23 İyun 2026 08:20
195
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin innovativ davamlı inkişaf siyasətində dövlət qulluğunun strateji rolu

Prezident İlham Əliyevin innovativ davamlı inkişaf siyasətində dövlət qulluğunun strateji rolu


Müstəqilliyin bərpasından tarixi baxımdan çox qısa bir müddət keçməsinə baxmayaraq, Azərbaycan Respublikası inkişafın müxtəlif istiqamətlərində olduqca yüksək nəticələr əldə etmiş və bir çox sahədə dünya liderləri sırasında yer almışdır. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, suverenliyinin bərpası və bununla da BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasından sonra bu proses xüsusilə güclənmişdir. Son illər ölkədə böyük uğurla keçirilən dünya miqyaslı tədbirlər, o cümlədən BMT-nin İqlim Konfransı - COP29, Ümumdünya Şəhərsalma Forumu - WUF13, Bakı Enerji Həftəsi - BEW 2026 və digər qlobal tədbirlər Azərbaycanın dünyanın mühüm siyasi mərkəzlərindən birinə çevrildiyini göstərir.

Bu gün dünyanın siyasi xəritəsinə nəzər saldıqda aydın görünür ki, ölkələr üçün əsas qlobal prioritetlərdən biri olan davamlı inkişaf siyasətinin həyata keçirilməsi və inklüziv cəmiyyətin qurulması sahəsində müxtəlif dövlətlər fərqli nəticələrə nail olmuşlar. Təhlillər göstərir ki, ölkələrin davamlı və inklüziv inkişaf sahəsində yüksək səviyyəyə çatması onların ərazisinin ölçüsündən, əhalisinin sayından, yaxud təbii ehtiyatlarla zəngin olmasından birbaşa asılı deyil. Bir sıra ölkələr var ki, onların ərazisi böyük, əhalisinin sayı kifayət qədər yüksəkdir. Eyni zamanda həmin ölkələr zəngin təbii ehtiyatlara da malikdirlər. Buna baxmayaraq, onların iqtisadi və sosial inkişaf səviyyəsi, humanitar durumu, eləcə də ekoloji vəziyyəti sahib olduqları imkanlara uyğun deyil.

Çoxsaylı təhlillər, o cümlədən Azərbaycanın uğurlu təcrübəsi göstərir ki, ölkələrin innovativ inkişafını, onun davamlı və inklüziv xarakter daşımasını təmin edən ən mühüm amil müasir elmə, onun nailiyyətlərinə əsaslanan və iqtisadiyyatda kapitala çevrilən insan potensialıdır. İnsanların bilik və bacarıqları tərəqqini təmin edən əvəzsiz amildir. Prezident İlham Əliyev 5 yanvar 2026-cı il tarixli çıxışında qeyd etmişdir: "Mən bunu dəfələrlə demişəm, bir daha deyirəm: ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır".

Prezident İlham Əliyevin inkişaf konsepsiyasına görə, elmlilik universal tələb kimi bütün sahələri əhatə edir. Lakin bu prinsip dövlət idarəçiliyi üçün xüsusi əhəmiyyət daşıyır və ölkənin iqtisadi, sosial, ekoloji və hərbi təhlükəsizliyi baxımından mühüm önəm kəsb edir. Bu səbəbdən dövlət qulluqçularının hazırlanması, onların bilik və bacarıqlarının daim yenilənməsi, bu prosesin təşkili və davamlı təkmilləşdirilməsi milli inkişaf strategiyasının vacib şərtlərindən biridir.

Elm və təhsil sahələrinin inkişafına xüsusi diqqət yetirən, hər zaman bu istiqamətdə fəaliyyətə böyük önəm verən Ulu Öndər Heydər Əliyev dövlət qulluğu sisteminin qurulması və dövlət qulluqçularının hazırlanmasını mühüm vəzifələrdən biri hesab edirdi. Onun 3 yanvar 1999-cu il tarixli 60 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaradılmış və bu quruma dövlət idarəçiliyi, dövlət qulluğunun təşkilinin elmi əsasları və kadr hazırlığı, eləcə də bu sahələrin analitik-informasiya təminatı üzrə ölkənin aparıcı elm və təhsil mərkəzi statusu verilmişdir.

