Onun taleyi doğma xalqının taleyinə bənzəyirdi. Odur ki, əsərlərində yalnız öz hisslərini, duyğularını deyil, bütöv bir xalqın ayrılıq ağrısını, yurd həsrətini, tarixin amansız sınaqlarını, Vətənə qovuşmaq arzusunu əks etdirirdi. Qəlbi Vətən eşqi ilə döyünən, təsirli lirik şeirlərin, bənzərsiz poemaların müəllifi, Xalq şairi Balaş Azəroğlu yüz illərdir davam edən, sonu gəlməyən bu hicranını belə ifadə edirdi:
Mən hicranla dolu ömür sürmüşəm,
Min əzab çəkmişəm, min qəm görmüşəm.
Axıb neysan kimi gözümün yaşı,
Nələr çəkdirməmiş mənə bu aləm.
İnan ki, əyilər dağların başı
Əgər dərdlərimi ona söyləsəm.
Fəqət qurtarmışam dardan, çətindən
Tək sənin eşqinlə, vətən, ey vətən.
Balaş Abızadə 1921-ci ilin noyabrında Bakıda dünyaya gəlib. Valideynləri Cənubi Azərbaycanın Ərdəbil şəhərinin Səlim qışlağı kəndindən idilər. Orta təhsilini Bakıda 21 saylı məktəbdə alan Balaş hələ şagirdkən ədəbiyyata böyük həvəs göstərib. Respublika Pionerlər Evində ədəbiyyat dərnəyinə üzv olub. "Dnepr" adlı ilk şeiri 1936-cı ildə "Pioner" jurnalında dərc edilib.
Uşaqlıqdan qəlbində yuva salan poeziya sevgisi, ədəbiyyata marağı zaman keçdikcə tükənməz yaradıcılıq yanğısına çevrilib. O, hələ gənc yaşlarından sözün qüdrətini, poeziyanın insan ruhuna təsirini duyub və yəqin bu səbəbdən qələmə aldığı ilk şeirlərindən oxucuların rəğbətini qazanıb.
Amma repressiya siyasəti onun da ömrünü tufan kimi gərib. İran təbəəsi olduqlarından əvvəlcə ailəsi, sonra özü Cənubi Azərbaycana sürgün edilib. Həyatın bu ağır sınaqları onun qəlbində də, həyatında da dərin izlər buraxıb. Ömrünün gənclik çağında çəkdiyi sarsıntılar, ayrılıq, sürgün və mübarizə onun yaradıcılığının əsas mövzularına çevrilib. Şairin qələmində Vətən artıq yalnız doğulub boya-başa çatdığı torpaq deyil, həm də uğrunda mübarizə aparılan milli varlıq, mənəvi bütövlük rəmzi idi.
Balaş Azəroğlu 21 Azər hərəkatının fəallarından olmuşdu. İctimai-siyasi hadisələrin coşğun dövründə böyük arzularla, sonsuz ümidlərlə Azərbaycan Milli Hökuməti (AMH) fəaliyyətində iştirak etmiş, AMH Azərbaycan Milli Məclisinin deputatı seçilmişdi. "Cövdət" qəzetinin redaktoru, Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini və "Yazıçılar və şairlər cəmiyyəti"nin İdarə Heyətinin üzvü olmuşdu. Amma heç vaxt, hətta çətin vaxtlarda da qəlbi poeziyadan ayrılmayıb. Şeirlərini Azəroğlu təxəllüsü ilə qələmə alıb. Təbrizdə və Ərdəbildə şeirlər kitabları işıq üzü görüb. 1941-1945-ci illərdə Cənubi Azərbaycanda gedən milli azadlıq hərəkatında fəal iştirakına görə Milli Hökumət tərəfindən "21 Azər" medalı ilə təltif edilib. 1946-cı ildə "Firdovsi" medalına layiq görülüb.
Ancaq yenə də arzuları yarımçıq qalıb. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Balaş Azəroğlu bir müddət Təbrizdə gizlənib. 1947-ci il aprelin 15-də gizli yollarla Təbrizdən çıxarılaraq Bakıya gətirilib. Bakıda Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb. Universiteti qırmızı diplomla başa vurub, müxtəlif vəzifələrdə çalışıb.
Balaş Azəroğlu Ərdəbildə, Təbrizdə, Bakıda rəhbər vəzifələrdə çalışarkən həmişə doğma dilinə və xalqına sadiq olub. Şeirləri şairin xalqına sevgisini, mübarizə əzmini təcəssüm etdirib:
Mən əyilib hakimin əllərindən öpmədim,
Şeirimi çiçək kimi ayaqlara səpmədim.
Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,
Nə saray məddahıyam dərgahlardan qovulam.
Mən ellərin oğluyam, ellər böyütmüş məni,
Şeirim eldən alıbdır bu ilhamı, bu qüvvəni.
Mən nə şam, nə pərvanə, nə rübab şairiyəm,
Azadlıq carçısı, inqilab şairiyəm.
Balaş Azəroğlunun lirikasında məhəbbət də xüsusi yer tutur. Onun məhəbbət lirikasında səmimiyyət hakimdir. Şairin yaradıcılığında sevgi insanı yaşadan, çətinliklərə sinə gərməyə güc verən mənəvi qüvvə kimi təqdim olunur. O, sevginin yalnız sevincini deyil, ayrılığını, intizarını, həsrətini, sevənlərin qəlbində yaratdığı təlatümləri də poetik dillə ifadə edib.
1958-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilən B.Azəroğlu 1981-ci ildə Azərbaycanın "Xalq şairi" fəxri adına layiq görülüb.
Şairin müxtəlif illərdə çıxmış "Şeirlər", "Savalan", "Mübarizə yollarında", "Gənclik dostlarım", "Mənim nəğmələrim", "Səhər şəfəqləri", "Sənətin qüdrəti", "Hafizin qəbri üstündə", "Elə oğul istəyir Vətən", "Dünənim, bu günüm, sabahım", "Gəl, ay bahar", "Sinəm Savalan dağıdır", "Bir kürsü istəyirəm" və digər kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Elmi fəaliyyətlə də məşğul olan Balaş Azəroğlu 1966-cı ildə "Məhəmməd Əmaninin yaradıcılığı" mövzusunda elmi işini müdafiə edərək filologiya elmləri namizədi adını alıb.
Poeziyası bu gün də bütöv Azərbaycan sevgisinin, ayrılıq ağrısının və milli yaddaşımızın poetik ifadəsi kimi yaşayan Balaş Azəroğlu 2011-ci il aprelin 24-də Bakıda vəfat edib.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"