21 Noyabr 2026 08:40
110
İQTİSADİYYAT
A- A+
Neftverməni artırmaq üçün innovativ yanaşmalar və yeni texnologiyalardan istifadə olunur

Neftverməni artırmaq üçün innovativ yanaşmalar və yeni texnologiyalardan istifadə olunur


Prezident İlham ƏLİYEV: "Azəri-Çıraq-Günəşli"də obyektiv səbəblərə görə hasilatın düşmə templəri var. Çalışırıq ki, bu templəri sabitləşdirək"


Hazırda "Azəri-Çıraq-Günəşli"də (AÇG) hasilatın təbii azalma tempini idarə etmək və bu yataqlar blokundan maksimum neftverməyə nail olmaq layihənin operatoru və tərəfdaşlarının, ümumiyyətlə, ölkənin neft sənayesinin qarşısında dayanan əsas vəzifələrdəndir.

Məlumdur ki, "Əsrin müqaviləsi" adını almış bu möhtəşəm layihə çərçivəsində ilk neft "Çıraq" yatağından 1997-ci ilin noyabr ayında hasil edilib. İndiyə qədər AÇG-dən təxminən 4,7 milyard barel neft alınıb. Bu vaxta qədər çıxarılan səmt qazının böyük hissəsi müqavilənin şərtlərinə uyğun şəkildə təmənnasız olaraq Azərbaycan dövlətinə təhvil verilib. Təhvil verilən səmt qazının həcmi ümumilikdə 63 milyard kubmetrdən çox təşkil edir. 

AÇG-nin öz hasilatının pik dövrünü yaşamış olduğu artıq hamıya bəllidir. Deməli, blokdan hasilatın azalması da təbii haldır. Bununla belə, AÇG tükənməyib, onun neft ehtiyatları hələ var. Bu ilin iyun ayından isə bu yataqlar bol sərbəst qaz sərvətinə malik olduqları "sirr"ini də açıb. Odur ki, "Azəri-Çıraq-Günəşli"nin ehtiyatlarının maksimum üzə çıxarılması, bunun üçün lazımi tədbirlərin görülməsi günümüzün prioritetlərindəndir. 

Bu il sentyabrın 22-də "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə Prezident İlham Əliyev demişdir: "Əgər ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq görərik ki, artım templəri çox da böyük deyil. Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız "Azəri-Çıraq-Günəşli" artıq 30 ilə yaxındır istismardadır və təbii ki, obyektiv səbəblərə görə hasilatın düşmə templəri də var. Çalışırıq ki, bu templəri sabitləşdirək. Eyni zamanda əminəm ki, yeni layihələr bundan sonra da Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq və ümid edirəm, hətta artım da olacaq".

Dövlətimizin başçısı həmin məsələyə bundan əvvəl də dəfələrlə toxunub. Odur ki, AÇG-nin işlənməsi layihəsinin operatoru olaraq BP bu istiqamətdə SOCAR-la sıx əməkdaşlıq edir. Birgə səylər nəticəsində AÇG-də hasilatın illik azalma tempini 2023-cü ildəki təxminən 12 faizdən hazırda təxminən 3 faizə endirmək mümkün olub. Bu da sənaye üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə aşağıdır. Belə bir nəticə yetkin mərhələdə olan blokdan hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərin səmərəsini göstərir.

Tədbirlər dörd əsas istiqamət üzrə həyata keçirilir. Beləliklə, AÇG kimi nəhəng yataqlar blokunun yetkin işlənmə mərhələsinə keçdiyi bir vaxtda hasilatın uzunmüddətli davamlılığının təmin edilməsində innovativ yanaşmaların və yeni texnologiyaların rolu daha da artır. 

Texnologiya və innovasiyanın strateji tətbiqi öz bəhrəsini verir. Seysmik tədqiqatlarda dördölçülü (4D) texnologiyanın tətbiqi, multilüləli quyuların qazılması, üfüqi qazma, qabaqcıl geonaviqasiya və "ağıllı" tamamlama sistemləri də daxil olmaqla, müxtəlif innovativ həllərdən istifadə edilir ki, bu da bütün yataq miqyasında neftverməni daha da artırmaq üçün geniş imkanlar yaradır. Məsələn, 2024-cü ilin əvvəlində BP şirkəti AÇG-də yeni dördölçülü yüksəkdəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başladı. Tədqiqatın əhatə ərazisi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır. Bu genişmiqyaslı seysmik tədqiqat proqramını həyata keçirməkdə məqsəd yataqların arxitekturası və maye kontaktının dinamikası barədə ətraflı məlumat əldə etməkdir.

AÇG-nin məhsuldar layları olan Balaxanı və Fasilə dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadratkilometr, qəbuledicilərin altında isə 507 kvadratkilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin təxminən 370 milyon dollar, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılıb.