Qeyd edilməlidir ki, 2003-cü ildə ilk dəfə Prezident seçilən İlham Əliyev həmin il ölkənin inkişafının insan amili, onun bilik və bacarıqları üzərində qurulmasının əsas strateji istiqamətlərdən biri olduğunu bəyan etmişdi. Onun həyata keçirdiyi "qara qızıl"ın - neft və qaz sənayesinin iqtisadi imkanlarının - insan inkişafına yönəldilməsi və bu potensialın iqtisadiyyatda insan kapitalına transformasiyası strategiyası bugünkü siyasi, iqtisadi və sosial nailiyyətlərin əsasında dayanır.

Dövlət qulluqçularının hazırlanması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm fərman və sərəncamlar imzalanmışdır. Onların arasında "Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında" fərmanını (2014), "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsində dəyişiklik edilməsi haqqında" Fərmanını (2017), eləcə də "Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli fərmanında dəyişiklik edilməsi barədə" fərmanını (2025) qeyd etmək olar. Bu sənədlər dövlət qulluğu sisteminin təşkili və dövlət qulluqçularının hazırlanması prosesinin təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Həmin sənədlər, eləcə də Nazirlər Kabinetinin qərarı ilə 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına xüsusi statusun verilməsi dövlət qulluqçularının hazırlanması və fasiləsiz təhsili üçün yeni imkanlar yaratmışdır.

Bu sənədlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) dövlət qulluqçularının hazırlanması prosesini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün mühüm imkanlar yaratmışdır. Tədrisdə keyfiyyətin əsas göstəricilərindən biri məzunların işlə təmin olunma səviyyəsidir. Bu göstəriciyə görə DİA ölkədə ilk üçlükdə yer alır.

Təhsilin keyfiyyətinin yüksək səviyyədə olmasını təsdiq edən digər nəticəyönümlü göstəricilər də mövcuddur. Belə ki, son illərdə DİA məzunlarının ölkə üzrə ümumi məzun sayına nisbəti orta hesabla cəmi 0,71 faiz təşkil etməsinə baxmayaraq, "Yüksəliş" müsabiqəsinin qalibləri arasında onların payı 9-25 faiz arasında dəyişmiş, effektivlik göstəricisi isə 13-34 dəfə olmuşdur. Bu fakt akademiyada tədrisin yalnız formal biliklərin verilməsi ilə məhdudlaşmadığını, məzunların idarəetmə, liderlik və analitik qərarvermə bacarıqlarının real nəticələrdə özünü göstərdiyini təsdiq edir.

DİA məzunlarının uğurları yalnız ölkədaxili göstəricilərlə məhdudlaşmır. Dövlət proqramı çərçivəsində xarici universitetlərin magistratura pilləsinə qəbul olunan tələbələrin 4 faizini akademiya məzunları təşkil etmişdir ki, bu da DİA-nın ölkə üzrə məzun sayına nisbətindən 5,4 dəfə yüksək göstəricidir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilin yüksək keyfiyyətindən və dövlət idarəçiliyi sahəsində peşəkar insan potensialının formalaşdırılmasına verilən mühüm töhfədən xəbər verir.

Dövlət qulluğunun təşkili və dövlət qulluqçularının peşə hazırlığı səviyyəsini əks etdirən əsas göstəricilərdən biri onların bilavasitə çalışdıqları sahələrdə əldə olunan nəticələrdir. Beynəlxalq təşkilatların rəsmi hesabatlarına əsasən, Azərbaycan Respublikası bir sıra iqtisadi və sosial inkişaf istiqamətlərində yüksək nəticələr əldə etmiş, dünya liderləri sırasında yer almış, bəzi sahələrdə isə lider mövqeyə yüksəlmişdir.

Bu uğurların əsasında Prezident İlham Əliyevin dövlət idarəçiliyi sahəsində tətbiq etdiyi "bir addım irəlidə olmaq" strategiyası və yüksək səviyyədə qurulmuş dövlət qulluğu sistemi dayanır. Yüksək intellektə, gələcəyi görmək və proqnozlaşdırmaq bacarığına əsaslanan bu strategiyanın uğurla həyata keçirilməsini təsdiq edən çoxsaylı nümunələr mövcuddur. Azərbaycan Respublikasında bərpaolunan enerjidən geniş istifadəyə keçid prosesi bu baxımdan mühüm nümunələrdən biri kimi göstərilə bilər.

