan Davud Mehdi oğlu Kazımovun sənət yolu hələ gənclik illərindən rəssamlığa duyduğu maraqla başlayıb. İlk sənət dərslərini Xalq rəssamı Kamil Xanlarovun rəhbərlik etdiyi rəssamlıq dərnəyində alan Davud Kazımov sonralar Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsilini davam etdirib. 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunması onun peşəkar sənət yolunda mühüm mərhələ olub. Beləcə, Azərbaycan təsviri sənətinin gələcək inkişafında sözünü deyəcək bir rəssamın yaradıcılıq salnaməsi yazılmağa başlayıb. Müharibədən sonrakı illərdə yaradıcılıq fəaliyyətini genişləndirən rəssamın diqqət mərkəzində insan, onun taleyi, əməyi və gündəlik həyatın müxtəlif mənzərələri dayanırdı. "Əsgərin qarşılanması" əsərində döyüşdən dönən insanın sevincini, doğmaların duyğusunu və müharibədən sonrakı həyatın nəfəsini əks etdirən sənətkar hadisənin zahiri təsviri ilə kifayətlənmirdi. O, hər obrazın arxasında bir insan taleyinin dayandığını anlayırdı.
Davud Kazımovun yaradıcılığında həyatın adi görünən məqamları belə xüsusi bədii məna qazanırdı. "Konsert-tapmaca", "Çimərlikdə", "Uşaq konsultasiyası" kimi əsərlərində həyatın canlı lövhələri, insanların münasibətləri, dövrün əhvali-ruhiyyəsi və mənəvi dünyası öz əksini tapır. Rəssamın tablolarına diqqətlə baxdıqda hiss edirsən ki, o, həyatın səs-küylü hadisələrindən daha çox onun içərisində gizlənən səmimiyyəti, insanı insana bağlayan duyğuları görməyi bacarırdı.
Azərbaycan insanı onun sənət dünyasının başlıca qəhrəmanlarından idi. Neftçilər, kənd zəhmətkeşləri, qadınlar, müxtəlif peşə sahibləri rəssamın fırçasında özünəməxsus bədii ifadə tapırdı. "Sağıcılar", "Tarlada", "Abşeron qadınları", "Sumqayıt motivi", "Çayçı Elmira" və "Rəfiqələr" bu baxımdan diqqətəlayiq əsərlərdir. Həmin tablolarda insan əməyinə ehtiram, milli yaşam tərzinə bağlılıq və gündəlik həyatın gözəlliyini görmək bacarığı duyulur. Rəssam üçün zəhmət insanın mənəvi ucalığını göstərən dəyərlərdən idi.
Xəzər və Abşeron mövzusu isə rəssamın yaradıcılığında xüsusi yer tuturdu. Doğma torpağın sərt, əsrarəngiz təbiəti, dənizin dəyişkən əhvalı, sahillərin mənzərəsi və neft sənayesinin insan həyatı ilə vəhdəti rəssamın əsərlərində rənglərin dili ilə canlanırdı. 1957-ci ildə yaratdığı "Xəzərin yeraltı sərvətləri" əsərini Azərbaycan neftçilərinin fədakar əməyi əks etdirən əsl sənətkarlıq nümunəsi hesab etmək olar. "Zuğulba", "Dəniz sahili", "Şahdağ", "Göygöl", "Şamaxı yolu", "Çöl gülləri" və "Batabat" əsərləri isə onun doğma yurdun təbiətinə duyduğu məhəbbətin bədii ifadəsidir. Bu mənzərələrdə Azərbaycan torpağının rəngləri ilə yanaşı, ona bağlı insanların ruhu da yaşayır.
Rəssamın yaradıcılıq dünyası təkcə rəngkarlıqla məhdudlaşmırdı. Qrafika və kitab illüstrasiyası sahəsində də özünəməxsus iz qoyan Davud Kazımov Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və Mirzə Əli Möcüzün əsərlərinə çəkdiyi illüstrasiyalarla söz sənəti ilə təsviri sənət arasında bədii körpü yaradırdı. Bolqarıstan və İspaniyaya səfərləri zamanı yaratdığı əsərlər isə onun müşahidə dairəsini genişləndirərək yaradıcılığına yeni mövzular qazandırıb.
Davud Kazımovun sənətə xidməti müəllimlik fəaliyyəti ilə tamamlanırdı. 1947-1966-cı illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində pedaqoji fəaliyyət göstərən rəssam sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışaraq 1996-cı ildə professor adını alıb. 2001-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Akademik rəngkarlıq kafedrasında professor kimi fəaliyyət göstərib. Beləliklə, o, təkcə kətan üzərində əsərlər yaratmayıb, həm də gənc rəssamların dünyagörüşünün, sənət düşüncəsinin formalaşmasına töhfə verib.
Sənətkarın Azərbaycan mədəniyyətinə xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. 1978-ci ildə Əməkdar rəssam, 1992-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Azərbaycan Rəssamlar İttifaqının bədii fondunda, eləcə də müxtəlif ölkələrin şəxsi kolleksiyalarında qorunub saxlanılır.
2015-ci il fevralın 14-də Bakıda dünyasını dəyişən Davud Kazımovun sənəti bu gün də yaşamaqda davam edir. Çünki əsl sənətkarın ömrü təqvimdə qeyd olunan illərlə ölçülmür, yaratdığı əsərlərdə, yetişdirdiyi tələbələrdə, sənətə gətirdiyi yeniliklərdə və insanların yaddaşında yaşamağı bacarır.
Bu günlər Davud Kazımovun anadan olmasının 100 ili tamam oldu. Rəssamın doğum gününün Azərbaycan Dövlət Bayrağı Günü ilə eyni tarixə təsadüf etməsi yubileyə xüsusi rəmzi məna verir. Bir tərəfdə xalqımızın müstəqilliyini, milli kimliyini və dövlətçilik qürurunu təcəssüm etdirən üçrəngli bayrağımız, digər tərəfdə isə ömrünü Azərbaycan incəsənətinə həsr etmiş bir sənətkarın əsrlər boyu yaşamağa layiq sənət irsi.
Bəlkə də rəssamın ən böyük uğuru elə budur - zaman keçsə də, onun tablolarına baxan hər kəs orada özündən, xalqından, doğma torpağından bir parça tapa bilir. Davud Kazımov rənglərlə gördüklərini deyil, sevdiklərini də təsvir edirdi. Onun əsərlərində Azərbaycan təbiəti nəfəs alır, zəhmət adamının alın təri görünür, insan duyğuları rənglərin yaddaşına köçürülür. İndi həmin rənglər sənətkarın səsi, sözü, əbədi varlığıdır. İllər ötür, nəsillər dəyişir, zaman axarı ilə davam edir, amma həqiqi sənətin rəngləri solmur, Davud Kazımovun yaratdığı əsərlər kimi.
Elşən QƏNİYEV,
"Azərbaycan"