18 Noyabr 2026 09:00
84
Mədəniyyət
A- A+
"Əxbari" - Qubada nəşr edilən ilk qəzet

"Əxbari" - Qubada nəşr edilən ilk qəzet


Qubada nəşr edilən "Şəfəq" qəzeti ilk bölgə mətbuatı kimi tariximizə düşüb. Odur ki, o, həmişə region mətbuatımızın "qaranquşu" kimi təqdim olunur. Müxtəlif adlarla ("Əxbari", "Yeni dirilik", "Kollektivləşmə yolu", "Qızıl Quba", "Şəfəq", "Quba" və yenidən "Şəfəq") fəaliyyət göstərmiş bu mətbu  orqan milli mətbuatımızın inkişafına öz töhfəsini vermişdir. 

Azərbaycanda demokratik mətbuatın formalaşmasında əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyev  "Şəfəq" qəzetinin 75 illik yubileyi münasibətilə redaksiyaya  göndərdiyi 29 iyul 1996-cı il tarixli təbrik məktubunda yazmışdır: "Quba rayonu əhalisinin istək və arzularını, ictimai-iqtisadi və siyasi həyatının bütün sahələrini daim öz səhifələrində əks etdirən və əsası 75 il bundan əvvəl qoyulmuş "Şəfəq" qəzeti çox zəngin və şərəfli bir inkişaf yolu keçmişdir. Qəzet Azərbaycanın çoxşaxəli mədəniyyətə, adət-ənənələrə və milli-mənəvi dəyərlərə malik olan bölgəsində dövlətçiliyin və xalqlar dostluğunun daim qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət göstərmiş, bütün bölgə əhalisinin imkanlarını respublikamızın ən ümdə problemlərinin həllinə səfərbər etmişdir". 

Ulu Öndər həmin məktubunda redaksiya kollektivinə öz tövsiyələrini də  vermişdir: "Azərbaycan dövlətinin bugünkü demokratik və azad mətbuat sistemində öz dəst-xətini qorumaq, layiqli yer tutmaq üçün qəzetin kollektivi səylərini daha da artırmalı, həm respublikanın, həm də rayonun ictimai-iqtisadi və siyasi həyatında gedən dəyişiklikləri, demokratik prosesləri obyektiv, yüksək professional səviyyədə işıqlandırmalıdır. Bu yolda qəzetin bütün yaradıcı heyətinə müvəffəqiyyətlər arzu edirəm". 

Bu yazımızda biz "Şəfəq"in sələfi olan "Əxbari"dən söz açmaq istəyirik. 1921-ci il aprelin 25-də Azərbaycanın kənd rayonları arasında ilk dəfə Qubada Qəza İnqilab Komitəsinin "Əxbari" adlı çoxtirajlı qəzeti çapdan çıxdı. "Əxbari"nin ilk müxbirlərindən biri olmuş Qubanın Xaltan kənd sakini Mütəllib Əfəndiyevin xatirələrinə istinadla bildirək ki, qəzetin təşkili münasibətilə Quba şəhərindəki fəhlə-kəndli klubunda təntənəli yığıncaq keçirilib. Qəzetin redaktoru qəza partiya komitəsinin təbliğat şöbəsinin müdiri, müəllim, jurnalist Hüseynağa Məmmədbəyli, katibi isə Əsgər Fərəczadə seçilib. Qəzetə ad verilməsi geniş müzakirələrə səbəb olmuşdu. Hətta qəzetə Leninin adını vermək tövsiyə edilmişdi. Lakin "yuxarı"dan bildirmişlər ki, rəhbər belə təklifləri xoşlamır. Ona görə də qəzet "Əxbari" adı ilə çıxmağa başlayıb.  Qeyd edək ki, "Şəfəq"in sələfi sayılan "Əxbari"nin (dilimizdə "əxbar"ın iki anlamı vardır: onlardan biri xəbərlər, məlumat, ikincisi isə dövraşırı mətbuatdır) ilk sayının aprelin 21-də, bəzi mənbələrdə 22-də  çapdan çıxdığı ilə bağlı fikirlər var.

