Tovuzda baramaçılığa böyük maraq var. Təkcə keçən il 20 kümçü 40 qutu tut ipəkqurdu götürərək 1841,5 kiloqram yaş barama təhvil vermişdir.
Lakin Tovuz baramaçıları bu rəqəmi son hədd hesab etmirlər. Bu il də 20 kümçü 70 qutu barama tut ipəkqurdu götürmüşdür. Onlar əvvəlki ildəkindən xeyli çox - 2800 kiloqram yaş barama istehsal etməyi qərara almışlar. Hazırda barama istehsalının gərgin dövrüdür. Kümçülər arıq 500 kiloqrama yaxın barama təhvil vermişlər.
Cəlilli kənd sakini Kəmaləddin Məmmədov cari il öhdəlik götürdüyü 40 kiloqram əvəzinə indiyədək 41,2 kiloqram barama tədarük etmişdir. Düz Cırdaxan kənd sakini Samir Axundov da götürdüyü öhdəliyə əməl etmişdir - 60 kiloqram yaş barama təhvil vermişdir. Qədirli kəndinin sakini Bahadur Hüseynov həmkarından geri qalmır. O, 60 kiloqram əvəzinə 62,6 kiloqram yaş barama istehsal etmişdir.
Son illər Qazaxda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində əməli işlər görülür. Artıq 11-ci ildir ki, rayonda yenidən ipəkqurdu bəslənilir. 2025-ci ildə qazaxlı kümçülər "Azəripək" MMC-yə 1455,8 kiloqram yaş barama təhvil vermişlər.
Bu il isə onların hədəfi 2000 kiloqramdır. İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Dəmirçilər, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Cəfərli kəndlərində kümçülərə ümumilikdə 50 qutu ipəkqurdu toxumu paylanmışdır. Artıq kümçülər barama tədarükünə başlamışlar.
Qeyd edək ki, bu il digər sahələr kimi baramaçılıqda da gərgin vəziyyət yaranmışdır. Havaların qeyri-sabit keçməsi nəticəsində temperatur tez-tez dəyişir ki, bu da baramaçılıqda anormal hal sayılır. Çünki belə havada ipəkqurdları məhv ola bilirlər. Nəticədə kümçülər tərəfindən çəkilən əziyyət heç olur. Bütün bunları nəzərə alan mütəxəssislər tez-tez kümçülərin yanında olur, onların işləri ilə maraqlanır, lazımi kömək göstərirlər.
S.YUNİSOĞLU
"Azərbaycan"