Tədqiqatın ilk iki ili ərzində toplanmış məlumatların təhlili artıq lay daxilində maye hərəkətini izləməyə, qalan ehtiyatların yerini müəyyən etməyə və quyuları daha dəqiq planlaşdırmağa imkan verir.

2026-cı ildə BP ilk dəfə olaraq AÇG-də multilüləli quyu (MLT) texnologiyasını uğurla tətbiq edib. Bu texnologiya bir quyu lüləsindən lay-kollektora bir neçə yerdən daxil olmağa imkan verməklə oraya çıxışı genişləndirmək, drenaj səmərəliliyini artırmaq və mövcud infrastrukturdan maksimum faydalanmaq üçün şərait yaradır.

İlk belə quyu - C44 quyusu "Qərbi Azəri" platformasından qazılıb və artıq uğurla təhvil verilib. Bu, Xəzərdə indiyədək qazılmış ilk multilüləli quyu olmaqla, AÇG layihəsi üçün əlamətdar bir nailiyyətdir.

AÇG-də texnologiyaların strateji tətbiqi çərçivəsində BP bütün yataqlar miqyasında multilüləli quyuların qazılması məqsədilə geniş bir kampaniya həyata keçirməyi planlaşdırır. Bu kampaniyaya 2026-cı ildə üç MLT quyusu ilə start verilib və onlardan ikisi - C44 və D41 quyuları artıq istismara verilib. Uzunmüddətli perspektivdə isə 2027-2028-ci illər ərzində daha çox sayda multilüləli quyuların qazılması nəzərdə tutulur. Bu, həmin texnologiyanın blokun gələcək hasilatında mühüm rol oynayacağını bir daha vurğulayır.

Bu yaxınlarda "Şərqi Azəri" platformasından təhvil verilmiş D18Z neft hasilatı quyusu indiyədək AÇG-də qazılmış quyular arasında ən uzun lay təmasına malik quyu olmaqla, layihə üçün daha bir əlamətdar nailiyyətdir. Quyuda 2000 metrdən çox uzunluqda açıq lülə hissəsi qazılıb. Bunun 1500 metrdən çoxu hədəf məhsuldar lay daxilində qum hissəsindən keçib. Bu nailiyyət AÇG-dən əlavə dəyərin üzə çıxarılmasında qabaqcıl seysmik görüntüləmə, qazma və tamamlama texnologiyalarının rolunu bir daha vurğulayır.

Bütün bu tədbirlər məhsuldar laylara çıxışı genişləndirmək, mövcud infrastrukturdan daha səmərəli istifadə etmək və uzunmüddətli hasilatın davamlılığını təmin etmək üçün yeni imkanlar yaratmaqla, yetkin mərhələdə olan dünya səviyyəli AÇG blokunun idarə edilməsində yeni bir yanaşma formalaşdırır. 

Vurğulayaq ki, bu deyilənlər AÇG-də neftverməni artırmaq üçün həyata keçirilən dörd istiqamətdən biridir.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan daha bir beynəlxalq qiymətləndirmədə önə çıxıb

08:50
21 Noyabr

Məşğulluğun sınanmış modeli: dövlət-biznes tərəfdaşlığı

08:45
21 Noyabr

Neftverməni artırmaq üçün innovativ yanaşmalar və yeni texnologiyalardan istifadə olunur

08:40
21 Noyabr

Azərbaycan-Vyetnam münasibətləri yeni iqtisadi məzmun qazanır

08:35
21 Noyabr

Brüsseldə Pan-Avropa Regional Şurasının İcraiyyə Komitəsinin 24-cü iclası keçirilib

08:30
21 Noyabr

Ermənistanın cavab verməli olduğu insan taleləri

08:25
21 Noyabr

"Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib

08:20
21 Noyabr

Şərəfli siyasi yol

08:15
21 Noyabr

Milli iradə və dövlətçilik yolunda

08:10
21 Noyabr

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi

08:05
21 Noyabr

Tarixi dostluqdan strateji tərəfdaşlığa

08:00
21 Noyabr

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

01:52
21 Noyabr

Qazaxda V İdman Festivalının açılış mərasimi olub

22:47
20 Noyabr

Premyer Liqa: "Sabah" səfərdə "Sumqayıt"ı darmadağın edib

21:49
20 Noyabr

Ağdam Şəhəri Günü münasibətilə keçirilən tədbirlər möhtəşəm atəşfəşanlıqla başa çatıb

21:42
20 Noyabr

Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib

21:39
20 Noyabr

Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub

19:53
20 Noyabr

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb

19:31
20 Noyabr

Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib

18:59
20 Noyabr

“Azərişıq” sədri Gəncədə vətəndaşlarla görüşüb

18:57
20 Noyabr

Azərbaycan və Belarus hərbçiləri rabitə sahəsində təcrübə mübadiləsi aparıblar

18:09
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!