21 Noyabr 2026 09:35
84
SİYASƏT
A- A+
Azərbaycanın Şərqə uzanan strateji xətti: Vyetnamla yeni tərəfdaşlıq səhifəsi

Azərbaycanın Şərqə uzanan strateji xətti: Vyetnamla yeni tərəfdaşlıq səhifəsi


Tarixi dostluğun yeni əsr üçün yaratdığı imkanlar


Dünya sürətlə dəyişir. Geosiyasi proseslərin istiqamətləri yenilənir, iqtisadi güc mərkəzləri genişlənir, nəqliyyat və enerji xəritələri yenidən cızılır. Belə bir mürəkkəb və dinamik dövrdə hər bir dövlət üçün qarşısında duran əsas məsələlərdən biri yalnız mövcud tərəfdaşlıqları qorumaq deyil, həm də gələcəyin əməkdaşlıq coğrafiyasını düzgün müəyyənləşdirməkdir.

Azərbaycan bu baxımdan ardıcıl və uzaqgörən siyasət həyata keçirən ölkələrdəndir. Bu siyasətin mühüm xüsusiyyətlərindən biri Azərbaycanın coğrafi sərhədlərini siyasi və iqtisadi əlaqələrinin sərhədi kimi qəbul etməməsidir. Cənubi Qafqazda yerləşən Azərbaycan bu gün Avropa ilə Asiyanı, Şərqlə Qərbi, müxtəlif iqtisadi məkanları birləşdirən ölkəyə çevrilib. Bakıdan uzanan diplomatik xətt artıq yalnız yaxın qonşulara deyil, dünyanın müxtəlif regionlarına çatır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 19-21 noyabr 2026-cı il tarixlərində Vyetnam Sosialist Respublikasına rəsmi səfəri də məhz bu genişmiqyaslı siyasətin məntiqi davamıdır. Bu səfər ötən ilin mayında imzalanmış Strateji Tərəfdaşlıq Birgə Bəyanatının məzmununu konkret iqtisadi və logistik layihələrlə zənginləşdirmək məqsədi daşıyır.

Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər – Vyetnamln Baş naziri Le Minh Hing və Milli Asambleyanın sədri Tran Thanh Man ilə aparılan yüksək səviyyəli müzakirələr - iki ölkə arasında strateji tərəfdaşlığın siyasi iradə ilə yanaşı, konkret məzmun və yeni inkişaf perspektivləri qazandığını göstərir. Bu görüşlər səfərin mahiyyətini ayrı-ayrı razılaşmaların çərçivəsindən daha geniş müstəvidə – Azərbaycan-Vyetnam münasibətlərinin gələcəyinə dair strateji baxışın və qarşılıqlı anlaşmanın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli edir.  

Burada söhbət yalnız bugünün gündəliyindən deyil, həm də sabahın imkanlarından gedir. Səfər Azərbaycanla Vyetnam arasında mövcud siyasi etimadın iqtisadi, enerji, nəqliyyat, investisiya, müdafiə sənayesi, turizm, humanitar əlaqələr kimi müxtəlif istiqamətlərdə daha geniş əməkdaşlıq imkanlarına çevrilməsinə xidmət edən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Daha mühümü isə budur ki, bu səfər Azərbaycanın xarici siyasətinin coğrafi miqyasının genişliyini, yeni tərəfdaşlıqlar qurmaq və milli maraqlar əsasında uzunmüddətli əməkdaşlıq platformaları formalaşdırmaq istiqamətində ardıcıl siyasətini bir daha nümayiş etdirir. Burada böyük bir mənzərə var. Bu mənzərə Azərbaycanın Cənub-Şərqi Asiyanın yüksələn iqtisadi və siyasi güc mərkəzlərindən biri ilə münasibətlərini strateji səviyyəyə çıxarmasının mənzərəsidir. Və bu mənzərənin arxasında təkcə bu günün deyil, gələcəyin Azərbaycanı dayanır.


Dövlətlərarası münasibətlərin mənəvi dayaqları


Azərbaycan–Vyetnam münasibətlərinin dərinliyini yalnız dövlətlərarası siyasi dialoq və iqtisadi əməkdaşlıqla ifadə etmək mümkün deyil. Bu münasibətlərin mühüm dayaqlarından biri də xalqlar arasında formalaşmış səmimi dostluq, qarşılıqlı hörmət və humanitar əlaqələrdir. Məhz bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vyetnam səfəri çərçivəsində keçirdiyi görüş xüsusi məna daşıyır.