Məlum olduğu kimi, Prezident İlham Əliyev bu vəzifəyə ilk dəfə 2003-cü ildə seçilmişdir. Həmin dövr ölkə olduqca mürəkkəb bir vəziyyətdə idi: Azərbaycan ərazisinin 20 faizi işğal altında idi, əhalinin 13 faizi qaçqın və məcburi köçkün vəziyyətində yaşayırdı, ölkədə yoxsulluğun səviyyəsi isə 49 faizdən yüksək idi.

Bu problemlərin həlli məqsədilə cənab İlham Əliyev prezidentliyinin ilk illərindən etibarən iqtisadiyyat, sosial və humanitar sahələr, hərbi quruculuq və diplomatiya istiqamətlərində bir sıra genişmiqyaslı və strateji əhəmiyyətli təşəbbüslərin əsasını qoymuşdur. Sonrakı illərdə bu siyasətin ardıcıl şəkildə həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikası 2020-ci ildə öz ərazi bütövlüyünü, 2023-cü ildə isə bütün ərazisi üzərində tam suverenliyini təmin etmişdir.

Prezident İlham Əliyevin 21 sentyabr 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında bərpaolunan enerji üzrə Milli Proqram təsdiq edilmişdir. 2004-cü ildə gündəmində bir çox təxirəsalınmaz problem olan, eyni zamanda neft və qazla zəngin bir ölkədə belə bir proqramın qəbul edilməsi, şübhəsiz ki, Prezident İlham Əliyevin davamlı inkişaf siyasəti və inklüziv cəmiyyət quruculuğu sahəsində dərin biliklərinin, uzaqgörənliyinin və uzunmüddətli strateji təfəkkürünün nəticəsi idi.

Sonrakı illərdə də dövlət başçısı bərpaolunan enerjinin inkişafına daim xüsusi diqqət yetirmişdir. 2004-2023-cü illərdə ölkədə bu sahənin inkişafı ilə əlaqədar 14 sərəncam və fərman imzalanmışdır. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan "yaşıl enerji" zonaları elan edilmiş və həmin ərazilərdə genişmiqyaslı layihələrin həyata keçirilməsinə başlanılmışdır.

Bu təşəbbüslər öz nəticəsini 20 il sonra daha aydın şəkildə göstərmişdir. BMT-nin 2024-cü ildə Bakıda keçirilən COP29 konfransı ərəfəsində Cenevrədə fəaliyyət göstərən Dünya İqtisadi Forumu ölkələrdə bərpaolunan enerjiyə keçidin vəziyyəti haqqında xüsusi hesabat dərc etmişdir. Hesabatda dünyanın 120 ölkəsində bu sahənin mövcud vəziyyəti barədə məlumat təqdim olunmuşdur. Azərbaycan həmin siyahıda 32-ci yerdə qərarlaşmış və İtaliya, Belçika, Çexiya, eləcə də iqtisadi baxımdan yüksək inkişaf səviyyəsinə malik bir sıra digər ölkələri geridə qoymuşdur.

Bu sahənin yüksək səmərə ilə idarə olunmasına gəldikdə isə Azərbaycan Respublikası dünya üzrə lider mövqelərdən birinə malikdir. Belə ki, ölkəmiz ümumi daxili məhsulun hər vahidinə, yəni alıcılıq qabiliyyəti pariteti ilə 1000 ABŞ dollarına düşən enerji transformasiyası indeksi üzrə ən yüksək göstəricilərdən birini nümayiş etdirir (Şəkil 1).



Şəkil 1. Enerji keçidinin iqtisadi səmərəliliyi: ÜDM-in hər vahidinə (1000 ABŞ dolları, AQP) qazanılmış enerji keçidi indeksi: Mənbə: Dünya Bankı, 2026; Dünya İqtisadi Forumu, 2023


Prezident İlham Əliyevin davamlı inkişaf siyasətində tətbiq etdiyi bu idarəetmə üsulu yeni rezonans texnologiyası kimi təsnifata daxil edilmiş və dövlət qulluqçularının təhsili, eləcə də yenidən hazırlanması üçün tətbiq olunan tədris proqramlarında öz əksini tapmışdır.

Ölkədə tətbiq edilən digər yeni idarəetmə üsulu sinergetik texnologiya kimi təsnifata və dövlət qulluqçularının tədris proqramlarına daxil edilmişdir. Bunun əsasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə dövlət idarəçiliyində qəbul olunmuş dövlət-özəl tərəfdaşlıq modelinə dünyada ilk dəfə inklüziv səviyyədə vətəndaş cəmiyyəti də cəlb edilmişdir.

