19 Noyabr 2026 09:15
123
İQTİSADİYYAT
A- A+
Sənaye parkları Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına xidmət edir

Sənaye parkları Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına xidmət edir


Bu gün Qarabağ və Şərqi Zəngəzurda yeni həyatın etibarlı təməlləri yaradılır. Həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri təkcə yaşayış məntəqələrinin salınmasını, yolların çəkilməsini, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin tikilməsini əhatə etmir. Qarşıya qoyulan əsas strateji məqsədlərdən biri də regionun iqtisadi potensialının hərəkətə gətirilməsi, dayanıqlı məşğulluğun təmin olunması və ölkənin vahid iqtisadi sisteminə tam inteqrasiyasıdır. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parkları xüsusi əhəmiyyət daşıyır.

Qarabağ və Şərqi Zəngəzurdakı quruculuğun vacib istiqamətlərindən biri də müasir istehsal müəssisələrinin yaradılması, sahibkarlığın inkişafı və investisiya mühitinin formalaşdırılmasıdır. Çünki ərazilərin bərpası yalnız müasir infrastrukturun qurulması ilə yekunlaşmır. Bu ərazilərə qayıdan insanların daimi iş yerləri ilə təmin edilməsi, ailələrin sabit gəlir mənbələrinin formalaşdırılması, yerli istehsalın genişləndirilməsi və iqtisadi fəallığın artırılması da vacib şərtlərdəndir. Başqa sözlə, Böyük qayıdışın davamlılığı üçün yaşayış şəraiti ilə yanaşı, güclü iqtisadi baza da yaradılmalıdır.

Bu istiqamətdə atılan mühüm addımlardan biri 2021-ci il mayın 28-də Ağdam Sənaye Parkının yaradılmasıdır. Ağdam rayonunda yerləşən və 190 hektar ərazini əhatə edən park regionun sənaye potensialının inkişaf etdirilməsinə xidmət edir. Burada tikinti materiallarının istehsalı, qida və kənd təsərrüfatı məhsullarının emalı, ət və süd məhsullarının hazırlanması, maşınqayırma, yüngül sənaye, mebel, qablaşdırma və məişət məhsulları istehsalı kimi müxtəlif fəaliyyət istiqamətləri nəzərdə tutulub. Bu sahələrin inkişafı həm daxili bazarın tələbatının ödənilməsi, həm də gələcəkdə ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Vaxtilə ölkənin mühüm sənaye və ticarət mərkəzlərindən biri olmuş Ağdamda istehsal ənənələrinin bərpası şəhərin yenidən iqtisadi fəallıq mərkəzinə çevrilməsi üçün geniş imkanlar açır. Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Burada hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir. Sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 964 nəfər daimi işlə təmin edilib.

Noyabrın 7-də Prezident İlham Əliyevin Ağdam Sənaye Parkında ASMC Məhdud Məsuliyyətli Cəmiyyətinin metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirakı da regionda sənayeləşmə prosesinin ardıcıl şəkildə davam etdirildiyini göstərir. Belə müəssisələrin yaradılması Qarabağda aparılan genişmiqyaslı tikinti və quruculuq işlərinin yerli istehsal hesabına təmin olunması baxımından da mühüm əhəmiyyət kəsb edir. Tikinti materiallarına və metal məmulatlarına artan tələbatın müəyyən hissəsinin regionda fəaliyyət göstərən müəssisələr tərəfindən qarşılanması daşınma xərclərinin azaldılmasına, istehsal əlaqələrinin genişlənməsinə və əlavə iqtisadi dəyərin yaradılmasına imkan verə bilər. Eyni zamanda bu proses yeni təchizat, xidmət və əməkdaşlıq imkanları formalaşdıraraq kiçik və orta sahibkarlığın inkişafına da təkan verir. Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı da azad edilmiş ərazilərin iqtisadi inkişaf strategiyasında mühüm yer tutur. 2021-ci il oktyabrın 4-də yaradılan və Cəbrayıl rayonunda yerləşən parkın ərazisi 200 hektardır. Burada investisiya həcmi 24,72 milyon ABŞ dolları, iş yerlərinin sayı isə 96-dır. Parkın əsas fəaliyyət istiqamətlərinə logistika və anbar xidmətləri, nəqliyyat və texniki servis, tikinti materiallarının istehsalı, metal emalı, maşınqayırma, qida və kənd təsərrüfatı məhsullarının emalı, həmçinin alternativ enerji layihələri daxildir. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının mühüm üstünlüklərindən biri onun nəqliyyat və logistika imkanlarının inkişafına yönəlməsidir. Şərqi Zəngəzurun əlverişli coğrafi mövqeyi regionda yükdaşımaların, ticarət əlaqələrinin və istehsal-logistika zəncirlərinin genişləndirilməsi üçün perspektivlər yaradır. Burada yaradılan sənaye infrastrukturu gələcəkdə həm daxili iqtisadi əlaqələrin möhkəmlənməsinə, həm də Azərbaycanın regional tranzit və ticarət imkanlarından daha səmərəli istifadə edilməsinə xidmət edə bilər.