Mehriban Əliyevanın Vyetnamın vitse-prezidenti Vo Ti An Suan ilə görüşündə iki ölkə xalqları arasında uzun illərə söykənən dostluq münasibətlərinin əhəmiyyəti bir daha önə çəkildi. Tərəflərin qeyd etdiyi kimi, Azərbaycan və Vyetnam arasında münasibətlərin tarixi yalnız siyasi təmasların tarixi deyil; bu, qarşılıqlı ehtiramın, həmrəyliyin və müxtəlif dövrlərdə bir-birinə göstərilən dəstəyin tarixidir. Bu baxımdan Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar təşəbbüslər də həmin dostluğun müasir dövrdəki canlı ifadələrindən biridir.

Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, xalqlar arasında münasibətlərin inkişafı dövlət səviyyəsində əldə olunan razılaşmaların cəmiyyətlərdə real məzmun qazanmasına imkan yaradır. Mehriban Əliyevanın görüşündə Leyla Əliyevanın Vyetnama əvvəlki səfəri zamanı təhsil müəssisələrinə göstərilən dəstəyin xüsusi qeyd olunması da bu mənzərəni tamamlayır.

Beləliklə, Azərbaycan–Vyetnam münasibətlərinin yeni mərhələsi yalnız dövlətlərin bir-birinə daha yaxınlaşması deyil, həm də iki xalqın bir-birini daha yaxından tanıması, qarşılıqlı etimadın cəmiyyətlər səviyyəsində möhkəmlənməsi deməkdir. Siyasi tərəfdaşlığı dayanıqlı edən də məhz bu mənəvi körpülərdir.


Dostluğun yaddaşından gələcəyin tərəfdaşlığına


Azərbaycanla Vyetnam arasında münasibətlər yeni yaranmış əlaqələr deyil. Bu münasibətlərin yaddaşında Ho Şi Minin Azərbaycana səfərindən, Azərbaycan xalqının Vyetnam xalqının mübarizəsinə və müstəqillik iradəsinə göstərdiyi rəğbətdən, Ülu Öndər Heydər Əliyevin Vyetnama səfərindən gələn mühüm tarixi izlər var.

Tarixdə elə dostluqlar olur ki, onlar zaman keçdikcə öz əhəmiyyətini itirmir, əksinə, yeni dövrün ehtiyaclarına uyğun olaraq yeni məzmun qazanır.

Azərbaycan–Vyetnam münasibətləri də belə münasibətlərdəndir. Əvvəllər bu münasibətlərin əsas sütunlarını siyasi həmrəylik, qarşılıqlı hörmət və tarixi dostluq təşkil edirdisə, bu gün həmin möhkəm təməl üzərində daha geniş bir əməkdaşlıq sistemi qurulur. Artıq söhbət yalnız diplomatik münasibətlərdən getmir. Söhbət enerji təhlükəsizliyindən, ticarətdən, investisiyadan, nəqliyyatdan, logistika imkanlarından, müdafiə sənayesindən, texnologiyadan, turizmdən, təhsildən və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətdən gedir.


Azərbaycan üçün Vyetnam nə ifadə edir?


Bu sualın cavabı bir ölkənin coğrafi xəritəsinə baxmaqla verilə bilməz. Vyetnam bu gün Cənub-Şərqi Asiyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Onun iqtisadi potensialı, istehsal imkanları, əhalisinin miqyası, regional və beynəlxalq iqtisadi əlaqələri Vyetnamı qlobal iqtisadi sistemdə getdikcə daha mühüm aktora çevirir.

Azərbaycan üçün isə Vyetnam daha geniş bir coğrafiyaya açılan qapıdır. Bu, Azərbaycanın Cənub-Şərqi Asiyanın aparıcı regional platformalarından biri olan ASEAN məkanı ilə daha sıx əlaqələrin qurulması, Cənub-Şərqi Asiyanın nəhəng istehlak və istehsal bazarlarına çıxış imkanlarının genişlənməsi, yeni investisiya tərəfdaşlarının əldə edilməsi və Azərbaycan şirkətlərinin öz fəaliyyət coğrafiyasını böyütməsi deməkdir.

Amma məsələ bununla da bitmir. Azərbaycanın Vyetnam üçün əhəmiyyəti də az deyil. Çünki Azərbaycan öz coğrafi mövqeyi ilə Şərqlə Qərb arasında mühüm bağlantı yaradan, müasir nəqliyyat infrastrukturu formalaşdıran, enerji və logistika imkanlarını genişləndirən ölkədir.

