Almaniyanın xarici işlər naziri Yohan David Vadefulun Bakıya rəsmi səfəri Almaniya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və regional proseslərdə Berlinin fəal rol almaq istəyini təsdiqləyir. Almaniyanın XİN rəhbərinin Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla apardığı danışıqlar iki ölkə arasındakı əlaqələrin yeni geosiyasi və iqtisadi reallıqlar fonunda daha da dərinləşdiyini göstərir. Bu görüş Azərbaycanla Almaniya arasında siyasi dialoqun, qarşılıqlı etimadın möhkəmləndirilməsi, ikitərəfli gündəliyin aktual məsələlərinin nəzərdən keçirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olacaq.
Milli Məclisin deputatı Müşfiq CƏFƏROV qəzetimizə açıqlamasında dedi ki, görüşdə iqtisadi əməkdaşlığın münasibətlərin əsas istiqamətlərindən biri olduğuna diqqət çəkilib, ticarət dövriyyəsinin artım dinamikası, Almaniya şirkətlərinin Azərbaycandakı fəaliyyəti, investisiya imkanları və biznes əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və texnologiyalar sahələrində əməkdaşlıq perspektivlərinə toxunulub. "Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional məsələlər, Cənubi Qafqazda mövcud vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi barədə fikir mübadiləsi aparılıb. Enerji sahəsində əməkdaşlığın, o cümlədən Azərbaycanın Almaniyaya qaz ixracına başlamasının münasibətlərdə yeni mərhələ açdığı, sözsüz ki, realdır", - deyə o əlavə etdi.
Deputat xatırlatdı ki, Prezident İlham Əliyevin iyul ayında Almaniyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən görüşlər və aparılan səmərəli müzakirələr iki ölkə arasında əlaqələrin inkişafına təkan verib: "Bu səfər zamanı "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə", "Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə" imzalanıb. Bu sənəd iki ölkə arasında iqtisadi münasibətlərin yeni institusional mərhələyə keçidinə, dövlət qurumları ilə özəl sektor arasında sistemli, davamlı və nəticəyönümlü dialoq mexanizminin formalaşdırılmasına təkan verib. Biznes Şurası isə Azərbaycan və Almaniyanın biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi üçün mühüm platformadır".
M.Cəfərov vurğuladı ki, bu gün Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyindəki rolu danılmazdır. Bu baxımdan, Almaniya da Azərbaycanla enerji sahəsində əməkdaşlığa üstünlük verir. Ölkəmiz bu ildən etibarən Almaniyaya qaz ixrac edir. Həmçinin ötən il Azərbaycan-Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard ABŞ dollarına çatıb.
Deputat vurğuladı ki, bütün bunlar Bakı və Berlin arasında iqtisadi sahədə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bir daha təsdiqləyir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"