Lakin əlimizdə olan faktlar hər iki tarixi inkar edir. Belə ki, uzun müddət bu qəzetdə məsul redaktor kimi çalışmış Mövlud Qonaqov "Qızıl Quba"nın 25 aprel 1946-cı il tarixli sayında "25 il mübariz vəzifə başında" adlı bir məqalə ilə çıxış edib. Həmin məqalədən bəzi faktları nəzərinizə çatdırırıq: "25 il bundan əvvəl, 1921-ci ilin 25 aprelində yeni iqtisadi-siyasət dövründə Quba bolşeviklərinin mübariz orqanı "Əxbari" (indiki "Qızıl Quba") qəzetinin birinci nömrəsi çapdan çıxdı. Bu qəzet 22 nömrəyə kimi davam etdi. Sonra 1922-ci ilin 16 yanvarında Quba qəza partiya, icraiyyə komitələrinin və Quba sovetinin orqanı "Yeni dirilik" qəzeti müntəzəm nəşr edilməyə başladı". Çox güman ki, qəzetin ilk sayının aprelin 22-də - Leninin ad günündə nəşr olunması nəzərdə tutulub. Lakin müəyyən səbəblərdən, daha doğrusu, Moskvadan göndərilmiş çap maşınının vaxtında gəlib çatmaması səbəbindən bu baş tutmayıb. Bəzi mənbələrə görə, həmin çap maşını Quba əvəzinə Kubana gedib çıxıbmış.  

Bir məsələni də vurğulayaq ki, "Şəfəq"in sələfinin adı çox mənbələrdə "Əxbar" kimi çəkilir. Əslində isə qəzetin adı "Əxbari" olub. Bu, əlimizdə olan "Əxbari"də açıq-aydın görünür. Yeri gəlmişkən qeyd edək ki, indiyədək "Əxbari"nin heç bir nömrəsinin olmadığı iddia edilirdi. Axtarışlarımıza baxmayaraq, qəzetin ilk nömrələrini əldə etmək mümkün olmadı. Elə bu səbəbdən  "Əxbari"nın ilk sayları barədə dəqiq bir fikir irəli sürə bilmirik. Amma bu yaxınlarda  "Əxbari"nin 16-cı sayını əldə etmək bizə müyəssər olub. Yeri gəlmişkən bu işdə bizə yaxından kömək göstərdiklərinə görə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin, eləcə də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının rəhbərliklərinə, həmçinin işçilərinə minnətdarlığımızı bildiririk. 

"Azərbaycan Sovet Ensiklopediyası"na  (IV cild, 1980) istinadən onu da qeyd edək ki, "Əxbari"nın 16 sayı işıq üzü görüb. Bu fakta əsasən belə demək olar ki, əlimizdəki "Əxbari"nin son sayıdır. Bu, həm də "Əxbari"nin arxivlərimizdə indiyədək qorunmuş yeganə nüsxəsidir. Həmin sayla bağlı bəzi məqamları nəzərinizə çatdırırıq: 4 səhifədən ibarət "Əxbari"nin bu sayı 30 oktyabr 1922-ci ildə (yekşənbə 30 oktyabr 1922, ¹ 16) nəşr olunub. Hər halda qəzetin üzərindəki qeydlər belə deməyə əsas verir. 

"Əxbari"nin loqotipinin sol tərəfində "Kəndçi fəhlə həyatına dair məqalələr məmnuniyyətlə qəbul olunur", sağ tərəfində "Quba Qəza İcraiyyə və Firqə Komitələrinin" sözləri yazılıb. Bu baxımdan, qəzetin bütöv adı belə olmalıdır: "Quba Qəza İcraiyyə və Firqə Komitələrinin Əxbari".  Loqotipin orta hissəsində isə bu sözlər yer alıb: "Quba Qəza İcraiyyə və Firqə Komitələrinin nəşr əfkarıdır. Həftədə bir dəfə çıxar. Tək nüsxəsi 150 min rubl".  

Bu sayın birinci səhifəsindəki ilk məqalə bağçılıqla bağlıdır. Həmin yazı bu sözlərlə başlayır: "Quba qəzasının sərvət təbiiləri içində birinci sırada yer tutan bağçılıqdır. Belə ki, əhalinin bir çoxu ancaq bağçılıq ilə imrar həyat edir... Rusyəni başdan-başa yaş və quru meyvəylə təchiz edən demək olar ki, Quba qəzasıdır. Quba qəzası hətta Krıma rəqabət edə biləcək qadir qocaman bağlara malikdir. Fəqət fərq orasında ki, Krım bağları əsri hazırın bağçılıq fənninə müvafiq mədəniləşdirilmişdir. Amma Quba bağları Xudaya labit bir halda qalmışdır və nəticə etibarilə Krımın hər ildə  kiçik bir bağçası verdiyi məhsulatı Qubanın ən böyük bağı iki ildə bir dəfə də olsa verməyir". ("Əxbari" qəzeti, 30 oktyabr 1922-ci il)".  Göründüyü kimi, bu yazıda qəzanın təsərrüfat həyatı üçün əhəmiyyətli məsələ qaldırılır və aqronomluq elminə əsaslanan mədəni bağçılıq uğrunda mübarizənin zəruriliyi vurğulanır və Qubada xüsusi bağçılıq məktəbi yaradılması vacib sayılır. Məqalədə çoxlu mənfəət gətirən "göy təsərrüfatı"nı (tərəvəzçiliyi) inkişaf etdirmək məsələsindən də danışılır. 