Beləliklə, bir tərəfdə Vyetnamın Cənub-Şərqi Asiyadakı iqtisadi imkanları, digər tərəfdə Azərbaycanın Avrasiya məkanındakı strateji mövqeyi dayanır. Bu iki imkanın bir-biri ilə uzlaşdırılması isə çox böyük perspektivlər vəd edir.


Orta Dəhliz yalnız yol deyil


Azərbaycanın Vyetnamla münasibətlərində xüsusi önəm kəsb edən istiqamətlərdən biri məhz nəqliyyat və logistika məsələsidir. XXI əsrdə yollar yalnız yük daşımır. Yollar iqtisadiyyatları birləşdirir, dövlətləri bir-birinə bağlayır. Orta Dəhliz də bu mənada adi nəqliyyat marşrutu deyil.

Azərbaycanın fəal iştirakı ilə inkişaf etdirilən bu bağlantı Asiya ilə Avropa arasında yeni iqtisadi münasibətlər sisteminin mühüm elementinə çevrilir.

Vyetnamın istehsal potensialını Azərbaycanın tranzit və logistika imkanları ilə birləşdirə bilmək isə iki ölkə arasında əməkdaşlığa tamamilə yeni məzmun verə bilər. Bu perspektivdə Azərbaycan Vyetnam məhsullarının yalnız son ünvanı deyil, onların daha geniş bazarlara çıxışı üçün mühüm keçid məkanı ola bilər.

Eyni zamanda Azərbaycan şirkətləri üçün də Vyetnam vasitəsilə Cənub-Şərqi Asiyanın geniş iqtisadi məkanına çıxış imkanları genişlənə bilər. Bu nöqteyi-nəzərdən Orta Dəhliz coğrafi məsafəni qısaltmaqdan daha artıq iş görür. O, iqtisadi münasibətlər arasındakı məsafəni qısaldır. Bu isə Azərbaycanın gələcək iqtisadi mövqeyi baxımından son dərəcə mühüm məsələdir.


Enerji xəritəsində yeni üfüqlər


Azərbaycanın beynəlxalq nüfuzunun formalaşmasında enerji siyasətinin xüsusi yeri var. Lakin Azərbaycanın enerji siyasəti yalnız neft və qazın hasilatı və ixracından ibarət deyil.

Ölkəmiz enerji təhlükəsizliyi, enerji marşrutlarının şaxələndirilməsi, yeni bazarlara çıxış, bərpaolunan enerji və yaşıl enerji gündəliyi üzrə də mühüm təşəbbüslər həyata keçirir.

Vyetnamla münasibətlər bu istiqamətdə yeni imkanlar yarada bilər. Azərbaycanın enerji resurslarının Vyetnam bazarına çıxarılması, Vyetnam ərazisindən digər regionlara mümkün tədarük imkanlarının araşdırılması, enerji sahəsində qarşılıqlı təcrübə və texnologiya mübadiləsi iki ölkənin iqtisadi maraqlarını bir-birinə daha sıx bağlaya bilər. Burada başqa bir mühüm məqam da var. Azərbaycanın enerji diplomatiyası artıq yalnız enerji resurslarının satışı fəlsəfəsinə əsaslanmır. Azərbaycan özünü etibarlı enerji tərəfdaşı və enerji layihələrinin təşəbbüskarı kimi təqdim edir. Vyetnamla əməkdaşlıq da bu yanaşmanın Cənub-Şərqi Asiyada yeni istiqamətlərindən birinə çevrilə bilər.


İqtisadi münasibətlərdə əsas məsələ potensialdır


Azərbaycan ilə Vyetnam arasında mövcud ticarət əlaqələri iki ölkənin iqtisadi əməkdaşlıq üçün malik olduqları geniş imkanların daha da inkişaf etdirilməsi baxımından böyük potensialın mövcudluğunu göstərir. Əgər münasibətlərdə artıq siyasi etimad və strateji tərəfdaşlıq mövcuddursa, deməli, iqtisadi əlaqələrin daha böyük miqyasda qurulması üçün siyasi zəmin də var.

