İqtisadi inkişafın davamlı olması bir qədər də dövlətlə özəl sektor arasında sıx əməkdaşlıqdan asılıdır. Biznesin iqtisadi və sosial proseslərdə fəal iştirakı, yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Əmək bazarında dəyişən tələblər, yeni peşə və bacarıqlara ehtiyac dövlət və biznesin birgə fəaliyyətini daha da vacib edir. Bu günlər Azərbaycanda ilk dəfə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumu bu sahədə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı dialoqun gücləndirilməsi baxımından önəmli addımdır.
Bu baxımdan dövlət və biznes arasında birbaşa dialoqun qurulması, tərəflərin əməkdaşlıq imkanlarının genişləndirilməsi və ortaq təşəbbüslərin dəstəklənməsi vacibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə "Məşğulluq həftəsi" çərçivəsində "Gülüstan" sarayında keçirilən, "İmkanlar və inam" devizi daşıyan forumda dövlət qurumları, işəgötürənlər, sosial tərəfdaşların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi qeyd etdiyimiz sahədə birbaşa dialoqu gücləndirmək, qarşılıqlı etimadı artırmaq, biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri barədə məlumatlılığını genişləndirmək və əmək bazarının aktual problemlərinin birgə həlli üçün təkliflər müəyyənləşdirmək olub.
Forumun əhəmiyyətini şərtləndirən əsas məqamlardan biri dövlətin məşğulluq siyasətində işəgötürənlərə münasibətin yeni məzmun qazanmasıdır. Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illər həyata keçirilən sosial islahatlar fonunda dövlət məşğulluq siyasətinin də əmək bazarının müasir çağırışlarına uyğun olaraq əhəmiyyətli dəyişikliklərə məruz qaldığını vurğulayıb. Nazirliyin işəgötürənlərlə münasibətlərini daha çox xidmət modeli əsasında qurması və əməkdaşlığın gücləndirilməsi bu prinsiplərin əsas istiqamətlərindəndir.
Dövlət və biznes əməkdaşlığının əhəmiyyətini konkret nəticələr üzərindən qiymətləndirmək daha məqsədəuyğundur. Forumda təqdim olunan statistik göstəricilər məşğulluq proqramlarının əhatə dairəsinin genişləndiyini göstərir. Belə ki, son illər işlə təmin olunanların illik sayı 3,4 dəfə, özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 5,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayı 4,1 dəfə artıb. Kvota üzrə işlə təmin edilənlərin sayında 2,6 dəfə, əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunanların sayında isə 3,5 dəfə artım qeydə alınıb. Bu rəqəmlər məşğulluq siyasətinin müxtəlif istiqamətlərində fəaliyyət miqyasının genişləndiyini nümayiş etdirir.
Dövlət-biznes əməkdaşlığının digər mühüm istiqaməti əmək münasibətlərinin rəsmiləşdirilməsi və qeyri-formal məşğulluğun azaldılmasıdır. Forumda səsləndirilən məlumatlara əsaslanaraq deyə bilərik ki, özəl sektorda cari ilin ilk 10 ayında əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 59 min artıb. Bu göstərici əmək bazarının şəffaflaşdırılması istiqamətində aparılan işlərin nəticələrindən biri kimi diqqət çəkir. Əmək müqavilələrinin sayının artması işçilərin sosial təminatının gücləndirilməsi, əmək hüquqlarının qorunması və biznes fəaliyyətinin daha şəffaf müstəvidə qurulması baxımından əhəmiyyətlidir.
Məsələnin digər tərəfi isə dövlət nəzarəti ilə biznesə dəstək arasında düzgün balansın yaradılmasıdır. Əmək qanunvericiliyinin tələblərinə əməl olunması üçün işəgötürənlərə yalnız nəzarət etmək kifayət deyil. Onları qanunvericiliyin tələbləri barədə məlumatlandırmaq, maarifləndirmək və lazımi dəstək göstərmək vacibdir. "Əmək və Məşğulluq" altsistemi, "DOST müfəttiş" və "Nümunəvi müəssisə" layihələri məhz bu istiqamətdə həyata keçirilən mexanizmlərdir. Onların tətbiqi işəgötürənlərin müvafiq xidmətlərdən istifadəsini, əmək qanunvericiliyinin tələbləri barədə məlumatlılığını və əmək münasibətlərinin daha səmərəli təşkilini dəstəkləyir.
Dövlət-biznes əməkdaşlığının iqtisadi nəticələri ilə yanaşı, onun sosial tərəfi də xüsusi əhəmiyyət daşıyır. Çünki məşğulluq siyasətinin əsas hədəflərindən biri müxtəlif sosial qrupların əmək bazarına çıxış imkanlarının genişləndirilməsidir. Forum çərçivəsində gənclərin və qadınların, müharibə veteranlarının, şəhid ailəsi üzvlərinin və əlilliyi olan şəxslərin məşğulluğunun təminatında böyük rolu olan 5 özəl sosial tərəfdaşın mükafatlandırılması bu baxımdan vacib mesajdır. Bu təşəbbüs biznesin sosial məsuliyyətinin konkret fəaliyyətlə ifadə olunmasının əhəmiyyətini göstərir. Özəl sektor üçün sosial məsuliyyət, sadəcə, xeyriyyəçilik və korporativ imic məsələsi olmamalıdır. İnsan kapitalına sərmayə qoymaq, əmək bazarında bərabər imkanların yaradılmasına dəstək vermək və cəmiyyətin müxtəlif təbəqələrinin iqtisadi fəallığını artırmaq mütləqdir.
Tədbirdə həyata keçirilən panel müzakirələri dövlət-biznes münasibətlərinin müxtəlif istiqamətlərini əhatə edib. İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları, qurumların fəaliyyəti, əmək bazarının aktual məsələləri, biznes birliklərinin rolu və sosial məsuliyyət mövzularının müzakirəsi dövlət və özəl sektor arasında qarşılıqlı anlaşmanın güclənməsinə, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir. Belə platformaların əsas üstünlüyü ondadır ki, dövlət qurumları əmək bazarının real iştirakçılarının ehtiyaclarını birbaşa öyrənmək, biznes nümayəndələri isə mövcud dəstək və təşviq mexanizmləri barədə daha ətraflı məlumat əldə etmək imkanı qazanırlar. Həmin dialoq nəticəsində ortaya çıxan təkliflər gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə də töhfə verə bilər.
Lakin hər bir forumun və müzakirə platformasının əsl dəyəri səsləndirilən fikirlərin sonradan hansı praktik nəticələrə çevrilməsi ilə ölçülür. İşəgötürənlərin təkliflərinin nəzərə alınması, dövlət dəstəyi mexanizmlərinin daha əlçatan olması, peşə hazırlığının biznesin real tələblərinə uyğunlaşdırılması və sosial tərəfdaşlığın genişləndirilməsi bu əməkdaşlığın davamlılığını təmin edən əsas amillərdir. İlk Dövlət-Biznes Əməkdaşlığı Forumu da məhz belə bir əməkdaşlıq mədəniyyətinin inkişafı üçün yeni platformadır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"