İlk səhifədəki ikinci yazı isə Birinci Dünya müharibəsi ilə bağlıdır.  "Əxbari"nin ikinci səhifəsində "Firqə xəbərləri", "Teleqraf xəbərləri", üçüncü səhifəsində "Çıxarılan qərarlar", "Firqə həyatı", dördüncü səhifəsində "Quba xəbərləri", "Gənclər sütunu" və s. rubrikalar altında müxtəlif səpkili materiallar yer alıb. Məsələn, "Quba xəbərləri" rubrikasında 12 xəbər ("İcraiyyə komitəsində", "Quba maarif işləri", "18 milyard pul", "Təlim işləri", "Kitabxana üçün kitablar", "İkinci dərəcəli məktəb", "Sənət məktəbi", "Məktəblər təmiri", "Quba mətbəəsi", "Təbliğat və nəşriyyat", "Təlim əşyaları mağazası", "Təlim işləri") var.  "Təlim işləri"ndə deyilir: "Bakıdan Quba və qəza məktəbləri üçün kağız, dəftər, mürəkkəb, qələm içi və sair kibi belə çox təlim əşyası gətirilmişdir. Bu əşyalar məktəblərə tam bir sənə kifayət edəcəkdir". "Quba maarif işləri"ndə belə bir məlumat verilir: "Maarif şöbəsi müdiri yoldaş H.Musizadə Bakıdan qayıdıb. Para və çox təlimat əşyası gətirmişdir". Həmin səhifədə bir elan da yerləşdirilib. 

Bu sayda iki imza (Həsənzadə və Saleh Məhəmmədov) daha çox diqqəti cəlb edir. Təəssüf ki, həmin şəxslər barədə ətraflı məlumat əldə edə bilmədik. "Əxbari"nin sonunda isə redaksiyanın fəaliyyət göstərdiyi ünvan göstərilib: "Quba qəza müştərək təsərrüfat mətbəəsi şöbəsi". 

1922-ci ildə qəzet öz işini yenidən qurmaqla yanaşı, adı da dəyişdirilib və "Yeni dirilik" (dilimizdə bu sözün 5 anlamı var və onlardan biri "həyat", "yaşayış", "güzəran" deməkdir) adlandırılıb. "Yeni diriliy"in ilk sayı həmin ilin yanvar ayının 16-da işıq üzü görüb. 


Qəhrəman QASIMOV,

Əməkdar jurnalist,


Qvami MƏHƏBBƏTOĞLU,

Azərbaycan Yazıçılar  və Azərbaycan Jurnalistlər birliklərinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azadlıq carçısı, inqilab şairi

09:10
18 Noyabr

Xalçaçılığa ürəkdən bağlandı, ilmələrlə möcüzələr yaratdı

09:05
18 Noyabr

"Əxbari" - Qubada nəşr edilən ilk qəzet

09:00
18 Noyabr

Qlobal istiləşmə dağların "buz yaddaşı"nı əridir

08:55
18 Noyabr

Yazıçı-jurnalistin sözü ictimaiyyətin bütün təbəqələrinədir

08:50
18 Noyabr

Müdafiə və milli təhlükəsizlik sistemi büdcə siyasətinin prioritet istiqamətlərindəndir

08:45
18 Noyabr

Əsas hədəf qeyri-neft sektorunun inkişafı olaraq qalacaq 

08:40
18 Noyabr

Azərbaycan və Latviya: ortaq maraqlar və tərəfdaşlıq körpüsü

08:35
18 Noyabr

BTC-nin uzun yolunun başlanğıcı 

08:30
18 Noyabr

COP31: İqlim böhranına qarşı qlobal həmrəylik

08:25
18 Noyabr

Dublin Sammiti Azərbaycanın yüksək beynəlxalq nüfuzunu bir daha təsdiqlədi

08:20
18 Noyabr

İlham Əliyevin güclü Azərbaycan strategiyası

08:15
18 Noyabr

Bakıya olan yüksək etimad Prezident İlham Əliyevin güclü siyasi iradəsinin nəticəsidir

08:10
18 Noyabr

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və sosial perspektivlər

08:05
18 Noyabr

Çoxqütblü dünyada müstəqil siyasət

08:00
18 Noyabr

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:23
18 Noyabr

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin təsdiq edilməsi barədə

00:20
18 Noyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:19
18 Noyabr

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:18
18 Noyabr

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və "Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:16
18 Noyabr

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

00:14
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!