Belə üçtərəfli - dövlət, özəl sektor və vətəndaş cəmiyyəti - tərəfdaşlıq modeli davamlı inkişaf siyasəti və inklüziv cəmiyyət quruculuğu məqsədilə həyata keçirilən idarəetmə üsulu kimi sinergetik texnologiya təsnifatına daxil edilmişdir. Beynəlxalq təşkilatların hesabatlarına əsasən, bu texnologiyalar davamlı inkişaf siyasəti və inklüziv cəmiyyətin formalaşması istiqamətində həyata keçirilən iqtisadi və sosial proqramların səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış və fəaliyyət göstərən İnklüziv İnkişaf və DOST mərkəzləri Azərbaycanın sosial və humanitar inkişafında bu yanaşmanın xüsusi yer tutduğunu nümayiş etdirir.

Prezident İlham Əliyevin "bir addım irəlidə olmaq" prinsipi dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində tədrisin keyfiyyətinin yüksəldilməsi üçün fərqli texnologiyalardan istifadəni zəruri edir. Bir qayda olaraq, əmək bazarının tələblərinin tədris prosesində nəzərə alınması məqsədilə müvafiq təşkilatların nümayəndələri təhsil müəssisəsinin fəaliyyətinə cəlb olunur. Bu isə məqsədyönlü kadr hazırlığı baxımından olduqca əhəmiyyətli tədbirdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası bu imkanla yanaşı, eyni məqsədə xidmət edən digər mühüm fəaliyyətləri də həyata keçirir. Dövlət və özəl təşkilatlarda rəhbər və digər səviyyələrdə qərar qəbul edən şəxslər üçün yerlərdə informasiya seminarları təşkil olunur, onlara yeni və ən müasir elmi yanaşmalara əsaslanan davamlı inkişaf siyasəti, eləcə də innovativ idarəetmə texnologiyaları haqqında məlumatlar təqdim edilir.

Belə əməkdaşlıq qarşılıqlı fayda təmin edir: bir sıra hallarda yeni ixtisas və ixtisaslaşmalar üzrə tələblərin formalaşmasına şərait yaranır. Bunun nəticəsidir ki, akademiyanın məzunları ölkə üzrə ümumi məzunların orta hesabla cəmi 0,71 faizini təşkil etməsinə baxmayaraq, işə qəbul və karyera inkişafı göstəricilərində yüksək nəticələr nümayiş etdirirlər (Şəkil 2).



Şəkil 2. Dövlət qulluqçularının hazırlanması və ixtisasartırma prosesində keyfiyyətin idarə edilməsi.


Beynəlxalq təşkilatların statistikasına əsasən, Azərbaycan Respublikası dünyanın əsas prioritetlərindən olan davamlı inkişaf və inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində yüksək nəticələr əldə etmişdir. Bu uğurların əsasında Prezident İlham Əliyevin innovativ inkişaf strategiyası, optimal qurulmuş dövlət qulluğu sistemi və yüksək peşəkarlıq nümayiş etdirən dövlət qulluqçuları dayanır.

Dövlət qulluqçularının təlimi bu səviyyənin davamlı şəkildə təkmilləşdirilməsinin vacib amillərindən biridir. Bu məqsədlə dövlət qulluqçuları arasında sorğular aparılır, əldə edilmiş nəticələr əsasında onların bilik və bacarıq ehtiyacları təhlil olunur, mövcud bacarıq boşluqları və prioritet inkişaf istiqamətləri müəyyənləşdirilir. Son illər bu istiqamətdə müəyyən edilmiş ehtiyaclara uyğun olaraq müvafiq təlimlər keçirilmişdir.

Təlim proqramlarının məzmunu hər il ölkədə müəyyən edilən strateji prioritetlərə, dövlət siyasətinin aktual istiqamətlərinə və müasir idarəetmə çağırışlarına uyğun olaraq yenilənir. Belə ki, 2023-cü ildə "Heydər Əliyev İli" çərçivəsində Heydər Əliyev irsinin öyrənilməsi və dövlətçilik ənənələrinin təbliği, 2024-cü ildə "Yaşıl dünya naminə həmrəylik ili" və COP29 ilə əlaqədar davamlı inkişaf və iqlim gündəliyi, 2025-ci ildə "Konstitusiya və Suverenlik İli" çərçivəsində konstitusion dəyərlər və suverenliyin möhkəmləndirilməsi, 2026-cı ildə isə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində müasir şəhərsalma, memarlıq və idarəetmə yanaşmalarına həsr olunmuş təlimlər təşkil edilmişdir.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar olaraq, bu diyarda çalışan dövlət qulluqçuları üçün hər ay iki təlim təşkil edilir. Müqavilələr əsasında "ASAN xidmət" əməkdaşları üçün də il ərzində ayda iki dəfə təlimlər həyata keçirilir.