Burada əsas məsələ biznesin dövlətlərarası münasibətlərin arxasınca gəlməsini gözləmək deyil. Əksinə, dövlətlər biznes üçün yolu açmalı, sahibkarlar isə həmin yoldan istifadə etməlidirlər. Azərbaycan və Vyetnam şirkətləri arasında birbaşa əlaqələrin genişləndirilməsi, birgə müəssisələrin yaradılması, investisiya layihələrinin təşviqi, qarşılıqlı biznes forumlarının keçirilməsi və yeni bazarlara çıxış imkanlarının araşdırılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Vyetnam rəhbərliyi ilə görüşlərində birgə istehsal, investisiya, tikinti, turizm, enerji və digər sahələrin ön plana çıxması da məhz bu yanaşmanın göstəricisidir.

Bu, artıq sadəcə diplomatik münasibətlər deyil. Bu, real iqtisadi tərəfdaşlıq axtarışıdır.


Müdafiə sənayesi və texnologiya: yeni əməkdaşlıq fəlsəfəsi


Azərbaycanın son illərdə müdafiə sənayesinin inkişafı istiqamətində əldə etdiyi nəticələr ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirib. Vyetnamın da müdafiə və texnologiya sahəsində özünəməxsus təcrübəsi var.

Müasir dünyada təhlükəsizlik anlayışı da dəyişir. Artıq təhlükəsizlik yalnız hərbi güclə ölçülmür. Kibertəhlükəsizlik, texnoloji müstəqillik, strateji infrastrukturun qorunması, informasiya təhlükəsizliyi və yüksək texnologiyalar da milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib.

Bu baxımdan Azərbaycan–Vyetnam tərəfdaşlığının yeni texnoloji istiqamətlər qazanması tamamilə məntiqli görünür.


Azərbaycanın diplomatik gücünün mühüm göstəricisi


Azərbaycanın xarici siyasətində son illərdə formalaşmış ən mühüm xüsusiyyətlərdən biri ölkəmizin müxtəlif geosiyasi və iqtisadi məkanlarla eyni vaxtda dialoq qura bilməsidir.

Bu, böyük siyasi çeviklik tələb edir. Amma daha vacibi - etimad tələb edir. Vyetnamın Azərbaycanla strateji tərəfdaşlığa xüsusi əhəmiyyət verməsi də həmin etimadın göstəricisidir. Çünki strateji tərəfdaşlıq yalnız bir tərəfin istəyi ilə yaranmır. Bu, qarşılıqlı maraqların, siyasi etimadın və uzunmüddətli baxışların üst-üstə düşməsindən meydana gəlir. Azərbaycan və Vyetnamın münasibətlərində də məhz belə bir zəmin formalaşıb.


Şərqə açılan yeni səhifə


Azərbaycan tarixən Şərqlə Qərbin qovuşduğu məkanda yerləşib. Lakin bu coğrafi üstünlüyü siyasi və iqtisadi üstünlüyə çevirmək üçün dövlət siyasəti, güclü diplomatiya və strateji düşüncə lazımdır. Bu gün Azərbaycan həmin coğrafi mövqeyi real siyasi və iqtisadi üstünlüyə çevirmək yolunda ardıcıl addımlar atır. Vyetnamla münasibətlər də bu prosesin mühüm hissəsidir. Çünki Azərbaycan üçün Şərq artıq uzaq coğrafiya deyil.

Şərq Azərbaycan üçün iqtisadi tərəfdaşlıq, yeni bazarlar, yeni investisiyalar, yeni nəqliyyat marşrutları və yeni diplomatik imkanlar məkanıdır. Vyetnam isə həmin böyük məkanın ən mühüm ünvanlarından biridir.


Səfərin əsas mesajı: gələcəyi bu gündən qurmaq


Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri böyük siyasi iradənin ifadəsidir. Azərbaycanın gələcək dünya düzənində öz yerini yalnız mövcud imkanlarla deyil, yeni əlaqələr, yeni tərəfdaşlıqlar və yeni iqtisadi platformalar hesabına daha da möhkəmləndirmək iradəsinin.

Bu səfər göstərir ki, Azərbaycan xarici siyasətdə uzaq görünən coğrafiyaları belə milli maraqların və qarşılıqlı faydanın məntiqi əsasında bir-birinə yaxınlaşdıra bilir. Vyetnamla münasibətlər də bunun parlaq nümunəsidir.

Tarixin dostluq üzərində qurduğu münasibətlər bu gün bir çox sahələrdə davam etdirilən əlaqələrlə daha da zənginləşir. Bu, əslində, diplomatiyanın ən uğurlu formasıdır: keçmişin dostluğunu qoruyaraq gələcəyin tərəfdaşlığını qurmaq.