Hər iki sənaye parkının fəaliyyət istiqamətləri bir-birini tamamlayır. Ağdam Sənaye Parkı daha çox istehsal və emal sənayesinin inkişafına yönəldiyi halda, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı sənaye istehsalı ilə yanaşı, logistika, nəqliyyat və ticarət infrastrukturunun formalaşdırılmasına xidmət edir. Bu yanaşma Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialından kompleks şəkildə istifadə olunmasına, müxtəlif sahələr arasında qarşılıqlı əlaqələrin qurulmasına şərait yaradır.

Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişində Laçın Aqro-Sənaye Parkı da mühüm rol oynayır. Laçın rayonunun Zerti kəndində yerləşən və 2023-cü il avqustun 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı keçirilən parkda istehsal və xidmət sahələrinin inkişafı istiqamətində ardıcıl işlər görülür. Parkda mebel istehsalı, yüngül və yeyinti sənayesi, balıqçılıq, heyvandarlıq, tingçilik, ekoloji təmiz məhsulların emalı və digər istiqamətlər üzrə layihələr həyata keçirilir. Bu müəssisələrin əsas üstünlüklərindən biri işçi qüvvəsinin əhəmiyyətli hissəsinin yerli sakinlərdən formalaşmasıdır. Sənaye parklarının inkişafını stimullaşdıran əsas amillərdən biri də dövlət tərəfindən yaradılan əlverişli biznes mühitidir. Müasir mühəndis-kommunikasiya infrastrukturunun qurulması, rezidentlər üçün nəzərdə tutulan vergi və gömrük güzəştləri, Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli maliyyələşmə və zəmanət mexanizmləri sahibkarların bu ərazilərə marağını artırır. Belə dəstək tədbirləri investisiya risklərinin azaldılmasına, yeni müəssisələrin yaradılmasına və qeyri-neft sektorunun inkişafına xidmət edir. Yerli və xarici sərmayənin cəlb olunması isə regionun iqtisadi imkanlarının daha geniş miqyasda reallaşdırılması üçün mühüm şərtdir.

İşğaldan azad edilmiş ərazilərdə sənaye müəssisələrinin fəaliyyətə başlaması müxtəlif peşə və ixtisaslara tələbat yaradır, gənclərin regionda işləməsi və peşəkar inkişafı üçün yeni perspektivlər açır. Bu isə əhalinin iqtisadi fəallığını artırmaqla yanaşı, yaşayış məntəqələrinin uzunmüddətli inkişafını da dəstəkləyir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən iqtisadi layihələr Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi, yerli xammal və təbii ehtiyatlardan səmərəli istifadə, idxaldan asılılığın azaldılması və ixrac potensialının artırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu gün regionda qurulan hər bir müəssisə, yaradılan hər bir iş yeri yalnız iqtisadi göstərici deyil, həm də azad edilmiş torpaqlarda həyatın bərpasının real təzahürüdür.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nümayəndə heyəti San Paulu Şəhər Şurasında görüş keçirib  

09:27
19 Noyabr

Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub  

09:25
19 Noyabr

Sənaye parkları Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına xidmət edir

09:15
19 Noyabr

"Eternity-2026" təliminin iştirakçıları Zəfər parkını ziyarət ediblər

09:10
19 Noyabr

Rənglərdə yaşayan ömür, sənətdə əbədiləşən ad

09:05
19 Noyabr

Tək qadının səssiz qiyamı - "Nabat"ın acısı

09:00
19 Noyabr

"Yüksəliş": insan kapitalına strateji sərmayədən milli idarəçilik irsinə

08:55
19 Noyabr

Azərbaycan elminin beynəlxalq inteqrasiyasında yeni mərhələ

08:50
19 Noyabr

Nəqliyyat dəhlizləri Azərbaycanın Avropa ilə Asiya arasında tranzit rolunu gücləndirir

08:45
19 Noyabr

Sosial siyasətin maliyyə təminatı

08:40
19 Noyabr

2027-ci ilin dövlət büdcəsi dayanıqlı inkişaf və sosial rifah fəlsəfəsinə söykənir

08:35
19 Noyabr

Azərbaycanın KSQT yanında daimi nümayəndəsi etimadnaməsini təqdim edib

08:30
19 Noyabr

Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb

08:25
19 Noyabr

Bakı-Berlin münasibətləri yeni inkişaf mərhələsindədir  

08:20
19 Noyabr

Parlamentdə Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüş 

08:15
19 Noyabr

2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb

08:10
19 Noyabr

Səngərdən quruculuq meydanına

08:05
19 Noyabr

Azərbaycan-Almaniya əlaqələrində yeni səhifə

08:00
19 Noyabr

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:03
19 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 dekabr tarixli 485 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:02
19 Noyabr

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilməsi haqqında

01:01
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!