Qeyd edilməlidir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı inkişaf siyasəti və inklüziv cəmiyyət quruculuğu prosesində tətbiq olunan proqram və texnologiyalar digər ölkələr tərəfindən də böyük maraqla qarşılanır. Bu sahədə təlimlərin keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına müvafiq müraciətlər daxil olur.

Son dövr bu istiqamətdə bir sıra mühüm təlim proqramları həyata keçirilmişdir. Belə ki, Qazaxıstan Respublikasının müxtəlif regionlarında çalışan rəhbər şəxslər üçün DİA-da təlim proqramı təşkil edilmiş, həmçinin Özbəkistan Respublikası Prezidenti yanında Dövlət Siyasəti və İdarəetmə Akademiyasında magistratura səviyyəsində təhsil alan dövlət qulluqçuları üçün "Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi" mövzusunda təlim proqramı keçirilmişdir.

Beləliklə, müasir dövrdə dövlət qulluğunun keyfiyyəti yalnız inzibati idarəetmənin səmərəliliyini deyil, bütövlükdə ölkənin davamlı inkişaf potensialını, sosial dayanıqlılığını və strateji hədəflərə çatmaq imkanlarını müəyyən edən əsas amillərdən biri kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış innovativ dövlət idarəçiliyi modeli, insan potensialına əsaslanan inkişaf strategiyası və bu prosesdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının oynadığı mühüm rol göstərir ki, peşəkar, bilikli və müasir çağırışlara hazır dövlət qulluqçusu güclü dövlətin, dayanıqlı cəmiyyətin və rəqabətqabiliyyətli gələcəyin əsas dayaqlarından biridir. Bu baxımdan dövlət qulluqçularının hazırlanması və fasiləsiz təhsili yalnız cari idarəetmə ehtiyacı deyil, Azərbaycanın uzunmüddətli milli inkişaf strategiyasının ayrılmaz və strateji əhəmiyyətli istiqamətidir.


Urxan ƏLƏKBƏROV,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Problem tam həllini tapacaq

09:30
23 İyun

“Abad həyət” layihəsi köhnə məhlələrə yeni həyat verir

09:25
23 İyun

Kəndimizdə yaşamaq getdikcə daha rahat olur

09:20
23 İyun

Qalib Azərbaycan əsgərı başımızın tacıdır

09:15
23 İyun

Müasir dövrdə kənd təsərrüfatının inkişafı yeni yanaşma tələb edir

09:13
23 İyun

Ziyadxan bayraq aşiqi idi

09:10
23 İyun

44 gün bir əlində cərrah bıçağı, bir əlində avtomat oldu

09:05
23 İyun

Yağışlar baramaçılığa təsir etsə də...

09:00
23 İyun

"Azərbaycanda alman memarlığı"

08:55
23 İyun

Kəndlinin çörəyi öz əlindədir

08:50
23 İyun

Aqrar Təlim Mərkəzi Xocalı və Ağdərədə növbəti təlim proqramlarına başlayıb

08:45
23 İyun

Hacıqabul Sənaye Parkında 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib

08:43
23 İyun

Torpağa bağlananda bolluq da olur, güzəran da

08:40
23 İyun

Xəzərin "yara"sı bağlanıb, suları durulub

08:35
23 İyun

Hamı Samux əriyinin sorağına gəlmişdi

08:30
23 İyun

İİB-nin Bakı toplantıları, startap müsabiqəsi və regional aqrar müşavirələr  

08:25
23 İyun

Prezident İlham Əliyevin innovativ davamlı inkişaf siyasətində dövlət qulluğunun strateji rolu

08:20
23 İyun

Orta dəhliz boyunca problemlər araşdırılır

08:15
23 İyun

"İƏT tədbirinin Bakıda keçirilməsi Azərbaycanın islam dünyasında artan nüfuzunu əks etdirir

08:10
23 İyun

"Parlament diplomatiyası Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir"

08:05
23 İyun

Böyük qayıdış və Azərbaycanın strateji gələcəyi

08:00
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!