Azərbaycan-Vyetnam münasibətləri iki dövlətin müasir tarixində mühüm yer tutan siyasi və ictimai əlaqələrin nəticəsi olaraq formalaşıb. Bu əlaqələrin inkişafında hər iki xalqın tarixi sınaqlardan keçərək dövlət müstəqilliyini möhkəmləndirmək, milli inkişaf modelini müəyyənləşdirmək və beynəlxalq arenada özünəməxsus mövqe qazanmaq təcrübəsi xüsusi rol oynayıb. İkitərəfli münasibətlərin əsasını yalnız rəsmi diplomatik təmaslar deyil, həm də keçmişdə yaranmış qarşılıqlı siyasi yaxınlıq və həmrəylik ənənələri təşkil edir. Bu baxımdan, Bakı ilə Hanoy arasında mövcud əməkdaşlıq müasir dövrün siyasi və iqtisadi prioritetləri ilə yanaşı, onilliklər ərzində formalaşmış tarixi əlaqələrin davamı kimi də qiymətləndirilə bilər.
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Şərqi Asiya üzrə ekspert Vüsal Quliyev qəzetimizə açıqlamasında bildirib ki, son dövrlərdə ikitərəfli münasibətlərdə müşahidə olunan dinamika bu tarixi əlaqələrin yeni məzmunla zənginləşdirildiyini göstərir: "Xüsusilə 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və həmin səfər çərçivəsində Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin qəbul edilməsi münasibətlərin inkişafında mühüm mərhələ oldu. Bununla da Bakı və Hanoy arasında əməkdaşlıq ənənəvi dostluq münasibətlərindən daha geniş siyasi, iqtisadi, enerji və regional əməkdaşlıq gündəliyinə keçid üçün institusional əsas rolunu oynadı".
Ekspert qeyd edib ki, Azərbaycan-Vyetnam münasibətlərinin tarixi kökləri ötən əsrin 50-ci illərinin sonlarına gedib çıxır. Bu əlaqələrin başlanğıcında iki mühüm tarixi şəxsiyyətin – Vyetnamın dövlət xadimi Ho Şi Minin və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı xüsusi yer tutur. 1959-cu il iyulun 23-də Ho Şi Minin Azərbaycana, o dövrdə Sovet İttifaqının tərkibində olan Azərbaycan SSR-ə səfəri ikitərəfli münasibətlərin təməl hadisələrindən biri hesab olunur. Həmin dövrdə Vyetnam müstəqillik və müharibədən sonrakı bərpa prosesləri ilə bağlı ciddi siyasi və iqtisadi çətinliklərlə üzləşirdi. Ölkənin sənaye potensialının, xüsusilə neft sektorunun inkişafı üçün texniki biliklərə, ixtisaslı kadrlara və təcrübə mübadiləsinə ehtiyac var idi. Bu baxımdan Bakı özünün formalaşmış neft sənayesi və mühəndislik təcrübəsi ilə Vyetnam üçün əhəmiyyətli tərəfdaş rolunu oynayırdı. "Ho Şi Minin səfərindən sonra Azərbaycanla Vyetnam arasında elmi-texniki və humanitar əməkdaşlıq genişləndi. Minlərlə azərbaycanlı mütəxəssis Vyetnamda neft sənayesinin və digər sahələrin inkişafına, müharibədən sonrakı bərpa işlərinə töhfə verdi. Eyni zamanda, çoxsaylı vyetnamlı tələbə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alaraq neft-qaz, mühəndislik və digər ixtisaslara yiyələndi. Azərbaycan mütəxəssislərinin Vyetnamın dənizdə yerləşən neft yataqlarının tədqiqində iştirakı, o cümlədən sonradan Bạch Hổ (White Tiger) yatağının işlənməsi ilə əlaqəli texniki əməkdaşlıq bu münasibətlərin praktik əhəmiyyətini nümayiş etdirirdi", -deyə o əlavə edib.
V.Quliyev vurğulayıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tarixi münasibətlər yeni siyasi reallıqlar əsasında davam etdirilib. 1992-ci il sentyabrın 23-də iki ölkə arasında diplomatik münasibətlər quruldu. 2013-cü ildə Azərbaycanın Hanoyda səfirliyinin fəaliyyətə başlaması, 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidenti Truonq Tan Sanqın Azərbaycana rəsmi səfəri siyasi dialoqun inkişafına əlavə təkan verdi. Beləliklə, əvvəlki dövrdə əsasən elmi-texniki və humanitar əməkdaşlıq üzərində qurulan əlaqələr müstəqil dövlətlər arasında çoxtərəfli tərəfdaşlıq xarakteri almağa başladı.