Azərbaycan–Vyetnam münasibətlərinin qarşısında böyük imkanlar var. Bu imkanların reallaşması üçün siyasi iradə artıq mövcuddur. Qarşılıqlı etimad mövcuddur. Strateji tərəfdaşlıq üçün siyasi baza formalaşıb. İndi qarşıda duran əsas məsələ həmin siyasi kapitalı iqtisadi və humanitar nəticələrə çevirməkdir. Azərbaycan üçün bu, yeni investisiyalar deməkdir. Yeni nəqliyyat bağlantıları deməkdir. Enerji əməkdaşlığının genişlənməsi deməkdir. Cənub-Şərqi Asiya ilə daha sıx əlaqələr deməkdir.

Vyetnam üçün isə Azərbaycan Avrasiya məkanında etibarlı tərəfdaş, mühüm logistika və enerji imkanlarına malik ölkədir.

Lakin bütün bunların fövqündə daha böyük bir məna dayanır. Bu, iki xalqın illər əvvəl yaratdığı dostluğun bu gün yeni nəslin ehtiyaclarına uyğun olaraq yenidən məzmun qazanmasıdır. Ho Şi Minin Bakı səfərindən Ulu Öndər Heydər Əliyevin Vyetnama səfərinə, oradan bugünkü strateji tərəfdaşlığa uzanan yol əslində bir tarixin davamıdır.

Bu tarix bizə göstərir ki, həqiqi dostluq zaman keçdikcə köhnəlmir; əksinə, düzgün siyasi iradə və uzaqgörənlik olduqda yeni imkanlara çevrilir.

Azərbaycan bu gün yalnız öz coğrafiyasında deyil, daha geniş Avrasiya məkanında yeni əməkdaşlıq körpüləri qurur. Bu körpünün bir ucu Bakıya, digər ucu Hanoya bağlanır.  Amma onun siyasi və iqtisadi perspektivi daha uzağa - Cənubi Qafqazdan Cənub-Şərqi Asiyaya, Asiyadan Avropaya uzanır.

Məhz buna görə Prezident İlham Əliyevin Vyetnama səfəri yalnız diplomatik təqvimdəki növbəti səfər kimi deyil, Azərbaycanın dəyişən dünya nizamında öz imkanlarını genişləndirməsinə xidmət edən strateji baxışın növbəti mühüm səhifəsi kimi ələmətdardır.


Asif ƏSGƏROV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:45
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

09:44
21 Noyabr

Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

09:43
21 Noyabr

Paytaxt rayonlarında qarlı havalara hazırlıq tədbirləri başa çatıb

09:40
21 Noyabr

Azərbaycanın Şərqə uzanan strateji xətti: Vyetnamla yeni tərəfdaşlıq səhifəsi

09:35
21 Noyabr

"Qədər"ə dəxli olmayan qara statistika

09:35
21 Noyabr

Kukla Teatrında "Uşaq Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib

09:30
21 Noyabr

Bakı-Hanoy əməkdaşlıq modeli tarixi dostluğun müasir iqtisadi tərəfdaşlıqla uzlaşdırılması nümunəsidir

09:25
21 Noyabr

Alim, yazıçı, publisist

09:25
21 Noyabr

Dövlətçilik, milli birlik və tarixi Zəfər yoluna aparan 34 il

09:22
21 Noyabr

İnsan talelərinə sığınan ömür

09:20
21 Noyabr

Müasir yaşayış binaları rahatlığın memarlıq nümunələridir

09:15
21 Noyabr

Qədim Qəbələnin zəngin şəhər mədəniyyəti 

09:10
21 Noyabr

Bakının daş abidələri

09:05
21 Noyabr

Gəncədə TECHERA şirkəti sərgi təşkil edəcək

09:00
21 Noyabr

Dünyanın ən böyük polimetal yataqlarından biri Balakəndədir

08:55
21 Noyabr

Azərbaycan daha bir beynəlxalq qiymətləndirmədə önə çıxıb

08:50
21 Noyabr

Məşğulluğun sınanmış modeli: dövlət-biznes tərəfdaşlığı

08:45
21 Noyabr

Neftverməni artırmaq üçün innovativ yanaşmalar və yeni texnologiyalardan istifadə olunur

08:40
21 Noyabr

Azərbaycan-Vyetnam münasibətləri yeni iqtisadi məzmun qazanır

08:35
21 Noyabr

Brüsseldə Pan-Avropa Regional Şurasının İcraiyyə Komitəsinin 24-cü iclası keçirilib

08:30
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!