Ekspert qeyd edib ki, Azərbaycan və Vyetnamın müasir tarixində diqqətçəkən məqamlardan biri onların iqtisadi transformasiya proseslərində müəyyən oxşarlıqların mövcud olmasıdır: "İki ölkənin iqtisadi inkişaf modelləri, başlanğıc şərtləri və beynəlxalq iqtisadi sistemdəki mövqeləri fərqlidir. Bununla belə, hər iki dövlətin təcrübəsində iqtisadiyyatın yenidən qurulması, xarici investisiyaların cəlb edilməsi, sənaye potensialının genişləndirilməsi və qlobal iqtisadi əlaqələrə inteqrasiya kimi ortaq istiqamətləri müşahidə etmək mümkündür. Vyetnam 1986-cı ildə başladığı Đổi Mới iqtisadi islahatları vasitəsilə mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar mexanizmlərinin daha geniş tətbiq olunduğu iqtisadi sistemə keçidə başladı. Bu islahatlar özəl sahibkarlığın inkişafı, xarici investisiyaların cəlb edilməsi, ixracyönümlü sənayeləşmə və beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsini nəzərdə tuturdu. Sonrakı onilliklərdə Vyetnam xüsusilə elektronika, tekstil, kənd təsərrüfatı, emal sənayesi və yüksək texnologiyalar sahəsində beynəlxalq istehsal və təchizat zəncirlərinin mühüm iştirakçısına çevrildi. Azərbaycanın iqtisadi transformasiyası isə əsasən 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra formalaşan yeni iqtisadi və geosiyasi şəraitlə əlaqəli idi. Sovet iqtisadi sisteminin dağılması, Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış təhlükəsizlik problemləri, ərazilərin işğalı və iqtisadi tənəzzül ölkənin qarşısında mürəkkəb vəzifələr yaratmışdı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın enerji sektorunun beynəlxalq investisiyalar üçün açılmasında, ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında və iqtisadi sabitliyin təmin edilməsində mühüm rol oynadı".
V.Quliyev bildirib ki, Azərbaycan və Vyetnamın iqtisadi inkişaf təcrübələri bir-birini tamamlayan imkanlar yaradır. Vyetnamın istehsal və ixrac sahəsində qazandığı təcrübə, Azərbaycanın isə enerji, nəqliyyat-logistika, sənaye infrastrukturu və regional bağlantılar sahəsindəki imkanları ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin formalaşdırır.
Onun sözlərinə görə , Vyetnamın Azərbaycanla münasibətləri inkişaf etdirməkdə marağı yalnız tarixi dostluq əlaqələri ilə məhdudlaşmır: " Söhbət həm də Cənubi Qafqaz və daha geniş Avrasiya məkanında iqtisadi və siyasi imkanların genişləndirilməsindən gedir. Enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsi Vyetnamın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğu əsas istiqamətlərdən biridir. Azərbaycanın zəngin neft və qaz ehtiyatları, formalaşmış enerji infrastrukturu, eləcə də beynəlxalq enerji bazarlarında artan təcrübəsi bu baxımdan Vyetnam üçün mühüm əməkdaşlıq potensialı yaradır. Xüsusilə, son illərdə Azərbaycan mənşəli xam neftin Vyetnama ixrac olunması enerji sahəsində ikitərəfli əlaqələrin artıq praktiki və kommersiya məzmunu qazandığını göstərir. Bu təcrübə gələcəkdə enerji təchizatının genişləndirilməsi və digər enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün də imkanlar yarada bilər. Bundan savayı, Azərbaycanın Cənubi Qafqazda strateji mövqeyi, Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit qovşağı rolunu oynaması Vyetnamın daha geniş Avrasiya bazarlarına çıxışını asanlaşdıra biləcək imkanlar yaradır. Xüsusilə, Orta Dəhlizin inkişafı Vyetnam üçün alternativ ticarət marşrutlarının formalaşdırılması, logistika əlaqələrinin şaxələndirilməsi və təchizat zəncirlərinin dayanıqlığının artırılması baxımından əhəmiyyət kəsb edə bilər. Bu çərçivədə Azərbaycanla əməkdaşlıq Vyetnamın Cənub-Şərqi Asiya ilə Avropa arasında ticarət əlaqələrini genişləndirmək və Avrasiya nəqliyyat şəbəkələrinə inteqrasiyasını gücləndirmək səylərinə töhfə verə bilər".
Ekspert vurğulayıb ki, digər mühüm istiqamət investisiya və sənaye əməkdaşlığıdır. Vyetnam şirkətləri üçün Azərbaycanın sənaye parkları, əlverişli investisiya mühiti, azad iqtisadi zonalar və regional bazarlara çıxış imkanları maraq doğura bilər. Xüsusilə tekstil, kənd təsərrüfatı məhsullarının emalı, qida sənayesi, tikinti materialları, rəqəmsal texnologiyalar və bərpaolunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur. Eyni zamanda " Vyetnamın Azərbaycanla münasibətlərə marağı siyasi və diplomatik ölçü də daşıyır. Azərbaycanın Cənubi Qafqazda mövqeyi, Mərkəzi Asiya ilə əlaqələri, Türk Dövlətləri Təşkilatında iştirakı və müxtəlif beynəlxalq platformalarda fəallığı Hanoy üçün əlavə diplomatik və iqtisadi tərəfdaşlıq imkanları yaradır. Bu kontekstdə Azərbaycanın Vyetnamın Cənubi Qafqazda ilk strateji tərəfdaşı olması ikitərəfli münasibətlərin xüsusi əhəmiyyətini göstərir",- deyə o əlavə edib.
V.Quliyev bildirib ki, Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələnin başlandığını söyləmək üçün kifayət qədər əsas var. Lakin bu mərhələnin mahiyyətini yalnız diplomatik səfərlərin intensivləşməsi və siyasi bəyanatlarla izah etmək düzgün olmazdı. Əsas dəyişiklik ondan ibarətdir ki, uzun müddət tarixi dostluq və siyasi dialoq üzərində qurulan münasibətlər artıq konkret iqtisadi layihələr, qarşılıqlı investisiyalar, enerji əməkdaşlığı və regional bağlantılar əsasında daha geniş strateji məzmun əldə edir.
O deyib ki, Azərbaycan və Vyetnam arasında münasibətlərin gələcək inkişafı üçün mövcud siyasi iradə və tarixi etimad mühüm üstünlükdür: "Lakin strateji tərəfdaşlığın davamlı və nəticəyönümlü xarakter alması üçün bu münasibətlərin konkret layihələrlə zənginləşdirilməsi vacibdir. İlk növbədə, ticarət dövriyyəsinin artırılması və məhsul çeşidinin genişləndirilməsi prioritet olmalıdır. Bunun üçün qarşılıqlı biznes missiyalarının təşkili, sərgilərdə iştirak, gömrük prosedurlarının sadələşdirilməsi və sahibkarlar arasında birbaşa əlaqələrin gücləndirilməsi məqsədəuyğun olardı. İkinci istiqamət enerji və sənaye əməkdaşlığıdır. SOCAR və " Petro Vietnam" arasında əlaqələrin genişləndirilməsi, neft-qaz sektorunda birgə layihələrin araşdırılması, LNG təchizatı və bərpaolunan enerji sahəsində investisiya imkanlarının reallaşdırılması ikitərəfli iqtisadi münasibətlərə yeni dinamika verə bilər. Eyni zamanda, Vyetnamın sənaye istehsalı və ixrac təcrübəsi Azərbaycanın sənayeləşmə və iqtisadi şaxələndirmə siyasəti üçün maraqlı əməkdaşlıq sahəsidir. Üçüncü istiqamət nəqliyyat-logistika və rəqəmsal bağlantılardır. Azərbaycanın Orta Dəhliz vasitəsilə Avropa və Mərkəzi Asiyaya çıxış imkanları Vyetnamın Avrasiya ticarət marşrutlarına inteqrasiyasını asanlaşdıra bilər. Bu kontekstdə Vyetnamın liman və logistika infrastrukturu ilə Azərbaycanın tranzit imkanlarının əlaqələndirilməsi, multimodal daşımaların inkişafı və rəqəmsal gömrük sistemləri üzrə təcrübə mübadiləsi xüsusi əhəmiyyət daşıyır. Digər tərəfdən, təhsil, elmi-texniki əməkdaşlıq və humanitar əlaqələr münasibətlərin tarixi əsaslarının qorunması baxımından vacibdir. Bir vaxtlar Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislər iki xalq arasında dostluğun canlı körpüsünə çevrilmişdilər. Bu ənənənin müasir dövrdə universitetlərarası əməkdaşlıq, tələbə mübadiləsi, birgə tədqiqat proqramları və texnoloji innovasiyalar vasitəsilə davam etdirilməsi məqsədəuyğundur".
Ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin Vyetnama səfəri mövcud siyasi iradənin konkret əməkdaşlıq istiqamətləri ilə tamamlanması və ikitərəfli münasibətlərin yeni prioritetlər əsasında inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Qarşıdakı dövrdə əldə olunmuş razılaşmaların praktiki layihələrə çevrilməsi, biznes dairələri arasında əlaqələrin intensivləşdirilməsi və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi münasibətlərin dayanıqlı inkişafında mühüm rol oynaya bilər. Bu mənada, Azərbaycan və Vyetnam arasında əməkdaşlıq modeli tarixi dostluğun müasir iqtisadi tərəfdaşlıqla uzlaşdırılmasının nümunəsi kimi çıxış edir. İki ölkənin həm ikitərəfli, həm də daha geniş Avrasiya və Asiya məkanında ortaq maraqlarının inkişafı üçün yeni imkanlar açır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"